ORUCLA BAĞLI BƏZİ SUALLARA CAVAB

:

Sual : Oruc nədir?
Cavab: Oruc İslamda vacib əməllərdən biridir. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından məğrib azanınadək orucu batil edən işlərdən çəkinir.

Sual : Orucu nələr batil edir?
Cavab: Doqquz şey orucu batil edir: 1. Yemək və içmək; 2. Cima (cinsi yaxınlıq); 3. İstimna (özündən məni xaric etmə); 4. Allahın, peyğəmbərin və peyğəmbər canişinlərinin adından yalan danışmaq; 5. Hülqümə qatı toz və tüstünün yetişməsi; 6. Başı bütövlüklə suya batırmaq; 7. Sübh azanınadək boyundakı cənabət, heyz, nifas qüslünün verilməməsi; 8. Axıcı şeylərlə imalə etmək; 9. Qusmaq.

Sual: Oruc tutmuş qadın yeməyin dadına baxa bilərmi?
Cavab: Əgər yemək boğaza çatmasa, onun dadına baxmaq olar. Yeməyin dadına baxarkən təsadüfən boğaza çatarsa, oruc batil olmaz. Amma yeməyin dadına baxmaq istəyən kəs əvvəlcədən bilsə ki, yemək boğazına çatacaq və bu iş baş versə, orucu batildir. Belə orucun qəzası tutulmalı və kəffarəsi də verilməlidir.

Sual : Əgər bir şəxs peyğəmbərin dilindin bir söz deyərsə və sonradan anlayarsa ki, bu söz yalan imiş, orucu batildirmi?
Cavab: Doğru olmadığı sonradan bilinən sözlərə görə oruc batil olmaz.

Sual : Əgər insan özündən ixtiyarsız qusarsa, orucu batil olarmı?
Cavab: İxtiyarsız halda qusmaq orucu batil etmir.

Sual : Orucun neçə qisim kəffarəsi olur?
Cavab: Orucun iki qisim kəffarəsi olur: Cəm kəffarə və tək kəffarə. Cəm kəffarə bir bəndə (qul) azad etməkdən, iki ay oruc tutmaqdan və altmış fəqiri doydurmaqdan ibarətdir.

Sual : Qəza oruclarını bir neçə il tə’xirə salan şəxs nə etməlidir?
Cavab: Orucların qəzası tutulmalı və hər gün üçün fəqirə on sir təam verilməlidir.

Sual : Atanın qəza namazı və orucları ilə bağlı övlad nə edə bilər?
Cavab: Dünyasını dəyişmiş atanın qəza namazı və orucları böyük oğulun öhdəsinədir.

Sual : Səfərə çıxan şəxs oruc tuta bilərmi?
Cavab: Günortadan sonra səfərə çıxan şəxs tutduğu orucu başa vurmalıdır. Günortadan qabaq səfərə çıxan şəxs isə tərəxxüs həddini keçdikdən sonra, yə’ni şəhərin divarları görünmədikdə və azan səsi eşidilmədikdə orucunu açmalıdır. Səfərdən qayıdan şəxs günortadan qabaq vətəninə çatarsa, həmin vaxtadək orucu batil edən işlər görmədiyi halda, oruc tuta bilər. Səfərdən qayıdan şəxs günortadan sonra vətəninə çatarsa, həmin gün oruc tuta bilməz.

Kitabın adı: 200 Sual-cavab
Hazırladı: Rəsul Mahmudzadə

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!