33-CÜ MÜNAZİRƏ - II hissə

:

PEYĞƏMBƏRİN (S) ƏHLİ-BEYTİNİN (Ə) XÜMS HAQQINDAN MƏHRUM EDİLMƏSİ
Bu qəsb edilənlərdən biri də Əhli-beytin (ə) sabit haqqı olan xüms idi. Allah-taala həzrət Peyğəmbər (s) və Əhli-beytinə sədəqəni haram etdiyi halda, ümmətin əksəriyyətinin icmasıyla onlara xümsün verilməsini «Ənfal» surəsinin 41-ci ayəsində açıq-aydın belə buyurmuşdur: «(Ey möminlər) Əgər siz Allaha, haqq ilə batilin ayırd edildiyi gün - iki dəstənin bir-birilə qarşılaşdığı gündə (Bədir döyüşündə) bəndəmizə (Mühəmməd) nazil etdiyimizə (ayələrə) imanırsınızsa (qəniməti belə bölüşdürün).

Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin xümsu (beşdə biri), Allahın Peyğəmbərin, onun qohum-əqrabasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçuların). Allah hər şeyə qadirdir».
Bu yolla Əhli-beyt Qiyamətə qədər rifah içində yaşayacaq, xalqa möhtac olmayacaqdı. Amma bilindiyi kimi Peyğəmbəri-əkrəmin vəfatından sonra bu məsələdə də Əhli-beyti nəzarət altında saxladılar. Xüms pulu ilə döyüş sursatları alınacağını bəhanə edərək, Əbu Bəkr və tərəftarları xüms haqlarını da onlardan aldılar. Bununla da Əhli-beyt hər tərəfdən məhrum edildi. Sədəqə onlara haramdır, xüms haqları da əllərindən alındı.
Şafei imamı Məhəmməd ibn İdris «Kitabul-ümmə»nin 69-cu səhifəsində bu mövzuyla əlaqəli belə deyir: «Əhli-beytə sədəqə əvəzində xüms verilməsinə icazə verilmişdi. Onların az və ya çox sədəqə alması, tanıyanların da onlara sədəqə verməsi haramdır. Xüms verilməsinin qadağan olması belə onlar üçün sədəqənin halal olmasına gətirib çıxartmaz».
Ömər ibn Xəttabın dövründə: «xüms çox artmışdır, hamısını Peyğəmbərin (s) qohumlarına vermək olmaz, doyüş sursatı almaq lazımdır» bəhanəsilə bu hüquqları da onları əlindən alındı. İndiyə qədər bu ilahi hüquqlardan məhrum edilmişlər».
Hafiz: «İmam Şafei xümsun beş qismə bolünməsini, Peyğəmbəri-əkrəmin (s) haqqının müsəlmanların eitiyac üçün xərcləməsini, bir qismini nəslindən olan seyidlərə və digər üç qisminin də yetim, fəqir və yolda qalanlara xərcləməsini açıq-aydın bəyan etmişdir».
Dəvətçi: «Peyğəmbər (s) dövründə, müfəssirlərin əksəriyyətinin ittifaqına görə, bu ayə Rəsulullahın övlad və qohumlarına yardım üçün nazil olmuşdur. Amma şiələr Əhli-beytin (ə) ardıcılları olaraq, bu mövzuda ayədə olduğu kimi xümsü altı qismə ayırır. Allah-taalanın, Peyğəmbəri-əkrəmin və nəslindən olan seyidlərin payı məsum İmama verilir. İmamın qeybətində də adil fəqih və müctəhid olan bir naibinə verilir, o da məsləhət bildiyi yerdə müsəlmanların məsləhəti üçün xərcləyir. Digər üç pay isə Bəni-Haşimdən olan yetimlərə, möhtaclara və yolda qalanlara verilir. Xülasə, Peyğəmbəri əkrəmin vəfatından sonra Haşim oğullarının bu haqqını da qəsb etdilər.
Cəlaləddin Süyuti «Dürrül-mənsur»un 3-cü cildində, imam Sələbi «Kəşfül-bəyan» təfsirində, Carullah Zəməxşəri «Kəşşaf»da, Quşçi «Şərhi-təcrid»də, Nəsai «Əl-Fəyy» kitabında və daha bir çox böyük alimləriniz öz əsərlərində bu haqqın Peyğəmbərin vəfatından sonra «ağıllı siyasətçilər» tərəfindən öz məqsədlərini inkişaf etdirmək üçün alındığını yazırlar!!!»
Hafiz: «Siz müctehidin nəzəri, ictihad etmək haqqı olduğuna inanmırsınızmı?! Şübhəsiz, Əbu Bəkr də müsəlmanlara yardım etmək üçün beləcə ictihad etmişdir».
Dəvətçi: «Bəli, müctehidin nəzəri caizdir; amma nəss (dəlil) qarşısında deyil! Siz Əbu Bəkr və Ömərin nəzərlərini Quran və sünnə qarşısında keçərli sayırsınız?! İnsafla deyin, bu caizdirmi? Allah-taala və Peyğəmbəri-əkrəm (s) bir hökm verdikdə, xəlifə ümmətin məsləhəti və xeyri bəhanəsi ilə nəslər qarşısında ictihad edə bilərmi? Zəhmət olmasa, bir az insaflı olun. Bu işdə başqa bir niyyət olduğunu görmürsünüzmü? Şübhəsiz, ağıllı bir insan diqqətlə baxarsa, pis niyyətin olduğunu görər və hadisənin heç də belə sadə olmadığını anlayar. Həqiqətdə onların məqsədi Peyğəmbərin (s) ailəsini (ə) pərişan etmək idi.

