ALLAHIN MƏHƏBBƏTİ İLƏ BAĞLI ARAŞDIRMA

:

Sual: Allah-Taala bizi sevdiyi üçün yaratmışdır. Sevgi və məhəbbət də bir növ ehtiyacdır. Görəsən, Allah-Taalanın bizi yaratmağa ehtiyacı varmı?
Cavab: Bu irad məhəbbətin, xüsusilə, Allahın məhəbbətinin mənasına lazımınca diqqət yetirilmədiyi üçün irəli sürülmüşdür. Ümid edirik ki, bu məsələ aşağıdakı incə nöqtələrə diqqət yetirməklə aydınlaşsın:

1. Məhəbbətin tərifi: Qəzzali “Ehyau ülumid-din” adlı əsərində məhəbbət və küdurətə belə tərif verir: “Məhəbbət insan təbiətinin ləzzəti hiss olunan şeylərə meyilli olması, küdurət isə çətinliyi, ağrı-acısı hiss olunan şeylərə nifrətindən ibarətdir.”1
Sədrül-mütəəllihin də, məhəbbətə belə tərif vermişdir: “Məhəbbət insan təbiətinə uyğun şeyə rəğbət göstərməkdir; istər əqli, istər hissi (həqiqi), istərsə də xəyali bir şey olsun.”2
Deməli, məhəbbət aşiqlə məşuq arasında mülayimlik meyarı olan cazibədən ibarətdir. Başqa sözlə, məhəbbət şüurlu varlığın qəlbində qarşı tərəfin varlığı ilə yaranan sakitlik, meyl və istəklərə uyğun bir hala deyilir.3
2. Məhəbbətə ehtiyac hissi: Bəşər məhəbbətə ehtiyaclıdır. Məhəbbət insanın ruhi-psixoloji duyğularının və ehtiyaclarının əsasını təşkil edir.4 Bu ehtiyac təmin olunmadığı zaman həyəcan və iztirab baş qaldırar. Məhəbbətin azlığı, yaxud olmaması insanın ruhunda mənfi təsir qoyub, acınacaqlı nəticələr yaradır və ictimai əlaqələri zədələyir.5
Məhəbbət qaranlığa qalib gələn işıqlı çıraq, dərin duyğu, zirvələrə ucalmaq və təkamül yoludur. Buna görə də sevgi bəşər üçün ən zəruri ehtiyacdır.6
3. Məhəbbətin səbəbləri: Məhəbbət üçün müəyyən səbəblər göstərilir. Ən əhəmiyyətli səbəb insanın özü-özünü (nəfsini) sevməsidir.7 Hər bir əql sahibinin məhəbbət bəslədiyi ilk şey onun öz nəfsidir. Məhəbbətin tərifində qeyd etdiyimiz kimi, insanın hansısa bir şeyə sevgisi onun təbii meylinə uyğun səbəblərdən doğur. Aydındır ki, hər bir varlıq özünü hamıdan yaxşı tanıdığı üçün hər şeydən artıq öz nəfsinə daha çox məhəbbət göstərəcək. Demək olar ki, hər bir varlıq ən çox özünü sevir. Özünüsevmə hər bir şüurlu varlığın təbiətində olan yaşamaq hissidir, həmçinin varlıq kamalı da onun diqqət mərkəzindədir. Çünki nöqsan kamalın olmamasıdır və kamalın yoxluğu da, bir növ, mövcud olmamaqdır. Şüurlu varlıqlar yoxluğa və məhv olmağa nifrət etdikləri üçün (bir növ, məhv olmaq sayılan) naqisliyi xoşlamırlar. Deməli, özünüsevmə varlıq kamalına və həyata meyil deməkdir.
4. Allaha məhəbbət: İnsan fitrətinin məhəbbətlə qarışması Allah-Taalanın zatında məhəbbətin olmasına sübutdur. Çünki Allahda olmayan həqiqətin insanın vücudunda təzahürü qeyri-mümkündür. Görəsən, bir şəxs bir şeyə sahib olmadığı halda, onu başqasına əta edə bilərmi?!
Əbülhəsən Deyləmi yazır: “Mənim yanımda bir filosofdan eşqin yaranması haqda soruşulduqda, dedi: “Eşqini bildirən ilk varlıq Allahdır.”8
Digər tərəfdən, öncə qeyd etdiyimiz kimi, məhəbbətin ən mühüm səbəblərindən biri şüurlu varlığın özünü sevməsidir. Allah-Taalanın şüurlu bir varlıq kimi özünü sevməsi mümkündür. Lakin Qurani-Kərimdə Onun öz bəndələrinə məhəbbəti ilə əlaqədar nazil olan ayələr də vardır.9
Görəsən, Allahın bu məhəbbəti özünü sevməsindən fərqlidirmi? Ümumiyyətlə, Allahın məhəbbəti insanların məhəbbəti kimidirmi?
1. Allahın bəndələrinə məhəbbəti bir cəhətdən özünü sevməsidir. Çünki məxluq (yaradılmış) Allahın zatından qaynaqlanan işləri, həqiqətdə, Onun ad və sifətlərinin əlamətidir. O, öz zatını sevdiyi üçün zatının nişanəsi olanlara da məhəbbət bəsləyir.10
Qazi Həmədani bu haqda yazır: “Ey eşidənlər, can həzrət Mustəfaya (s) fəda olsun! Məxluqlar elə güman edirlər ki, Allahın göstərdiyi məhəbbət və əta etdiyi nemətlər onlara xatirdir. Xeyr, bu belə deyil! Əksinə O, bunları özünə xatir görür; çünki aşiqin məşuqa mərhəməti yalnız öz eşqinə görədir. Bunu heç zaman unutma! Sən elə güman edirsən ki, Allahın həzrət Mustəfaya (s) məhəbbəti ona xatirdir? Xeyr, bu, Onun öz eşqinə sədaqətidir.”11
2. Allahın öz bəndələrinə məhəbbəti maddi aləmdə mövcud olan “təsirlənən” məhəbbət deyil. İbn Sinanın dediyi kimi, Onun özünü sevməsi xeyrin dərkidir. O, öz camalını dərk etdiyi üçün aşiq və zatını tanıdığı üçün məşuqdur.12 Onun feli zatından ayrı olmadığı və yaratdıqları felinin nəticəsi olduğu üçün onlara məhəbbət göstərir. Lakin bu məhəbbət maddi aləmdə mövcud və bəyan edilən təsirəməruz məhəbbət mənasında deyil. Əksinə xeyir və kamalı dərk etmək mənası daşıyan zata məhəbbətdir. Bu sevgi onun bəndələrə lütf, kəramət və rəhmətində görünür.13 Başqa sözlə, Allah-Taalanın sonsuz mərhəmətinə çatan insan Onun məhəbbətini qazanır.
Buradan aydın olur ki, Allahın bəndələrə məhəbbəti Onun zatından qaynaqlanan kamal və xeyirin dərk və əta olunmasıdır. Bu, insanların bir-birinə qarşı məhəbbəti kimi deyil; çünki insanın istəklərində daxili təsirlər mövcuddur. Allahın məhəbbəti bizim bir-birimizə bəslədiyimiz məhəbbətdən fərqləndiyi üçün bizim məhəbbətimizdə mövcud olan ehtiyac Allahın məhəbbətində əsla məna kəsb etmir. Biz tənhalıqdan çıxıb ruhi sakitlik və təkamülə çatmaq və ictimai birlik yaratmaq üçün məhəbbətə möhtacıq. Elə bir məhəbbətə ki, insanın nəfsi fərəhlənərək təsir göstərir. Allahın öz bəndələrinə məhəbbətində isə bunlar əsla təsəvvür olunmur. Çünki O, tənhalıqdan çıxıb təkamülə çatmağa möhtac deyil. O, zatən ehtiyacsıdır. Onun məxluqlara sevgisi xeyir və kamal bəxş etməsidir. Bu, Onun zatında mövcuddur və bütün varlıqlarda aydın şəkildə görünür.
Kitabın adı: Tövhid və ilahi ədalət

