QURANDA İMAMLARIN (Ə) ADININ ÇƏKİLMƏMƏSİNİN SƏBƏBİ(1)

:

Müqəddimə
Ayə və hədislərə əsasən, Quranda hər şey haqda məlumatın yer aldığı və Allahın orada heç nəyi nəzərdən qaçırmadığı göstərilir. Buna ən başlıca sübut elə Quranın özüdür. Allah-taala Quranda bu haqda belə buyurur:


وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ

“Biz kitabı (Quranı) sənə hər şeyi aydınlaşdırmaq üçün nazil etdik…”1

مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ

“Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq.”2
Yeri gəlmişkən xatırladım ki, haqqında danışılan mövzu ilə bağlı təkcə Quranı deyil, digər mötəbər mənbələri də nəzərə çatdırmaq olar. Misal üçün,“Nəhcül-bəlağə” kitabında belə qeyd edilmişdir:

وَ فِى الْقُرْآنِ نَبَأُ مَا قَبْلَكُمْ وَ خَبَرُ مَا بَعْدَكُمْ وَحُكْمُ مَا بَيْنَكُمْ

“Quranda keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hadisələr və eləcə də, sizin ehtiyaclarınızı təmin edə biləcək hökmlər haqda məlumatlar mövcuddur.”3
Əhli-sünnəyə gəldikdə isə, onların mənbələrində də sözügedən mövzu ilə bağlı İbn Məsud kimi tanınmış səhabədən belə bir hədis nəql olunmuşdur:

«ِانَّ فِیه عِلمُ الاَوَّلینَ و الآخِرِین»

“Həqiqətən, Quranda əvvəlkilər və sonrakılar haqda elm vardır.”4
Bununla belə, Quranda müxtəlif cüzi (məsələlərlə bağlı) hökmlərin qeyd edilməməsini də görürük. Misal olaraq, namazın rükətlərinin sayı, zəkatın hansı şeylərə şamil olması və onun miqdarı, bir çox həcc əməlləri, Səfa və Mərvə dağları arasında neçə dəfə səy etmək (gedib-gəlmək) və habelə Kəbə evi ətrafında edilən təvafın sayı və şəri cəzalar, diyələr, qəzavət qaydaları, ticarətin şərtləri və imamların adları zəminəsində olan digər məsələləri göstərmək olar. Bir qrup əhli-sünnə, yaxud vəhhabilər Quranda qeyd edilməyən məsələlərə diqqət yetirmədən “Niyə həzrət Əlinin adı Quranda çəkilməyib?” – sualını bəyan etməklə şiənin həzrət Əlinin (ə) vilayəti barədəki iddiasını rədd etməyə çalışırlar. Əlinizdəki bu məqalənin əsas hədəfi əsassız iddialara cavab vermək, mövzu ətrafında söhbət açaraq məsələyə aydınlıq gətirməkdir.

Quranda Peyğəmbərin (s) canişinlərinin tanıtdırılması
Peyğəmbərin (s) canişini mövzusunda mühüm olan məsələ o həzrətin canişinini müsəlmanlara tanıtdırmaqdır. Öz növbəsində sübuta yetirilmişdir ki, belə bir məqam “təyin” yolu ilə həyata keçir və belə bir şəxsi Allah seçməlidir. Belə olduqda, Quranda canişinin xüsusiyyətlərlə tanıtdırılmasınının və Peyğəmbərin (s) də həmin şəxsin adını bildirərək kim olduğunu camaata tanıtdırmasının nə eybi var?! Qurana müraciət etdikdə, Allahın insanları iki yolla təqdim etdiyini görürük: Bəzən insanları adları ilə təqdim edir. Misal olaraq “Məryəm” surəsində peyğəmbərlərin adlarının çəkildiyini göstərmək olar:

اذكر في الكتاب ابراهیم

“Kitabda (Quranda) İbrahimi də xatırla!”

واذكر في الكتاب موسي

“Kitabda (Quranda) Musanı da xatırla!”

واذكر في الكتاب اسماعيل

“Kitabda (Quranda) İsmaili də xatırla!”

واذكر في الكتاب ادريس

“Kitabda (Quranda) İdrisi də xatırla!”5
Bəzən isə Allah-taala nəzərdə tutduğu şəxsi öz xüsusiyyətləri, özəllikləri ilə tanıtdırır. Bunun da bariz nümunəsi Quranda haqqında danışılan həzrət Süleymanın (ə) hekayəsidir:

قَالَ الَّذِي عِنْدَهُ عِلْمٌ مِنَ الْكِتَابِ...

