QURANDA İMAMLARIN (Ə) ADININ ÇƏKİLMƏMƏSİNİN SƏBƏBİ(2)

:

Quran və külliyyatın bəyanı
Qurana müraciət edərkən Quranda bir çox məsələlər bəyan edildikdə onların cüzi şəkildə deyil, külli şəkildə bəyan edilməsi məsələsini unutmamq lazımdır.1


Misal üçün, “اقيموا الصلاه” “Namaz qılın!” deyilir, amma namazın rükətləri, şərtləri, əməlləri və sairə haqda söz açılmır.Yaxud “آتو الزكاه” “zəkat verin!” deyilir, lakin zəkatın hansı şeylərə vacib olması və miqdarı bildirilmir. Əlbəttə, Allah çıxış yolu olaraq Quranda bəzi külli qaydaları, ümumi normaları və mütləq prinsipləri göstərməklə bir çox ehtiyacları aradan qaldırır. Misal üçün
“fiqh” “hüquq” elmində alimlər alqı-satqı (“یا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقودُ” “Ey iman gətirənlər! Əhdlərinizə sadiq olun!”)2,
ibadət “وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ ۚ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ” “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O, (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı!”)3,
valideyn haqları (“لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِهِ” “Nə bir ana, nə də bir ata uşağına görə zərər çəkməsin!”)4 və sair mövzularla bağlı ayələrdən geniş istifadə edirlər. Halbuki, Qurana müraciət etdikdə xırdalıqlara varılmadığını, bəzən də külli qaydalardan belə istifadə etmənin mümkün olmadığını da müşahidə edirik. Quranın xırdalıqlara varmayıb külliyyatı izah etməsinin səbəbinə aydınlıq gətirəcəyik. Məlum məsələdir ki, Quran ilahi hidayətin nidasını bütün bəşəriyyətə çatdırmaq üçün göndərilmişdir. Odur ki, fundamental olaraq insanın maddi və mənəvi həyatını və bir sözlə, həyatın bütün sahələrini, o cümlədən, maddi, mənəvi, fərdi, ictimai, əxlaqi, dünyəvi və axirət həyatını əhatə etməyə qadirdir. Təbii olaraq bunların hamısını bütün təfsilatı ilə bir kitaba sığdırmaq mümkün deyildir. Ona görə də, Quranda külliyat, hər şeyə örnək və dəyişilməyən bir üslub nişan verilməli, təfərrüatların bəyanı isə peyğəmbərlər və onların canişinləri, ağıllı və hidayət olunmuş müdrik insanlara həvalə olunmalıdır.5
Hədislərdə göstərilir ki, eyni ilə həmin sualı imam Sadiqin (ə) şagirdlərindən biri olan Əbu Bəsir o həzrətdən soruşur.6 İmam Sadiq (ə) cavabında Quranın belə bir xüsusiyyətə malik olmasına işarə edərək buyurur: “Allah Peyğəmbərə (s) namaz ayəsini nazil edərkən namazın üç və ya dörd rükətli olmasından söz açmamışdır. Namazın cüzi məsələlərinə Peyğəmbər (s) izah gətirmişdir. Habelə, zəkat ayəsini nazil edərkən də Allah qırx dirhəmə bir dirhəm verilməsini (belə geniş izahla) buyurmamışdır. Yenə də zəkat əməlinin belə bir xırdalıqlarına şərh gətirən Peyğəmbər (s) olmuşdur. Həmçinin, həcc ayəsi nazil olanda da, Allah-taala "İnsanlar Kəbə evi ətrafında “təvaf” əməlini yerinə yetirmək üçün yeddi dəfə dövr etməlidir" deyə buyurmadı. Bunu da insanlara izah edən məhz Peyğəmbər (s) oldu.

