HÖKUMƏT (1)

:

Hər bir cəmiyyətdə müəyyən dinin, yaxud da məzhəbin qanunları hökumətin dəstəyi vasitəsi ilə icra oluna bilər. Buna görə də hər bir din, ya məzhəb öz qanun-qaydalarını icra etmək üçün hakimiyyəti ələ almaq məqsədini güdür.

Ən üstün din olan İslam dini də İslam hakimiyyətini qurmaqla həqiqi hakimiyyətin qorunmasını özünün ən böyük və vacib (fərizə) işlərindən biri hesab edir.
İslam Peyğəmbərinin (s) var qüvvəsi ilə İslam hökumətini qurmağa çalışaraq, Mədinə şəhərində ilk hakimiyyətinin bünövrəsini qurduğu hamıya məlumdur. Peyğəmbər Əkrəmin (s) vəfatından sonra – hərçənd ki, məsum imamlar (ə) və alimlər İslam hökumətinin qurulmasını arzu ediblər – lakin çox az zamanları istisna etmək şərtilə ilahi hökumətlər qurulmamış və İmam Mehdinin (əc.) zühuruna qədər оlan hökumətlərin bir çохu batil hesab olunurlar.
Peyğəmbər (s) və məsum imamlardan (ə) nəql olunmuş rəvayətlərdə İmam Mehdinin (əc.) qiyamından əvvəlki hökumətlər haqqında ətraflı məlumatlar verilmişdir. Burada onların bir neçəsinə işarə edirik:

1. Hakimiyyətin hegemonluğu
İmam Zamanın (əc.) zühurundan əvvəl cəmiyyətin ən çox əziyyət çəkdiyi məsələ, hakimiyyətin camaata qarşı göstərdiyi zülmkarlıqdır. Allah Peyğəmbəri (s) bu barədə buyurur: “Yer kürəsi zülmlə dolacaq, qorxu və müharibə məfhumu hər bir evə daxil olacaq.”1
İmam Əli (ə) isə bu barədə belə buyurur: “Bütün evlərə qorxu və qəm-qüssə hakim olana kimi yer üzü zülmlə dolacaq.”2
İmam Baqir (ə) isə belə buyurur: “Qorxu və hürkü dövrü başlamadan İmam (əc.) qiyam etməyəcək.”3
Adı çəkilən qorxu-hürkü çox zaman dünyanın zülmkar və özbaşına hökumət başçılarından qaynaqlanır. Çünki İmam Mehdinin (əc.) zühurundan öncə dünyada zülmkarlar hökmranlıq edəcəklər.
İmam Baqir (ə) yenə buyurmuşdur: “İctimaiyyətə hegemon və zülmkar qüvvələrin hakim olduğu zaman İmam Mehdi (əc.) qiyam edəcək.”4
İbn Ömər deyir: “(Axir zamanda) şərafətli insan, mal-dövlət sahibi zülmkar hakimlərin yaratdığı çətinliklər və problemlər üzündən ölüm arzulayacaqdır.”5
Qeyd etmək lazımdır ki, Peyğəmbər Əkrəmin (s) davamçıları təkcə biganə qüdrətlərin hücum və təcavüzkarlığından əziyyət çəkməyəcəklər. Оnlar həm də özbaşına оlan öz əyyaş və zülmkar hökumət başçılarının təzyiqlərinə də məruz qalacaqlar. Ucu-bucağı görünməyən bu geniş Yer kürəsi o qədər onlara dar gələcək ki, özlərinin azad deyil, zindanda olduqlarını sanacaqlar. Hal-hazırda İmam Zamanın (əs.) xüsusi lütf və mərhəmətləri vasitəsilə qurulan İslam dövlətlərini nəzərə almasaq, dünyanın hər yerində İslam və müsəlmanlara olan münasibət göz qabağındadır.
Bu məsələ rəvayətlərdən birində belə açıqlanmışdır ki, Peyğəmbər Əkrəm (s) buyurmuşdur: “Axır zamanda ondan üstün olmayan çox çətin bəlalar İslam (müsəlman) hökumətləri tərəfindən mənim ümmətimə üz verəcək. Belə ki, bu genişlikdə olan yer üzü onlara dar görünəcək. Yer üzü zülm və işgəncələrlə dоlacaq, möminlər zülm əlindən qaçıb qurtarmaq üçün gizlənməyə sığınacaq tapmayacaq.”6
Bəzi rəvayətlərdə müsəlmanların əyyaş rəhbərləri olacaqları açıq-aşkar qeyd edilmişdir. Bundan sonra isə islahatçının zühur etməsi müjdəsi verilmişdir. Bu rəvayətlərdə Peyğəmbər Əkrəmdən (s) sonra hakimiyyət kürsüsündə oturan üç növ rəhbərlərdən söz açılmışdır. Bu üç növ hakimiyyət xilafət, imarət və bunlardan sоnra zalımların hakimiyyəti kimi şərh edilmişdir.
Peyğəmbər Əkrəm (s) buyurur: “Məndən sonra xəlifələr hakimiyyət başına gələcəklər. Оnlardan sonra əmirlər, əmirlərdən sоnra padşahlar və padşahlardan da sоnra isə zalımlar hökmranlıq edəcək. Bütün bunlardan sonra isə İmam Mehdi (əc.) zühur edəcək.”7

