39-CU MÜNAZİRƏ - I hissə

:

HƏZRƏT ƏLİ (Ə) KƏBƏDƏ DOĞULMUŞDUR (2 Şaban, şənbə, 1345-ci il)
Əmirəl-möminin Əlinin (ə) digər seçilən xüsusiyyəti də doğulduğu məkandır. Həzrət Adəmdən həzrət Mühəmmədə (s) qədər heç bir peyğəmbər və vəsi bu böyük xüsusiyyətə sahib ola bilməmişdir.

O (ə) soy və yaradılışındakı nuraniyyət baxımından seçilmiş olduğu kimi, doğulduğu yer baxımından da seçılmişdir; o, bu mövzuda da təkdir. Həzrət Əli Kəbədə doğulmuşdur.
İsa ibn Məryəmin doğumu əsnasında qeybi bir səs onu məsciddən bayıra çıxartdı. Bu səs belə deyirdi: “Evdən (Beytül-müqəddəsdən) bayıra çıx, bu ev ibadət yeridir, doğum yeri deyil”.
Amma həzrət Əlinin (ə) doğumu yaxınlaşdıqda anası Əsəd qızı Fatimə Kəbəyə çağrılmışdı. Həm də, təsadüfən məsciddə olan və bir anda doğan bir qadın kimi deyil, onu rəsmən Kəbənin içərisinə apardılar. Amma bəzi cahillər Fatimənin məsciddə olduğunu, ani sancılandığını və çıxa bilmədiyi üçün orada doğduğunu zənn edirlər. Halbuki elə deyildir! Əsəd qızı Fatimə doğacağı ay Məscidül-hərama getmiş, orada sancılanmış və Kəbənin ətrafında Allah-taalaya doğuşunun asan olması üçün dua etmişdi. Anidən Kəbənin divarı yarıldı və ya bağlı qapısı açıldı (rəvayətlərdə hər ikisi qeyd olunur). Bir səs eşidildi: “Ey Fatimə Kəbəyə daxil ol!” Ətrafda olanların gözləri qarşısında Fatimə Kəbəyə girdi, qapı və ya divar ilk halına döndü. Hər kəs təəccüb etdi. Orada olan Abbas hadisəni gördükdə o dəqiqə Əbu Talibə xəbər verdi. Kəbənin açarları Əbu Talibdə (r.ə) idi. O, tələm-tələsik gəldi və nə etdilərsə, heç cür qapını aça bilmədilər.
Fatimə tam 3 gün, zahirən heç bir yemək və baxıcı olmadan Kəbədə qaldı. Bütün Məkkədə onun barəsində danışılırdı. Üçüncü gün girdiyi yerdən də çıxdı. Xalq Fatimənin qucağında ay parçası kimi bir uşaq olduğunu gördü:

Allahın şiri vücuda gəldi,
Pərdənin arxasında var olan gəldi.

Həzrət Əli (ə) bax, beləcə Kəbədə doğulma şərafətinə sahib oldu. O həzrətin (ə) anası xüsusi bir dəvətlə dəvət edilmişdi. Bu hadisə hər iki məzhəbin ittifaq etdiyi mövzudur. Heç kəs belə bir üstünlüyə sahib ola bilməmişdir. Bu səbəbdən Hakim “Müstədrək” və İbn Səbbağ Maliki “Fusulul-mühimmə” kitabının 1-ci fəslinin 14-cü səhifəsində belə deyir: “Həzrət Əlidən əvvəl heç kəs Kəbədə doğulmamışdır. Allah-taala onu ucaltmaq, mərtəbəsini yüksəltmək və kəramət olsun deyə, sadəcə ona bu şərafəti vermişdir.

