6-CI MÜNAZİRƏ - III hissə

:

«ALİ YASİN»DƏN MƏQSƏD, MÜHƏMMƏD ƏHLİ-BEYTİDİR.

Bu səbəbdən “Sin” Rəsulullahın (s) mübarək ismidir. Allah-taala bu ayədə buyurur: «Salamun əla ali Yasin» (yəni Ali Yasinə salam olsun).

Hafiz: «Buyurduğunuz bu şeylər, sirli kəlamla isbatlamaq istədiyiniz sözlərdir; alimlər arasında belə bir mənada (Ali Yasinə salam olsun) söylənməmişdir».

Dəvətçi: «Rica edirəm, bir şeyi inkar etmək istədikdə, qəti bir qərarla onu inkar etməyin, cavabı verildikdən sonra utanmamağınız üçün ehtimal verərək danışın. Sizin öz kitablarınızdan ya xəbəriniz yoxdur və ya xəbəriniz olsa da, təsdiq etmək istəmirsiniz. Amma biz sizin kitablarınızdan xəbərdarıq və haqqı da inkar etmək istəmirik.

Sizin böyük alimlərinizin kitablarında, həmin bu mənaya çox işarə edilmişdir. Məsələn: təəssübkeş İbn Həcər Məkki «Səvaiqul-muhriqə» kitabında, Əhli-beyt haqqında nəql etdiyi ayələrdən üçüncü ayənin izahında yazmışdır ki, bir qrup müfəssir İbn Abbasdan belə nəql etmişlər: «Ali Yasindən məqsəd, Mühəmməd Əhli-beytidir». Bu səbəbdən, «Ali Yasinə salam olsun» demək, «Mühəmmədin (s) Əhli-beytinə salam olsun» deməkdir.

Yenə yazır ki, imam Fəxri Razi belə zikr etmişdir: «Peyğəmbərin Əhli-beyti beş şeydə o həzrətlə bərabər vəziyyətdədir: 

a) Salamda; 

Buyurmuşdur ki: «Salam olsun sənə ey Peyğəmbər». Yenə buyurmuşdur ki: «Ali Yasinə salam olsun». Yəni Mühəmmədin (s) Əhli-beytinə salam olsun.

b) Təşəhhüddə ona və onlara salavat deməkdə;

c) Təharətdə; 

Allah-taala buyurmuşdur ki: «Taha!» Yəni: «Ey Tahir (pak və münəzzəh)». Onların haqqında da təthir ayəsini nazil edərək, «Allah hər növ pisliyi siz (Əhli-beytdən) uzaqlaşdırmaq və sizi təmiz və pak etmək istəyir» (Əhzab surəsi, ayə 33) buyurmuşdur.

d) Sədəqəni onlara haram etmişdir.

e) Məhəbbətdə. 

Allah-taala buyurmuşdur: «Ey Peyğəmbər, de ki: Əgər Allahı sevirsinizsə, mənə bağlanın, Allah sizi sevsin». 

Yenə buyurmuşdur ki: «Ey Peyğəmbər de ki, mən buna (təbliğimə) qarşılıq olaraq Əhli-beytimi sevməkdən başqa sizdən heç bir muzd istəmirəm» (Şura surəsi, ayə 23).

Seyid Əbubəkir ibn Şəhabüddin Ələvi, «Rəşfətüs-Sadi min bəhri fəzaili bəni Nəbiyyil-Hadi» adlı kitabının Ι babında bir qrup camaatın İbn Abbasdan, ΙΙ babında da Nəqqaşın, Kəlbidən, «Həmən ayədəki Ali Yasindən məqsəd, Mühəmmədin «Ali»sidir (Əhli-beyt)» deyə nəql etdiyini söyləmişdir. İmam Fəxri Razi «Təfsiri-kəbir»in VΙΙ cildində bəhs olunan ayəni həmin mənada oxşar surətdə nəql etmişdir. «Ali Yasindən məqsəd, Mühəmmədin (s) Əhli-beytidir» demişdir.

Yenə İbn Həcər «Səvaiq» kitabında bir qrup müfəssirlərin İbn Abbasdan belə nəql etdiklərini yazmışdır: «Salamun əla Ali Yasin»dən məqsəd, «Salamun əla Ali Mühəmməd»dir».

Pak Əhli-beytə salavat deməyə gəlincə, bu hər iki tərəf (şiə və əhli-sünnə) arasında qətidir. Hətta Buxari və Müslim, səhihlərində həzrət Peyğəmbərin (s) belə buyurduğunu təsdiq etmişlər: «Salavatda mənimlə Əhli-beytim arasına ayrılıq salmayın».

MÜHƏMMƏD AİLƏSİNƏ SALAVAT DEMƏK SÜNNƏ, TƏŞƏHHÜDDƏ İSƏ FƏRZDİR.