2. Dövlətlərin birləşməsi
Adəm (ə) övladları hakimiyyətə bacarıqlı və saleh başçılar iş başına gəldikdən sonra rahat həyat tərzi keçirə bilər. Lakin rəhbərliyə layiq olmayan şəxslər hakimiyyətə gələrlərsə, insanların əzab-əziyyətdə olması da təbii bir hala çevriləcəkdir. İmam Mehdinin (əc.) zühurundan öncə belə bir vəziyyət cəmiyyətə hakim olacaq. Yəni zühurdan əvvəl dövlətlər xəyanətkar, fasiq və zülmkarların əlində olacaq.
İslam Peyğəmbəri (s) buyurmuşdur: “Rəhbərlərin zülmkar, qoşun başçılarının xəyanətkar, hakimlərin fasiq və nazirlərin isə zalım olacağı zaman gələcək.”8

Kitabın adı: Son hakimiyyət
Tərcümə edən: Mətanət Hüseynova

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN  OXUYUN


1. İbn Əbi Şeybə, “Musənnəf”, 15-ci cild, səh. 89; “Kənzul-ummal”, 14-cü cild, səh. 584.
2. “Kənzul-ummal”, 14-cü cild, səh. 584; “İhqaqul-həqq”, 13-cü cild, səh. 317.
3. Şəcəri, “Əmali”, 2-ci cild, səh. 156; Numani, “Qeybət” səh. 253; Tusi, “Qeybət”, səh. 274; “Əəlamul-vəra”, səh. 428; “Muxtəsəru Bəsairud-dərəcat”, səh. 212; “İsbatul-hudat”, 3-cü cild, səh. 540; “Hilyətul-əbrar”, 3-cü cild, səh. 626; “Biharul-ənvar”, 52-ci cild, səh. 23; “Bəşarətul-İslam”, səh. 82; “Əqdud-durər”, səh. 64; “Əl-Qəvlul-muxtəsər”, səh. 26; Muttəqi Hindi, “Burhan”, səh. 74; Səfarini, “Ləvaih”, 3-cü cild, səh. 8.
4. İbn Tavus, “Mulahim”, səh. 77.
5. “Əqdud-durər” səh. 333.
6. Hakim, “Mustədrək”, 4-cü cild, səh. 465; “Əqdud-durər”, səh. 43; “İhqaqul-həqq”, 19-cu cild, səh. 664.
7. “Əl-Mucəmul-kəbir”, 22-ci cild, səh. 375; “Əl-İstiyab”, 1-ci cild, səh. 221; “Firdəvsul-əxbar”, 5-ci cild, səh. 456; “Kəşful-ğummə”, 3-cü cild səh. 264; “İsbatul-hudat”, 3-cü cild, səh. 596.
8. Şəcəri, “Əmali”, 2-ci cild, səh. 228.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!