MATURİDİYYƏ MƏZHƏBİ

:

Maturidiyyə məzhəbinin banisi Əbu Mənsur Məhəmməd ibn Məhəmməd ibn Mahmud Maturidi olmuşdur. O, ehtimal üzrə 238-ci hicri ilində Səmərqənd şəhərinin yaxınlığında yerləşən Maturidi kəndində doğulmuş və 333-cü hicri ilində vəfat etmişdir.

Tarixdə qeyd olunur ki, o, Peyğəmbərin böyük səhabəsi və Mədinəyə hicrət etdiyi zaman o həzrəti evinə qonaq aparan Əbu Əyyub Ənsarinin nəvələrindən imiş. Əbu Mənsur Maturidi kəlam və fiqh baxımından Əbu Hənifənin ardıcılı sayılırdı. Ustadlar silsiləsində üç vasitə ilə Əbu Hənifəyə çatmaqdan əlavə, onun elmi səylərinin hamısı təqribən Əbu Hənifənin kəlami əsaslarının təhlil və bəyanına sərf olunmuşdur. Halbuki Maturidinin əsaslı təhlili və kəlami üslubu Əbu Hənifənin üslubundan tamamilə fərqələnən müstəqil bir məktəb idi və onun öz adı ilə məşhurlaşmışdı.
Maturidi, Əşərinin müasiri idi və onun kimi, mötəzilənin əqlə meylləri ilə əhli-hədisin zahiri əsas götürmək təfəkkürü arasında mötədil bir mövqe seçmək qərarına gəlmişdi. Amma Maturidi və Əşəri təfəkkürlərinin müqayisəsindən belə nəticə alınır ki, Maturidi əndişəsi mötəzilə ilə, Əşərinin seçdiyi yol isə əhli-hədislə daha uyğun gəlir.
Maturidi 261‒389-cu hicri illərində bütün İran ölkəsinə hakim olan Samaniyan hökumətinin dövründə yaşamışdır. Samaniyan hökuməti elm və maarifin qorunub yayılmasında çox fəaliyyət göstərirdi. Buna görə də, onların hakimiyyətdə olduğu illər Maturidi kimilərin inkişaf edib çiçəklənməsinə münasib bir şərait yaradırdı. Belə bir şəraitdə Maturidi o dövrdə dörd böyük məşhur ustadın ‒ Əbu Bəkr Əhməd ibn İshaq Cuzcani, Əbu Nəsir Əhməd ibn Abbas ibn Fəqih Səmərqəndi, Nəsir ibn Yəhya Bəlxi və Məhəmməd ibn Müqatil Razinin hüzurunda öz təhsilini təkmilləşdirdi. Əbu Bəkr Cuzcani, Əbu Nəsir Fəqih və Məhəmməd ibn Müqatil, Əbu Süleyman Cuzcaninin şagirdlərindən idi və o da Əbu Hənifənin məşhur və istedadlı tələbəsi olan Əbu Yusifdən dərs almışdı. Buna əsasən, Əbu Mənsur Maturidi öz ustadları vasitəsilə kəlam və fiqh nəzəriyyələrini Əbu Hənifədən əxz etmişdir. Onun özü də məşhur “Məaxizuş-şəriə” və “Əl-cədəlu fi üsulil-fiqh” kitablarında Əbu Hənifənin fiqhi nəzərlərini təhlil və bəyan etmişdir.

MATURİDİNİN ELMİ ƏSƏRLƏRİ
Əbu Mənsur Maturidi təfsir, kəlam, üsuli-fiqh, əxlaq sahələrində çoxlu kitab yazmışdır ki, onlardan bəzilərinin adlarını aşağıda qeyd edirik:
1. “Təvilatul-Quran”, yaxud “Təvilatu əhlis-sünnə”; bu kitab Quranın Hənəfiyyə, fiqhi və etiqadi əsasında təfsiridir.
2. “Tövhid”; bu kitab Maturidi məzhəbinin ən mühüm etiqadi mənbələrindən sayılır. Əbu Mənsur öz etiqadi nəzərlərini bu kitabda şərh etmişdir.
3. “Əl-üsul”;
4. “Məaxizuş-şəriə”;
5. “Əl-cədəlu fi üsulil-fiqh”;
6. “Məqalat”;
7. “Bəyanu vəhmil-mötəzilə”;
8. “Rəddul-ədilləti lil-Kəbi”;
9. “Rəddu təhzibil cədəli lil-Kəbi”;
10. “Rəddu vəidil-fussaq lil-Kəbi”;
11. “Rəddul üsulil-xəmsəti li-Əbi Məhəmməd Bahili”;
12. “Rəddu kitabil-imaməti”;
13. “Rəddun ələl-Qəramitə”;
14. “Pəndnamə dər əxlaq və moizə”.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

 

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!