QADINLA KİŞİ ARASINDAKI FƏRQLƏR - 3

:

QADININ MÖVQEYİ
Qeyd olunduğu kimi, qadın dərin və geniş hissə malik bir varlıqdır. O bu baxımdan kişidən üstündür. (Bu üstünlük şəxsə yox, növə aiddir. Yəni orta halda olan qadınlar orta halda olan kişilərdən hiss baxımından üstündür. Amma xüsusi halda bir kişi bir qadından daha hissiyyatlı ola bilər.)

Bu xüsusiyyət, şübhəsiz ki, qadın üçün problemlər yaradır. Hissin düşüncəyə qələbə çalması ağıl zəifliyi ilə nəticələnir. Kişilərin bu sahədə bir o qədər də böyük problemi olmur. Demək, kişi ilə qadın arasında iş bölgüsü aparılarkən bu fitri xüsusiyyət nəzərə alınmalıdır. Kişi və qadın arasındakı təbii fərqləri nəzərdən qaçırmaq olmaz. Eşq və məhəbbətlə dolu bir qəlb tələb edən işlərin öhdəsindən, adətən, qadınlar daha yaxşı gəlir. Daha çox fiziki qüvvə tələb edən işlər isə kişilər üçün münasibdir. İqtisadiyyat kimi fiziki güclə yanaşı dəqiqlik və sərtlik tələb edən sahələrdə də kişilər daha müvəffəqdirlər. Uyğun məsələni bəsirət gözü ilə nəzərdən keçirən hər bir insan anlayar ki, idarəçilikdə bu üsul daha möhkəm və etibarlıdır.

QADININ GÖSTƏRMƏLİ OLDUĞU HÜNƏR
Deyilənlərdən aydın oldu ki, qadın həyatında ən mühüm məsələlərdən biri ağıl və hiss arasında uyğunluq yaratmaqdır. Əgər qadın öz vücudunda bu uyğunluğu yarada bilməsə, təbii olaraq, sırf emosional varlığa çevriləcəkdir. Belə bir hal həyati məsələlərin həll və kamillik yolunda bir çox problemlər yaradır. Beləcə, qadının ailə həyatı sağlam və müvəffəq olmur. Xanımların agahlıq və mücahidə ilə ağıl və hisslərdən paralel şəkildə faydalanması, ağılın yerini hissə, hissin yerini ağıla verməməsi zəruridir.
Qadın və kişinin müştərək həyatında ağıl və məntiq hakim olduqda, hər iki tərəf öz qərarlarını məntiq əsasında çıxardıqda bir çox müvəffəqiyyətlər əldə olunur, eləcə də, ixtilaflara yer qalmır. Hisslərini cilovlamaq təcrübəsinə malik olmayan qadın üçün qeyd olunmuş şərtlərə əməl etmək asan deyil. Ailə rabitələrində, adətən, ixtilaflar o zaman yaranır ki, tərəflər qarşılıqlı qəbul olunmuş meyarlardan faydalanmır. İxtilafları yaradan, sabit ağıl və məntiq meyarları əvəzinə hisslərə tabeçilikdir. Ağıl və məntiqi bir kənara qoyub hisslərə tabe olmaqla müsbət bir nəticə əldə etmək olmur. Ağıllı xanımlar müştərək həyatın davamı və xoşbəxtliyi üçün düşüncəyə üstünlük verir, öz hərəkətlərinin zərər-ziyanını müəyyənləşdirir, ailənin məsləhətini nəzərə alır, öz qəlb istəyini ailənin xoşbəxtliyinə fəda edir.
Məntiq və uzaqgörənlik yolunu seçmək tərbiyəli xanımların ən böyük imtiyazıdır.
Məntiq və ağıl əsasında rəftar əksər qadınların rastlaşdığı bir çox problemləri hansısa həddə həll edir. Bu problemlərdən biri də qeyri-sabit, dəyişkən haldır. Hisslərə əsaslanan həyat heç vaxt sabit olmur. Daim dəyişən psixoloji durum qadın həyatının böyük problemidir. Bu hal hisslərini cilovlaya bilməyən əksər adamlarda müşahidə olunur. Əksinə, insanın qərarları imkan həddində ağıl və düşüncəyə əsaslandıqda, hisslər insan həyatına hakim kəsilmədikdə bir çox dəyişkənliklər aradan qalxır, insan yersiz emosiyalardan azad olur.

