İMAM ƏLİ (Ə) VƏ TƏBLİĞ AYƏSİ HAQQINDA 2

:

“MAİDƏ” SURƏSİNİN ÜÇÜNCÜ AYƏSİ (TƏBLİĞ AYƏSİ) HƏZRƏT ƏLİ (Ə) HAQQINDADIRMI?

İZAH: Əksər şiə və sünni alimlərinin fikrincə, “Bu gün sizin dininizi kamilləşdirdik, sizə olan nemətimizi tamamladıq və İslamı sizin üçün bir ayin olaraq qəbul etdik!” ayəsi Qədir günü nazil olmuşdur. Axı ayənin əvvəli və sonu halal-haram ətlərin bəyan etdiyi halda, onun orta hissəsində bu mövzu ilə qətiyyən uyğun olmayan bir məsələ bəyan edilə bilərmi?

CAVAB:

1. Əgər ayənin mətninə diqqət yetirsəniz görərsiniz ki, onun ikinci hissəsi ayədən çıxarılsa, birinci və üçüncü hissə arasındakı əlaqə qətiyyən pozulmur. Bəli, ayənin ikinci hissəsinin oradan çıxarılması ilə onun mövzusuna qətiyyən zərər toxunmur. Bu bir daha göstərir ki, ayənin ikinci hissəsi tamamilə müstəqil bir mövzudur.

2. Uyğun ayənin məzmunu “Bəqərə”, “Ənam”, “Nəhl” surələrində təkrarlanmışdır. Amma ayənin təkrarlandığı surələrdə onun ikinci hissəsi qeyd olunmamışdır. Nümunə üçün, həmin ayələrdən birinə nəzər salaq: “Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti haram etmişdir. Lakin əlacsız qaldıqda zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsə üçün günah yoxdur. Allah bağışlayan və mehribandır.”1

Göründüyü kimi, bu ayədə əsas mövzumuz olan ayənin birinci və üçüncü hissələri təkrarlanmışdır. Amma onun ikinci hissəsi ilə bağlı heç bir məlumat verilmir.

3. Ayələrin nazil olma səbəbi və şəraiti haqqında danışan rəvayətlərdə onun ikinci hissəsi müstəqil şəkildə araşdırılır. Məsələn, deyilir ki, ayənin uyğun hissəsi Qədir və ya Ərəfə günü nazil olmuşdur. Rəvayətlərdən göründüyü kimi, ayənin ikinci hissəsi müstəqil bir mövzudur və hansısa səbəblərdən birinci və üçüncü hissənin arasında yerləşmişdir.

Ona görə də şiə və sünni mənbələrində ayənin ikinci hissəsinin Qədir günü nazil olduğu və həzrət Əlinin (ə) vilayəti məsələsini bəyan etdiyi şübhə doğurmamalıdır. Ayənin birinci və üçüncü hissəsində fərqli mövzularda danışılması onun ikinci hissəsindəki həqiqəti aradan qaldıra bilməz.

4. Ayənin məzmununu diqqətlə nəzərdən keçirdikdə onun vilayət haqqında olmasına şübhə qalmır. Ayənin ikinci hissəsindəki cümlələr arasındakı bağlılıq yalnız onun imamət məsələsini bəyan etməsi ilə izah oluna bilər.

Ayənin ikinci hissəsində iki məsələdən danışılır: Müəyyən bir gündə kafirlər müsəlmanlara qələbə çalacaqlarından ümidlərini üzdülər, həm də Allah dini kamilləşdirdi. Bu iki hadisənin eyni vaxtda baş verdiyi günü müəyyənləşdirmək lazım gəlir. İndi isə həmin gün barədə deyilənləri nəzərdən keçirək:

1. Besət günü: Hadisənin besət günü baş vermədiyi açıq-aşkar görünür. Çünki həmin gün nə kafirlər məyus olmuşdu, nə də din bəyan edilmişdi.

2. Məkkənin fəthi günü: Bu ehtimal da əsassızdır. Çünki Məkkənin fəthi hicrətin 8-ci ili baş tutdu. Həmin vaxt müsəlmanlarla kafirlər arasında bir çox müqavilələr qüvvədə idi. Müşriklərə cahiliyyət dövründəki kimi həcc ziyarəti etmək icazəsi verilmişdi. Həmin gün kafirlərin məyus olması ehtimal edilmir. Eyni vaxtda din də kamilləşə bilməzdi. Çünki dinin bir çox hökmləri Məkkənin fəthindən sonra bəyan olundu.

