İMAM ƏLİNİN (Ə) İSMƏTİ VƏ XƏTAYA ETİRAFI

:

Sual: İmam Əli (ə) buyurmuşdur: “Mən (bir insan kimi) özümü xəta və səhvə yol verməkdən üstün bilmirəm...”1 Görəsən, bu kəlam o həzrətin isməti məqamı ilə uyğun gəlirmi?

Cavab: Şiə alimlərinin nəzərində məsum İmamların (ə), xüsusilə, imam Əlinin (ə) isməti (günahsızlığı) qəti və inkaredilməzdir. Əllamə Hilli “Əl-əlfeyn fi imaməti Əmirilmuminin (ə)” adlı kitabında “ismət dəlilləri” mövzusunda mindən çox nöqtəyə toxunmuşdur. “Təthir” ayəsi2 kimi bir çox ayələr məsum və pak imamların (ə) ismətinə dəlalət edir. Əqli dəlillərlə yanaşı, bir çox rəvayətlərdə də Peyğəmbəri-Əkrəmin (s) Əhli-beytinin ismət məqamına malik olduğu göstərilmişdir.
İmam Əlinin (ə) öz xətasına etirafına gəldikdə isə, bu, ismət məqamı ilə heç də ziddiyyət təşkil etmir. Çünki o həzrət Allaha yaxınlıq və mərifətində o qədər yüksək məqama çatmışdı ki, ibadət və bəndələyini Onun əzəli məqamına layiq bilmirdi. Buna görə də bəzən məsum imam “tərki-övla”3 üçün özünü günahkar hesab edərək Allahdan bağışlanmaq diləyir. Halbuki bunun onun ismət məqamı ilə ziddiyyəti yoxdur. Qeyd edilən sual isə, yenicə irəli sürülməmiş və bizim zamanımıza məxsus deyildir. Bu, mərhum Ərbilin “Kəşfül-ğümmə”,4 İbn Əbil-Hədidin “Şərhi Nəhcül-bəlağə”5 və mərhum Dəştinin “Nəhcül-bəlağənin tərcüməsi”[6] kitablarında da qeyd edilmiş və tutarlı cavablarla buna aydınlıq gətirilmişdir.
Demək, xəta və günahın mənasına diqqət yetirdikdə, məsum imamların (ə) xəta və günaha etirafı ilə bizim xəta və günaha etirafımız arasındakı fərqin, eləcə də bunun onların ismət məqamı ilə ziddiyyət təşkil etmədiyinin şahidi olacağıq:

1. XƏTA VƏ GÜNAHIN DƏRƏCƏLƏRİ
Hər xəta günah sayılmır. Odur ki, öz dilimizdə “xəta” sözü “səhv” kimi mənalandırılır. Bəzi xətalar isə günahdır. “Səhv və diqqətsizlikdən görülən günaha “xəta” deyilir!7 – ibarəsi isə düzgün deyildir. Çünki vəzifə diqqətlə yanaşı olmalıdır. Əməllərdə səhv və unutqanlıq şəri hökmə səbəb olmur. Səhvən su əvəzinə şərab içən mömin insanın bu əməli (və xətası) günah sayılmır. Bəzi rəvayətlərdə ilahi peyğəmbərlərin və məsum imamların xətaya yol vermələri rədd edilmişdir.8
Günahın müxtəlif növləri vardır: qanuni və şəri. (Şəri dedikdə, günahın məşhur mənası nəzərdə tutulur.) Bizim etiqadımıza görə, məsum imamlar (ə) belə günahlardan pak və uzaqdırlar. Əxlaqi günah dedikdə, şəriətdə haram sayılmasa da, əxlaqi normalara əks-əməl nəzərdə tutulur. Əxlaqi günah insanların ictimai mövqeləri ilə ölçülür. Məsələn, bəzilərinin ümumi mühitlərdə su içməsi əxlaqsızlıq sayıldığı halda, başqaları üçün əxlaqsızlıq sayılmır. Məsum imamlar (ə) bütün insanlara hərtərəfli örnək və nümunə olduqlarından, “tərki-övla” adlı əməldən də uzaq olmalıdırlar.