BİR TƏNQİD
Söhbətimizin sonunda öz diqqətsizliyi ilə həyat yoldaşına əziyyət verən bəzi kişiləri tənqid etməli oluruq. Belələri öz həyat yoldaşlarına bəyənilməmiş və təhqiramiz sifətlər aid etməklə onu geri qalmış, zatən nöqsanlı bir varlıq kimi təqdim edirlər. Onlar başqalarının yanında birbaşa və ya dolayısı ilə zövcələrini təhqir edirlər. Bu gün adiləşmiş “ağıldan zəif” məzəmməti həmin təhqirlərə misal ola bilər. Hər birimiz qadınlara ünvanlanmış bu sayaq təhqirlərlə rastlaşmışıq. Bu sayaq təhqiramiz rəftar nəinki şəri meyarlara sığmır, həm də axirət əzabına səbəb olur. Belə münasibət ən ibtidai əxlaq və insanlıq üsullarına ziddir. Azca insani tərbiyəyə malik olan hər bir kəs qadınla bu sayaq rəftara yol vermir. Bu sayaq rəftarın əsas səbəbi, adətən, kişilərin özünü üstün bilməsi olur. Onlar bu yolla ailədə qadına münasibətdəki çəkilərini ağırlaşdırdıqlarını zənn edirlər. Kişilərə bu sayaq eyibləri aşkar bildirildikdə dözümsüzlük göstərir, ciddi etiraz edirlər. Necə olur ki, onlar qadınların əskikliyini öz məclislərində şirin mövzuya çevirir, yanlış rəftarlarından çəkinmirlər? Adətən, insanda eqoistlik gücləndikdə, addım-addım onun qəlbini əhatə edir. Bu halda insanın özünü dəyərləndirməsinə macal qalmır. Bu halda insan başqalarının kiçik eyiblərini böyüdür, öz böyük eyiblərini görüb qəbul etmək istəmir. Çox genişlənmiş bu münasibət eqoistlik caynağında giriftardır. Sədinin təbirincə:

Xalqın eybini gəzmək
Uzaqdır kişilikdən.
Özünə bir nəzər sal–
Günahda batmısan sən.

Hər halda qadınlara münasibətdə bu sayaq rəftar böyük insanlarda müşahidə olunmur. Bundan əlavə bir bu qədər təhqir edib alçaltdığımız kəs bizimlə səmimi münasibətdə ola bilərmi?! Bu sayaq qeyri-əxlaqi rəftarlar qadın və qızlarda əskiklik hissi doğurur, onlar təsirə əsk təsirlə cavab verərək kişiləri bəzi xüsusiyyətlərinə görə ittiham edirlər. Bəzən qadınlardakı qürur hissi uyğun təhqirlərə cavab olur. Onlar bu yolla bir növ özlərini müdafiə edirlər. Əvəzində isə ailə mühiti savaş meydanına çevrilir, hər iki tərəf münasib fürsət olan kimi qarşı tərəfə zərbə endirirlər. Elan olunmamış bu müharibə kişi tərəfindən başlayır və qadın özü də istəmədən bu savaşa qatılır. Təəsüf ki, bu günki modern ailələrdə qadın bu sahədə kişinin birinciliyini əlindən almışdır!
Şübhəsiz ki, qarşı tərəfin hörmətini saxlamaq insani münasibətlərdə ilk addımdır. Utanıb çəkinmədən başqalarının hörmətini ayaq altına atanlar, insan haqlarına heç bir ehtiram göstərməyənlər ya qürur badəsinin məstliyindən bu yola düşmüşlər, ya da ağıl azlığından əziyyət çəkirlər. Əlbəttə ki, bu da böyük bir dərddir.
Qeyd etmək yerinə düşər ki, əxlaq və insanlıq baxımından iki böyük bəla mövcuddur. Bütün digər bəlalar bu iki bəladan doğur. Həmin bəlalar bütün digər problemlərin və çətinliklərin anasıdır. Onlardan biri eqoistlik, digəri düşüncəsizlikdir. İnsanın insanı düçar etdiyi bəla və əziyyətləri nəzərdən keçirsək, bu iki amildən birinin izini görərik. Bəzən də hər iki iz müşahidə olunur.
Diqqət yetirməliyik ki, ailə üstünlüyün sübutu üçün meydan deyil. Hətta həqiqətən də tərəflərdən biri o birindən üstün olsa bu barədə danışmaq, qarşı tərəfi ittiham etmək bəyənilməmiş işlərdəndir. İnsanlıq əxlaqından xəbəri olan kəs bu həddə tənəzzül etmir. Heç bir üstünlük olmadığı halda, yeri gəldi gəlmədi qarşı tərəfi təhqir etmək isə, şübhəsiz ki, daha pisdir.

