DİNİ CƏMİYYƏTLƏRDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ - 6

:

FÜRUİ-DİNDƏ İXTİLAF

Müsəlmanlar arasında etiqad prinsipləri, xüsusilə imamət məsələsi ilə əlaqədar yaranan ixtilaflardan əlavə, şəriət hökmlərində, yəni fürui-dində də bir çox fikir müxtəlifliyi meydana gəldi.

Bu da nəticə etibarilə Hənəfi, Hənbəli, Maliki, Şafei və Cəfəri məktəbləri kimi mühüm fiqhi məzhəblərin formalaşmasına səbəb oldu.

İSLAM ÜMMƏTİNDƏ TƏFRİQƏNİN ƏSAS MEHVƏRİ

Qeyd edilənlərdən belə nəticə alırıq ki, İslam ümməti üç əsas mehvərdə parçalanma və təfriqəyə məruz qalmışdır:

1. İmamət və canişinlik məsələsi, imamın şəxsi xüsusiyyətləri və onun necə təyin olunması;

2. Əqli məsələlər və əqidə prinsipləri;

3. Fürui-din məsələləri.

Bu üç mehvər əsasında İslam cəmiyyəti müxtəlif firqə və məzhəblərə bölünmüşdür. Bu kitabda etiqadi məsələlər araşdırıldığından, burada birinci və ikinci amil əsasında yaranan firqə və məzhəblər söhbətimizin əsas mövzusu olacaq, fiqhi məsələlərin araşdırılmasına isə toxunulmayacaq. Fikri-etiqadi prinsipləri və İslamdakı firqə və məzhəbləri araşdırmazdan əvvəl, onların əsas məzhəblərinin adlarını təqdim edirik.

Qeyd etmək lazımdır ki, İslam dünyasında bir çox məzhəblərin yaranmasında bilavasitə rolu olan digər bir cərəyan da mövcuddur. Bu hələ də öz xüsusiyyətini davam etdirən ifratçı zahidlik cərəyanıdır ki, istisnasız olaraq, sufi məzhəblərinin hamısı bu məsləkdən doğmuşdur. Bunların formalaşmasında qeyri-islami cəmiyyətlərlə təmas və əqli bəhslərin rol oynamasına baxmayaraq, fikri-fəlsəfi cərəyanlarla olan fərqlərinə görə, onlar öz yerində ayrıca araşdırılacaq.

Buna əsasən, İslam ümməti aşağıdakı dörd cərəyanla qarşılaşır:

1. Sünnilik;

2. Şiəlik;

3. Xəvaric;

4. Sufilik.

DÖRDLÜK TƏŞKİL EDƏN MƏZHƏBLƏRİN FİRQƏLƏRİ

Yuxarıdakı dörd cərəyandan hər biri öz növbəsində müxtəlif firqələrə bölünür və ən mühüm firqələr aşağıdakılardır:

1. Sünni firqələri:

a) Əhli-hədis;

b) Əşərilik;

v) Mötəzilə;

q) Matüridiyyə;

ğ) Sələfilik;

d) Vəhhabilik.

2. Xəvaric firqələri:

a) Əzariqə;

b) Buxdat;

v) Beyhəsiyyə;

q) Ücaridə;

ğ) Əbaziyyə;

d) Səfəriyyə;

ə) Şəbihiyyə.

3. Şiə firqələri:

a) İmamiyyə;

b) Zeydiyyə;

v) İsmailiyyə;

q) Fətəhiyyə;

ğ) Kisaniyyə;

d) Şeyxiyyə;

ə) Vaqifiyyə;

i) Ələvilər.

4. Sufi firqələri:

a) Nurbəxşiyyə;

b) Nəqşbəndiyyə;

v) Ticaniyyə;

q) Sənusiyyə;

ğ) Bektaşiyyə;

d) Şazliyyə;

ə) Səfəviyyə;

i) Nemətullahiyyə.

İZAHLAR

1. Sünni, şiə və sufi firqələrinin ən məşhurlarının adlarını sadaladıq. Lakin bu məzhəblərdən ayrılan firqələrin sayı qeyd olunanlardan daha çoxdur. 

2. Xəvaric firqələrindən isə, hal-hazırda yalnız əbaziyyə firqəsinin ardıcılları vardır və onun başqa firqələrindən əsər-əlamət qalmamışdır.

3. İslam firqələrini araşdırarkən, bəzən elə firqələrlə rastlaşırıq ki, onlar özü aradan getmişdir, amma hal-hazırda mövcud olan məşhur firqələrin formalaşmasında mühüm rol oynamışdır.

4. Bəzi firqələr ikiyönlü xüsusiyyətə malikdirlər: Üsuli-dinin bəzi məsələlərində bir məzhəbə, bəzilərində isə digər məzhəbə yaxındırlar.

5. Son bir neçə əsrdə formalaşan və əksərən inhirafçı və azğın xüsusiyyətlərə malik olan bəzi firqələr haqda, inhirafçı və azğın ifadənsinin işlənməsinin səbəbi budur ki, ana məzhəbin ardıcılları o firqələri rəsmi şəkildə qəbul etmir və onlar da öz əsas məzhəblərinin ardıcıllarını tanımaq istəmirlər. Misal üçün, dəqiq araşdırmalara əsasən, qadiyaniyyə, yaxud bəhai firqəsi imamiyyə məzhəbindən ayrılmışdır. Lakin imamiyyə şiələri qadiyaniyyə və bəhai ardıcıllarını mürtəd kimi tanıyır və bu iki firqə ardıcılları da şiəliyi rəsmi şəkildə qəbul etmirlər.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq

Tərcümə edən: A. Mehdiyev

 

Tags: PEYĞƏMBƏR (s) , İMAM ƏLİ (ə), DİNLƏR VƏ MƏZHƏBLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!