29-CU MÜNAZİRƏ - III hissə

:

HƏZRƏT ƏLİNİN (Ə) ROHBƏDƏ QƏDİR-XUM HƏDİSİNİ DƏLİL GÖSTƏRMƏSİ
Əgər bu hədis və mövla kəlməsi imamət və xilafətə dəlalət etməsəydi, həzrət Əli (ə) dəfələrlə onu dəlil göstərməz, xüsusilə də şura toplantılarında şahid olaraq ortaya qoymazdı.

Necə ki, Xətib Xarəzmi «Mənaqib»in 217-ci səhifəsində, İbrahim ibn Məhəmməd Həmuyini «Fəraid»in 58-ci babında, Hafiz ibn Uqdə «Kitabul-vilayət»də, İbn Hətəm Dəməşqi «Durrun-nəzim»də və İbn Əbil Hədid «Nəhcül-bəlağənin şərhi» kitabının 2-ci cildinin 61-ci səhifəsində incəlikləri ilə bunu rəvayət etmiş, xüsusilə də Rohbədə əshabdan 30 nəfəri buna şəhadət vermişdilər.
İmam (ə) xalqın qarşısına çıxaraq belə buyurmuşdu: «Sizi and verirəm Allaha, kim Qədir-Xumda mənim haqqımda bir şey eşitmişsə, qalxsın və desin».
Böyük alimləriniz mötəbər kitablarında həzrət Əlinin (ə) Kufənin rəhbəsində müsəlmanlara bu hədisi dəlil göstərdiyini qeyd etmişlər:
İmam Əhməd ibn Hənbəl, «Müsnəd», c. 1, səh. 119 və c. 4, səh. 370; İbn Əsir Cəzri, «Usdul-ğabə», c. 3, səh. 307 və c. 5, səh. 205 və 276; İbn Quteybə, «Maarif», səh. 194; Məhəmməd Yusif Gənci Şafei, «Kifayəut-talib»; İbn Əbil Hədid: «Nəhcül-bəlağənin şərhi», c. 1, səh. 362; Hafiz Əbu Nəim İsfahani, «Hilyətul-övliya», c. 5, səh. 26; İbn Həcər Əsqəlani, «İsabə», c. 2, səh. 408; Muhibuddin Təbəri, «Zəxairul-uqba», səh. 67; İmam Əbu Əbdürrəhman Nəsai: «Xasaisul-Ələvi», səh. 26; Əllamə Səmhudi: «Cəvahirul-əqdeyn»; Şəmsəddin Cəzri, «Əsnəl-mətalib», səh. 3; Süleyman Bəlxi Hənəfi, «Yənabiül-məvəddə», bab: 4; Hafiz ibn Uqdə, «Kitabul-vilayət» və s...
Orada olanların 12-si Bədr əshabından olan tam 30 səhabə ayağa qalxaraq belə şahidlik etdilər: «Peyğəmbəri-əkrəm gözümüzün önündə Əlinin əlindən tutaraq xalqa belə buyurdu: «Mənim möminlərə nəfslərindən daha övla olduğumu bilirsinizmi?!» Oradakılar: «Bəli» –  dedikdə, Rəsulullah  buyurdu: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır...»
O cəmiyyətdən 3 nəfər şahidlik etməkdən boyun qaçırtdı. Bunlardan biri də «qocaldığım üçün unutdum» deyən Ənəs ibn Malik idi. Həzrət Əli onlara, xüsusilə də Ənəsə pis dua edərək belə buyurdu: «Əgər yalan söyləyirsənsə, Allah-taala səni bərəs (Ekzema - yara xəstəliyi) xəstəliyinə düçar etsin ki, əmmamənlə də sarıyıb örtə bilməyəsən».
Ənəs hələ yerindən qalxmamış yara xəstəliyinə tutuldu. Bəzi rəvayətlərdə isə kor və yaralı olduğu qeyd edilmişdir.
Şübhəsiz, həzrət Əlinin bu hədisi şahid göstərməsi, onun ilahi xilafət və vilayətinin ən böyük dəlilidir.
(Bu əsnada müəzzin azan oxumağa başladı. İşa namazını qılıb, istirahət və çay içdikdən sonra söhbətə davam edildi)

