NƏ ÜÇÜN İNSANLARIN BİR QİSMİ DÖVLƏTLİ, DİGƏR BİR QİSMİ KASIBDIR?

:

CAVAB: Əvvəla var-dövlətin çoxluğu Allahla dostluq yox, imtahan əlamətidir. «Ənfal» surəsinin 28-ci ayəsində buyurulur: «Bilin ki, var-dövlət və övlad sizin üçün yalnız bir imtahandır».Başqa bir ayədə oxuyuruq: «Biz sizi xeyir və şərlə sınağa çəkərik»1. Dilimizə sınaq mənasında tərcümə olunmuş sözə Quranda «fitnə» kimi işarə olunub. Ayələrdə var-dövlət fitnə, başqa sözlə, sınaq kimi tanıtdırılır. İnsan var-dövlət qazanıb onu sərf edərkən ilahi göstərişlərə əməl edə biləcəkmi? Bir halda ki, dünya imtahandır, ona vurulmağa dəyərmi?! Əlbəttə ki, dünya son məqsəd olsaydı onun haqqında düşünməyə dəyərdi. Bir halda ki, dünyanın ömrü imtahan bitənədəkdir, ona könül verməyə də dəyməz. Dünya, üzərində suallar yazılmış imtahan vərəqi kimidir. Bu kağızın gözəl olub-olmamasının əsl məqsədə heç bir dəxli yoxdur. Əsl məqsəd suallara düzgün cavab yazmaqdır.
Yuxarıda qeyd olunan bərabərsizliyin ikinci səbəbi budur ki, dünya nemətləri Allah nəzərində biz düşünmədiyimiz kimi dəyərli deyil. Qur᾽ani-Kərimin bir çox ayələrində dünya nemətləri axirət nemətləri ilə müqayisə olunur və təbii ki, axirət nemətlərinə üstünlük verilir. «Axirət ruzisi daha xeyirlidir» buyurulur. İnsana dünya nemətlərinə uymayıb axirət nemətləri haqqında düşünmək tapşırılır. Bəli, əsl ruzi olan, yəni «Allah ruzisi» adlandırılan əbədi axirət nemətlərinin ardınca getməyə dəyər.

 

Kitabın adı: SADİQ YOL AXTARANLAR ÜÇÜN İMAM SADİQİN (Ə) NƏSİHƏTLƏRİ
Müəllif: Ustad Misbah Yəzdi
Hazırladı: Rəsul Mahmudzadə


1. «Ənbiya» surəsi, ayə 35.

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!