ALLAH QORXUSU HAQQINDA BİR-NEÇƏ SUALA CAVAB

:

Sual 1: Nəzərə alsaq ki, qorxu mənfi bir sifətdir və psixoloqlar onu məzəmmət edib, psixoloji tarazlığın pozulması səbəbi sayır, Quran və rəvayətlərdə Allah qorxusunun mədh olunması sual doğurur. Qorxu prinsipcə bəyənilmiş sifətdirmi ki, Allah və Onun əzabından qorxu da müsbət sayılsın

Cavab:  Qorxu öz-özlüyündə təbii bir hal olduğundan mənfi və ya müsbət dəyərləndirilmir. Bəyənilən və ya məzəmmət olunan isə qorxu yox, onun müqəddiməsidir. Yəni qorxu yox, qorxunu yaradan müqəddimə araşdırılmalıdır. Qorxunun güclənməsi və davamı onun səbəb və nəticələrindən asılıdır. Bəzən qorxu bəyənilir. İnsan onun həyatını hədələyən təhlükələrdən çəkinməlidir və ehtiyatlı olmalıdır. Qorxub-çəkinmədən istənilən bir təhlükəyə doğru hərəkət bəyənilməyə də bilər. Macəra axtaran, özünü oda-suya atan, istənilən bir təhlükəyə qucaq açan insanlar yetərincə sağlam və ağıllı sayılmır. Əgər qorxunun səbəb və nəticəsi müsbətdirsə, bu qorxunu gücləndirmək mədh olunur. Heç şübhəsiz, Allah qorxusu müsbət nəticələr verdiyi üçün zəruri sayılmışdır.

Sual 2:  Allah qorxusu dedikdə nə nəzərdə tutulur adətən, təhlükəli mövcudlar müqabilində qorxu yaranır. Əgər Allah sonsuz məhəbbət və rəhmət sahibidirsə nə üçün ondan qorxmalıyıq?
Cavab: Qorxunun qaynağı insanın üzləşə biləcəyi təhlükədir. Bəzən də hər hansı mənfəəti əldən çıxarmaq düşüncəsi qorxuya səbəb olur. Amma səbəblə nəticə arasında əlaqə olduğundan bəzən insan təkcə təhlükədən yox, təhlükəni yaradan səbəbdən də qorxur. Məsələn, kimi qarşısına çıxmış canavardan, kimi də qaranlıqdan qorxur. Çünki canavar və qaranlıq insanın həyatını hədələyən vasitələrdir. Tövhid prinsiplərinə əsaslanan İslam təlimlərində, eləcə də ayə və rəvayətlərdə insanın diqqəti “səbəblər səbəbinə” yönəldilir. Bu təlimə əsasən insan canavardan qorxduğu kimi canavarı yaratmış və canavarın ixtiyarı əlində olan Allahdan, “səbəblər səbəbindən” qorxmalıdır. Məsələn, yağışdan sonra torpaqdakı toxum cücərib inkişaf edir. Amma toxumun cücərib inkişaf etməsi üçün zəruri olan bütün vasitələr Allahın ixtiyarındadır və onun iradəsi ilə təsir göstərir. Bu səbəbdən Qurani-kərim toxumun cücərməsi və inkişafını Allaha aid edərək buyurur “Həqiqətən, Allahdır toxumu və çərdəyi çatladıb cücərdən!”1
Məsələn, yerdən buxarlanan su havada soyuduqdan sonra yağış şəklində torpağa qayıdır. Amma yağışın əsas səbəbi buludlar yox, Allahdır. Günəşi yaradıb, onun istisini su hövzələrinə çatdıran, bu prosesin həyata keçməsi üçün qanunlar tənzimləyən Allah-təaladır. Buxarlanma da, kondensasiya da Allah tərəfindən tənzimlənmiş ilahi qanunlardır. Suyun buxarlanması, onun havada buludlar şəklinə düşməsi, yerin cazibəsi vasitəsi ilə yağış şəklində torpağa qayıtması dəqiq qanunlar əsasında həyata keçir. Yağış da, qar da Allahın tədbir və iradəsi ilə yerə enir. Bütün bunları nəzərə alaraq Qurani-kərimdə buyurulur “Ümidlər üzüldükdən sonra yağışı endirən, rəhmətini genişləndirən Odur. Odur həmd olmuş hami.”2
Aydın olur ki, insanların diqqətinin səbəb salana yönəldilməsi Quranın tərbiyə üsuludur. Bizi hədələyən zərərdən, mənafeləri əldən çıxarmaq ehtimalından qorxsaq da, bu qorxular ikinci dərəcəlidir. İnsan onun həyatı üçün təhlükə törədən seldən qorxur. Əslində isə bu sel Allahın ixtiyarındadır və Allahdan qorxmaq lazımdır. Bəli, bütün təhlükələr səbəblər səbəbi olan Allahın ixtiyarındadır.
Amma əxlaqi baxımdan dəyərləndirilən rəftarlar sırasında Allah qorxusu əslində insanın öz çirkin əməllərindən qorxusudur. Nəzərdə tutulmuş qanunları pozan insan ilahi şəriət qanunları əsasında əzaba düçar olur. Bağışlanmağımız da, cəzalandırılmağımız da Allahın ixtiyarındadır. Qurani-kərimdə oxuyuruq “İnsanların öz pis əməlləri səbəbindən quruda və suda fəsad görünər. Allah bəzi günahların cəzasını onlara daddırar ki, bəlkə tövbə qıldılar.”3 Başqa bir ayədə oxuyuruq “Rastlaşdığınız hər bir müsibət öz qazancınızdır və Allah onların çoxunu bağışlayır.”4
Aydın oldu ki, Allah qorxusu dedikdə əsasən öz pis əməllərimizdən qorxu mənası nəzərdə tutulur Bu əməllər bizi ilahi nemətlərdən məhrum edir, bir çox ağrılar yaşadır. Unutmamalıyıq ki, günahkarların Allah tərəfindən cəzalandırılması Allahın mərhəmət sifətinə zidd deyil. Allah mərhəmətlilər mərhəmətlisi olmaqla yanaşı ədalətlidir və bu ədalət tələb edir ki, başqalarına sitəm qılanlar cəzalandırılsın. Əgər yaxşı baxsaq, Allahın cəzasında da mərhəmət var. İnsanlar dünyada cəzalandırılmaqla təmizlənir, onların bir sıra günahları bağışlanır. Bağışlanmayan günahlara görə axirət cəzası nəzərdə tutulur. Əgər Allah bütün günahların cəzasını bu dünyada versəydi, yer üzündə bir nəfər olsun sağ qalmazdı. Quranda oxuyuruq “Allah insanları gördükləri işə görə cəzalandırsaydı, yer üzündə bir canlı da saxlamazdı. Amma müəyyən müddətədək onlara möhlət verilir, əcəlləri çatdıqda, Allah bəndələrini görəndir.”5  

