26-CI MÜNAZİRƏ - I hissə

:

«ƏLİNİ SEVMƏK SAVABDIR», «HÜSEYNƏ AĞLAYANA CƏNNƏT VACİB OLAR» HƏDİSLƏRİNİN TƏNQİDİ VƏ ONLARIN CAVABI (29 rəcəb, cümə axşamı, 1345-ci il).
Hafiz: «Doğrusu, qaynaq və əhəmiyyətli kitablarınızda, Kitaba və sünnəyə zidd olan bir sıra rəvayətlər vardır.

Bunlar şiələrin arsızlaşıb günah etməyə cəsarət tapmalarına səbəb olur. Yəqinliklə deyə bilərik ki, bu cür rəvayətlər uydurmadır; ümmətin əxlaqını pozmaqdan başqa bir dərdə deyməzlər; sizlər də onlardan uzaq durmursunuz!»
Dəvətçi: «Zati-alinizin mətləbə heç bir əlaqəsi olmayan sözlər söyləməsi, həqiqətən, qəribədir. Məsələnin açılması və aydınlaşması üçün lütfən uydurulmuş və fəsada səbəb ola biləcək hədisləri bəyan edin».

«ƏLİNİ SEVMƏK SAVABDIR», «HÜSEYNƏ AĞLAYANA CƏNNƏT VACİB OLAR» HƏDİSLƏRİNİN TƏNQİDİ VƏ ONLARIN CAVABI
Hafiz: «Böyük alimlərinizdən olan Axund Molla Məhəmməd Baqir Məclisi İsfahani «Biharul-ənvar» kitabının bir çox cildlərində uydurma hədislər nəql etmişdir. O hədislərdən biri, Rəsulullahdan (s) nəql etdiyi bu qəribə hədisdir: «Əlinin sevgisi həsənədir (yəni rəhmət və savabdır), heç bir günah (kiçik günah) ona zərər yetirməz!)».
Yenə Rəsulullahın belə buyurduğunu nəql etmişdir: «Kim Hüseynə ağlayarsa, Cənnət ona vacib olar».
Bunlara bənzər bir çox hədislərlə rastlaşdım. Bu cür hədislər fəsad yaranmasına səbəb olur. Bax, bu rəvayətlər şiələrin günah etməyə çəsarətlənmələrinə və həyasızlığa yol açır. Belə ki, Əli (ə) sevgisi ümidiylə «bu günahlar bizə hər hansı bir zərər verməz» və ya «Hüseynə (ə) bir damla göz yaşı tökmək bütün günahları silib-təmizləyir» fikri ilə hər cür günah edə bilərlər. Ümidin xalqda bu qədər artması əxlaq pozğunluqlarının yayılmasına səbəb olur. Bu səbəbdən biz, bir çox şiənin illər boyu günahlarda qərq olduqlarını görürük. Məhərrəm ayı on gün matəm tutub, mərsiyə oxuyurlar; on gün bitdikdən sonra; «biz on gün yas tutaraq, anadan doğulduğumuz gün kimi günahlardan təmizləndik» deyirlər».