3. Bəraət (kafirlərlə barışmazlığı elan) günü: Həmin gün həzrət Əli (ə) “Bəraət” surəsini müşriklərə oxudu. Əgər həmin gün müşriklər qələbədən ümidlərini üzmüşdülərsə də, dinin hökmləri bəyan olunub qurtarmamışdı. Olsun ki, hədd və qisas kimi hökmlər sonralar nazil olmuşdur. Hər iki şərtin ödəndiyi günü göstərməliyik.

4. Ərəfə günü: Bir çox sünni alimləri belə bir ehtimal üzərində dayanmışlar. Amma ayədə qeyd olunan iki hadisənin Ərəfə günü baş verməsi inandırıcı deyil. Müəyyənləşdirmək lazımdır ki, hansı kafirlər qələbədən əllərini üzdülər. Əgər qüreyş kafirlərinin və bütün bütpərəstlərin məyus olduğunu ehtimal etsək, bilməliyik ki, bu zümrə tamamilə başqa bir gün məyus olmuşdur. Qüreyş kafirləri Məkkənin fəthi günü, qalanlar isə “Bəraət” surəsi oxunduğu gün ümidlərini itirmişdilər. Əgər bütün yer üzündəki kafirlərin məyus olduğunu ehtimal versək, bu da həqiqətə uyğun olmaz. Çünki həzrət Peyğəmbər (s) dünyasını dəyişən günədək belə bir ümumi məyusluq olmamışdır.

Bundan əlavə, dinin kamilləşməsi nə deməkdir? Məqsəd həcc təlimi və onunla bağlı vəzifələrdirmi? Bilməliyik ki, bir vacib əməlin öyrədilməsi ilə din kamil olmur. Bəlkə, halal-haramın bəyan olunması dinin kamilləşməsidir? Bu ehtimal da həqiqətdən uzaqdır. Sünni alimlərinin bildirdiyinə əsasən, irs və sələm kimi bir çox hökmlər Ərəfə günündən sonra bəyan olunmuşdur.

Buna görə də etiraf etməliyik ki, ümidsizlik dedikdə dinin kamilləşməsi ilə müşayiət olunan ümidsizlik nəzərdə tutulmalıdır. Kafirlərin məyus olması və dinin kamilləşməsi kimi iki məsələ eyni zamanda baş verməlidir. Quranın bir çox ayələrində şəhadət verilir ki, kafirlər müsəlmanların dininə daim tamah gözü ilə baxmışlar. Onlar həmişə müsəlmanların İslam ayinlərindən uzaqlaşdırmaq fikri ilə yaşamışlar. Quranda oxuyuruq: “Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd ucbatından iman gətirmiş olduğunuz halda sizi yenidən küfrə sövq etmək istəyirlər.”2

Amma müsəlmanlar günbəgün inkişaf edirdi və müşriklər səngərlərini tədricən itirirdilər. Kafirlərin ümid dairəsi saatbasaat daralırdı. Onların axır ümidi bu idi ki, ilahi ayinləri gətirmiş şəxsin övladı yoxdur və ondan sonra müsəlmanlara rəhbərlik edən tapılmayacaq. Onların ehtimalına görə, həzrət Peyğəmbər dünyasını dəyişdikdən sonra çox keçməmiş İslam ayinləri sarsılacaq və kafirlər müsəlmanlar üzərində qələbə çalaraq əvvəlki imtiyazlarını geri alacaqlar.

Quran aşağıdakı ayədə müşriklərin dilindən bu həqiqəti belə bəyan edir: “O bir şairdir ki, biz onun ölümü intizarındayıq.”3

Bəli, kafirlərin son ümidi həzrət Peyğəmbərin (s) vəfatı idi. Amma həzrət Peyğəmbər özündən sonra müsəlmanlara rəhbər təyin etdiyi gün müşriklərin qəlbini ümidsizlik bürüdü və onların arzusu gözündə qaldı. Həmin gün həm kafirlər ümidsizliyə qapıldılar, həm də İslam ayinləri möhkəm bir din şəklinə düşdü. Peyğəmbər (s) özünə canişin, müsəlmanlara rəhbər təyin etməklə dini kamilləşdirdi. Bu mənanı əsas götürdükdə ikinci hissədəki cümlələr bir-biri ilə uyuşur.

Kitаbın аdı: Dini suаllаrа cаvаblаr
Müәllif: Аyәtullаh Mәkаrim Şirаzi və Аyәtullаh Cәfәr Sübhаni
Tәrcümә еdәn: А. Turаn


1 - “Bəqərə” surəsi, ayə: 173.
2 - “Bəqərə” surəsi, ayə: 109.
3 - “Tur” surəsi, ayə: 30.

 

 

Tags: İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!