 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” ayəsi həzrət Əli (ə), Həsən (ə) və Hüseyn (ə) barəsində nazil oldu və Peyğəmbər (s) imam Əli (ə) haqqında belə buyurdu:
“Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Mən sizə Allahın kitabı və Əhli-beytimə (ə) sarılmağı tövsiyə edirəm. Ona görə ki, Allah-taaladan onları hovuzun kənarında mənə (təkrarən) qovuşana qədər bir-birindən ayırmamasını istədim və Allah da mənim duamı qəbul etdi.”7
İmam Baqir (ə) də sözügedən mövzu ilə bağlı buyurmuşdur:
“Allah-taala Peyğəmbərə (s) namaz haqqında olan ayəni nazil edəndə, namazın üç və ya dörd rükət olmasından söz açmamış və namazın rükətlərinin sayı barədə Peyğəmbər (s) izah vermişdir. Həmçinin, həcc əməli haqda nazil olan ayədə Kəbə evinin ətrafını yeddi dəfə dövr etmək göstərilməyib. O da Peyğəmbər (s) tərəfindən izah edilib. Bizim imamlıq  məqamımız da elə bu qəbildəndir. Allah “أُولِي الْأَمْرِ” “Ulil-əmr” ayəsini (“يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ” “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!”) Peyğəmbərə (s) nazil etmiş və Peyğəmbər (s) də onun (“أُولِي الْأَمْرِ” “Ulil-əmr”) on iki imama işarə olduğunu vurğulamışdır. Əgər Peyğəmbər (s) ayənin qarşısında susub (أُولِي الْأَمْرِ ( “Ulil-əmr” qeydinə aydınlıq gətirməsəydi, Abbasi sülaləsi və Əqilin övladları, yaxud da başqaları həmin qeydin özlərinə aid olduğunu iddia edərdilər.”8
Allah-taalanın Quranda “imamət” və “vilayət” məqamını külli (ümumi) şəkildə bəyan etməsi ilə yanaşı,9 imamət məqamının zəruri olduğunu və eləcə də, imamətlə bağlı bəzi xırdalıqlara izah etməsi daha çox diqqəti cəlb edir. Misal olaraq “Bəqərə” surəsinin 124-cü ayəsini göstərə bilərik:

 لا يَنَالُ عَهْدِي الظَّالِمِين

“Mənim vədəm (imamət məqamını verməyim) (Sənin nəslindən olan) zalımlara şamil olmaz!”10
Ayədə bildirilir ki, imamın keçmişində zülmetmə faktı olmamalıdır. Başqa bir ayədə isə xüsusiyyətləri qeyd etməklə imamın kim olduğu müəyyən edilir:

إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“Sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir – o kəslər ki, namaz qılır və rüku halında zəkat verirlər.”11
Bu ayə həzrət Əlinin (ə) (“imamət” və “vilayət”) məqamını  xüsusi olaraq Peyğəmbərin (s) dönəmində yaşayan insanlar üçün müəyyən etmişdir. Bizlər o dövrdə yaşamadığımızdan, hədis kitabları, yaxud tarixi sənədlərin vasitəsi ilə ayədə kimin haqqında danışıldığını başa düşə bilirik.
Qeyd olunan və eləcə də, Əhli-beytə (ə) aid edilən digər ayələrə diqqət yetirərkən belə bir qənaətə gəlirik ki, Quran imamları (ə), xüsusilə də, həzrət Əli (ə) və onun ailəsini tanıtdırarkən onları sıradan olan biri kimi deyil, yüksək imtiyazlara sahib olan şəxsiyyətlər kimi təqdim edir. Buna sübut olaraq aşağıda ardıcıllıqla qeyd edəcəyimiz “İnsan” surəsinin səkkizinci ayəsini, “Vilayət” və “ Təthir” ayələrini misal göstərmək olar.

“وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا ”

“Onlar özləri ehtiyaclı olduğu halda məhəbbət üzündən (və ya Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.”12

 “إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا ”

“Həqiqətən, Allah siz Əhli-beytdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”

 “إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ ”

“Sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirən kəslərdir – o kəslər ki, namaz qılır və rüku halında zəkat verirlər.”
Ayələrə nəzər saldıqda birinci ayədə ehtiyacın ən çətin halında ehsan etməklə fədakarlığın ən son həddini, ikinci ayədə hər eyb və günahdan uzaq mütləq paklığı, üçüncü ayədə saf niyyət və ilahi məhəbbətlə bərabər iki böyük ibadətin birləşdiyini aşkar görmək olur.
Belə bir üslubun (söhbət Quranın istifadə etdiyi tanıtma üslubundan gedir) bir çox hikmətləri vardır:
Birincisi budur ki, şəxsiyyətləri tanıtmaq örnəkləri tanıtmağa bərabərdir, çünki belə örnəklər cəmiyyəti dərindən düşünməyə, üstün dəyər və meyarlara və həqiqi imtiyazlara sövq edir.26 Şəxsiyyətləri tanıtmaq üslubu ağılın dərkinə zəmin yaradır. Amma yalnız şəxs tanıtdırılarsa, bəzən cazibəyə deyil, dafiəyə (özündən kənarlaşdırmağa) səbəb olar. Belə bir tanıtdırma üslubu anti-təbliğat nəticəsində mənfi qələmə verilmiş və ya hər hansı bir səbəb üzündən cəmiyyət tərəfindən qəbul edilə bilməyən şəxs üçün daha çox əlverişlidir. Eyni ilə belə bir vəziyyət əmirəl-möminin Əli (ə) və onun Əhli-beyti (ə) üçün yaranmışdır. Həqiqət budur ki, bəzi tanınmış möminləri istisna etsək, İslamın ilk çağlarında yaşayan insanlar Əhli-beyti (ə), xüsusilə də, əmirəl-möminin Əlini (ə) qəbul etmirdilər. Hətta, Peyğəmbərin (s) özü dəfələrlə böyük məşəqqətlərə qatlaşaraq həzrət Əlini (ə) tanıtmaq istədikdə hər dəfə müxtəlif şəkildə reaksiyalara və eləcə də müqavimətlərə məruz qalmışdır, çünki onların çoxu İslam dinini yeni qəbul etmişdilər. Onlar müsəlman olmazdan əvvəl İslam dininin düşmənləri sırasında həzrət Əlinin (ə) qılıncı ilə qarşı-qarşıya durmuş insanlar idi və elə həmin vaxtdan qəlblərində imam Əliyə (ə) qarşı kin saxlamışdılar. Xanım Fatimeyi-Zəhra (s) da insanların həzrət Əlidən (ə) üz çevirməsini elə həmin səbəblə əlaqələndirirdi.
İkincisi, ərəb cahiliyyət dönəminin yanlış adət-ənənələri və eləcə də, batil düşüncələri hələ də insanların düşüncəsinə hakim idi. Yaş və bu kimi faktları siyasi məsələlərdə təsirli hesab edirdilər. Məhz həzrət Əli (ə) cavan olduğu üçün onun cəmiyyətə rəhbər olmasını qəbul edə bilmədilər.
Üçüncüsü isə insanlar arasında bəziləri təbliğat aparmaqla belə bir fikiri yayırdılar ki, guya Peyğəmbərin (s) məqsədi öz yaxınlarını həmişəlik olaraq qüdrət sahibi edib hakimiyyət kürsüsünə oturtmaqdır. Bu müstəvidə Peyğəmbərin (s) əvəzsiz xidmətlərini siyasi oyun və bütün bunları özünün və Əhli-beytinin (ə) hakimiyyəti ələ keçirməsi üçün bir fəaliyyət kimi yozurdular. Bu məsələ o qədər aktual idi ki, Qədir-Xum günü Peyğəmbər (s) həzrət Əlinin (ə) məqamını tanıtdırdıqdan sonra orada olanlardan biri səslənərək deyir: “İlahi! Bizə Allah tərəfindən gəlmiş və Allah kitabını gətirmişəm dedi və biz də qəbul etdik. İndi də istəyir ki, əmisi oğlu və kürəkənini bizə hakim eləsin. (İlahi!) Əgər Məhəmməd (s) doğru deyirsə, göydən daş göndər və məni öldür!”
İndi belə bir sual ortaya çıxır ki, belə bir şəraitdə həzrət Əli (ə) və ya ondan sonrakı imamların (ə) adlarının Quranda açıq-aydın çəkilməsi nə qədər məqsədə, yaxud məsləhətə uyğun olardı?!

