26-CI MÜNAZİRƏ - II hissə

:

«KƏS» İLƏ «NAKƏS» ARASINDAKI FƏRQ
Dəvətçi: “Məni-mousulə” yəni “kəs” kəlməsində «kəs» ilə «nakəs» deyə bir şey yoxdur. Lakin farsca mənasında bu kəlmələr yerinə düşür.

«Kəs» Allahın birliyini qəbul edən, Adəmdən (ə) Xatəmül-ənbiyaya (s) qədər böyük peyğəmbərlərin nübüvvətinə inanan, peyğəmbərlərin sonuncusu olan həzrət Mühəmmədin şəriətinə riayət edən, cismani-məada, Cənnət və Cəhənnəmə inamı olan, Rəsulullahın Əhli-beytinin (ə) vilayətini qəbul edən, həzrət Əli (ə) və onun 11 övladının hamısını Allahın ən saleh bəndələri, itaətləri vacib olan imamlar və Rəsulullahın vəsi və xəlifələri bilən, onun 12-ci vəsisini, yəni Əmirəl-mömininin 11-ci övladı həzrət Məhdinin (ə) hal-hazırda yaşadığına, Allah istədiyi zaman dünyada zülm tüğyan etdikdən sonra zühuru ilə ədaləti bərpa edəcəyinə, səmavi kitablardan sonra Qurani-məcidin Allah tərəfindən haqq olmasına inanan, onun əmr və qadağalarına riayət edən bir mömindir.
Ancaq «nakəs» dinin əmrlərini zahirdə qəbul edən, lakin əməldə saleh olmayan, onları bütünlüklə tərk edən və ya bəzilərini yerinə yetirib, bəzilərini tərk edən və yaxud adam öldürmək, şərab içmək, zina etmək, sələm kimi böyük günahlara duçar olan, ya da namaz, oruc, xums, həcc və s. tərk etdiyi vaciblərin əvəzini ödəməyə çalışmayan müsəlmandır.
Biz minbərlərdə, dərslərdə, dini məclislərdə daim bunları xatırladırıq. Əgər zülm edib böyük günahlara aludə olan Mühəmməd (s) və Ali-Mühəmməd (ə) ağlamaq və ya onları ziyarət etməklə hər şeyin bu asanlıqla bitəcəyi və xilas olacağı zənn edilirsə, o zaman düşmənlər keçmişlərini təlafi etmişlər. Çünki onlar da hamılıqla Əhli-beytin məzlumluğuna ağlamışlar. Bu səbəbdən Kərbəla vaqiəsini yazan kəslər öz kitablarında «Allaha and olsun ki, o gün (Aşura günü), dost və düşmən hər kəs Hüseynin məzlumiyyətinə ağladı» yazmışlar.
Düşmən Peyğəmbərin (s) oğlunu, əshabını, nəvələrini, hətta südəmər uşaqlarını belə qətlə yetirdi. Daha sonra onların bu acı halına da ağladı. Bax, belə nakəs (alçaq) insanlara bu ağlamağın qətiyyən heç bir yararı olmayacaq».
Hafiz: «Bir müsəlman dinin əsaslarını qəbul edib əmrlərini yerinə yetirərsə, o, qurtuluş əhlidir. Elə isə ağlamanın ona nə faydası vardır?! Ağlama və yas məclisləri təşkil etmək nə üçündür? Onlara nə kimi bir fayda verir? Möminlərin ağlaması üçün hər il böyük miqdarda məsrəflər edirlər!».