HƏZRƏT ƏLİNİN (Ə) ADININ QEYB ALƏMİNDƏN QOYULMASI VƏ ƏBU TALİBİN TƏKALLAHLI OLMASI BARƏSİNDƏ DİGƏR BİR DƏLİL
Bu mövzuda həzrət Əlinin (ə) şərafətini artıran digər bir xüsusiyyət də, adının qeyb aləmindən seçilməsidir”.
Şeyx: “Qəribə şeylər bəyan edirsiniz. Məgər Əbu Talib peyğəmbər idi ki, ona “Uşağının adını Əli qoy” – deyə vəhy olunsun?! Bu şiələrin ona qarşı sevgisindən uydurduqları bir şeydir! Yoxsa bunun başqa bir yolu yoxdur! Ata-anası öz iradələri ilə onun adını Əli qoymuşdur, bunun qeyb aləmilə heç bir əlaqəsi yoxdur!”
Dəvətçi: “Mənim sözümdə sizi təəccübləndirəcək heç bir qəribəlik yoxdur; çünki bütün səmavi kitablarda Mühəmməd (s) və Əlinin (ə) adı, peyğəmbər və imam olaraq zikr edilmişdir. “Mühəmməd” və “Əli” adını Allah-taala yaradılışdan minlərcə il əvvəl seçmişdir. Bütün göylərdə, Cənnət qapılarında və ərşdə qeyd edilmişdir. Bunun Əbu Talibin (r.ə) zamanına məxsus olmasından söz belə gedə bilməz!”
Şeyx: “Bu sözünüz ğüluv (şişirtmə) deyilmi? Siz həzrət Əlini (k.v) yardılışdan əvvəl “mələkut aləmində” Peyğəmbər (s) ilə birlikdə zikr etməklə həddi aşırsınız. Halbuki, Peyğəmbərin (s) adı da varlığı kimi hər şeydən üstündür və tay-bərabəri yoxdur! Alimlərinizin bu fitvasına görə azanda, iqamədə də Peyğəmbərin adının ardınca Əlinin adı zikr edilir”.
Dəvətçi: “(Gülərək) Ağalar bu sözlərimin ğüluvla heç bir əlaqəsi yoxdur. Onun adını “mələkut aləminə” mən yazdırmadım, mənə istinad etməyin. Allah-taala onun adını Öz və Peyğəmbərin (s) adıyla birlikdə qeyd etmişdir. Bu səbəbdən öz mötəbər kitablarınızda bu mövzuda bir çox hədis vardır”.
Şeyx: “Siz daha da ğüluv edərək Əlinin (ə) adını Allahın adıyla zikr etdiniz. Zəhmət olmasa, işarə etdiyiniz rəvayətlərdən misal çəkin”.