ALLAH-TAALA ƏLİNİ (Ə) PEYĞƏMBƏRİN (S) ŞAHİDİ ETMİŞDİR
Bilmək lazımdır ki, Allah-taala həzrət Əlini (ə) Peyğəmbəri-əkrəmin (s) şahidi etmişdir. Bu səbəbdən Qurani-kərimdə belə buyurur: «Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Allahdan bir şahid (Əli) gələn...» (“Hud” surəsi, ayə 17)
Hafiz: «Mənə görə ayədəki «dəlildən» məqsəd Peyğəmbəri-əkrəm (s), «şahid» isə Qurandır. «Şahid»in Əli (ə) olduğuna dair dəliliniz nədir?»
Dəvətçi: «Mən ayələri və ümumiyyətlə Quranı öz nəzərimə görə mənalandırmaq cəsarətinə sahib deyiləm. Qurani-kərimin bərabəri olan Əhli-beyt (ə) bu ayədəki şahiddən məqsədin həzrət Əli (ə) olduğunu açıq-aydın bəyan etmişdir. Üstəlik alim və müfəssirləriniz də 30-a qədər rəvayət nəql etmişlər. Məsələn: İmam Əbu Əshəq Sələbi «Təfsir»ində 3 hədis, Cəlaləddin Süyuti isə «Dürrül-mənsur»da İbn Mərdəveyh, İbn Əbu Hatəm və Əbu Nəimdən nəql etmişdir.
İbrahim ibn Məhəmməd Həmuyini «Fəraidus-Simtəyn»də 3 sənədlə, Süleyman Bəlxi Hənəfi 26-cı babda Sələbi, Məhəmməd ibn Yusif Gənci («Kifayətut-talib», bab 62) və bir çox alimləriniz də bu inancdadır.
Kiçik bir fərqlə ayədəki «şahid»dən məqsədin həzrət Əli (ə) olduğunu bəyan etmişlər. Xətib Xarəzmi, «Mənaqib» kitabında belə deyir: «İbn Abbasdan «Ayədəki şahid kimdir» – deyə soruşulduqda, «O şahid Peyğəmbəri-əkrəm üçün şahidlik edən və onun özündən olan Əlidir» – deyə cavab verdi.
Etibarlı hədislər əsasında, alimlərinizin də təsdiq etdiyi kimi, ümmətin, Allah-taalanın Peyğəmbərin (s) şahidi etdiyi həzrət Əlinin (ə) şahidliyini qəbul etməsi vacibdir.
Rəsulullah Xüzeymə ibn Sabitin şəhadətini iki nəfərin şəhadəti kimi qəbul etmiş, onu «Zuş-şəhadətəyn» adlandırmışdır. Allah-taala da bu ayədə həzrət Əlini müsəlmanlar arasında Peyğəmbəri-əkrəmin şahidi edərək onu ən yüksək dərəcədə xüsusiyyətləndirmişdir.
"Təthir" ayəsinə görə də həzrət Əli məsum və xətadan pak bir şəxsdir; şəxsi mənfəətləri üçün, əsla, iftira və yalan yerə şəhadət verməz. Bilmirəm necə cəsarət etdilər, hansı şəri dəlilə görə şəhadətini qəbul etmədilər? Hətta onu təhqir belə etdilər. Şahidliyini rədd edərkən də «bu işdə mənfəət sahibidir» deyib, bu dəlilə görə şahidliyini qəbul etmədilər.
Allah-taala imam Əlinin şahidliyini qəbul etdiyi halda, bunlar oyun oynayaraq onun şahidliyini rədd etdilər. Nazil olan Quran ayələrinin, vilayət məqamının və Peyğəmbəri-əkrəmin həzrət Əli haqqındakı tövsiyələrinin son nəticəsi bu olmalıydımı?

