MATURİDİNİN ƏQİDƏVİ ƏSASLARI

:

Maturidi “Tövhid” kitabında əvvəlcə əqidə və imanda təqlid etməyin düzgün olmadığına toxunur, daha sonra öz əqidə üsullarını haqq bilib, sələflərə tabe olduğunu, digərlərinin əqidələrinin isə batil olduğunu deyən firqələri tənqid atəşinə tutur.

O, inanırdı ki, hər hansı bir firqə ardıcıllarının çox olması həmin firqənin haqq olmasına dəlil ola bilməz; əqidə üsulları əqli bürhanlar əsasında araşdırılıb təsdiq olunmalıdır, əks təqdirdə, onun heç bir elmi dəyəri olmayacaqdır. O, həmçinin dini anlayışları əldə etməkdə əqli kafi bilən şəxsləri tənqid edir, mərifətin əldə olunmasının mümkünlüyünü aşkar şəkildə bəyan etməklə yanaşı, mərifət vasitələrini hiss, xəbər və əqldə görürdü.
1. Hiss:
İnsanın mərifət əldə etməsi üçün ilk vasitə hissdir. Maturidi, hissi mərifət vasitələri içərisində ən ümumi və ibtidai vasitə hesab edərək deyir ki, hətta heyvanlar da öz hiss və duyğu orqanları ilə onlar üçün faydalı və ya zərərli şeyləri dərk edə bilirlər. Maturidi “hissi mərifəti” açıq-aşkar bir şey hesab edir və inanır ki, onu inkar edənlər üçün dəlil gətirməyə ehtiyac yoxdur. Sonra belə təklif irəli sürür ki, belə şəxslərə qarşı əməli tədbirlər görmək, zərbə vurmaqla öz fikirlərindən əl çəkməyə vadar etmək lazımdır. Çünki vurulan zərbələrdən yaranan ağrıya dözmək qeyri-mümkündür. (O, bu təklifi insanda hiss üzvlərinin mövcud olması və onunla bir çox şeylərin hiss edilməsinin mümkünlüyünü sübut etmək üçün irəli sürürdü.)
2. Xəbər:
Maturidi xəbərləri mərifət üçün digər bir vasitə hesab edərək deyir: Xəbərlər nəsəb elmi, keçmiş hadisələr, uzaq diyarlarda olan şəhərlər və məntəqələr, faydalı və zərərli şeylər, qida maddələri, dərmanlar və sair şeylər barəsində mərifət kəsb etmək üçün bir vasitədir. Xəbər iki növdür:
1. Tarixi, ya mütəvatir xəbərlər;
2. Öz risalətlərinin doğru olmasına dair aydın nişanələr göstərən Peyğəmbərlərin xəbərləri.
Maturidi sonra deyir: Bu iki növ xəbərin hər biri mərifət üçün bir vasitədir. Amma peyğəmbərlərdən gəlib çatan xəbərlərə çox diqqət yetirmək lazımdır. Çünki bu xəbərlərin bizə gəlib çatmasında vasitə olan ravilər məsum deyildirlər və onların xətaya yol vermələri mümkündür.
Maturidi xəbərin “höccət” (dəlil) olmasını inkar edənlər barəsində də əməli tədbirlər görülməsini təklif edib deyirdi ki, bu kimi şəxsləri fiziki cəhətdən əzaba məruz qoymaq və döymək lazımdır. Onlar ağrıdan şikayət etdikləri zaman onlara deyilməlidir: “Sizin şikayətiniz də bir növ xəbərdir və sizin iqrarınız vasitəsilə bu xəbərdən yəqin doğuran elm hasil olmur.”
3. Əql:
Maturidinin nəzərinə görə, əql mərifətin ən mühüm mənbəyidir. Çünki hiss və xəbər əqlin köməyi olmadan həqiqi elmə yol tapa bilməz. Təbiətin fövqündə duran şeylərin həqiqəti və əxlaqi prinsiplər barədə elm və agahlıq əldə etmək yalnız əql vasitəsilə mümkün ola bilər. İnsanla heyvan arasındakı ən böyük fərq məhz Allahın insana bəxş etdiyi əql qüvvəsidir. Əql qüvvəsi həqiqətin kəşf olunmasında ən mühüm vasitə olduğundan, Qurani-Kərim insanı daim təfəkkürə və ağıl qüvvəsini işlətməyə dəvət edir.
Maturidinin nəzərində əql mərifət kəsb etməkdə ən mühüm mövqe və məqama malikdir. Bununla belə, o inanırdı ki, əql bütün işlər, o cümlədən, insanın ehtiyac duyduğu məsələlər barəsində kamil bir anlayış əldə edə bilməz, əql də hiss orqanları kimi müəyyən məhdudiyyətlərə malikdir. O cümlədən, əql həm xarici, həm də daxili amillərin, məsələn, meyl, məqsəd, adət və mühitin təsirinə qapılır və nəhayət, fərqli nəticələr alınır. Alimlər arsındakı bir-birinə zidd və fərqli əqidə və rəylər də bu müddəamızın şahididir.
Buna əsasən, Maturidi bildirir ki, əql düzgün nəticəyə çatmaqda və həqiqətin kəşf olunmasında mötəbər bir yolgöstərənə ehtiyaclıdır və bu yolgöstərən də məhz vəhydir. O, həmçinin inanırdı ki, peyğəmbərlərin hidayətinə olan ehtiyacı və vəhyin təlqin olunma vasitəsini inkar edən şəxslər, eləcə də əqli, dini mərifət və anlayışlar əldə etməkdə kafi sananlar, həqiqətdə əql qüvvəsinin üzərinə çox çətin bir vəzifə qoyur və sonda bu işin düzgün nəticə verməyəcəyi qaçılmazdır.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!