ƏRŞİ-ƏLADA ALLAH VƏ PEYĞƏMBƏRİN (S) ADINDAN SONRA ƏLİNİN (Ə) ADININ YAZILMASI
Dəvətçi: “ Məhəmməd ibn Cərir Təbəri “Təfsiri-kəbir”də, İbn Əsakir “Tarix”də həzrət Əlinin (ə) əhvalatları daxilində, Məhəmməd ibn Yusif Gənci Şafei “Kifayəut-talib”in 62-ci babına daxil edərək, Hafiz Əbu Nəim “Hilyətül-övliya”da və Şeyx Süleyman Bəlxi Hənəfi “Yənabiül-məvəddə” kitabının 238-ci səhifəsində, 56-cı bab, 52-ci hədis (İstanbul çapı) sənədilə imamul-hərəmiş-şərif Əhməd ibn Abdullah Təbəri Şafeinin “Zəxairul-üqba” kitabından nəql edərək fərqli təbirlərlə Əbu Hüreyrədən Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişlər: “Ərşin sütununa “La ilahə illəllah vəhdəhu la şərikə ləh və Muhəmmədun əbdi və rəsuli, əyyədtuhu bi-Əliyyibn Əbu Talib” yazılmışdır” – Allah birdir, Allahdan başqa tanrı yoxdur, bərabəri və ortağı da yoxdur. Mühəmməd mənim qulum və rəsulumdur və mən, onu Əli ilə gücləndirdim.
Cəlaləddin Süyuti “Xəsaisul-kübra”nın 1-ci cildinin 10-cu səhifəsində və “Durrul-mənsur”da “İsra” surəsinin əvvəlində İbn Udeyy və İbn Əsakirdən nəql edərək Ənəs ibn Malikdən Peyğəmbərin (s) belə buyurduğunu qeyd etmişlər: “Merac gecəsi ərşin sütununda belə yazıldığını gördüm: “La ilahə illəllah Muhəmmədun rəsulullah, əyyədtuhu bi-Əliyyin”
“Yənabiül-məvəddə”nin 207-ci səhifəsində imamul-hərəmeynin “Zəxariul-üqba”sından nəql olunaraq Peyğəmbərin (s) belə buyurduğu rəvayət edilir: “Merac gecəsi yüksək “mələkut aləminə” çatdıqda, ərşin sağ sütununa baxdım. Orada belə yazılmışdı: “Mühəmməd Allahın rəsuludur, onu Əli ilə təyid və ona Əli ilə yardım etdim”
İndi ağlıma başqa bir gözəl hədis gəldi. Yaxşı olardı burada istifadə olunsun. Fəqih Mirseyid Əli Həmədani Şafei “Məvəddətül-qurba” kitabının 8-ci məvəddəsində Peyğəmbərin (s) Əliyə (ə) belə buyurduğunu rəvayət edir: “Dörd yerdə sənin adını öz adımın yanında gördüm:
1. Merac gecəsi Beytül-müqəddəsə çatdıqda, orada daşa yazıldığını gördüm: “La ilahə illəllah Muhəmmədun Rəsulullah (s) əyyədtuhu bi-Əliyyin vəzirihi”
(Allahdan başqa tanrı yoxdur. Mühəmməd Allahın rəsuludur və onu vəziri olan Əli ilə təyid etdim.)
2. Sidrətul-müntəhaya çatdıqda orada belə qeyd edildiyini gördüm: “İnni ənəllah la ilahə illa ənə vəhdi və Muhəmmədun səfvəti min xəlqi əyyədtuhu bi-Əliyyin vəzirihi və nəsərtuhu bihi”
(Mən Allaham, Məndən başqa tanrı yoxdur. Mühəmməd mənim həbibimdir. Xalq arasında ona vəziri olan Əli ilə yardım etdim.)
3. Rəbbül-aləminin ərşinə çatdıqda, sütunlarına belə yazıldığını gördüm: “İnni ənəllah, la ilahə illa ənə, Muhəmmədun həbibi min xəlqi, əyyədtuhu bi-Əliyyin vəzirihi və nəsərtuhu bihi”
(Mən Allaham, Məndən başqa tanrı yoxdur. Mühəmməd mənim həbibimdir. Xalq arasında ona vəziri olan Əli ilə yardım etdim.)
4. Cənnətə çatdıqda qapısında belə yazıldığını gördüm: “İnni ənəllah, la ilahə illa ənə, Muhəmmədun həbibi min xəlqi, , əyyədtuhu bi-Əliyyin vəzirihi və nəsərtuhu bihi”
(Mən Allaham, Məndən başqa tanrı yoxdur, təkəm. Mühəmməd mənim həbibimdir. Xalq arasında ona vəziri olan Əli ilə yardım etdim.)
Beləcə, bilin ki, “Mühəmməd” və “Əli” adlarının onlara verilməsinin bizimlə bir əlaqəsi yoxdur; Onların adları, bilavasitə Allah-taala tərəfindən seçilmişdir.
Zənn edirəm, şiə alimlərinin yanında mütəvatir olan, sizin böyük alimlərinizin kitablarında da yer alan bu qədər hədis birinci sualınız üçün kifayətdir.
Amma Əbu Talibin (r.ə) peyğəmbərliyi və vəhyin ona nazili mövzusunda yenə də səhv edirsiniz. Bildiyiniz kimi, vəhy və ilham üçün bir qrup dərəcə və mərtəbələr vardır ki, indi onları bəyan edəcək imkanımız yoxdur. Bundan əlavə, bu mərtəbələr nübüvvət məqamına xas bir şey də deyildir.
Lüğət baxımından vəhy bir fərdin digərlərindən gizli və tez xüsusi bir şəkildə məlumatlanması hadisədir. Bir çox insan və heyvan vəhy və ilhamlarla tanınmışdır. Məsələn; bal arısı, Musanın anası və digərləri.
Bal arası peyğəmbər olmadığı halda Allah-taala ona vəhy etmişdir. Bu səbəbdən “Nəhl” surəsinin 68-ci ayəsində belə buyurur: “Rəbbin bal arasına (belə) vəhy etdi: “Dağlarda, ağaclarda və alaçıqlarda (damlarda, pətəklərdə) özünə yuva sal”.
Həmçinin, həzrət Musanın anası haqqında da, peyğəməbər olmadığı halda, “Qəsəs” surəsinin 7-ci ayəsində belə buyurur: “Musanın anasına vəhy etdik: “Musanı əmizdir və ondan ötrü qorxduğun zaman onu dəryaya at. Qorxma, qəm yemə! Biz onu sənə qaytaracağıq və onu peyğəmbərlərdən edəcəyik”.
Belə ki, Allah-taalanın insana yol göstərəcəyi də, sadəcə vəhy yoluyla deyildir; bəzən bir səslə də qullarına yol göstərir. Bu səbəbdən bu iş dəfələrlə təkrarlanmış və Quranda da yer almışdır. Məsələn: “Məryəm surəsini 24-cü ayəsində belə buyurur: “Bu zaman onun (ayağı) altından (bir səs) onu səslədi: “Qəm yemə! Rəbbin sənin üçün (ayağından) altından bir bulaq axıtdı”.
Bu təqdirdə, Allah-taala bəzən vəhy və bəzən də bir səslə, peyğəmbər olmadığı halda məsələn: Musanın (ə) və İsanın (ə) analarına, insana və hətta heyvana, məsələn: bal arısına yol göstərir. Bax, bu əsas üzrə Əbu Talibə də övladının adının qoymasında köməklik etmişdir. Buna baxmayaraq, heç kim Əbu Talibin (r.ə) peyğəmbər olduğunu söyləməmiş, ona vəhy verildiyini də iddia etməmişdir. Səmavi bir səs və ya yeni doğulan uşağın adının yazıldığı bir lövhənin nazil olması sayəsində köməklik edilmişdir. Böyük alimləriniz də mötəbər kitablarında bunu zikr etmişlər”.
Şeyx: “Alimlərimiz harada belə bir şeyi yazmışlar?!”.