AĞLAMA VƏ YAS TUTMANIN NƏTİCƏ VƏ FAYDALARI
Dəvətçi: «Aydındır ki, insan hər nə qədər əməl edən və kamil olsa da, yenə də xətalardan qaçıb, məsum ola bilməz. Nəticədə insandır, xəta edə bilər. Əgər qəflətdə qalıb bəzi səhvlərə yol verərsə, Allah-taala bəndələrinə olan şəfqət və lütfünə görə, bəxşiş olaraq bir qrup səbəb və vəsilələrlə onların xətalarını bağışlayar. Bəzən həzrət Əlinin (ə) sevgisini vəsilə edər, bəzən şəhidlər ağası həzrət Hüseyn (ə) və digər  Əhli-beyt (ə) imamlarının məzlumiyyətinə ağlamağı nəzərə alaraq tökdükləri göz yaşlarını tövbə suyu qəbul edib, onları bağışlayar. Əgər tam mənada mömin və adil olaraq kiçik və böyük günah etməmişlərsə, Əhli-beyti sevmələri və Onların müsibətlərinə sevgilərinin nişanəsi olan ağlamaları məqamlarının ucalmasına səbəb olar.
Amma dediyiniz «Peyğəmbərin Əhli-beytinə yas tutmaq adı altında qurulan bu mərasim və xərclərin faydası nədir?» sözünüzə gəlincə, bilin ki, uzaq olduğunuza görə bu mərasimlərin müsbət nəticə və faydalarından xəbərsizsiniz. Əgər insaf və sevgi ilə yaxınlaşıb qatılsanız, bu məclislərin Ali-Mühəmməd məktəbinin ən böyük təlim mərkəzi olduğunu görər və təsdiq edərsiniz. Belə ki, Ali-Mühəmməd adına təşkil olunan bu məclislərdə xalqın hər təbəqəsindən, hətta dindən uzaq olan insanlar belə iştirak edir. Xətib, vaiz, alim, mütəkəllim, müfəssir, mühəddis və digər sahələrdəki alimlər tövhid, nübüvvət, məad, dinin şəri hökmləri, əxlaq, axirət, ictimai və başqa vəzifələr haqqında saatlarla söhbət edirlər. Günah və pis əxlaqın cəmiyyət və ailədə zərər və ziyanlarını bildirir, müqəddəs İslam dininin digər dinlər qarşısında haqq olduğuna dair dəlilləri insanların diqqətinə çatdıraraq çox gözəl nəticələr əldə edirlər.
Hər il bir çox insan bu tədbirlərdə söylənilən ayə, hədis və nəsihətlər sayəsində İslamı qəbul edir. Bir çox günahkar, azğın insanlar yol verdikləri günahlardan tövbə edib, doğru yola hidayət olurlar.
Bax, bu, hər iki firqənin Rəsulullahın həzrət Hüseyn haqqında buyurmuş olduğu sözün yalnız bir tərəfidir. Peyğəmbəri-əkrəm: «Hüseyn məndəndir, mən də Hüseyndənəm» – deyə buyurmaqla, dinin imam Hüseyn vasitəsilə həyat qazanacağına işarə edir.
Həzrət Hüseyn canını İslam yolunda fəda edərək, İslamın kökünü qoparmaq istəyən Əməvilərin kökünü öz məzlumiyyətilə qırdı. Min ildən bəri o böyük zatın (ə) adına mərasimlər təşkil olunur və xalq kütlələri bu məclislərə qatılaraq mübəlliğ və natiqlər vasitəsilə dinin həqiqətlərini öyrənib, düz yola hidayət olurlar. Sadaladıqlarım, təhsil ocağı olan və Ali-Mühəmməd adına bu toplantıların faydalarının sadəcə bir qismi idi.