ƏLİNİN (Ə) DƏRDİNİ DİLƏ GƏTİRMƏSİ
İmama (ə) o qədər əziyyət etdilər ki, «Şiqşiqiyyə» xütbəsində dərdini dilə gətirərək belə dedi: «Gözümdə tikan, boğazımda sümük (tıx) qaldığı halda səbir etdim».
Həzrət Əlinin bu iki cümləsi onun sonsuz dərdini, qəmini və səbrini anladır.
Bir başqa yerdə də belə buyurmuşdur: «Allaha and olsun ki, Əli ibn Əbu Talib ölümə, uşağın ana döşünü əmdiyi iştahadan daha şiddətlisini duyur».
Həzrət Əlinin qəlbi dərdlə dolu idi; həyatdan doymuşdu. Əbdürrəhman ibn Mülcəm zəhərli qılıncıyla mübarək başını ibadət mehrabında yardıqda «Kəbənin Rəbbinə and olsun ki, qurtuldum» – deyə buyurmuşdur.
Tarixçilərinizin də yazdığına görə, ilk günlərdə lazım olmayan şeyləri etdilər, lüzumsuz sözlər söylədilər. Amma bu gün siz alimlərin Allah-taala və Rəsulunun sevgilisi olan həzrət Əlini incitməsi və məsələni avam xalqa yanlış çatdırması doğru deyildir. Sizin də bildiyiniz kimi həzrət Əlini incitmək, Rəsulullahı incitmək deməkdir.

HƏZRƏT ƏLİNİ (Ə) İNCİDƏNLƏRİ QINAYAN RƏVAYƏTLƏR
Böyük alimlərinizdən imam Əhməd ibn Hənbəl «Müsnəd»də bir neçə müxtəlif yolla, imam Sələbi «Təfsir»də və Həmuyini isə «Fəraid»də Rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: «Əlini incidən məni incitmişdir. Ey insanlar! Əlini incidən Qiyamətdə yəhudi və ya xristian olaraq məşhur olacaqdır».
İbn Həcər Məkki 9-cu babın 2-ci  fəslində, 16-cı hədisdə Səd ibn Əbu Vəqqasdan və Məhəmməd ibn Yusif «Kifayətut-talib»in 68-ci babında sənədilə Rəsulullahdan (s) belə rəvayət edir: «Əliyə əziyyət edən, mənə əziyyət etmişdir».
İzninizlə zehnimə gələn bir hədisi nəql edim; hər halda Peyğəmbəri-əkrəmin hədisini eşitmək ibadətdir. Bu hədisi Buxari «Səhih»də, imam Əhməd «Müsnəd»də, Mirseyid Əli Həmədani Şafei «Məvəddətül-qurba»da, Hafiz Əbu Nəim İsfahani «Ma nəzələ minəl Qurani fi Əliyyin»də, Xətib Xarəzmi «Mənaqib»də, İbn Məğazili Şafei «Mənaqib»də, Hakim Əbülqasim Həskani Hakim Əbu Abdullah Hafizdən, o da Əhməd ibn Məhəmməd ibn Əbu Davuddan, o da Əli ibn Əhməd İclidən, o da İbad ibn Yəqubdan, o da Ərtat ibn Həbibdən, o da Əbu Xalid Vəsitidən, o da Zeyd ibn Əli ibn Hüseyndən, o da atası Hüseyn ibn Əlidən (ə), o da atası Əli ibn Əbu Talibdən nəql etmişlər. Bu ravilarin hamısı da öz tüklərindən tutaraq demişlər:   «Peyğəmbəri-əkrəm (s) də beləcə mübarək tükünü tutaraq buyurdu: «Ya Əli, hər gim sənin bir tək tükünü belə incidərsə, məni incitmişdir, məni incidən Allahı incitmişdir; kim də Allahı incidərsə, Allahın lənəti olsun ona!».
Bu səmimi sözlərimin təsirli olmasına ümid edirəm. Siz möhtərəm ağalar, Peyğəmbəri-əkrəmin (s) müqəddəs ruhunun incidilməsinə razı olmayın. İlahi ədalət məhkəməsində cavab vermək məcburiyyətindəyik.
(Bu gecə bütün söhbətlərim ağlar göz yaşı ilə idi. Məclisdə iştirak edən ağaların gözləri yaşarmışdı və gözlərinin yaşı yanaqlarına süzülürdü, hətta Hafizin belə gözlərindən yaş axırdı.)
Bir az düşünün, dəqiq olun, özünüzü bir anlıq belə hadisənin içində görüb, sonra kənardan baxın ki, 2 ay əvvəl Peyğəmbəri-əkrəmin (s) hüzurunda ona beyət etmiş, Allah-taala və Rəsulullahın əmrilə ona təslim olmuş bu ümmət arasında həzrət Əlinin (ə) şahidliyinin rədd edilməsi, həzrət Fatimənin (s.ə) mülkünün müsadirə olunması və onlara (ə) həqarət edilməsi, Xatəmül-ənbiyanın bu iki əmanətini nə qədər kədərləndirdi və İslam düşmənlərini nə qədər sevindirdi! Məzlum Fatimə (s.ə) o qədər narahat olub qəzəbləndi ki, cavan yaşında dərd və hüzn içində dünyadan ayrıldı».
Hafiz: «Şübhəsiz ki, ilk vaxtlarda həzrət Fatimə (ə) narahat olub, qəzəblənmişdi. Amma sonra xəlifənin haqq-ədalətlə hökm verdiyini gördükdə, onlardan razı olub, dunyadan ayrılmışdır».

