ƏR-ARVAD MÜNASİBƏTLƏRİ - 4

:

ƏRLƏ RƏFTARDA İSLAM ÖLÇÜLƏRİ
İslam təlimlərini nəzərdən keçirdikdə məlum olur ki, qadın üçün ərin razılığını qazanmaqdan mühüm bir iş yoxdur. Yəni kişi qadına hörmət göstərib, onunla xoş rəftar etməyə vəzifəli olduğu kimi, qadın da ərin razılığını təmin etməyə vəzifəlidir. Belə ki, qadının əri ilə xoş rəftarı və onu razı salması cihad sayılmışdır.

İslam təlimlərinə əsasən kişinin qadın öhdəsində daha çox haqqı var. (Kənzül-ümmal”, x. 44771) Qiyamət hesabında qadın üçün ərin razılığından böyük şəfaətçi yoxdur. (“Biharul-ənvar”, c. 103, s. 257) Həzrət Fatimə (s) dünyasını dəyişdiyi vaxt Həzrət Əli (ə) dedi: “Pərvərdigara! Mən sənin peyğəmbərinin qızından razıyam.” (“Biharul-ənvar”, c. 103, s. 257) Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Xoş o qadının halına ki, əri ondan razıdır; vay o qadının halına ki, ərini qəzəbləndirmişdir.” (“Biharul-ənvar”, c. 103, s. 256)
İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə deyilir ki, ərini incidən, qəm-qüssəyə qərq edən qadın məlundur (lənətlənmişdir). Ərini əziz tutub onu incitməyən, ona itaət edən qadın isə xoşbəxtdir.” (“Biharul-ənvar”, c. 103, s. 253)
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir qadın ərini incitsə, onu razı salanadək namazı və digər xeyir işləri Allah dərgahında qəbul deyil. Kişi üçün də belədir. Arvadını incidən, ona zülm edən kişi cəzalanır.” (“Vəsailüş-şiə”, c. 14, s. 116)
Həzrət Fatimə (s) buyurmuşdur: “Həyat yoldaşı ilə mehriban rəftar edib onu bağışlayanlar insanların ən dəyərliləridir.”
Bir şəxs həzrət Peyğəmbərə (s) öz zövcəsinin yaxşı rəftarı haqqında danışıb dedi: “Evə qayıtdığım vaxt zövcəm məni gülər üzlə qarşılayır, xoş sözləri ilə yorğunluğumu və qəm-qüssəmi çıxarır, mənimlə daim mehriban rəftar edir.” Həzrət Peyğəmbər (s) buyurdu: “O, şəhid mükafatının yarısını almışdır.”
Əgər İslamın kişi və qadın üçün nəzərdə tutduğu vəzifələrə əməl edilsə, ailə rabitələrində ciddi bir problem yaranmaz.

UYĞUNLAŞMA
İstənilən bir ictimai mühitdə, o cümlədən ailədə əsas prinsiplərdən biri uyğunlaşma prinsipidir. Hər bir toplumda, eləcə də, ailədə olan fərdlər fərqli xüsusiyyətlərə malikdir. Həyat yoldaşı seçimində nə qədər diqqətli olsaq da, seçdiyimiz fərddə fərqli xüsusiyyətlərin olması qaçılmazdır. Fərqli mədəniyyətlərin tərbiyə etdiyi şəxslər arasında düşüncə, psixologiya, əxlaq baxımından fərqlər olur. İki ailə mədəniyyət, adət-ənənə baxımından bir-birlərinə nə qədər yaxın olsalar da, onlar arasında fərqlərin mövcudluğu qaçılmazdır. (Ayrı-ayrı millətdən olan iki fərdin qurduğu ailənin davamsızlığı deyilənlərə sübut ola bilər. Təbii ki, kökündən fərqli mədəniyyətlərdən bəhrələnmiş iki şəxs olduqca çətin uyğunlaşır.
Təcrübə göstərir ki, xarici vətəndaşla ailə quran şəxslərin xüsusi problemləri olur və onların izdivacı, adətən, uzun çəkmir. Əlbəttə ki, istisnalar da var. Hətta bu istisna hallarda da tərəflərdən biri o birinin əqidəsini və mədəniyyətini qəbul edir.) Bütün bu səbəblərdən ailə qurmuş tərəflər arasındakı fərqlər bizi təəccübləndirməməlidir. Həyat yoldaşı seçərkən belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz və bu seçimdə çalışmalıyıq ki, prinsipial məsələlərdə tərəflər bir-birinə uyğun olsunlar.
Prinsipial fərqləri olan iki nəfərin qurduğu ailə çox çətin uyğunlaşır, bəzən isə uyğunlaşmır.
Əlbəttə ki, bəzən ailədə prinsipial yox, xırda məsələlər ixtilaf yaradır. Hər halda, fərqlər azaldıqca rabitə də möhkəmlənir. Tərəflər arasındakı fərqlərdən bir qismi onların istedadları ilə bağlıdır. İstedad fərqi isə fərqli maraqlar, istəklər yaradır. Zövcələr arasındakı fərqlərdən bir qismi də onların uzun illər boyu formalaşmış adətləridir. Adəti atmaq isə olduqca çətindir. Bir sözlə, tərəflər arasında fərqlər labüddür. Əgər fərqlər qaçılmazdırsa, ailənin davamı üçün uyğunlaşmadan başqa çarə yoxdur. Bütün toplumların, zümrələrin, eləcə də, ailənin uyğunlaşma prinsipinə ehtiyacı var.