İzah üçün yenə ərz edirəm: həzrət Əlinin şiəsi və onu sevənlər, həzrət Hüseynin ziyarətçisi və ona yas tutanlar, xülasə Əhli-beyt aşiqləri vacibləri tərk etməz, böyük günahlara yol verməzlər. Çünki imam Hüseynin din üçün ailəsini, övladlarını fəda etdiyini və şəhadət şərbətini içdiyini yaxşı bilirlər. Bu səbəbdən «Ziyarəti-varis»də belə oxuyuruq: «Şəhadət verirəm ki, şübhəsiz, sən namazı bərpa, iqamə etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pisliklərdən çəkindirdin; ölüm anınadək Allaha və Rəsuluna itaət etdin».
Hər iki firqənin mötəbər kitablarında Ayişə, Cabir, Ənəs və digərlərindən Rəsulullahın (s) belə buyurduğu nəql edilmişdir: «Kim Hüseyni, haqqına arif olduğu halda Kərbəlada ziyarət edərsə, Cənnət ona vacib olar».
Bildiyiniz kimi, vacib və müstəhəb əməllər Allahı tanımağa bağlıdır. Allahı olduğu kimi tanımayan bir kəsin qürbət qəsdi doğru ola bilməz; zahiri ibadəti doğru olsa belə, mərifət olmadan faydasız və batildir.
Ağlama və ziyarətlər də Peyğəmbər və İmamları tanımağa bağlıdır. Yəni insan bilməlidir ki, imam Hüseyn Rəsulullahın övladı və üçüncü vəsisidir. O, dini diri saxlamaq üçün qiyam edərək, bu yolda şəhid olmuşdur. İmamın Yezidə qarşı qiyamı o məlunun dini hökmləri ayaq altına atması, vacibatı tərk edərək, haramlara əməl edib, batil işləri yaymasına görə idi. Bunları bildiyi halda İmamlarını ziyarət edən və onlara yas tutub ağlayan, heç şübhəsiz mövlasının yoluna zidd hərəkət etməz!»
Nəvvab: «Qibləsahib! Həzrət Hüseynin haqq əhli olduğunu və haqq üçün Bəni-Üməyyənin adamları tərəfindən haqsızca öldürüldüyünə biz də inanırıq. Amma bəziləri, xüsusilə təhsilli, oxumuş gənclər deyirlər: Kərbəla savaşı dünyəvi mənfəətlər üçün edilmişdi. Məqam eşqi və xəlifəlik tamahı Hüseyn ibn Əlini Kufəyə çəkib apardı. Təbii ki, hər güclü hökumət ona qarşı yönələn təhlükələri uzaqlaşdırmaq istəyəcəkdir. Yezid və ətrafı bu fitnəyə qarşı çıxmaq məcburiyyətində idi. Həzrət Hüseynə şərtsiz təslim olub, itaəti vacib olan xəlifə Yezidə tabe olmağı, Şama gedib xəlifənin yanında ehtiram qazanmağı və ya sağ-salamat vətəninə dönməyi təklif etdilər. Amma o, bunları rədd etdiyi üçün öldürüldü. Buna görə də məqam və hakimiyyət eşqi olan belə bir kəsə matəm tutmağın mənası yoxdur, əksinə bidətdir!
Görəsən, Kərbəla savaşının dünya sevgisindən qaynaqlanan bir savaş olmadığını, əksinə həzrət Hüseynin Allah və onun dinini qorumaq üçün qiyam etdiyini və bu yolda döyüşüb öldürüldüyünü bilmələri və onları bu inanclarından döndərmək üçün kifayət qədər cavabınız varmı?»
Dəvətçi: «Vaxt bir az gec oldu. Bu mövzuya başlasaq, sözün uzanmasından və narahatlığa səbəb olmasından qorxuram».
Nəvvab: «Xeyr! Xeyr! Qətiyyən narahat olmayın. Böyük bir maraq ilə sizi dinləməyə hazırıq. Həqiqət aşkar olsun ki, müxaliflərə cavab verə bilək. Az da olsa cavab verə bilmək böyük bir xidmət olacaqdır. Rica edirəm, buyurun».

