KONFUSİON AYİNİ - 2

:

KONFUSİON AYİNİNİN ƏSASI VƏ ETİQADLARI 
Konfusion cəmiyyətin islah olunması üzərində xüsusi dayanmış və bu məqsədlə bir sıra əxlaqi təlimatlar vermişdir. Bununla belə, o bir məktəbi digərlərindən fərqləndirən digər ideoloji əsaslar barədə yeni bir nəzəriyyə təqdim etməmişdir.

Konfusionun özü yeni bir ideoloji cərəyan yaratmadığını, Çinin qədim və ənənəvi etiqad prinsiplərini qəbul etdiyini etiraf edərək deyir: “Mənim işim ixtiraçılıq və təşəbbüskarlıq deyil, bir yerə toplamaqdır”, “Mən bir ixtiraçı deyil, mətləbləri nəql edənəm.” O, hətta öz ayininin ən ümdə əxlaqi təlimlərinin bir qismini də şəxsi təşəbbüs və ixtirası hesab etmir, onlara əvvəlkilərin rəftarları kimi baxırdı.
Hər halda əxlaqi prinsipləri Konfusionun əsaslarının ən mühüm hissəsi sayılır. Əhəmiyyət və bu ayinin belə təlimatlar üzərində qurulması baxımdan onları digər prinsip və əsaslardan öncə şərh etməyi lazım bilirik.

