İMAM ƏLİ (Ə) - TÖVHİDİN AYNASI

:

Sual: İmam Əli (ə) insanın öz həyatında tövhidə əsaslanıb ona etiqad bəsləməsini necə dəyərləndirir ?
Cavab: İmam Əli (ə) "Nəhcül-bəlağə"nin ikinci xütbəsinin bir hissəsində bütün yaxşılıq, paklıq, fəzilət və iftixarların kökünə, yəni tövhidə işarə edərək buyurur: (Mən şəhadət verirəm ki, Allahdan başqa, Allah yoxdur, yeganə və şəriksizdir.)
وَ اَشْهَدُ اَنْ لا اِله اِلاّ الله وَحْدَهُ لا شَریکَ لَهُ

Bütün əqidənin, pak düşüncələrin və saleh əməllərin kökü olan tövhid sayəsində Allaha sığınmaq onun ilahiliyini iddia edənlərin öz səhvlərini anlamasına görə idi.
Sonra buyurur: (Tövhidin həqiqətinə şəhadət verməyim sadə bir şəhadət deyil), bu şəhadətin xalisliyi sınanıb. Onun prinsip1 və təməlinə isə öz əqidəmdə yer vermişəm (təkcə vücudumun bütün zərrələrinin dili ilə deyil, ruhumun dərinliklərindən ona şəhadət verirəm).
شَهادَةً مُمْتَحَناً اِخْلاصُها، مُعْتَقَداً مُصاصُه (2)
Tez bir zamanda keçib-gedən bir şəhadət deyil, (Allah məni diri saxladıqca o şəhadətə bağlıyam və onu qorxulu anlar (səhnələr) üçün saxlayıram.)
نَتَمَسَّکُ بِها اَبَداً ما اَبْقانا، وَ نَدَّخِرُها لاَهاویلِ ما یَلْقانا (3)
Həzrət Əli (ə) başqalarını bu böyük həqiqətə doğru dəvət etməzdən öncə özü bütün vücudu ilə onun kamil zühur yeri idi. Ömrü boyunca bir an belə bütə səcdə etmədi və libasına şərik qoşmağın tozu belə qonmadı. Atdığı hər bir addım Allah yolunda, hər bir hərəkəti Onun razılığını qazanmaq üçün idi. Ömrünün əvvəlindən sonunadək və hər bir yerdə Peyğəmbərin (s) xidmətində idi və haqq yolunda səmimiyyətlə çalışırdı.
Onun Əmr ibn Əbdəvəd ilə bağlı macərası məşhurdur. Əmr yerə düşmüşdü, həzrət onun işini bitirmək istəyirdi. İslam qoşunları elə bir təhlükəli anda onun əl saxladığını (bəlkə də qalxıb bir qədər yeridiyini) heyrətlə seyr etdilər. Sonra qayıdıb Əmrin işini bitirdi. Baş verənlərin səbəbi ondan soruşulduqda, buyurdu: "O, anamı söydü və ağzının suyunu üzümə atdı. Mən qorxdum ki, sonuncu zərbəm nəfsimə görə olsun, odur ki, ondan əl çəkdim, qəzəbim sakitləşincə, onu qətlə yetirdim."4
Səhabələrindən bəziləri ona təklif etdilər ki, önəmli şəxsləri fərqləndirsin, müsəlmanların beytül-malından onları doyursun. Bu təklif Allaha şərik qoşmaq mənası ilə qatışıq idi. Həzrət buyurdu:
اَتَأْمُرُونّى اَنْ اطْلُبَ النَّصْرَ بِالْجَوْرِ فیمَنْ وُلَّیتُ عَلَیْهِ وَ اللهِ لا اَطُورُ بِهِ ما سَمَرَ سَمیر وَ ما اَمَّ نَجْم فِى السَّماءِ نَجْماً
“Təklif edirsiniz ki, hakimiyyətim altında olan şəxslərə haqsızlıq edim? And olsun Allaha, sağ olduqca, gecə-gündüz yerində durduqca və ulduzlar göylərdə bir-birinin arxasınca yanıb-söndükcə, belə bir işə əl atmayacam!” (5)
Namaz qılan zaman Allah və sifətlərində elə qərq olurdu ki, Ondan başqasını görmür və Ondan başqasını düşünmürdü. Məşhur hədislərin birində bildirilir ki, "Ühüd" döyüşündə onun ayağına ox batmışdı. Adi halda o oxu həzrətin ayağından çıxarmaq mümkün deyildi. Allahın Rəsulu (s) göstəriş verdi ki, namaz qılarkən onun ayağından oxu çıxarsınlar. (Bunu yerinə yetirdilər.) Namazdan sonra buyurdu: “Namaz halında ayağımdan oxun çıxarılmasından xəbərsiz olmuşam.” (6) Tövhid və Allahda qərq olmanın bu cür nişanələri həzrət Əlinin (ə) həyatında həddən artıqdır. (7)
1. (ممتحن) “Mumtəhin”, sözünün kökü (محن) “məhn” sözündəndir və “imtahan”, “sınaq” mənasını daşıyır. Bəzi leksikoloqların nəzərincə, bu sözün əsl mənası “quyu qazılan zaman torpağın quyudan çıxarılması” deməkdir.
2. (مصاص) “Məsas” sözünün kökü (مصّ) “məss” olub “dadmaq”, “əmmək” mənalarını daşıyır. İnsan südü əmən zaman bir şeyin xalis özəyi insanın bədəninə daxil olduğu üçün burada “xalis” mənasını daşıyır.
3. (اهاویل) “Əhavil” sözü (cəm şəkildə اهوال “əhval” və onun da cəm şəklidə yazılışı هول ) “hovl” sözündən götürülmüş və “qorxu”, “vəhşət” mənalarını daşıyır.
4. “Mənaqibi-İbn Şəhr Aşub”, c.2, səh. 115; “Mustədrəkul-vəsail”, c. 18, səh. 28 və “Biharul-ənvar”, c. 41, səh. 51.
5. “Nəhcül-bəlağə”, 126-cı xütbə.
6. “Mənaqibi-Murtəzəviyyə”, Mövla Məhəmməd Saleh Kəşfi Hənəfi, səh. 364. (“İhqaqul-həqq” in nəql etdiyi mətnə uyğun olaraq, c.8, səh. 602)
7. “Peyame imam Əmirəl-mominin (ə)”, Ayətullah əl-uzma Nasir Məkarim Şirazi, "Darul-kutubil-islamiyyə", Tehran, 1387 h.ş.

Hazırladı: Qahir Dadaşov
Makarem.ir

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!