HƏZRƏT FATİMƏ (Ə) SON NƏFƏSİNƏ QƏDƏR ƏBU BƏKR VƏ ÖMƏRDƏN RAZI OLMADI
Dəvətçi: «Əgər vəziyyət dediyiniz kimi olsaydı, o zaman niyə görə alimləriniz bunun tam əksini yazmışlar?! Məsələn: Buxari və Müslim kimi iki etibarlı saydığınız aliminiz öz «Səhih»lərində belə yazmışlar: «Həzrət Fatimə (ə) Əbu Bəkri qəzəbli halda tərk etdi və ömrünün sonuna qədər onunla danışmadı. Vəfat etdikdə həzrət Əli (ə) Fatimənin (ə) cənazə namazını qıldırıb, gecə yarısı dəfn etdi. Əbu Bəkri bu hadisədən xəbərdar etmədilər və onun cənazə namazına qatılmasına izn vermədilər». (Buxari “Səhih” kitabının 5 cildində - “Xeybər döyüşü” babının 9-cu səhifəsində və həmçinin 7-ci cildində - “Qovlun-Nəbiyy la nuvərrisu ma tərəknahu sədəqə” babının 87-ci səhifəsində demişdir: “Həzrət Fatimə dünyadan köçənə qədər Əbu Bəkrlə danışmadı”.)
Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətut-talib» kitabının 99-cu babında bu rəvayəti nəql etmişdir. Həmçinin Əbu Məhəmməd Abdullah ibn Müslim ibn Quteybə Deynəvəri də «Əl-imamətu vəs-siyasət» kitabının 14-cü  səhifəsində belə nəql etmişdir: «Fatimə (ə) ölüm yatağında Əbu Bəkr və Ömərə belə dedi: «Allahı və mələklərini şahid tuturam ki, sizin ikiniz də məni qəzəbləndirdiniz, mənə qarşı zülm etdiniz. Əgər Peyğəmbərlə görüşsəm, ikinizdən də şikayət edəcəyəm».
Yenə eyni kitabda belə yazmışdır: «Həzrət Fatimə (ə) ölənə qədər Əbu Bəkrdən razı qalmadı və ondan uzaq durdu».
Bu və digər  mötəbər kitablarınızda yazılan saysız-hesabsız rəvayətlərə baxıb, tərəfkeşlik etmədən, ədalətlə hökm verin. Bu rəvayətlərin nəticəsini mənə də söyləyin.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!