BİRİNCİ HİSSƏNİ BURADAN OXUYUN


1. Bəziləri öz sözlərində "ümumi" və "fərdi" sözlərinin yerinə "mühüm" və "qeyri-mühüm" ifadələrini işlədir və Quranın yalnız mühüm məsələləri bəyan etdiyini və mühüm olmayan digər məsələlərin izahını isə Peyğəmbərin (s) öhdəsinə qoymuş olduğunu iddia edirlər. Amma görəsən, insan ağlı səmavi həqiqətlərin hamısını dərk etməyə və özündə sığdırmağa qadirdirmi ki, mühüm və qeyri-mühüm barədə də sual olunmuş olsun?! Ağıl hətta küçələrin çertyojunu çəkmək və nəqliyyat vasitələrinin hərəkət planını hazırlamaq kimi sadə məsələlərin həllində belə acizdir və hər dəfə səhvə yol verdiyindən doğru yolu axtarmaqla məşğul olur. Belə olduğu halda, hidayət və kamilliyə doğru gedən yolu dəqiqliklə bildiyini iddia edərək onun barəsində nəzər verməklə mühüm və qeyri-mühümlükdən söz aça bilərmi?! Bundan əlavə, dinin mühüm və qeyri-mühüm kimi qismlərə bölünməsi şəriətdə də bəyan olunmuşdurmu?! Quranın və dinin harasında gəlib ki, böyük və mühüm məsələləri Allah özü bəyan edir və yerdə qalan digər məsələləri isə Peyğəmbər (s) izah edir?! Bu, ağılın belə bir bölgünü dərk etdiyini qəbul etdiyimiz halda o zaman mümkündür. Əlbəttə, Allah-taala daha yaxşı bilir ki, hansı məsələni özü bəyan etsin və hansını isə Peyğəmbər (s).
2. “Maidə” surəsi, ayə 1.
3. “Həcc” surəsi, ayə 78.
4.“Bəqərə” surəsi, ayə 233.
5. “Quran elmləri”, Səidi Rəveş, səh. 226.
6. «ما بالَهُ لم یُسَمِّ عَلیّاً و اَهْلَ بَیْتهِ»؟
7. “Usuli-Kafi”, c. 2, səh. 71.
 «اِنَّ رَسُولَ اللَّهِ نَزَلَتْ علیه الصلوةُ و لَم یُسَمّ لَهُم ثَلاثاً وَ لا اَرْبعَاً حتّى کانَ رَسُولُ اللّهِ هُوَ الذَّى فَسَّرَ لَهُمْ ذلِکَ وَ نَزَلَتْ عَلَیْه. الزَّکاةُ وَ لَمْ یُسَمِّ لَهُمْ مِنْ کُلِّ اَرْبَعینَ درهماً دِرْهَمٌ، حتّى‏ کانَ رَسولُ اللّهِ(ص) هُوَ الَّذى‏ فَسَّرَ ذلِکَ لَهُمْ وَ نَزَلَ الْحَجُّ فَلَمْ یَقُلْ لَهُم طوفوُا اُسْبُوعاً حتّى کانَ رَسُولُ اللّهِ(ص) هُوَ الَّذى فَسَّرَ ذلِک لَهُمْ وَ نَزَلَتْ «اَطیعُو اللَّهَ و اطیعُوا الرَّسُولَ وَ اوُلىِ الأمْرِ مِنْکُمْ» وَ نَزَلَتْ فى‏ عَلىٍّ والْحَسَنِ وَ الْحُسَیْنِ، فَقالَ رَسُولُ اللَّهِ(ص) فى‏ عَلِىٍّ: مَنْ کُنْتُ مُوْلاهُ؛ و قال(ع) اوُصیکُمْ بکتابِ اللّهِ و اهل بیتى‏ فَاِنّى‏ سَأَلْتُ اللَّهَ عزَّوَجَلَّ اَنْ لا یُفَرّقَ بَیْنَهُما حتىَّ یوُرِدَهُما عَلىَّ الحوضُ فَأعْطانى‏ ذلِکَ...»
9. “Nisa” surəsi, ayə 59; “Əyyaşi təfsiri”. Hakim Həskani “Şəvahidut-tənzil” və mərhum Məclisi “Biharul-ənvar” və Əllamə Təbatəbai “əl-Mizan” kitabında da bu hədisi həmin təfsir kitabından nəql etmişlər.
10. “Səcdə” surəsi, ayə 24. 
«وَ جَعَلْنا مِنْهُمْ أَئِمَّةً یَهْدُونَ بِأَمْرِنا لَمَّا صَبَرُوا وَ کانُوا بِآیاتِنا یُوقِنُون»
“Və onların arasından imam və rəhbərlər təyin etdik ki, bizim fərmanımızla (camaatı) doğru yola hidayət etsinlər, buna görə ki, səbr və bizim ayələrimizə yəqin etdilər.”
“Nisa” surəsi, ayə 59. “Ey iman gətirən kəslər! Allaha, onun rəsuluna və əmr sahiblərinə itaət edin!
« یا أَیُّهَا الَّذینَ آمَنُوا أَطیعُوا اللَّهَ وَ أَطیعُوا الرَّسُولَ وَ أُولِی الْأَمْرِ مِنْکُم» 
“Maidə” surəsi, ayə 67. “Ey Peyğəmbər! Pərvərdigarın tərəfindən sənə nazil olanı (camaata) çatdır! Əgər belə etməsən, risalətə (ilahi vəzifəyə) əməl etməmiş olarsan və Allah səni insanların şərindən qoruyacaqdır.”
«یَا أَیُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَیْکَ مِنْ رَبِّکَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللَّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ»
11. “Bəqərə” surəsi, ayə 124.
12. “Maidə” surəsi, ayə 55.
13. “İnsan” surəsi, ayə 9.
14. “Quran və Peyğəmbərin (s) nəzərində Əlinin (ə) rəhbərliyi”, tərcümə, "əl-Muraciat".

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!