AŞURA HANSI GÜNDÜR?

:

Aşura ərəblərin cahiliyyət dövründəki rəsmi bayram günlərindən biri idi. Həmin gündə xalq oruc tutub şənlik keçirərdi.

İranda Novruzun bayram günü hesab edildiyi kimi, ərəblər arasında da Aşura günü tarixi bayram günü sayılırdı, ərəb qəbilələrinin bir-birinin görüşünə getdiyi gün kimi qeyd olunurdu. Həmin gündə camaat təzə paltar geyinib şəhəri bəzəyirdi. Hələ də “Yezidin tayfası” adlı bir ərəb tayfası hər il həmin günü qeyd etməkdədir.

Kərbəla hadisəsinin baş verdiyi hicri 61-ci ildə ərəblərin və müsəlmanların ənənəsi dəyişdi. Haram aylardan sayılan, müharibə və öldürməyin qadağan olduğu Aşura günü həzrət Adəmin (ə) ən yaxşı övladlarından biri həzrət Hüseynin (ə) şəhadət gününə, şiələrin qəm, matəm və şəhidlərin xatirəsinin qeyd olunduğu qəmli bir günə çevrildi.
Həzrət Hüseyn (ə) və əshabının şəhid olmasının birinci il dönümündə minlərlə insan qəbrin ətrafında yığışıb matəm mərasimi keçirtdi.
Bəni-Üməyyə və Yezidin hakimiyyət dövründən bu günə qədər, Əhli-beyt dostlarından yüz minlərlə insan matəm və xatirə mərasimləri təşkil edir və karvanlar, dəstələr Kərbəlaya gəlir.
Kərbəladan uzaqda yaşayanlar isə öz şəhərlərini Kərbəlaya çevirib əza məclisləri qurur.
Misirdə Fatimilər Aşura günü matəm günü elan etdi. Camaat Ümmü Gülsümün qəbri ətrafında yığışıb əzadarlıq edir, növhələr oxuyurdu. Fatimilərin dövründə Misirdə Aşura günü rəsmi matəm günü olaraq qalırdı.
İranda Muizüd-dövlə Deyləmi Aşura gününü rəsmi tətil günü elan edib bütün dövlət qulluqçularına və xalqa əmr etdi ki, işlərini buraxıb yas tutsunlar.
İran, Azərbaycan, Misir, Hindistan və sairə ölkələrdə əzadarlıq mərasimləri keçirildiyi üçün, müsəlman xalq arasında mənəvi hərəkat və fikri dirçəliş əmələ gəldi. Müsəlmanların bugünkü hərəkatı onun təsirlərinin nəticəsidir. Bu mərasimlərin ildən-ilə daha da zənginləşərək geniş şəkildə qeyd edilməsi xalqın doğru yola gəlib səhvlərini düzəltmələrinə səbəb olacaq və onların qüdrətini çoxaldacaqdır. İnşallah!
Alimlərdən biri bu barədə belə deyir:
“Məscid Peyğəmbərin (s) əsəri olduğu kimi əzadarlıq mərasimləri və “hüseyniyyələr” də Əhli-beytin əsəridir. Şiələr məscidlərdə Allaha ibadət və dua edir, “hüseyniyyələr”də isə Allah aşiqlərinin və Onun yolunun qurbanlarının xatirəsini əziz tutur və qeyd edir.“ Tarix boyu heç bir qüvvə Hüseyn (ə) yolu ilə gedənləin qarşısını ala bilməmişdir, sübut etmişdir ki, üzərindən 13 əsr ötməsinə baxmayaraq hələ də bu coşqun hərəkat davam edir və yaşayır.
Hüseyn (ə) və əshabı belə bir gündə şəhid olduğu üçün, artıq Aşura günündə şənlik keçirtmək, şəhəri bəzəmək və oruc tutmaq haram oldu.“
İbn Kəsir yazır: “Hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu və xalq Hüseynin susuzluğu səbəbilə küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdı. İraq əhalisi də Aşura günündə, Peyğəmbərin vəfatının il dönümündə olduğu kimi, əzadar idi.“

 

Tags: İMAM HÜSEYN (ə), XANIM ZEYNƏB (əs)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!