HÖKUMƏT (2)

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXU

Qadınların hakimiyyətdəki nüfuzları
Axır zamanda baş verəcək hadisələrdən biri də qadınların nüfuzlarıdır. Qadınlar sahib olduqları nüfuzları ilə birbaşa camaata başçılıq edəcək, yaxud da bu qüdrətləri ilə hökumət başçısını öz təsiri altında saxlayacaqlar.

Bu məsələnin necə bəlalarla nəticələnməsi də məlumdur. İmam Əli (ə) bu barədə belə buyurmuşdur: “Fasiq, zinakar şəxslərin naz-nemətə çatacağı, ləyaqətsiz və şəxsiyyətsiz insanların ali məqam və vəzifələri tutacağı, insaflı şəxslərin isə zəifləyəcəyi bir vaxt gələcək.”
Bu nə zaman baş verəcəkdir sualına isə İmam Əli (ə) belə cavab vermişdir: “Bu hadisə qadınların hər yerdə nüfuzunun artdığı, az yaşlı uşaqlarınsa hakimiyyətə gəlişi ilə başlayacaq.”1

Uşaqların hakimiyyəti
Çox aydın bir məsələdir ki, camaatın rahatlıq və asayişinin təmin edilməsi üçün hakimiyyətdə təcrübəli şəxslərin olması daha zəruridir. Belə mütəxəssislərin əvəzinə uşaqlar, yaxud da dardüşüncəli şəxslər iş başına gələrsə, baş verəcək fitnə-fəsadlardan Allaha pənah aparmaq daha yaxşıdır.
Bu barədə iki rəvayəti nəql etməklə kifayətlənirik. Peyğəmbər Əkrəm (s) buyurur: “Yetmiş yaşı ötmüşlərin və uşaqların hakimiyyətindən Allaha pənah aparın.”2
Səid ibn Musəyyib adlı şəxs deyir: “Fitnələr baş verəcək, onun başlanğıcı isə (az yaşlı) uşaqların oyunudur.”3

Hökumətlərin zəifləməsi
Dünyada yalnız siyasi baxımdan möhkəm olan dövlətlər öz vətəndaşlarına xidmət etməyə qadirdirlər. Çünki dəyişikliklərə düçar olmuş dövlət, böyük planlar qurub iş görməyə qadir olmaz.
Axır zamanda olan hökumətlər möhkəm olmadığı üçün bəzən səhər hakimiyyət başına gəlməsinə baxmayaraq, gecə hakimiyyəti başqasına təhvil vermək məcburiyyətində qalacaqlar. İmam Sadiq (ə) bu barədə buyurur: “Yol göstərən imam olmadan, elmsiz-biliksiz, bir-birinizdən bezmiş halda hansı vəziyyətdə olacağınızı heç düşünmüsünüz? Bu, siz sınaqlardan keçdikdən, sizlərin yaxşınız və pisiniz ələkdən keçirildikdən sonra baş verəcək. Onda qılınclar öz işinə başlayacaq və müharibə şölələri hazır vəziyyətdə olacaq. Günün əvvəlində hakimiyyətdə olan qüvvələr günün sonunda kənara çəkilərək məhv olacaqlar.”4

Ölkələrin idarə edilməsində aciz qalan rəhbərlər
İmam Zamanın (əc.) zühurundan əvvəl hökumətlər yavaş-yavaş zəifləməyə başlayacaqlar. Bu vəziyyət onlara İmam Mehdinin (əc.) ümumdünya hökumətini qəbul etmək üçün şərait yaradacaqdır. İmam Səccad (ə) bu ayə haqqında buyurur:

حتى اذا رأوا ما يوعدون فسيعلمون من اضعف ناصرا و اقل عددا

“Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər.”5
“Bu ayədə verilmiş vədə İmam (əc.), onun səhabələri, dostları və düşmənləri haqqındadır. İmam Zaman (əc.) qiyam etdiyi zaman düşmənlərin çox aciz, qüvvələri az və silahları aşağı səviyyədə olacaqdır.”6

Kitabın adı: Son hakimiyyət
Tərcümə edən: Mətanət Hüseynova


1. “Kafi”, 8-ci cild, səh. 69; “Biharul-ənvar”, 52-ci cild, səh. 265.
2. Əhməd ibn Hənbəl, “Musnəd”, 2-ci cild, səh. 326, 355 və 448.
3. İbn Tavus, “Mulahim”, səh. 60.
4. “Kəmalud-din”, 2-ci cild, səh. 348.
5. “Cin” surəsi, ayə 24.
6. “Kafi”, 1-ci cild, səh. 431; “Nurus-Səqələyn”, 5-ci cild, səh. 441 “İhqaqul-həqq”, 13-cü cild, səh. 329; “Yənabiul-məvəddə” səh. 429; “Əl-Muhəccə”, səh. 132.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!