NƏ ÜÇÜN DİNDƏ RƏHBƏR VƏ TƏFSİRÇİYƏ EHTİYAC VARDIR?

:

İzah:1 Bəzi düşüncə sahiblərinin qeydlərində (şəriət çərçivəsində) dini təmsil və ya dini maarifi təfsir edən xüsusi nümayəndəyə ehtiyacın olmadığı vurğulanır.

Belə ki, hamı din və dini təlimləri düşünüb, müəyyən qənaətə gəldikdən sonra üzərinə düşən dini vəzifə və göstərişləri yerinə yetirə bilər. Belə nəzərə çarpır ki, onların məqsədi dindarlıq və dində qloballığı fərdiləşdirmək, din və dini qanunları istənilən formada izah etmək, nəhayət, əməl məqamında sərbəst olub, hər hansı şəri rəftar və əməli başa düşdükləri tərzdə parametrləşdirməkdir.

Cavab: Dini maarifi təfsir edən xüsusi nümayəndəyə ehtiyacın olmadığını vurğulayan bu şübhəni belə cavablandırmaq lazımdır:
Əvvəla, qeyd olunduğu kimi, onlarda belə fikir və anlam dinə qarşı laqeydlikdən doğmuşdur. İkincisi, bu iddianın ciddi iradları vardır ki, aşağıda araşdırılacaq:
1. Din və dini maarifin hər hansı sahəsi üzrə onları açıqlayan mütəxəssis alim və təfsirçiyə ehtiyacsızlığın iddiacı dini maarif və hökmlərdə nisbilik təsəvvürünü yaradır. Belə olduqda, hər kəs dində istədiyi fikri yürüdüb, öz qənaətlərində haqlı olduğunu irəli sürə bilər. Demək, din və dinin ayinlərində sabitlik olmayacaq və hər kəsin dindən qavradığı fikir dini təlim hesab ediləcək. Əlbəttə, belə bir fikri yürüdən nisbiliyin din və dini təlimlərdə mənası yoxdur və bu özü tam ziddiyyətə məhkumdur. Çünki hər kəsin din və dini təlimlərdən əldə etdiklərinə bəraət qazandırılarsa, o zaman bir fərdin kəsb etdiyi fərziyyələri ikinci bir fərdin əsaslandıqlarına qarşı duracaq, təfsir və baxışlar arasında müxtəliflik yaranacaq və nəticədə şəri ayinlərdə bir-birini inkar edən və eyni zamanda məqbul sayılan görüş və cərəyanlar müşahidə olunacaq.
2. İnsanın əqli tibb, fizika, tarix və digər humanitar elmlərdə mütəxəssis alimə ehtiyacı tələb etdiyi kimi, ilahi hökmlər, qanunlar və təlimlər toplusundan ibarət dinin də mütəxəssis alim və təfsirçiyə ehtiyacı labüddür.
3. Dini maarif üç səthdən ibarətdir: 1. sadəsəthli dini maarif; 2. ortasəthli dini maarif; 3. alisəthli dini maarif. Ümumcamaatın sadəsəthli dini maarifi dərk etməyə qadir olduğunu fərz etdiyimiz təqdirdə, onlar orta və alisəthli dini maarifi qavrayıb başa düşməkdə acizdirlər. Odur ki, dini təfsir etmək üçün dini alim və mütəxəssisə ehtiyac danılmazdır. Bizim buna dəlil-sübutumuz Qurani-Kərim və dini maarifin təfsiri ilə bağlı məsum imamlardan (ə) nəql olunmuş minlərlə hədis və rəvayətlərdir.2
4. Müxtəlif ayələrdə dini maarifin xalqa çatdırılmasında xüsusi təfsir alimlərinə ehtiyac olduğu bildirir:

Birinci ayə:

وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

“(Ey Peyğəmbər!) Biz sənə Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”3
Bu şərif ayədə Peyğəmbərin (s) özünə xitab olunur və Quran maarifinin təfsir və izahı o həzrətin vəzifələrindən sayılır. Amma “İslam Peyğəmbəri (s) məsum olduğu üçün təfsirçi məqamına layiqdir. O həzrətdən və imamlardan başqaları ismət məqamına malik olmadıqlarından din təfsirçisi adını daşıya bilkməzlər!” – şübhəsinin cavabında belə demək olar: “Quran ayəsinə əsasən, dini maarifin məsum və günahsız təfsirçiyə (imamlara) ehtiyac duyduğu sabit olundu. Amma imamın qeybə çəkildiyi dövrdə dini maarifin təfsir və bəyanı fəqih və din alimlərinin öhdəsinə qoyulduğunu sübut etmək üçün yeni bir dəlil lazımdır. Məsum imamlardan (ə) nəql olunan müxtəlif rəvayətlərə görə, imamın qeybə çəkildiyi dövrdə dinin təfsiri və ilahi hökmlərin icrası fəqih və din alimlərinə tapşırılmışdır. Buna aşağıdakı rəvayəti misal göstərmək olar:

من کان منکم قد روی حديثنا و نظر فی حلالنا و حرامنا و عرف احکامنا فانی قد جعلته عليکم حاکما...

