MEHRPƏRƏSTLİK, YAXUD MİTRAİZİM DİNİ

:

Əvvəldə qeyd olunduğu kimi, qədim ariyailər çoxsaylı məbudlara etiqad bəsləyirdilər; onlar varlıq və təbiət təzahürlərindən hər birinin ayrıca bir allahı olduğuna inanırdılar; bu təlimlərə əsasən, təbiətdə hər bir allahın özünü büruzə vermək üçün xüsusi təcəlli və məzhəri vardır.

Məsələn, onlar günəş allahını Mitra adlandırırdılar. Ariyailərin fikrincə, bu allahlardan hər biri müxtəlif zamanlarda ayrı-ayrı ariya tayfaları arasında xüsusi şəkildə təcəlli etmiş və onların, digər allahlara diqqəti azaldaraq ibadət məqsədilə məhz ona tərəf üz tutmasına səbəb olmuşdur. Məsələn, əgər Agini əzəmətli və qorxunc bir hadisə xəlq etsəydi, ona sitayiş olunmaq üçün yetirilən diqqət, başqa məbudlara pərəstiş edilməsini kölgədə qoyurdu. Mehrpərəstlik, Mitraizm, yaxud Mitra təlimləri qədim İran xalqları arasında bu şəkildə meydana gəlmişdir.

Bu təlimlərdə deyilir ki, Mitra günəşin, yaxud mehr-məhəbbətin allahıdır. O, bir zamanlar insan şəklinə düşərək, bir dağın zirvəsində yerləşən mağarada zahir olmuş, həmin yerdə qoyun otaran çobanlar ona iman gətirmişlər. Bu zaman Mitradan müxtəlif möcüzələr və kəramətlər zahir olmuşdur. O, erkək bir dananı kəsib qanını torpağa səpmiş, qan damlalarının düşdüyü hər bir yer yaşıllaşıb bəhrə vermişdir. Mitra yer üzərində uzun illər qaldıqdan sonra, böyük işlər baş verdi; sonra asimanlara getdi və orada əbədi varlıqlar cərgəsində yerləşdi. Amma onun ruhu yer üzərindəki bəndələrinə kömək etmək üçün həmişə hazırdır.

Mitranın ilk zühuru dağda olduğuna görə Mitraizm ardıcılları öz məbədlərini belə yerlərdə qururdular. Hal-hazırda bəzi məntəqələrdə tapılan bu məbədlərdə Mitranın heykəli müxtəlif surətlərdə düzəldilib qoyulmuşdur ki, bir çox kitabələrdə onunla əlaqədar olan əfsanələr də yazılmışdır.

Mehrpərəstlik əqidələri arasında Zərdüştilik etiqadı ilə uyğun gələn məsələ günəşə diqqət yetirməkdir. Zərdüştilik təlimlərində günəşə diqqət yetirməyin xüsusi bir mövqeyi vardır. Amma Mehrpərəstlik və Məsihilik ayinləri arasında daha artıq oxşarlıq gözə dəyir. O cümlədən çörək və su mərasimi; məsihilərin ruhani gecə adı ilə kütləvi şəkildə yerinə yetirdikləri çörək və şərab mərasimi demək olar ki, zərdüştilərin eynilə çörək və su mərasimi kimidir. Bu ayin Mehrpərəstlik dinini qəbul edən şəxslər üçün icra olunurdu. Onlar bundan əlavə, həmin şəxsə erkək dananın qanı ilə təmid edərdilər.(Qana bulaşdırardılar.) Məsihilikdə də təmid qüslü vardır, amma onlar bu mərasimdə qan əvəzinə sudan istifadə edirlər. Sentyabr ayının 25-i Mitranın təvəllüd günü kimi təyin olunmuşdur ki, bu gün sonralar həzrət Məsihin təvəllüd günü ilə uyğunlaşdırılmışdır. Onlar bazar gününü günəş günü adlandırırlar. (Bu söz həqiqətdə Sunday-dan ibarətdir.) Mehrpərəstlər ayinində bu gün istirahət və günəşə ibadət günü sayılır. Məsihilikdə də bazar günü ibadət günüdür.