SÜNNİLƏRİN YAŞADIĞI ŞƏHƏRLƏRDƏ FƏSAD DAHA ÇOX YAYILMIŞDIR
Dəvətçi: «Əvvəla; fəsadın baş alıb getməsinin və bəzi şiələrin etinasız olmasının bu hədislərə inanmaqla heç bir əlaqəsi yoxdur. Bunları bir-birilə əlaqələndirməklə böyük bir xəta etdiniz. Əgər avam xalqdan bəzisinin günaha düçar olmalarının səbəbi belə rəvayətlərə inanmaqdan qaynaqlanırsa, o zaman buyurun görək, sünni qardaşların günah və fəsada qərq olmaları, hətta açıq-aşkar günah etmələri nəyə görədir?! Onlar ki, bu cür hədislərə inanmırlar; o zaman nə üçün açıq-aşkar günah işlər görüb, harama yol verirlər?
Əhli-sünnənin böyük məntəqələrində, hətta hamısı əhli-sünnə olan şəhərlərdə məsələn: Misir, İskəndəriyyə, Şam, Beytül-Müqəddəs, Beyrut, Oman, Hələb, Bağdad, Bəsrə kimi böyük şəhərlərdə, hətta kiçik qəsəbələrdə belə böyük-kiçik qəhvəxanalarda kütləvi şəkildə qumar oynayıb, şərab içirlər. Bəzi avam şiələr arasında olan çirkin işlər onların arasında çox yayılmışdır. Bütün yol və küçələrdə qumar oynamaq, sərxoşedici içkilər içmək, rəsmi fahişəxanalar və bəyan etməkdən utandığım digər fəsadlar yoxdurmu?! Əgər biz də sizin kimi qüsur və bəhanə axtarası olsaydıq, onda belə deyərdik: sünni qardaşlar arasında zina, ləvat, şərab içmək və qumar oynamaq kimi böyük günahların yayılması və dinin hökmlərə qarşı çıxmağa cəsarət tapmalarının səbəbi, imam və fəqihlərinin yersiz fitvaları olmuşdur. Çünki böyük müctehidləriniz itin pak olması, ətinin yeyilməsi, məni, məstedici şeylər və haramdan cünub olanın tərinin pak olması, səfərdə tənasül üzvünü bir bezlə sarıyıb məhrəmlərlə (anası-bacı və s.) cinsi əlaqənin caizliyi və başqa şeylər haqqında bir qrup gülünc fitvalar vermişlər. Amma şiə fəqihləri bunların hamısını haram bilir; bu işləri edənlərdən uzaqdırlar».
Hafiz: «Bunlar yalan və əfsanədir! Söylədiklərinizə bir dəlil varmı?»

ZƏMƏXŞƏRİNİN ETİRAFI VƏ ƏHLİ-SÜNNƏNİ TƏNQİD ETMƏSİ
Dəvətçi: «Özünüz yaxşı bilirsiniz! Lakin qəsdən qəlbinizin razı olmadığı şeyi müdafiə etmək məcburiyyətində qalmısınız. Bu toxunduğum mətləblər alimlərinizin fiqh kitablarında mövcuddur. Vaxtımız onların hamısını nəql etməyə kifayət etmir. Məsələ o qədər məntiqsizdir ki, bir çox böyük aliminiz də onları tənqid etmişlər. Məsələn: «Təfsiri-Kəşşaf» kitabının 3-cü cildinin 301-ci səhifəsinə müraciət edə bilərsiniz. Carullah Zəməxşəri belə deyir: «Məndən məzhəbimi soruşarkən, salamat qalmaq üçün gizlədirəm. «Hənəfiyəm» desəm, «haram şərabı halal bilirsən» deyəcəklər. «Malikiyəm» desəm, «it ətini halal etmisiniz» deyəcəklər. «Şafeiyəm» desəm, «qızıyla evlənməyi halal sayırsan» deyəcəklər. «Hənbəliyəm» desəm, «hululi-məzhəb və mücəssiməsən» deyəcəklər. (Bunlar dörd məzhəb imamlarının fitvalarından misaldır.) «Hədis əhliyəm» desəm, «buzovdur, bir şey anlamaz» deyəcəklər.
Belə böyük bir alim və müfəssir bu cür azğın fitva və inanclara görə özünü dörd məzhəbdən birinə mənsub olduğunu söyləməyə utanır. Ağalar, bu halda belə qəribə məzhəblərə tabe olmağımızı gözləyirsiniz?! Bunları bir kənara qoyub, əsl mövzuya qayıdaq.
İkincisi, buyurduğunuz bu cür rəvayətlər iki səbəbə görə şiələrin uydurması deyildir: Dəfələrlə ərz etmişəm ki, şiələrin hədis uydurmağa ehtiyacı yoxdur; bu cür rəvayətlər öz böyük alimlərinizin mötəbər kitablarında da nəql edilmişdir.
Bunları təkcə Əllamə Məclisi nəql etməmişdir. Şiənin bütün alimləri bunları nəql etmişlər. Əhdimi pozmaq istəmədiyimə görə şiə alimlərinin sözlərini bir kənara qoyub, sizin alimlərinizin sözlərini nəql etmək istəyirəm.