HƏZRƏT ƏLİNİN (Ə) ADININ QOYULMASI ÜÇÜN LÖVHƏNİN NAZİL OLMASI
Dəvətçi: “Bir çox kitablarınızda mövcuddur. Bu anda yaddaşımda olan Mirseyid Əli Həmədani “Məvəddətül-qurba” kitabının 8-ci məvəddəsində Abbas ibn Əbdülmüttəlibdən nəql edərək, Süleyman Bəlxi Hənəfi “Yənabiül-məvəddə”nin 56-cı babında və Məhəmməd ibn Yusif Gənci Şafei də “Kifayətut-talib” kitabında 7-ci babda az bir fərqliliklə belə rəvayət etmişlər: “Əli doğulduqda anası, atasının adı olan “Əsəd” adını ona verdi. Əbu Talib bu adla razı olmadı ona belə dedi: “Ey Fatimə, bu gün Əbu Qübeys dağına (bəzilərinə görə isə, Məscidül-hərama) gedək. Allahdan bu uşaq üçün ad istəyək”.
Birlikdə axşam olduqda Əbu Qübeys dağına (və ya Məscidül-hərama) gəlib, dua etdilər.Əbu Talib (r.ə) duasını şeir şəklində belə bəyan etdi:

Ya Rəbbim! Ey qaranlıq gecənin sahibi!
Və aydıladan ayın Rəbbi!
Gizli əmrini bizə bəyan et.
Bu körpənin adını nə qoyaq?

O anda göydən bir səs gəldi; Əbu Talib başını qaldırdıqda, üzərində dörd sətirdən ibarət yaşıl bir lövhə gördü. O dəqiqə lövhəni götürüb bağrına basdı. Üzərində bu şeir yazılmışdı:

Sizlərə təmiz bir uşaq verdik!
O, pak, seçilmiş və bəyəndiyim biridir.
Adı Allah-taala tərəfindən Əlidir;
Ki, Əliyyul-Əladan alınmışdır.

Gənci Şafei isə “Kifayətut-talib” adlı kitabında qeybdən bir səsin gəldiyini və Əbu Talibə cavab olaraq belə deyildiyini yazır:

Ey Peyğəmbərin Əhli-beyti!
Sizlərə təmiz bir övlad verdim.
Onun adı Əlidir;
Əliyyul-Əladan alınmışdır.

Əbu Talib çox sevindi və səcdə etdi. Daha sonra on dəfə qurban kəsdi və o lövhəni Məscidül-həramda asdı. Haşim övladları Qüreyşə qarşı o lövhə ilə öyünürdü. O lövhə Həccacın Abdullah ibn Zübeyrlə etdiyi döyüşə qədər orada dururdu, sonra isə itdi”.
(Bu rəvayət də Əbu Talibin (r.ə) müvəhhid olduğunun bir dəlilidir. Çünki Allahdan bir ad istəyir, Ondan bir lütf gördükdə də elə həmin an səcdəyə qapanır. Görəsən, bir nemətə yetişdikdə şükür səcdəsinə qapanan bir insan müşrik ola bilərmi? Cahillik, köhnəlik və inaddan Allaha sığınıram!)

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!