BƏLƏD SURƏSININ TƏRCÜMƏ VƏ TƏFSIRI - 4

:

10. “Ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (xeyir və şər yolunu) göstərmədikmi?!” وَهَدَيْنَاهُ النَّجْدَيْنِ
Allah-taala bu qısa ayələrdə böyük maddi və mənəvi nemətlərə işarə edərək insana bildirir ki, ona bir tərəfdən göz, dil və dodaqlar, digər tərəfdən də, hidayət, xeyir və şəri tanımaq mərifəti kimi nemətlər bəxş etmişdir.

Ayədə işlədilən “nəcd” kəlməsi əslində “uca məkan” mənasındadır və bu söz “alçaq məkan” mənasını verən “təhamə” kəlməsinin antonimidir. Ayədə həmin söz kinayə olaraq istifadə edilərək səadətə və bədbəxtliyə, xeyir və şərə doğru aparan yolu bildirmək məqsədilə qeyd olunmuşdur.
Allah insana əql və düşüncə, fitri və əqli hidayət kimi nemətlər bəxş etmişdir. Bəli, Allah insana görən göz vermiş, günəş və digər nemətləri onun ixtiyarında qoymuş və doğru yolu ona tanıtdırmışdır ki, insan düzgün yolda addımlasın.
İnsanın iradə azadlığı və ixtiyara malik olmasını sübuta yetirən “Ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (xeyir və şər yolunu) göstərmədikmi?!” – ayəsində Allah “uca məkan” mənasını verən “nəcd” sözünü işlərdir və bildirir ki, hündür yerlərə yüksəlmək çətinlik və əziyyətsiz mümkün olmadığı kimi, səadətə qovuşmaq yolunda da müəyyən qədər çətinliklər mövcuddur və onların öhdəsindən gəlmək lazımdır.

Nəticədə, xeyir və ya şər yolu seçmək insanın öz ixtiyarına qoyulmuşdur.

Peyğəmbərdən (s) nəql edilən bir hədisdə belə buyurulur: “Ey Adəm övladı! Əgər dilin səni haram sözlər danışmağa vadar eləsə, mən sənə iki dodaq vermişəm, onları möhkəm bağla! Əgər gözlərin səni harama baxmağa sürükləsə, mən sənə iki kirpik (göz qapağı) bəxş etmişəm, onları möhkəm yum və beləcə, özünü günahlardan qoru!” (“Nurus-Səqələyn” təfsiri, c.5, səh.581.)

XEYİR VƏ ŞƏRLƏ BAĞLI İKİ YOLUN TANITDIRILMASI
Əvvəlki ayələrdə qeyd etdiyimiz kimi, “nəcdəyn” sözü hündür yerə deyilir və bu ayədə məqsəd xeyir və şərlə bağlı yolların tanıtdırılmasıdır. Peyğəmbər (s) buyurur: “Ey insanlar, xeyir və şər adlı iki uca məkan vardır və şər heç zaman sizin üçün xeyirdən üstün və sevimli olaraq nəzərdə tutulmamışdır.” (“Məcməul-bəyan” təfsiri, c.10, səh.494; “Qurtubi” təfsiri, c.10, səh.7155)
Şübhəsiz, məsuliyyət və insanın öhdəsindəki mükəlləfiyyət məlumat və mərifət olmadan gerçəkləşmir. Bu cəhətdən, Allah-taala xeyir və şərlə bağlı mərifəti insanın ixtiyarında qoyaraq onu doğru yola hidayət etmişdir. Həmin mərifəti üç yolla əldə etmək olar:
1. İnsanın əqli və dəlillər vasitəsi ilə.
2. Fitrət və vicdan vasitəsi ilə.
3. Vəhy və ilahi təlimlər vasitəsi ilə.
Əlbəttə, üçüncü məsələ peyğəmbər və ilahi övliyaların sayəsində həyata keçir. Təkamül yolunda insanın ehtiyac duyduğu məsələləri Allah-taala hər üç vasitə ilə insana tanıtdırmış və ona bu ikisindən birini seçmək ixtiyarı vermişdir. Hədisdə də insanın şərə daha çox meyilli olması, amma bu yolu seçməyin və onda addımlamağın heç də digərindən asan olmaması bildirilmiş və bu cür düşüncə inkar edilmişdir.

Həqiqətdə, fəsad bir mühit və şərə zəminələr olmasa, insan xeyirin aşiqidir və ayədə də “uca məkan” mənasını verən “nəcdəyn” sözünün işlədilməsi təşviq və rəğbətləndirmək üçündür. Belə ki, uca yerlərin ab-havası alçaq yerlərə nisbətdə daha yaxşı və təmiz olur.
Bəziləri bu sözün xeyir və şərin aşkar olmasına işarə etdiyini bildirmişlər. Yəni uca məkan aşkarcasına bilindiyi üçün, xeyir və şər də bu şəkildə bir-birindən seçilərək tanınır.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!