“(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi:…” 6, 7
Sözügedən bu iki tanıtdırma (təqdim etmə) üslubu insanlar arasında da istifadə olunur. Demək olar ki, insanlar birinci üslubla müqayisədə ikinci üslubdan daha çox istifadə edirlər.
Ayətullah Məkarim Şirazi ikinci üslub haqda (insanı özünəməxsus xüsusiyyətlərlə tanıtmaq) fikrini belə ifadə edir: “Bəlkə də, dəyərlər və xüsusiyyətləri sadalamaqla insanları tanıtmaq ən yaxşı metoddur. Ona görə ki, insanların adları yalnız onlara məxsus deyildir. Ola bilsin ki, başqaları da eyni ada malik olmaqdan sui-istifadə etsin. Misal olaraq, bəziləri övladlarının adını Mehdi və ya Məhəmməd qoymaqla həzrət Mehdinin (ə.c) adından sui-istifadə etmişlər. Əli adı da belə sui-istifadələrdən sığortalanmayıb, çünki Əli adı yalnız Əmirəl-mömininə (ə) aid olan bir ad deyildi. Eləcə də, "Əbu Talib" künyəsi təkcə o həzrətin atasına şamil olan künyə deyildi. Ərəblərin bir çoxunun adı Əli və künyəsi də Əbu Talibdir. Əgər "Əli" adı Quranda aydın şəkildə qeyd edilsəydi, bəlkə də, bəziləri onu həzrət Əliyə (ə) yox, başqa birisinə tətbiq edərdi.”8
Ad çəkməklə sui-istifadələrin olacağını, bunun əksinə insanları xüsusiyyətlərlə tanıtma üslubunda belə bir ehtimalın olmadığını nəzərə alıb belə qənaətə gəlirik ki, əmirəl-möminin Əlini (ə) spesefik xüsusiyyətləri ilə tanıtmaq elə ən yaxşı üslubdur. Belə olduqda, həzrət Əliyə (ə) aid olan xüsusiyyətlər başqasına deyil, məhz o həzrətin (ə) özünə şamil olacaqdır.
Belə bir sual ünvanlana bilər ki, sizin inancınıza görə, Quran imamları (ə) adları ilə yox, xüsusiyyət və özlərinəməxsus keyfiyyətləri ilə tanıtdırır. Belə olduqda sözügedən tanıtma üslubu hansı ayə və surədə əks olunmuşdur? Cavab olaraq qeyd etməliyik ki, Allah-taala bir çox ayələrdə sualda ünvanlanan mövzuya aydınlıq gətirmişdir. Burada isə bütün ayələrə deyil, sadəcə üç ayəyə izah gətirəcəyik.
Allah-taala “Maidə” surəsinin 55-ci ayəsində buyurur:

“إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ ”

“Həqiqətən, sizin rəhbəriniz yalnız Allah, onun peyğəmbəri və iman gətirənlərdir – o kəslər ki, namaz qılır və rüku halında zəkat verirlər.”
Bir çox əhli-sünnə alimləri bu ayənin əmirəl-möminin Əli (ə) haqqında nazil olduğunu açıq-aydın göstərmişlər. Qazi Əzudud-din İci (vəfatı h.q 756-cı il) və digər əhli-sünnə alimləri yuxarıda qeyd olunan ayənin təfsiri haqda belə demişlər:

« وأجمع أئمّة التفسیر أنّ المراد علی»

“Təfsir sahəsində öndərlikləri ilə tanınan müfəssirlər yekdilliklə ayənin həzrət Əli (ə) haqqında nazil olduğunu qeyd etmişlər.”9
Əgər diqqət yetirsəniz, ayənin sonu üçüncü şəxsin cəmini bildirən əvəzliklə bitir. Halbuki, ayədə göstərilən xüsusiyyətləri özündə birləşdirən şəxs bir nəfərdən (həzrət Əlidən (ə)) artıq deyil.
İzah üçün qeyd etməliyik ki, ayədə əvəzliyin üçüncü şəxsin cəmi şəklində qeyd olunması yalnız həzrət Əlinin (ə) deyil, o həzrətdən sonra bir-birinin ardınca gələn digər məsum imamların (ə) da həmin xüsusiyyətə malik olacaqlarını bildirilir.
Habelə, Allah-taala “Nisa” surəsinin 59-cu ayəsində buyurur:

“يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ”

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!”
Ayədəki (أُولِي الْأَمْرِ) “Ulil-əmr” qeydi hədislərə əsasən şiələrin on iki imamına işarədir.10
Həmçinin, “Tövbə” surəsinin “Sadiqin” adı ilə tanınan 119-cu ayəsini göstərə bilərik. Bu ayə elə ayələrdəndir ki, ondan əhli-sünnə və şiə hədislərinə əsasən bütün imamların (ə) “vilayət ” məqamını başa düşmək olur. Allah-taala həmin ayədə buyurur:

“يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ”

“Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla birgə olun!”
Əhli-sünnə alimlərinin çoxu, misal üçün, Əllamə Gənci “Kifayətut-talib”, İbn Cuzi isə “Təzkirə” kitabında belə qeyd edir:

قال علماء السّیر معناه کونوا مع علىّ و اهل بَیْته

“Ayədəki “Doğru olanlarla birlikdə olun!” qeydi "Əli (ə) və onun Əhli-beyti ilə olun!" deməkdir”11
Qeyd olunanlardan əlavə, maraqlı bir məsələ burasındadır ki, bəzi hədislərə görə Quranda iki yerdə işlədilmiş (عَلِيّ) “əliyyun ” və ya(عَلِيًّا)  “əliyyən” ifadələri həzrət Əlinin (ə) adına işarədir. Həmin yerlərdən biri “Zuxruf” surəsinin 4-cü, digəri isə “Məryəm” surəsinin 50-ci ayəsidir. Aşağıda o iki ayəni ardıcıl olaraq diqqətinizə çatdırırıq:
1.“وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ ”
“Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox uca, çox hikmətlidir.”12
2. “وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا…”
“Onların hamısına Öz rəhmətimizdən (səma kitabı, övlad və var-dövlət kimi digər nemətlərdən də) bəxş etdik və (bütün şəriətlərin davamçıları arasında) onlar üçün həqiqi və uca olan yaxşı ad qoyduq.”13

 

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN


1. “Nəhl” surəsi, ayə 89.
2. “Ənam” surəsi, ayə 38.
3. “Nəhcül-bəlağə”, hikmət 313.
4. “Durrul-mənsur”, Süyuti.
5. “Məryəm” surəsi, ayələr 41, 51, 54, 56.
6. “Nəml” surəsi, ayə 40.
7. Ayətullah Sübhaninin çıxışından xülasələr, “Hövzənin üfüqündə”, 03/05/1386. “Mövud” aylıq jurnalı, (ixtisarla) № 8.
8. Ayətullah Məkarim Şirazi, “Quranda vilayət ayələri” kitabından xülasə, səh. 303. 
9. “əl-Muvafiq fi ilmil-kəlam”, səh. 405. "Quşçi" ləqəbi ilə tanınan Əllamə Taftazani, Əlauddin Əli ibn Məhəmməd Hənəfi və həmçinin, Alusi belə qeyd etmişlər, “Şərhul-məqasid fi elmil-kəlam”, c. 5, səh. 270; “Şərhu təcridil-etiqad”, səh. 368 və “Ruhul-məani”, c. 6, səh. 168.
10. Ayətullah Məkarim Şirazi, “Quranda vilayət ayələri”, səh. 107. 
(“Yənabiul-məvəddə” kitabında qeyd olunur ki, bir nəfər Əli ibn Əbu Talibdən (ə) soruşdu: “İnsanı doğru yoldan çıxardıb onu azmışlardan edən ən kiçik şey nədir?” O həzrət buyurdu: “İlahi höccəti unutmaq və ona itaət etməmək. Allahın (yer üzündə) höccətinə (məsum imama (ə)) itaət etməyən hər kəs zəlalətdədir.” Həmin şəxs bir daha soruşdu:  “Daha ətraflı izah edin! İşarə etdiyiniz o ilahi höccət kimdir?” Həzrət (ə) buyurdu: “O, "Nisa" surəsinin 59-cu ayəsində "Ulul-əmr" ünvanı ilə yad olunan kəsdir.” O şəxs üçüncü dəfə də soruşdu: “Ulul-əmr kimlərdir? Xahiş edirəm daha aydın izah edin!” İmam (ə) buyrudu: “O, həmin kəsdir ki, Peyğəmbər (s) dəfələrlə onun barəsində buyurub:
«إِنّی تَرَکْتُ فِیکُمْ أَمْرَیْنِ لَنْ تَضِلّوا بَعْدِی إِنْ تَمَسَّکْتُمْ بِهِما کِتابَ اللَّهِ عَزَّوَجَلَّ وَعِتْرَتِی أَهْلَ بَیْتی»
“Həqiqətən, mən özümdən sonra sizin aranızda iki ağır və qiymətli əmanət – Allahın kitabı və mənim itrətimi qoyub gedirəm, əgər onlara bərk sarılsanız, heç vaxt yolunuzu azmayacaqsınız.” 
11. “Ehqaqul-həqq” kitabından nəql olunmuşdur, c.3, səh.297. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında yuxarıdakı hədisdən əlavə, Abdullah ibn Ömərdən digər bir hədisi nəql edərək yazır:
«مَعَ الصادِقِینَ أَیْ مَعَ مُحَمّدٍ وَأَهْلِ بَیْتِه»
“Doğru danışan kəslərlə birgə olun, yəni Məhəmməd (s) və onun Əhli-beyti (ə) ilə birgə olun deməkdir.”
“Şəvahidut-tənzil”, c.1, səh. 262. Ayətullah Məkarim Şirazi, “Quranda vilayət ayələri”, səh. 131.
12. Əllamə Bəhrani, “əl-Burhan fi təfsiril-Quran”, c. 4, səh. 845-847, "əl-Besət" müəssisəsi, Qum.
13. Huveyzi, “Təfsiru Nurus-səqələyn”, c. 3, səh. 339, "İsmailiyan" mətbuat müəssisəsi. Şeyx Məhəmməd Baqir əl-Məhmudinin Hafiz Hakim Həskaninin “Şəvahidut-tənzil” kitabına təhqiq və əlavəsi, c. 1, səh. 463.

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!