İMAM HÜSEYN (Ə) MƏQAM ARXASINCA DEYİLDİ
Dəvətçi: «Əvvəldə qeyd etdim ki, hər yaxşı və pis iş mərifətin nəticəsidir. İlk öncə öz Allahını tanımalı və daha sonra ucalardan uca olan Allah tərəfindən Xatəmül-ənbiyaya (s) nazil olan səmavi Kitabı təsdiq etməlidir. Təsdiqin mənası budur: O kitabda mövcud hər şey qeyd-şərtsiz qəbul edilməlidir. Etiraz edən materialistdirsə və hissi (boş) dəlillər istəyirsə, onlara cavab vermək çox asandır. Vaxt gec olduğuna görə, mövzuya qısaca toxunmaq istəyirəm.

BEŞ NÜMUNƏVİ İNSAN HƏR CÜR ÇİRKİN ƏMƏLLƏRDƏN UZAQDIR
Qurana təslim olan müsəlmanın Xatəmül-ənbiyanın (s) reyhanı olan Hüseyn ibn Əlinin (ə) məqam və səltənət eşqinə düşdüyünü söyləməsi haqqa və həqiqətə ziddir, Qurani-məcidi və Rəsulullahı inkar etmək deməkdir. Çünki «Əhzab» surəsinin 33-cü ayəsində Allah-taala imam Hüseynin pak və təmizliyinə şəhadət verərək, babası (s), atası (ə), anası (s.ə) və qardaşı (ə) kimi hər cür çirkinlikdən, pislikdən uzaq olduğunu söyləyir. Allah-taala belə buyurur: «Allah-taala, ancaq siz Əhli-beytdən ricsi (hər cür pisliyi) uzaqlaşdırıb, sizi pak etmək istər».
Müslim, Tirmizi, Sələbi, Sicistani, Əbu Nəim İsfahani, Əbu Bəkr Şirazi, Süyuti, Həmuyini, Əhməd ibn Hənbəl, Zəməxşəri, Beyzavi, İbn Əsir, Beyhəqi, Təbərani, İbn Həcər, Fəxri Razi, Nişapuri, Əsqəlani, İbn Əsakir və digər böyük alimlərinizin əksəriyyəti bu ayənin Ali-əba (ə), yəni Mühəmməd (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olduğunu qəbul etmişlər. Ayrıca, bu mövzuya geniş yer ayırmışlar.
Bu ayə beş nümunəvi insanın hər cür pislik və çirkin əməllərdən uzaq olduğuna ən böyük dəlildir. Aydındır ki, dünya məqamına olan sevgi və dünyaya olan düşgünlük bu pisliklərdən biridir. Bir çox ayə və hədislərdə əmir və sultanların nəfsani istəkləri üzündən dünyaya, yəni dünya məqam və riyasətinə könül bağladığı buyurulmuşdur. Rəsuli-əkrəm və məsum imamlardan bu mövzu haqda bir çox hədis nəql edilmişdir. Peyğəmbəri-əkrəm bu hədislərin birində belə buyurur: «Dünya sevgisi bütün pisliklərin başıdır».
İmam Hüseyn qətiyyən dünya məqamına talib deyildi, fani bir səltənət üçün canını fəda etmədi, ailəsini bu yolda düşmənə əsir etmədi. Kim bu mənadan xəbərdar olduğu halda imam Hüseyni dünya düşgünü bilərsə, Qurani-kərimi inkar etmişdir.

İMAM HÜSEYNİN (Ə) QİYAMI ZAHİRİ HAKİMİYYƏT VƏ XİLAFƏT ÜÇÜN DEYİLDİ
Bir dəstə insanlar vardır ki, hissi dəlillər istəyirlər. Onlara cavab olaraq veriləcək hissi dəlil çoxdur.
İmam Hüseynin Yezidin əleyhinə olan qiyamı dünyəvi məqamlara yetişmək üçün olsaydı, Peyğəmbər (s) ona yardım etməyi əmr etməzdi. Bu mövzuda sizin mötəbər qaynaqlarınızda bir çox hədislər nəql edilmişdir. Onlardan birini nəzərinizə çatdırım: Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiül-məvəddə»nin 60-cı babında Buxari, Bəğəvi və İbn Sikkin «Tarix»indən, İmamul-Hərəm Şafeinin «Zəxairul-üqba»sından, «Sirei-Molla»dan və daha başqa alimlərinizdən nəql edərək Ənəs ibn Haris ibn Bəyədən belə nəql edir: «Rəsuli-əkrəmin (s) belə buyurğuqunu eşitdim: «Şübhəsiz, bu oğlum (Hüseyn), Kərbəla deyilən bir yerdə öldürüləcəkdir. Sizdən hər kim o gün orada olsa, ona yardım etsin».
Ənəs ibn Haris Peyğəmbərin (s) əmrinə əməl etməsi üçün Kərbəlaya getdi və orada həzrət Hüseyn (ə) ilə bərabər öldürüldü».
Demək ki, imam Hüseynin Kərbəladakı qiyamı məqam eşqi üçün deyil, haqq üçün idi. Etiraz edənlər əgər imam Hüseynin şəhadəti, Əhli-beytinin əsarəti üzərində düşünsələr, haqq və həqiqəti görərlər.
Məqam üçün baş qaldıran və dövrünün dövlətinə qarşı qiyam edən bir kəs, əsla arvad-uşaqla yola çıxmazdı; kiçik uşaqları, hamilə qadını, qundağdakı südəmər körpəni özü ilə götürməzdi. Əksinə yalnız ona kömək edən bir dəstə ilə hərəkət edər, düşmənə qalib gəlib hakimiyyəti ələ keçirdikdən və hədəfinə çatdıqdan sonra ailəsini yanına gətirərdi.
Həzrət Əba Əbdillah Hüseynin ailəsi və kiçik uşaqları ilə birlikdə etdiyi bu hərəkət, onun dünyəvi xilafət və hakimiyyətdə gözü olmadığına və düşmənə qalib gəlmək üçün hərəkət etmədiyinə böyük bir dəlildir. Belə bir niyyəti olsaydı, Yəmənə gedər, özünün və atasının dostlarını başına toplayar və oranı mərkəzə çevirib döyüşə tam olaraq hazırlandıqdan sonra hücuma keçərdi. Bu səbəbdən əmisi uşaqları, dostları və qardaşları dəfələrlə bu fikri təklif etmiş, nəticədə mənfi cavab almışlar. Çünki onların İmamın əsl hədəf və məqsədindən xəbərləri yox idi.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!