KONFUSİON ƏXLAQI
Konfusionun əxlaqi təlimlərinin üç əsas prinsipı aşağıdakılardır:
Li qanunu, Şu qanunu, Çun-tzo, yaxud kamil insan qanunu.
1. Li; Konfusionun Çin cəmiyyətini islah etmək naminə bir qanun və norma olaraq yaratdığı bu söz müxtəlif mənalarda işlənmişdir. Bu mənalardan “paklıq və təharət, ədəb və insaniyyət, qayda-qanunlar, ibadət və əməllər, ictimai fəaliyyət və rəftar nümunəsi”- ni qeyd etmək olar. Li əslində sağlam cəmiyyəti formalaşdıran qanun və prinsiplərə şamil edilir. Cəmiyyətin idarə olunması və təkamülü də bu prinsip və qanunların əsasında baş tutur. Bu prinsiplər ailə, cəmiyyət və hökumətin islah olunmasında əsas rola malikdir. Konfusion inanırdı ki, bu qayda-qanunlara riayət olunarsa bütün ictimai ixtilaflar aradan götürülər, cəmiyyət maddi-mənəvi təkamül yoluna qədəm qoyaraq, fəsad və əxlaqsızlıqdan xilas olar.
Konfusionun Li qanunun təlimləri ilə əlaqədar üç məsələni araşdırırıq.
Birinci, Li qanununun işlərin nizamlanması və insanlar arasında mehriban münasibətlərə xidmət edən beş əsas prinsipi vardır: övladın ataya, kiçik qardaşın böyük qardaşa, qadının ərinə, fəhlənin sahibkara və rəiyyətin hakimə itaət etməsi. Konfusion inanırdı ki, bu beş prinsipə riayət olunarsa ata, böyük qardaş, ər, sahibkar və hakim də öz vəzifələrinə əməl edəcək, bununla da cəmiyyət sağlam və xoşbəxt olacaq. O deyir: “Hər bir ata öz ailə üzvlərinə asayiş və səadət yaratmaq işində tam məsuliyyət daşıyır. O, öz övladlarına gözəl insani keyfiyyətlər aşılamalı, onlar üçün nümunə olmalıdır.” Atanın bu vəzifəyə əməl edə bilməsi üçün övladın da öhdəsinə müəyyən vəzifələr düşür: “Ata sağ olduğu müddətdə onun istəyinə uyğun əməl etməli, dünyadan gedəndən sonra onun rəftar və əməllərini nəzərə almalıdır. Mümkün qədər onu təqvalı və düzgün əməl sahibi bilməlidir.” Övlad valideynə itaət etməkdən əlavə, onlara ehtiram və qayğı göstərməli, incimələrinə, narahatlıqlarına səbəb olmamalıdır. Bu barədə deyilir: “Yaxşı övlad o deyil ki, imkanı olan təqdirdə öz gücsüz ata-anasına yemək çatdırsın. Çünki bəzi heyvanlar da bu işi görürlər. Yaxşı övlad o kəsdir ki, öz valideyninə ehtiram göstərsin”; “Yaxşı övlad o kəsdir ki, qeyri-iradi qarşıya çıxan xəstəliklər istisna olmaqla, heç bir vəchlə öz ata-anasının inciməsinə səbəb olmasın.”
Konfusion rəiyyət-hakimin, fəhlə-sahibkar əlaqəsi barədə belə deyir: “ - Əgər rəiyyət dövlət başçılarının fərmanına itaətsizlik etməsə, dövlət adamları onun işlərində ədalətdən kənara çıxmayacaqlar. Fəhlələr sahibkarlara itaət etsələr, məhz bu zaman sahibkarlar adları sahibkar olsa da  fəhlələrin təsiri altına düşəcəklər (yəni fəhlələrin bütün istəklərinə müsbət cavab verəcəklər). Belə olan halda cəmiyyətdə heç bir təzad, müharibə, zülmə yer olmayacaq və insanlar bir-birini sevəcəklər. Beləliklə də cəmiyyət rifah və asayişdə yaşayaraq, maddi-mənəvi kamilləşmə yoluna qədəm qoyacaq.”
Buna görə də, ümumiləşdirmə aparsaq Konfusion övlad atasına itaət etsə, atanın da yaxşı tərbiyəçi olacağına, kiçik qardaş müti olsa, böyük qardaşın onu himayəsinə alacağına, qadın itaətkar olsa ərinin ona vəfalı qalacağına, rəiyyət itaət edərsə, hakimin rəiyyətin qayğısına qalacaq, fəhlə sahibkara itaət edərsə, sahibkar onun ehtiyaclarını təmin edəcəyinə və beləliklə, bir-biri ilə sülh və səmimiyyət şəraitində yaşayacağına inanmışdır.
İkincisi: Konfusionun tövsiyələrinə əsasən Li qanunu ev, şəhər və kəndlərdə, nəhayət bütün ölkədə icra olunarsa, mötədillik və uyğunlaşma nəticə etibarı ilə insanla varlıq aləmi, yəni yerlə göy arasında gözəl əlaqə yaranacaq. Bu halda insani əməllər Tao yoluna uyğun – yəni dünyanın qüdrətli, mələkut iradəsi ilə həyata keçəcəkdir. Beləliklə, insanların iradəsi vasitəsilə Taonun istəyi gerçəkləşəcəkdir. Düzgün və Liyə müvafiq olan əməl bu iradənin həyata keçməsini mümkün edir. Taonun özü isə birbaşa cəmiyyətin təkamül və islahına əsaslanan istəyini (taostlərin inancına görə) həyata keçirməklə məşğul olmayacaqdır.
Üçüncüsü: Konfusion nəzəriyyəsinə uyğun olaraq, Li qanunu əsasında yerinə yetirilən ictimai qayda və ənənələr qədim nəslin adət-ənənəsinə müvafiq olmalıdır. Belə ki, keçmişdəki insanlar hamının səadətini istəmiş, qarşılıqlı qayğı və ehtirama səbəb olan insani ruh onlarda kamil zühur etmişdir. Ata-babaların hamısı bir-biri ilə ədalət və ədəblə rəftar etmiş; onların münasibətlərində ciddi nizam-intizam və möhkəm ədalət hakim olmuşdur. Yüksək rütbəlilərlə aşağı təbəqəyə mənsub olanlar bir-birinin vəziyyətindən tam xəbərdar olmuşlar. Bir-birinin məqam və mövqeyini gözləmiş, öz aralarında hədd-hüduda riayət etmişlər. Bu barədə Konfusion belə deyir: “Qədimdə Li qanununa əsasən camaata hökmranlıq edən Fuşi kimi imperatorlar olmuşlar. Onlar rəiyyətə qarşı ədalətli və xeyirxah idilər, rəiyyət də onları sevir və itaət edirdi. Buna görə də ölkəni başdan-başa haqq-ədalət bürümüşdür. Buna əsasən ata-babalarımıza ehtiram qoymalı, onların adət-ənənələrinə pərəstiş etməliyik.” Həmin səbəbdən, Konfusion şəxsən özü dini qayda-qanunlarda yeni bir şey ixtira etməməklə yanaşı, ata-babaların ənənəvi qayda-qanunlarına riayət  və pərəstiş məsələsində sədaqətini göstərmişdir. O, çoxlu məbudlara sitayiş, ruhlara pərəstiş, imperatora təzim edir, qurbanlıq ayinlərini, eləcə də düzgün olub-olmamasından asılı olmayaraq, keçmişdən yadigar qalan xurafatçı adət-ənənələri yerinə yetirirdi.
2-Şu; Bu kəlmə Konfusion ayininin ikinci əxlaqi prinsipi olan bu sözün mənası “özünə rəva bilmədiyini, başqalarına da rəva bilmə”dən ibarətdir. Dinşünaslar bu əxlaqi prinsipi xristianlıqda mövcud olan “camaatın sizinlə necə rəftar etməsini istəyirsinizsə, onlarla həmin cür rəftar edin” prinsipi ilə müqayisə etmişlər. Bu prinsip xristianlıqda qızıl qanun adı ilə məşhur olduğu kimi, Konfusion qanununda da gümüş qanun kimi tanınır. Konfusion bu prinsipi taoizmin birində deyilən “pisliyin əvəzini yaxşılıqla ver” əxlaqi prinsipinə qarşılıq olaraq qəbul etmişdi. Deyilənə görə, bir gün Konfusionun “pisliyin əvəzini yaxşılıqla vermək” barədə fikrini  soruşduqda belə cavab verir: “Əgər pisliyi yaxşılıqla mükafatlandırsan, onda yaxşılığın əvəzində nə mükafat verəcəksən? Yaxşılığa yaxşılıqla cavab verilməli, amma pis rəftara ədalətlə yanaşmaq lazımdır.”
O inanırdı ki, “şu”nu ümumi bir göstəriş qismində ömür boyu həyatın bir qanunu kimi tətbiq etmək olar. Bu barədə deyilir ki, bir gün bir nəfər Konfusiondan soruşur: Dünyada elə bir hamıya aid söz və ümumi göstəriş varmı ki, onu bütün ömür boyu həyat qanunu seçək? O cavab verir: “ - Bəli! Qarşılıqlı əməl, yəni şu həmin ümumi söz və təlimatdır.” Bu sözün də mənası budur ki, özünə rəva görmədiyini başqalarına da rəva görmə.
3-Çun-tzo; Konfusionun üçüncü əxlaqi əsası çun-tzo, yaxud kamil insandır. O inanırdı ki, insanın kamali, üstünlüyü də Li qanunu və şu prinsipinə riayət olunmasından asılıdır. Onun nəzərində kamil insan “valideynə məhəbbət həmişə qəlbində olan oğul, övladlarına qarşı ədalət və mehribanlıqla rəftar edən valideyn, öz sahibkarına vəfadar və əmanətdar olan məmur, həyat yoldaşına vəfalı və səmimi olan ər, dostu ilə ədəbli və səmimi olan insandır.”
Konfusion bütün bu xüsusiyyətləri sədaqət sifətində ümümiləşdirməklə insan şəxsiyyətinin və rəftarının əsasının sədaqət olmasına inanır. Bu sifət insanın üstünlüyünə və kamilləşməsinə səbəb olur. O, həmçinin kamil insan üçün sədaqətdən aşağı pillədə olan digər xüsusiyyət və sifətləri də qeyd edir. O cümlədən: “Üstün insan camaat arasında tanınmaqdan deyil, qüdrətə çatmaqda pərişan olar. Üstün insanın axtardığı onun varlığında mövcuddur, alçaq insanın axtardığı isə başqalarındadır. Kamil insan söz deməmişdən qabaq əməl edər, daha sonra öz əməlinin tələbinə uyğun danışar. O, az danışıb çox iş görəndir. İş və rəftarda mötədildir. Kamil insanın rəftarı və danışığı əvvəlki nəsillərin yaşadığı cəmiyyətin ümumi qanunlarına müvafiq olmalıdır.”