«ƏLİNİ SEVMƏK SAVABDIR» HƏDİSİNİN ƏHLİ-SÜNNƏ KİTABLARINDAN SƏNƏDLƏRİ VƏ MƏNASI
Əllamə Məclisinin «Biharul-ənvar» kitabından nəql etdiyiniz bu hədisi imam Əhməd ibn Hənbəl «Müsnəd»də, Xətib Xarəzmi «Mənaqib»in 6-cı fəslinin sonlarında, Süleyman Qunduzi Hənəfi «Yənabiul-məvəddə»nin 42-ci və 56-cı bablarında «Kənzud-dəqaiqdən» nəql edərək və digər  alimləriniz Ənəs ibn Malik və Məaz ibn Cəbəldən Rəsulullahın (s) belə buyurduğunu rəvayət etmişlər: «Əlini sevmək rəhmətdir. Bu sevgi ilə heç bir günah və qüsur zərər verməz; Əliyə düşmənçilik etmək isə “səyyiə” – günah və qüsurdur, onunla (düşmənçiliklə) birlikdə heç bir yaxşı əməl fayda verməz».
Üçüncüsü, hədisi mənalandıran şəxs pərdələrin qalxması və müəmmaların həll edilməsi üçün olduqca diqqət göstərib, dərin düşünər. Bir hədisi anlaya və ya onun həqiqi mənasına yetişə bilmədikdə «uydurmadır» deyib, pis nisbət verməz. Mənfi tərəfi düşünmək asandır!
Daim Allahı nəzərə alın. Qurani-kərim «Ənbiya» surəsinin 7-ci ayəsində bizə belə əmr edir: «Bilmirsinizsə, bu halda zikr əhlindən soruşun!»
Hər iki tərəfin ittifaq etdiyi və sizə həlli çətin gələn bu hədisin mənası çox aydın və həlli bəsitdir. Qurana müraciət etdikdə görürük ki, O, günahları, kəbirə (böyük) və səğirə (kiçik) olmaqla iki qismə bölmüşdür. Bəzi ayələrdə böyük günahlar qarşısında kiçik günahlara «səyyiə» (pis) təbiri zikr edilmişdir. Bu səbəbdən Allah-taala «Nisa» surəsinin 31-ci ayəsində açıq-aydın belə buyurur: «Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq».
Bu ayəyə görə, əgər bəndə böyük günahlardan çəkinərsə, kiçik günahları görməməzliyə vurular, bağışlanılar.
Dediyimiz bu hədisdə də buyurulur: «Əlinin sevgisi elə bir həsənədir ki, heç bir səyyiə (kiçig günah) ona zərər verməz.
Hafiz: «Allah-taala Quranda açıq-aydın belə buyurmurmu?: «Şübhəsiz, Allah bütün günahları bağışlar» (“Zümər” surəsi, ayə 53)
Elə isə günahkar bir bəndə, etdiyi günah istər böyük olsun istər kiçik, peşman olub Allaha təslim olarsa, əfv edilər. Bu halda böyüklə kiçik arasında bir fərq yoxdur».