UYĞUNLAŞMA MƏFHUMU
Ailədə uyğunlaşma deyərkən hər bir ailə üzvünün, xüsusi ilə ərlə arvadın bəzi məsələlərə münasibətini dəyişməsi və ümumi razılıq naminə bəzi istəklərdən çəkinməsi nəzərdə tutulur. Deyildiyi kimi, ərlə arvadın bəzi əxlaqi xüsusiyyətləri bir-biri ilə ziddiyyət təşkil edir. Ümumi razılıq xatirinə bu xasiyyəti tərk etməkdən başqa yol yoxdur.
Müştərək bir həyatda ərlə arvad çalışmalıdır ki, bir-birlərinin bütün xüsusiyyətlərini, maraqlarını öyrənsinlər və tam ziddiyyət təşkil edən işlərə yol verməsinlər.
Bu həssaslıqların kökü çox vaxt insanların psixoloji xüsusiyyətlərində, aldıqları tərbiyədə olur. Əlbəttə ki, bu sahələrdə dəyişmək çətindir. Hər hansı fərdin qısa bir zamanda bu xüsusiyyətləri tərk etməsini gözləmək olmaz. Ona görə də hər iki tərəf çalışmalıdır ki, qarşı tərəfin həssaslığını nəzərə alsın.
Həyat yoldaşının istəklərinə zidd rəftara yol verməmək mehr-məhəbbət şərti, ağıl və düşüncə nişanəsidir.
Çünki həyat yoldaşını sevən kəs ailə həyatına əlaqəlidir. O, həyat yoldaşını incidəcək, müştərək həyat bağlarını qıracaq heç bir iş görmür. O, inadkarlıq və ya nadanlıq üzündən yoldaşı üçün sıxıntı yaradacaq işə yol vermir. Təəssüf ki, bəzən zövcələr bir-birinə hörmət əvəzinə, inadkarlıq göstərərək biganələrin yanında qarşı tərəfi incidirlər. Bu sayaq rəftar göstərir ki, onlar ailə həyatının qayda-qanunlarından xəbərsiz və biganədirlər.
Bilməliyik ki, hər bir insanın xüsusi ruhiyyəsi, düşüncə tərzi var. Hər bir insan xüsusi yanaşma tələb edir. Başqa sözlə, ətrafdakılarla rabitə zamanı onların şəxsiyyətini nəzərə almamaq olmaz. İstənilən bir söz və rəftar qarşı tərəfin düşüncə və ruhuna uyğun olmalıdır. Çünki hər maye üçün münasib bir qab var və qaba tutumundan artıq bir şey tökmək olmaz.
Bəziləri öz rəftarında ağıla əsaslandığından onlarla ağıl və məntiq dilində danışılmalıdır. Bəziləri isə emosionaldırlar. Belələri ilə ünsiyyətdə quru məntiqi dəlillərlə kifayətlənmək olmur. Onların həssaslığını nəzərə almaqla daha tez nəticə əldə etmək olmaz. Kimi istiqanlı, kimi isə soyuqqanlıdır. Kimi məsələlərə səthi yanaşır, kimi də məsələnin mahiyyətinə varır.
Zövcələrdən hər biri qarşı tərəfin şəxsiyyətinə qapı açmaq üçün açar soraqlamalıdır. Qarşı tərəflə onun ruhiyyəsinə uyğun rəftar edilməlidir.
Müsbət nəticə əldə etmək üçün sağlam və yetərli rabitələrin qurulmasında sədaqətlə təlaş göstərmək lazımdır.

Kitabın adı: Gənc ailələr üçün göstərişlər
Tərcümə edən: M. Əmin

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!