DÖRDÜNCÜ ŞAHİD «MƏN SİZİN NƏFSİNİZDƏN DAHA ÖVLA DEYİLƏMMİ?!» HƏDİSİDİR
Dəvətçi: «Dördünçü olaraq hədisin özündə mövcud olan qərinə də mövladan məqsədin təsərrüfdə övləviyyət olduğunu ortaya qoyur. Çünki Peyğəmbəri-əkrəm (s) Qədir-Xumda oxuduğu xütbədən əvvəl ümmətə belə buyurmuşdur: «Mən sizə öz nəfsinizdən daha övla deyiləmmi?!» Rəsulullahın bu sözü «Peyğəmbər, möminlərə öz nəfslərindən daha övladır» (“Əhzab” surəsi, ayə 6) ayəsinə işarədir.
Hər iki firqənin kitablarında yer alan səhih bir rəvayətə görə Peyğəmbər belə buyurmuşdur: «Mən dünya və axirətdə bütün möminlərə öz nəfslərindən daha övla deyiləmmi?» Orada olanlar hamısı birdən «Bəli, sən bizə öz nəfslərimizdən daha övlasan!» dedilər. Bundan sonra Rəsulullah belə buyurdu: «O halda, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».
Sözün deyilişi də «mövla»dan məqsədin Rəsulullahın (s) ümmət üzərindəki övləviyyətli olduğunu göstərir».
Hafiz: «Bir çox rəvayətlərdə Peyğəmbəri-əkrəmin: (s) «Mən sizə öz nəfsinizdən daha övla deyiləmmi?» - deyə buyurduğu yer almamışdır!»
Dəvətçi: «Qədir hədisi mövzusunda yer alan kəlmə, ibarə və ravilərin nəqlləri fərqlidir. Şiə rəvayətlərində fikirbirliyi vardır; şiə alimlərinin əksəriyyəti mötəbər kitablarında sözügedən hədisi bu qərinəylə rəvayət etmişlər. Sizin bir çox mötəbər kitablarınızda da məzkur hədis bu qərinəylə nəql edilmişdir. Hal-hazırda yaddaşımda olanlar bunlardır: Sibt ibn Cuzi, «Təzkirətu xəvassil-ümmə», səh. 18; İmam Əhməd ibn Hənbəl, «Müsnəd», Nurəddin ibn Səbbağ Maliki imamƏhməd, «Fusulul-mühimmə»; Xətib Xarəzmi: «Mənaqib», fəsil: 14; Məhəmməd ibn Yusif Gənci Şafei: «Kifayəut-talib», bab: 1; Şeyx Süleyman Bəlxi Hənəfi: «Müsnədi-Əhməd» və «Mişkatul-Məsabih»dən nəqlən; İbn Macə: «Sünən»; Hafiz Əbu Nəim İsfahani, «Yənabiül-məvəddə», bab: 4 («Hilyətul-övliya»dan nəqlən) və s...
İki ağacın arasında bir yeri Peyğəmbəri-əkrəm üçün hazırladılar. Rəsulullah namaz qıldıqdan sonra camaatın qarşısında həzrət Əlinin (ə) əlindən tutaraq oradakılara belə buyurdu: «Mənim möminlərə öz nəfslərindən daha övla olduğumu bilirsinizmi?» Oradakılar: «Bəli, bilirik» dedilər. Peyğəmbər: «Mənim hər möminə nəfsindən daha övla olduğumu bilirsinizmi?» – deyə buyurdu. Oradakılar: «Bəli» dedikdə həzrət buyurdu: «Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım! Onu sevəni sev, düşməninə düşmən ol!» Ömər onu qarşılayaraq belə dedi: «Ey İbn Əbu Talib, bu məqam sənə mübarək olsun; sən hər mömin və möminənin mövlası oldun».
Yenə İbn Macə Qəzvini «Sünən»də, imam Əbu Əbdürrəhman Nəsai 81, 83, 93 və 95-ci hədislərdə bu qərinəni nəql etmişlər. 84-cü hədisdə isə Zeyd ibn Ərqəmdən Rəsulullahın sözünü bu ibarələrlə rəvayət etmişdir: «Mənim hər mömin və möminəyə öz nəfslərindən daha övla olduğumu bilmirsinizmi?!» Onlar da belə dedilər: «Bəli, şəhadət edərik ki, sən hər möminə öz nəfsindən daha övlasan». Bunun üzərinə Peyğəmbər (s): «Şübhəsiz, mən kimin mövlasıyamsa, bu da onun mövlasıdır» buyuraraq Əlinin (ə) əlindən tutdu».
Zənn edərəm, «Sizə nəfsinizdən daha övla deyiləmmi?!» cümləsinin də hədislərdə rəvayət edildiyi xüsusunda misal olaraq gətirdiyim dəlillər bu miqdarla kifayət edər. Artıq ağalar bir də bu qərinənin məşhur rəvayətlərdə olmadığını söyləməsinlər!

Ardı var ...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!