HƏQİQƏTİN KƏŞFİ
Dəvətçi: «Deyəsən, ayəyə yaxşı diqqət etmədiniz, yoxsa etiraz etməzdiniz. Əvvəla, böyük günah ilə kiçik günah arasında fərq qoyan mən deyiləm. Bu fərqi Allah-taalanın özü qoymuşdur.
İkincisi, mən də sizin kimi inanıram ki, Allahın bağışlayan olduğuna inanan hər bəndə etdiyi əməllərdən peşman olaraq tövbə edib Allaha təslim olarsa, Allah-taala onun günahlarını bağışlayar. Əgər tövbə etmədən ölərsə, ölümdən sonrakı aqibəti hesab gününə qədər əzablı keçər; etdiyi günah çox böyük olmazsa, artıq öz cəzasını alıb, o gün əfv edilər.
Amma əgər böyük günahlar etmişsə, hesab günündən sonra o, Cəhənnəmə gedər; günahlarının cəzasını çəkər və sonra cəhənnəmdən xilas olar. Əlini (ə) sevən bir kəs əgər kiçik günahlardan tövbə etmədən dünyadan ayrılarsa, Allah-taala öz lütfüylə onu əfv edər. Ölümdən sonrakı mənzillərdə cəza verilmədən, Cəhənnəm əzabı görmədən Cənnətə düşər. Bu səbəbdən ayədə «...Sizi (şərəfli bir mənzilə) çatdırarıq» buyrulmuşdur.
Anlaya bilmirəm, necə ola bilər bu hədis günah etməyə cəsarət tapmağa səbəb olsun?! Hədisdə böyük və ya kiçik günah etməyə hər hansı göstəriş varmı? Cavab əminliklə «xeyr»dir! Elə isə yersiz belə düşünürsünüz. Halbuki, bu hədisi-şərif günaha cəsarət etməyə deyil, ümidsizliyə qapılmağa mane olur. Bir çox insanlar vardır ki, həvayi-nəfsinə qapılaraq kiçik günah etdikdə Şeytan: «artıq rəhmət üzü görməyəcəksən» – deyə onlara vəsvəsə edib, ümidsizliyə sürükləməyə çalışır. Onlar da gənc və cahil olduqlarına görə aldanaraq, ümidsizliyə qapılırlar: «artıq əfv edilməyəcəyik. Bu halda nəyə görə kef çəkməyək?!» –deyirlər. Beləcə, yavaş-yavaş kiçik günahlardan keçib böyük günahlara aludə olurlar. Amma bu cür hədislər qəlblərə ümid işığı saçır, insanın xəta etdikdə və həzrət Əlini (ə) həqiqətən sevdikdə qüsurların ona zərər verməyəcəyini insana xatırladır. Allah-taala Quran ayələrində bağışlama və əfv etməyi vəd etdiyinə görə, bağışlaması üçün də bir qrup səbəblər qoymuşdur; həzrət Əlinin (ə) sevgisi də o səbəblərdən biridir.
Şiə, əsla etinasız olmaz; «şiə» təqibçi, davamçı deməkdir; həzrət Əlinin (ə) şiəsi sözündə və əməlində həzrəti təqib edən və tam mənada onu örnək bilib, kamilləşəməyə çalışan bir kəs deməkdir. Bax, bu sifətlərə sahib olan bir şiə qurtuluş əhlidir. Bu səbəbdən bütün təfsir və digər  mötəbər kitablarınızda, əvvəlki gecələrdə də ərz etdiyim kimi, fərqli təbirlərlə Rəsulullahın (s) belə buyurduğu nəql edilmişdir: «Ya Əli! Sən və şiələrin Cənnətdə qurtuluşa yetişənlərsiniz».
Bu cür hədislərə irad tutmaqdansa, belə deməyiniz bəlkə də daha yaxşı olardı: Şiə qurtuluş və Cənnət əhli olduğunu bildiyinə görə, cəsarətlənib pis əməllər etməyə təşəbbüs göstərə bilər! Ancaq özünüz də yaxşı bilirsiniz ki, belə bir iradın həqiqətlə heç bir əlaqəsi yoxdur.
Amma ikinci, yəni «Kim Hüseynə ağlayarsa, Cənnət ona vacib olar» hədisinin mənasına gəlincə; bu hədisin mənası, alim və avamın anlaya biləcəyi qədər çox sadə, açıq və aydındır. Məclisdə iştirak edən ağalar dəfələrlə cavab verərkən onların da vəziyyətini nəzərə almağımı xatırlatdıqlarına görə, istəklərini yerinə yetirərək çox qısa bir şəkildə ərz edirəm. Bu hədisin çox sadə bir şəkildə mənası budur: Kim Hüseynə (onu can-qəlbdən sevdiyinə və məzlumiyyətinə görə) ağlayarsa, Cənnət ona vacib olar. Bu hədisin məfhumunun əksi də budur; Hüseynə nakəs (pis əməlli) bir kəs ağlayarsa, Cənnət ona vacib olmaz; hətta bu ağlamasından bir nəticə belə əldə edə bilməz».
Hafiz: «Kəs» ilə «Nakəs» arasındakı fərq nədir ki, ağlamağın kəsə faydası olur, amma nakəsə yox?».

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!