2. MƏHƏBBƏT MƏQAMINDA GÜNAH
Məhəbbətin müxtəlif yönləri vardır; aşiq onların birini unutduqda, bunu özünə ən böyük günah hesab edəcək, peyğəmbər və imamlar kimi, həmişə ağlayıb tövbə edəcək.9 Böyük mütəfəkkir alim mərhum Ərbili bu həqiqətə toxunmuş, özü dediyi kimi, bu haqda dərindən düşünməklə və imam Musa Kazimin (ə) lütfi-nəzəri ilə dəyərli nəticələr kəsb etmişdir.10
Məsumların (ə) öz kəlamlarında etiraf etdiyi xəta və günah ilahi haramlara qurşanmaq mənasını daşımır. Əksinə, onlar öz əməllərini diqqətlə nəzərdən keçirdikdə, başqalarının səthi yanaşdıqları əməlləri özləri üçün günah hesab edirlər. Nə çox insan var ki, vacib namazı qəza olduqda, təəssüflənmir, qüssələnmir. Amma elə təqvalılar da var ki, yalnız bir müstəhəb namazını qılmadıqda, narahat olur və ağlayıb-sızıldayır. Bu silsilənin sonu yoxdur; Allah yolçularının məhəbbət və mərifəti artdıqca, vəzifəsi də ağırlaşır. Onlar ilahi vəzifələrini layiqincə yerinə yetirsələr də, mütəal Allah dərgahında öz səhlənkarlıqlarını iqrar edirlər. Mərhum İsa Ərbili nəfis “Kəşful-ğümmə fi mərifətil-əimmə” kitabının 3-cü cildində həzrət Musa ibn Cəfərin həyat tarixçəsi bölümündə məsumların (ə) günah hisslərinə başqa yöndən yanaşaraq yazır: “Yeddinci imam (ə) şükür səcdəsi zamanı oxuduğu bir duasında müxtəlif günahlarını etiraf edir və Allahdan bağışlanma diləyir... Həmin bu dua ilə rastlaşdıqda, onun mənaları haqqında çox düşündüm. Təəccübləndim ki, şiənin məsum, pak hesab etdiyi bir şəxs necə ola bilər ki, günahlarını etiraf etsin və bağışlanma diləsin?! Amma bir nəticəyə gələ bilmədim. Nəhayət, bir gün İbn Tavusla bir məclisdə oldum və ondan bu məsələ haqqında soruşdum. O buyurdu: “Bu növ dualar xalqı öyrətmək üçündür.” Mən onun cavabı barədə düşünüb öz-özümə dedim: “Axı, həzrət Musa ibn Cəfər (ə) bu duanı gecə yarı səcdə halında oxumuşdur və həmin vaxt yanında kimsə olmamışdır. Axı, o kimi öyrədirdi?! Bu görüşdən bir müddət sonra Məhəmməd ibn Əlqəmi Vəzir mənə həmin sualla müraciət etdi. Mən həmin əvvəlki cavabı ona dedim və öz iradımı bildirdim. Əlavə etdim, olsun ki, Həzrət bu duanı təvazökarlıq baxımından oxumuşdur. Bir sözlə, İbn Tavusun cavabı məni qane etmədi. O, dünyadan köçənədək mən bu fikirdə qaldım. Zaman ötdü və mən uyğun sualın düzgün cavabını tapdım: Peyğəmbərlərin və imamların ömrü Allahın zikri ilə keçmişdir. Onların könlü daim uca aləmin seyrindədir. Onlar daim “Allaha elə ibadət et ki, sanki onu görürsən; əgər sən Onu görmürsənsə, O, səni görür.” buyruğunu əsas götürmüşlər. Onlar daim Allaha üz tutmuş və Onun haqqında düşünmüşlər. Əgər bir an fikirləri Allahdan yayınmışsa, yemək-içmək və sair halal işlərlə məşğul olmuşlarsa, bunu özləri üçün günah və xəta hesab etmişlər. Bu səbəbdən də, Allah dərgahına tövbə etmiş və bağışlanma diləmişlər. Həzrət Peyğəmbərin “Həsənatul-əbrari səyyiatul-muqərrəbin.” (Saleh insanların yaxşı əməlləri Allaha yaxın olanlar (müqərrəblər) üçün günah sayılır.) – buyruğu da bu gerçəkliyə işarədir.11
Demək, məsumların uzaq olduqları günah “fiqh” elmində “haram” adlanır. Həmçinin “fiqh” elmində tərk edilməsi vacib sayılan əmələ də günah deyilir. Lakin ərəbcə, “günah” və “xəta” mənasını daşıyan “zənb” və “isyan” (üsyan) sözləri geniş mənada “tərki-övla”ya da aiddir. Belə xətalar ismət məqamı ilə əsla ziddiyyət təşkil etmir. İmam Əli (ə) buyurmuşdur:

فإنّى لست فى نفسى بفوق أن أخطئ و لا آمن ذلك من فعلى الا أن يكفى الله من نفس

“Mən (bir insan kimi) özümü xəta və səhvə yol verməkdən üstün bilmirəm, əgər Allah məni qorumasa, işlərimdə səhv etməkdən amanda deyiləm! Belə isə, mən və siz Rəbbin bəndələri və qullarıyıq ki, Ondan başqa bir məbud yoxdur. O, bizim malikimizdir, biz isə öz nəfsimizə malik deyilik!”12
İmam Əlinin (ə) bu kəlamı ismət məqamı ilə ziddiyyəti yoxdur. Çünki hədisdəki qeydlərə diqqət yetirdikdə, görürük ki, Həzrət “özümü xəta və səhvə yol verməkdən üstün bilmirəm” ibarəsini “əgər Allah məni qorumasa” ibarəsi ilə birgə gətirir və ismət məqamının Allahın lütf və mərhəmətindən qaynaqlandığını açıq-aşkar bəyan edir.13 Həzrətin kəlamında məqsəd budur ki, əgər özüm və öz nəfsim olsaydı, xəta və səhvə yol verərdim. Lakin Allah həmişə məni qoruduğu və əlimdən tutduğu üçün bundan uzağam.
Mərhum Məhəmməd Dəşti yazır: “İmam Əlinin (ə) “Əgər Allah məni qorumasa, işlərimdə səhv etməkdən amanda deyiləm!” – kəlamı öz növbəsində ismət məqamını da sübuta yetirir.”14
İsmət Allahın köməyindən, lütf və mərhəmətindən ehtiyacsızlıq mənasında deyildir. Mütəal Allah Qurani-Kərimdə Peyğəmbəri-Əkrəmə (s) belə buyurur:

وَلَوْلاَ أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلاً

“Əgər Biz səni möhkəm və sabitqədəm etməsəydik, həqiqətən, az qalmışdı ki, onlara tərəf azacıq meyil edəsən.”15
Peyğəmbəri-Əkrəm (s) bir insan kimi, müşriklərin vəsvəsələrini qəbul etmək istəyirdi. Amma Allah-Taala Öz yardımı ilə onu qorudu və onların qurğusundan xilas etdi. Həzrət Yusif (ə) də buyurmuşdur:

وَمَا أُبَرِّىءُ نَفْسِي إِنَّ النَّفْسَ لأَمَّارَةٌ بِالسُّوءِ إِلاَّ مَا رَحِمَ رَبِّيَ

“Mən özümü təmizə çıxarmıram. Çünki Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insanı) daim pisliyə əmr edir...”16

NƏTİCƏ

Məsum imamların (ə) ismət məqamı şiə məzhəbinin qəti əqidələrindən biridir. İmam Əlinin (ə) xətasına etirafı isə günah mənasında deyildir. Çünki bəzi xətalar ismət məqamı ilə ziddiyyət təşkil etmir. Bəzi xətalar isə günah hesab olunduğundan, məsum imamlar (ə) onlardan uzaqdırlar.
İsmət məqamı Allahın lütf və mərhəmətindən qaynaqlanır. İmam Əli (ə) Allaha yaxın olduğu və Onu yaxşı tanıdığı üçün öz ibadət və bəndəliyini Onun məqamına layiq bilmirdi. Odur ki, “tərki-övla”ya görə ağlayır, tövbə edirdi.

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. فإنّى لست فى نفسى بفوق أن أخطئ و لا آمن ذلك من فعلى الا أن يكفى الله من نفسى
“Mən (bir insan kimi) özümü xəta və səhvə yol verməkdən üstün bilmirəm, əgər Allah məni qorumasa, işlərimdə səhv etməkdən amanda deyiləm!” (“Nəhcül-bəlağənin tərcüməsi”, Məhəmməd Dəşti, səh.444, xütbə: 216.)
2. “Bəqərə” surəsi, 124-cü ayə: “(Ya Peyğəmbər!) Xatırla o zamanı ki, İbrahimi öz Rəbbi müxtəlif sözlərlə (müxtəlif vasitələrlə) imtahana çəkdi və o, imtahanları gözəl şəkildə yerinə yetirdi (onların öhdəsindən layiqincə gəldi). Bu zaman Allah ona buyurdu: “Səni insanlara imam təyin etdim...”
3. Qeyd etməliyik ki, “tərki-övla” dedikdə, vacib əməllər yox, daha müstəhəb bir əməli başqa bir mübah və ya müstəhəb əməllə əvəz etmək nəzərdə tutulur. Aydındır ki, üstün bir müstəhəb əməli tərk edib, başqa bir müstəhəb əməli yerinə yetirmək şəriətdə xilaf iş sayılmır, sadəcə olaraq “tərki-övla” adlanır. Lakin başqa şəxslərin belə işi nəinki xilaf deyil, əksinə müstəhəb və öz növbəsində fəzilətdir. İlahi insanlar və məsum imamlar isə bunu özləri üçün günah hesab edirlər. (Mütərcimdən.)
4. “Kəşfül-ğümmə”, Əli ibn İsa Ərbili, 3-cü cild, səh.43, “Darul-kutubil-İslamiyyə” nəşriyyatı.
5. “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, 11-ci cild, səh.1 və 7, Məhəmməd Əbülfəzl İbrahim çapı, Qum.
6. “Nəhcül-bəlağənin tərcüməsi”, Məhəmməd Dəşti, səh.444, xütbə: 216.
7. “Fərhəngi farsiye-əmid”, Hüseyn Əmid, “xəta” sözü.
8. “Biharul-ənvar”, 17-ci cild, səh.108-109.
9. “Əl-Mizan”, 6-cı cild, səh.373.
10. “Kəşfül-ğümmə”, Əli ibn İsa Ərbili, 3-cü cild, səh.43.
11. Yenə orada, səh.43-44.
12. “Nəhcül-bəlağənin tərcüməsi”, Məhəmməd Dəşti, səh.444, xütbə: 216.
13. “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, 11-ci cild, səh.107.
14. Yenə orada, səh.448.
15. “İsra” surəsi, ayə 74.
16. “Yusif” surəsi, ayə 53.

 

 

Tags: İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!