“Hədislərimizi nəql edən, halal və harama diqqət yetirən və hökmlərimizi bilənlərinizi dinə hakim seçirəm.”4
Dinin hakimi adını daşıyan şəxs, sözsüz ki, din elmləri və maarifi üzrə mütəxəssis alim olmalıdır.
İkinci ayə:

فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ

“Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.”5
Ayədə qeyd olunan “zikr əhli”nin kimlərə aid olduğu haqda müxtəlif təfsirlər irəli sürülsə də, bütünlükdə, belə bir qənaətə gəlirik: Məsum imamların (ə) “hüzur” dövründə “zikr əhli”nin bariz və kamil nümunəsi onlar idi. Qeyb dövründə isə bu vəzifə fəqihlər və alimlərin öhdəsinə düşür. Necə ki, bir rəvayətdə İshaq ibn Yəqub imam Zamandan (ə) “İnsanlar qeyb dövründə yeni məsələlərin hökmlərini öyrənmək üçün kimə müraciət etməlidirlər?” deyə soruşduqda, Həzrət buyurdu: “İmamın qeybə çəkildiyi dövrdə yeni məsələlərin hökmləri ilə bağlı bizim hədislərimizi bilən alim və ravilərə müraciət etsinlər. Çünki onlar mənim sizə “höccət”im (dəlilim), mən də Allahın onlara “höccət”iyəm.”6
Şübhəsiz, ərəb dili və ədəbiyyatını, “üsul” elmini və təfsir qaydalarını bilməyən adi insanlar “zikr əhli”nin üzvlərinə aid ola bilməzlər. Aydındır ki, belələri dini mətnləri və maarifi olduğu kimi təfsir və şərh etməkdən acizdirlər.

ŞÜBHƏ
Burada belə bir şübhə də irəli sürülə bilər ki, imamın qeybə çəkildiyi dövrdə din təfsirçisi adını daşıyan alimlərin camaata dini maarifin çatdırmasında səhv və xətaya uğraması və nəticədə, camaatın həqiqətdən uzaqlaşması mümkün haldır. Bu da dinin təfsirçiyə və mütəxəssis alimə ehtiyacsızlığına bir dəlildir!

CAVAB
1. Adi insanların dini maarifdə səhvə yol verməsi sözsüz ki, din elmləri üzrə mütəxəssis alimlərlə müqayisədə olduqca çoxdur. Belə isə din alimlərinin səhv etməsini bəhanə gətirərək din və dini maarifin şərhini adi insanlara tapşırmaq ağılsızlıqdır.
2. Hər hansı bir elmi sahədə səhv və xəta ehtimalı mümkün bir haldır. Görən, mütəxəssis təbiblər tibb və səhiyyə sahəsində səhv etmirlərmi? Görən, tibb və səhiyyə sahəsində səhv ehtimalını insanların təbiblərə müraciət etməməsinə tutarlı dəlil hesab etmək olarmı? Şübhəsiz, heç bir ağıllı adam belə fikirləşmir!
3. Bir çox şiə və sünni alimlərinin təkidlərinə əsasən, dini hökmlərin təfsiri və istixracında kifayət qədər elmi savad və təcrübəsi olan hər bir fəqihin – səy və təlaşından sonra – qənaətlərindəki hər hansı səhvi güzəştə gediləcək. Necə ki, Əllamə Seyid Şərəfüddin “Əl-füsulul-muhimmə” kitabında bəzi İslam alimlərindən nəql edərək yazır: “Dini hökmlərdə ictihad dərəcəsinə çatan və onu həqiqət bilən hər bir müctəhid, ümumiyyətlə, icra sahibidir; belə ki, ictihadı düzgün olsa, iki savab, səhv olsa, bir savab qazanacaqdır.”7

SON HƏDİS

İmam Əmirəlmöminin Əli (ə) buyurmuşdur: “Bəla və müsibətlər yetişdikdə, mallarınızı canlarınıza qalxan edin; acı hadisə ilə üzləşdikdə, canlarınızı dininizə fəda edin. Bilin ki, əsl həlak olan dinini itirən və əsl talanan kəs isə vicdanı qarət olunandır!”8

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Cavanların dini-etiqadi sualları”, Möhsün Qərəviyan, Qum, “Yəmin müəssisəsi” nəşriyyatı, 1380-ci h.ş. ili; “Porseşha və pasoxhaye bərqozideye-daneşcuyi”, Həmidrza Şakirin, bir qrup tədqiqatçıların həmkarlığı ilə, “Maarif” nəşriyyatı, 1384-cü h.ş. ili.
2. “Cavanların dini-etiqadi sualları”, Möhsün Qərəviyan, Qum, “Yəmin müəssisəsi” nəşriyyatı, 1380-ci h.ş. ili.
3. “Nəhl” surəsi, ayə 44.
4. “Vəsailüş-şiə”, Hürr Amuli, 27-ci cild, səh.136.
5. “Nəhl” surəsi, ayə 43.
6. “Kəmaluddin və təmamun-nemət”, Şeyx Səduq, 2-ci cild, səh.484.
7. “Əl-fusulul-muhimmə fi təlifil-ümmə”, səh.155, Beyrut, 7-ci çap, 1977-ci il.

8.“Müntəxəbi Mizanül-hikmət”, Məhəmməd Məhəmmədi Reyşəhri, tərcümə: Həmidrza Şeyxi, Qum.

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!