Sual 3: Allah qorxusu məfhumu aydınlaşdıqdan sonra belə bir sual yaranır ki, Allah öz bəndələrini qorxutmaq əvəzinə başqa bir tərbiyəvi üsul seçə bilməzdimi? Olmazdımı ki, bəndələr mükafat vədi ilə doğru yola dəvət edilsin, günahdan çəkindirilsin?
Cavab: Qısaca belə cavab vermək olar, Allah-təala bizi daha yaxşı tanıdığından hansı üsulun daha təsirli olacağını bilir. Əzab vədi daha təsirli üsuldur və Allah öz peyğəmbərlərini qorxudan ünvanında göndərir. Quranda oxuyuruq “Biz səni haqq olaraq müjdə verən və qorxudan ünvanında göndərdik. Aralarında qorxudan peyğəmbər olmayan heç bir ümmət olmadı.”6
Peyğəmbərlər həm müjdə, həm də əzab vədi ilə dəvət etsələr də, onlar daha çox qorxudan ünvanı ilə təqdim olunmuşlar.
Uyğun sualı psixoloji baxımdan da cavablandırmaq olar. Elmi və təcrübi üsullarla sübuta yetirilmişdir ki, qorxu hissi insanları işə daha çox təşviq edir. Demək olar ki, insanı təlaşa təhrik edən 90 faiz qorxudur. Təlaşa təşviq baxımından müjdə yalnız 10 faiz təsirə malikdir. İnsanlar adətən uğursuzluq qorxusundan çalışırlar. Tənbehdən, ata-ananın məzəmmətindən, ətrafdakıların qınağından qorxmayan insan adətən bir çox işlərdən, eləcə də təhsildən yayınır. Çox az tələbəni elmə sövq edən eşqdir. Bu səbəbdən də ata-ana öz övladlarını təhsilə təşviq etmək üçün onu uğursuzluğun pis aqibəti ilə qorxudurlar.

Əksərimiz həm cəhənnəm əzabına, həm də behişt nemətlərinə etiqadlı olsaq da, çox vaxt vəzifələrimizi əzab qorxusundan yerinə yetiririk. İnsanların çox az qismi savab və mükafat ümidi ilə öz vəzifəsini yerinə yetirir. Əlbəttə ki, bəzi işlərdə insanı fəaliyyətə təşviq edən təkcə ümiddir. Axı müəyyən işlərin yerinə yetirilməməsi müqabilində cəza nəzərdə tutulmamışdır. Bəli, müstəhəb işlər müqabilində savab nəzərdə tutulur və bu işləri tərk edənlər cəzalandırılmır. Əlbəttə ki, bu məqamda da mükafatı əldən çıxarmaq qorxusu olur.
Aydın olur ki, fərdi və ictimai həyatda bir çox rəftar və əməllərin hərəkətvericisi qorxudur. Çətinlik, nemətləri itirmək, hörmətdən düşmək qorxusu bu qəbil qorxulardandır. Amma axirət dünyasına inananlar üçün birinci gecə qəbir qorxusu, cəhənnəm qorxusu daha təsirlidir. Mənəvi baxımdan ali mərifət dərəcəsinə çatanlar üçün ən böyük və ən üzücü qorxu Allahın diqqətindən məhrumluq qorxusudur. Bəli, belə bir məhrumluq böyük əzabdır. Bu səbəbdən də Allah-təala əhd-peymanı pozanları məzəmmət edərkən onların diqqətdən məhrum edilməsini böyük əzab sayır və buyurur “Allahın əhdini və öz andlarını ucuz qiymətə satanlar üçün axirət bəhrəsi yoxdur. Allah qiyamət günü onlarla danışmaz, onlara baxmaz, onları paklamaz. Onlar üçün ağrılı əzab olacaq.”7
Uşaqlar üçün aclıq ana nəvazişindən məhrumluqdan daha asan olduğu kimi, Allahla ünsiyyət şirinliyini dadanlar üçün cəhənnəm əzabından da ağır Allahın diqqətindən məhrumluqdur. Beləcə, Allahın lütf və diqqətindən məhrumluq qorxusu aşiqlər üçün bəndəlik vəzifələrinin yerinə yetirilməsində ən güclü mühərrikdir.

Kitabın adı: İlahi Nəsihətlər
Müəllif: Ustad Misbah Yəzdi
Hazırladı: Rəsul Mahmudzadə


1. “Ənam”, 95
2. “Şura”, 28
3. “Rum”, 41
4. “Şura”, 30
5. “Fatir”, 45
6. “Fatir”, 24
7. “Ali-İmran”, 77

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!