QADIN VƏ KİŞİNİN BİR-BİRİNƏ MÜNASİBƏTİ
Qadın və kişi arasındakı fərqlərə səbəb olan əsas zəmin onların bir-birinə qarşı hissləridir. Yəni kişinin qadına qarşı hissləri qadının kişiyə qarşı hisslərindən fərqlənir. Ailə haqqında danışarkən bu məsələyə diqqət çox mühümdür. Müştərək ailə qurmaq fikrində olan qadın və kişi bu sahəyə lazımınca diqqət yetirməlidirlər ki, xoşbəxt həyat qura bilsinlər. Xüsusi ilə kişi bilməlidir ki, müştərək həyat qurmaq istədiyi kəs onunla rabitəyə öz prizmasından baxır və fərqli hisslərə malikdir. Əgər arada qarşılıqlı anlaşma olmasa, ailənin xoşbəxtliyi yolunda böyük maneələr yaranacaq. Bu məsələdən xəbərsizlik və ya ona diqqətsizlik bir çox problemlərin qaynağıdır.
Həmən problemlərdən biri budur ki, qadına münasibətdə kişinin hissləri tələbli və ehtiyaclıdır. Həmin bu səbəbdən kişi fiziki cəhətdən üstünlüyünə baxmayaraq, daim həyat yoldaşı sorağında olmuş, var-dövlətini, imkanlarını qadının ixtiyarına vermişdir.
Kişi məhz bu fitri hisslərin hesabına qadına elçi düşmüş və öz ehtiyacını aşkarlamaqda əskiklik görməmişdir. Amma qadının bu sahədəki təbii hissləri fərqlidir. O, kişinin sorağınca getməyi, rabitə üçün ilk addım atıb ehtiyacını açıqlamağı özü üçün əskiklik sayır. Qadın o zaman ruhi aramlıq tapır ki, “istəyən” yox, “istənilən” olsun.
Qadının kişiyə münasibəti “istəmək” yox, “istənilmək” hissləri üzərində qurulmuşdur.
Kişi “istəyin”, qadın isə “istənilməyin” zühur məhəllidir. Bu səbəbdən də qadının ən böyük hünəri o olmuşdur ki, həyat yoldaşının qəlbini ram etsin, onu özünə heyran qoysun. Təbiət də kişini öz məhəbbətinə əsir etmək üçün qadına fiziki və psixoloji imkanlar vermişdir. O zərif gedişləri ilə kişinin qəlbinə nüfuz edir, onu öz xidmətində saxlayır. Bəzən isə kişinin şücaətlərinə səbəbkar olur. Qadını kişi qarşısında bu qədər güclü etmək yaranışın mahir tədbirlərindəndir.
Kişi dünyanı, qadınsa kişini fəth edə bilir.
Əgər qadında onu kişidən fərqləndirən xüsusiyyətlər olmasaydı, şübhəsiz ki, onu özünə heyran qoya bilməzdi. Bu səbəbdən də kişilər kişiyə oxşar qadınları sevmirlər.
Tarix şahiddir ki, bir çox amansız hakimlər qadın qarşısında aciz qalmışlar. Dünyanı qılıncdan keçirən bu fatehlər qadın qarşısında boyun əyib, öz heçliklərini etiraf etmişlər.
Qadın bu sayaq hisslərə malik olduğundan yalnız özünə vurğun kişi ilə birlikdə olduqda xoşbəxtliyi dadır. Kişi isə belə deyil. O yalnız sevdiyi qadını tapdığı vaxt ləzzət duyur.

KİŞİ SEVMƏK, QADIN İSƏ SEVİLMƏK SORAĞINDADIR
Demək, qadın üçün gerçək və təbii eşq kişi tərəfindən başlanılmış eşqdir. Yalnız belə bir eşq qadın üçün heç zaman soyumur. Qadın tərəfindən başlanılmış eşq isə kövrək və davamsızdır. (Daha geniş məlumat almaq üçün “İslamda qadın haqları” kitabına müraciət edin)
Qadınla kişi arasındakı münasibətlərdə qadın üçün fiziki yaxınlıq ləzzəti yox, kişinin qəlbini ram etmək ləzzəti önəmlidir. Başqa sözlə, qadın fiziki ləzzətlərdən daha çox ruhani ləzzətlərdən həzz alır. Kişidə isə əksinədir. Kişidə fiziki ləzzət ruhani ləzzəti üstələyir. Bu səbəbdən də deyirlər ki, kişi qadının cismi, qadın isə kişinin qəlbi sorağındadır. Ər-arvad münasibətlərində əsas nöqtə budur.
Qadında özününümayiş, dilrübalıq, ram etmə hissinin izharı üçün ideal fitri zəmin var. Qadın bu yolla kişi qəlbini fəth edib onu öz ardınca çəkir.
Beləcə, anlamaq olur ki, qüdrət təkcə qol gücü demək deyil. Kişi qadından nə qədər güclü olsa da, qadın əsrarəngiz qüvvəsi ilə onu öz qarşısında diz çökdürür, qəlbini özünə əsir edir. Həzrət Əlidən (ə) nəql olunmuş məşhur bir rəvayətdə deyilir: “Qadın qəhrəman yox, ətirli güldür.” (“Nəhcül-bəlağə”, Sübhi Saleh s. 405, n. 31) Yəni qadın fiziki baxımdan kişi qədər güclü olmasa da, ətirli, zərif, gözəl bir güldür və bu səbəbdən də kişini öz məhəbbət toruna sala bilir. Bütün bunları nəzərə almaqla qadından kişi kimi hərəkət etməsi tələb olunmamalıdır.

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!