Xüsusilə, Buxari «Səhihi-Buxari»nin ΙΙΙ cildində, Müslim «Səhihi-Müslim»in Ι cildində, Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-məvəddət», hətta İbn Həcər «Səvaiq»də və digər böyük alimləriniz Kəb ibn Əczədən belə nəql edirlər: «İnnəllahə və məlaikətihu yusəllunə ələn-nəbiyy…» ayəsi nazil olduqda, Rəsulullahdan soruşduq: «Ya Rəsuləllah! Sənə necə salam verilməsini öyrət, necə salavat deyək?». Peyğəmbər (s) buyurdu: «Belə salavat deyin: Əllahummə səlli əla Muhəmmədin və Ali Muhəmməd».

Digər rəvayətlərdə də, bu cümlə əlavə edilmişdir: «Kəma səlləytə əla İbrahimə və Ali İbrahim, innəkə Həmidun Məcid».

İmam Fəxri Razi, «Təfsiri-kəbir»in VΙ cildində belə nəql edir: «Rəsuli-əkrəmdən «sənə necə salavat deyək?» – soruşulduqda, buyurdu: «Belə söyləyin ‒ Əllahummə səlli əla Muhəmmədin və əla Ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla Ali İbrahim və barik əla Muhəmmədin və əla Ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla Ali İbrahim, innəkə Həmidün Məcid».

İbn Həcər eyni rəvayəti cüzi bir fərqlə Hakimdən nəql etmiş və bu xüsusu belə açıqlamışdır: «Bu həmin hədisdə, Peyğəmbərə və ailəsinə (Əhli-beytinə) salavat deməyin əmr edilməsinə dair çox açıq bir dəlil vardır». Yenə Rəsulullahın (s) belə buyurduğunu nəql etmişdir: «Mənə naqis salavat deməyin». Həzrətdən, «Ya Rəsulallah, naqis salavat nədir?» soruşduqda, buyurdu: «Əllahummə səlli əla Muhəmməd» söyləməyinizdir. Halbuki, belə söyləməlisiniz ‒ «Əllahummə səlli əla Muhəmməd və əla Ali Muhəmməd».

Bu cümləni də Rəsulullahın (s) buyurduğunu nəql etmişdir: «Mühəmməd və ailəsinə (Əhli-beytinə) salavat deyilmədikcə, dua örtülü qalar».

Şafeinin belə dediyini nəql edirlər: 

Ey Rəsulullahın (s) Əhli-beyti!

Sizin sevginiz, Allah tərəfindən Quranda fərz edilmişdir.

Bu böyük məqam size yetər ki,

Sizə salavat deməyənin namazı qəbul olmaz. (Şafeinin məqsədi, təşəhhüddəki salavatdır. Qəsdən bunu söyləməyənin namazı batil olmaz.)

Rəsulullahın (s) buyrduğu kimi, «Namaz dinin sütunudur; o qəbul olarsa, digər əməllər də qəbul olar; o qəbul olmazsa, digər əməllər də qəbul olmaz». Bütün əməllərin qəbul olması namaza bağlıdır; bir az əvvəl zikr etdiyimiz hədisə görə də, namazın qəbul olması Şafeinin də etiraf etdiyi kimi, Mühəmməd və Ali Mühəmmədə salavat deməyə bağlıdır. Seyid Əbubəkir bin Şəhabuddin Ələvi «Rəşfətüs-sadi min bahri fəzaili bəni Nəbiyyil-Hadi» kitabının ΙΙ babında Mühəmməd və Ali Mühəmmədə salavat deməyin fərz olması xüsusunda olan bəyanlar və Nəsai, Daru Qutni, İbn Həcər və digər şəxslərdən də, təşəhhüddə həzrət Peyğəmbərin (s) mübarək adından sonra Ali Mühəmmədə (Mühəmməd Əhli-beytinə) də salavat deməyin fərz olmasına dair dəlillər zikr etmişdir. Artıq vaxt geçdiyinə görə daha çox izah verə bilmirəm və hökmü qardaşların təmiz vicdanlarına buraxıram.

Bu səbəbdən, siz əhli-sünnə qardaşlarımız Peyğəmbərin (s) Əhli-beytinə salam və salavat deməyin bidət olmadığını, əksinə Peyğəmbərin bilavasitə öz göstərişi ilə bir sünnə və ibadət olduğunu təsdiq edirsiniz. Bunları, əhli-sünnə qardaşlarımıza yanlış çatdıran xaricilər, nasibilər, təəssübkeş və inadkar düşmənlərdən başqa bir kəs qətiyyən inkar etməz. Bu hökmdə Xatəmul-ənbiyanın (s) yanında yer alan və zikr olunmaqda başqalarından öndə olan kəsləri başqalarıyla müqayisə etməyin və digər kəsləri onlardan üstün bilməyin cəhalətdən, təəssübdən qaynaqlanması gün kimi açıq-aydındır. 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!