Müəllif: Doktor Məhəmmədrza Kaşifi
Tərcümə edən: Rza Şükürlü


1. “Ehyau ülumid-din”, 4-cü cild, səh. 275.
2. “Fəlsəfə və Quran dər zəmineyi Əl-Mizan” kitabından nəqlən, 3-cü cild, səh. 145.
3. “Əxlaq dər Quran”, Misbah Yəzdi, 1-ci cild, səh. 359-360.
4. “Rəvanşenasiye-tərbiyəti”, Əli Şəriətmədari, səh. 251-253.
5. “Məsaile nocəvanan və cəvanan”, Məhəmməd Xudayarifərd, səh. 31.
6. “Ayini mehrvərzi”, Məhəmmədrza Kaşifi, 1-ci və 2-ci bölüm.
7. Məhəbbət səbəblərilə tanış olmaq istəyənlər Məhəmmədrza Kaşifinin “Ayini-mehrvərzi” kitabının 4-cü bölümünə müraciət edə bilərlər.
8. “Ətful-əlf”, səh. 28.
9. Məsələn, “Bəqərə” surəsi, ayə 65; “Ali-İmran” surəsi, ayə 31.
10. “Əl-Mizan”, 1-ci cild, səh. 411.
11. “Təmhidat”, səh. 217.
12. Bax: “Risaleyi-eşq”, səh. 4-6.
13. “Ərbəin”, səh. 390-391.

 

Tags: SUALLARA CAVAB, MƏQALƏLƏR, MÜXTƏLİF DİNİ MÖVZULAR, ŞÜBHƏLƏRƏ CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!