KONFUSİON AYİNİNİN ƏQİDƏLƏRİ
Konfusionun əsas məşğuliyyəti cəmiyyətdə, xüsusilə də hökumətin vəziyyəti, xalq kütlələri ilə dövlət məmurlarının əlaqələrində islahat aparmaq olmuş mənəvi məsələlərə daha az diqqət yetirmişdir. O, hətta dəfələrlə öz şagirdlərinin mənəviyyət və fövqəltəbii məsələlərə dair suallarına cavab verməkdən yayınmışdır. Misal üçün, şagirdlərindən biri ölülərə (ruhlara) xidmət barəsində soruşduqda cavabında demişdir: “Xalqa xidmət etməyə qadir olmadığın halda onların ruhlarına necə xidmət edə bilərsən?” Yaxud, ölüm barəsində soruşulduqda demişdir: “Sən həyatı dərk etmədiyin halda, ölümü necə başa düşə bilərsən?”
Bütün bunlara baxmayaraq Konfutsionun müqəddəs kitabları böyük dünyanın ali qüdrəti olaraq böyük allahı açıq şəkildə qəbul və bəzən onu ilahi hakim mənasını daşıyan Şankti, bəzən də ərş, asiman mənasında olan Tiyen adı ilə qeyd edir. Konfusiondan nəql olunmuşdur ki: “Səmavi istəkləri bilmədən ali insan olmaq mümkün deyildir. Yol qanunları ilə (Tao asiman yolu) tanış olmadan fərdi şəxsiyyətin sabitləşməsi qeyri-mümkündür.”
Bununla belə, əvvəldə qeyd olunduğu kimi, Konfusion özündən yeni ideoloji əsas yaratmamış, öz ardıcıllarını ata-babalarının ayininə dəvət və təşviq etmişdir. Onun özü də keçmişdəkilərin etiqad və adət-ənənələrinə çox ciddi şəkildə riayət edirdi. Adi camaat kimi məbudlara sitayiş və onlara qurbanlıq hədiyyə edirdi.
Konfusionun ölümündən sonra ardıcılları onu o dərəcədə müqəddəsləşdirdilər ki, ilahilik məqamına yüksəltməkdən əlavə, onun üçün məbədlərdə dua mərasimi, sitayiş və qurbanlıq da geniş yayıldı. Bu qanunların əsası ilk dəfə miladdan əvvəl 195-ci ildə Çin imperatorunun onun məzarı üstündə heyvanların kəsilməsini əmr etdikdən sonra qoyuldu və tədricən  genişlənib yayıldı. Artıq, 1200 ildir ki, hər il minimun iki dəfə Konfusion üçün məbədlərdə qurban kəsməklə müşaiyət olunan dua mərasimləri keçirilir.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!