Din tarixini araşdıran tədqiqatçılar arsında qədim iranlıların peyğəmbəri olan Zərdüşt barəsində fikir ayrılığı vardır. İlk ixtilaf tarixdə belə bir şəxsin olub-olmaması ilə əlaqədardır. Yəni, bu barədə qarşıya çıxan ilk sual budur ki, görəsən, ümumiyyətlə nə vaxtsa belə bir peyğəmbər mövcud olmuşdurmu? Şübhə yoxdur ki, Zərdüştilik mənbələri onun varlığını tərəddüd etmədən qəbul edirlər. İslami mənbələrdə də Zərdüştiliyin eynilə Məcus dinindən ibarət olması təsdiq edilir; Qurani-Kərimdə də ona toxunulmuşdur. Məhz buna əsaslanaraq qəbul etməliyik ki, Zərdüşt bu dinin peyğəmbəri kimi həqiqi vücuda malik olmuşdur.

Başqa bir ixtilaf isə onun adı və nəsəbi ilə əlaqədardır. Zərdüşt kəlməsi bir çox şəkillərdə, o cümlədən «zərtüşt», «zəradüşt», «zəratüşt» və «zərdhəşt» kimi yazılmışdır. Avropalılar onun yunanca tələfüzzünü «zurratis», yaxud «zurastra» kimi yazmışlar. Amma «zərdüşt» və «zərtüşt» daha çox yayılmış adlardandır. Ümumiyyətlə, bu kəlmə “Qasaha”da qeyd olunduğu kimi, əslində «zərasuştar» kəlməsindən götürülmüşdür ki, bu da sarı rəngli və ya qoca dəvələrin sahibi kimi tərcümə olunur. Onun atası «Purvəşəb» yəni, “qoca at sahibi” adlı bir şəxs, anası isə «doğdu» yəni, “dişi inəyi sağan” adlı bir qadın idi. O, «sepitəmə», yəni ağ irqə mənsub olan sülalədən idi. Onun atası barədə qeyd olunur ki, o, sadə bir kəndli idi. Bəziləri də demişlər ki, «moğ» (mubəd) olmuşdur. Amma, onu kəndli hesab edənlərin nəzəri zərdüştilərin mənbələri ilə uyğun olaraq, daha məşhur bir məlumat sayılır.

Digər bir ixtilaf Zərdüştün doğum yeri və zamanı ilə əlaqədardır. Əksər tədqiqatçıların qəbul etdiyi kimi, İran tarixi mənbələri onun Miladdan 660 il qabaq doğulduğunu qeyd etmişlər. Halbuki, bəzi tədqiqatçılar onun Miladdan ən azı min il qabaq doğulduğunu söyləyirlər. Əlbəttə, onu Miladdan altı min il qabağa aid edənlər də vardır.

Bu müxtəlifliyin əsas səbəbi bəzi tədqiqatçıların zərdüştlərin müqəddəs kitablarının yazılma tarixinə istinad etmələridir. Çünki bu kitabın bəzi hissələri, xüsusilə “Qasaha” daha uzaq keçmişə malikdir. Bu kimi şəxslər müqəddəs kitabın bəzi izah və işarələrindən istifadə edərək bu ehtimalı gücləndirmişlər ki, Zərdüştilikdə çoxlu sayda Zərdüştlər mövcud olmuşdur. Miladdan 660 il qabaq doğulan Zərdüşt onların axrıncısı olmuşdur. Ümumiyyətlə, ən mötəbər sənəd və mənbələrdə Zərdüştün təvəllüd tarixinin Miladdan 660 il qabaq olduğu qeyd edilmişdir.

Zərdüştün harada doğulması barədə də müxtəlif fikirlər söylənmişdir. Məşhur müsəlman tarixçisi olan Təbəri qeyd edir ki, o, Fələstində doğulmuş, sonralar İrana köçmüş və orada peyğəmbərliyə çatmışdır. Bəzi tarixçilər də onun Əfqanıstanın Bəlx əyalətindən olduğunu söyləyirlər; digər bir qrupun fikrincə isə, o, İran Azərbaycanında dünyaya göz açmışdır ki, bu dəstənin nəzəri daha mötəbər hesab olunur. Əlbəttə, belə bir ehtimal da verilir ki, o, Azərbaycanda doğulmuş və İranın şərq hissəsində yerləşən Bəlx əyalətində peyğəmbərliyə seçilmişdir. Amma Zərdüşt mənbələri onun peyğəmbərliyə seçilmə yerini Urmiyyə gölünün yaxınlığındakı dağın zirvəsini qeyd edirlər. Buna görə də həmin gölün suyu zərdüştlərin kitabında müqəddəs hesab edilib. Mötəbər mənbələrdən əldə olunan məlumatlara əsasən, Zərdüştilik Bəlx əyalətində yayılmağa başlamış və yerli hakim onun peyğəmbərliyinə iman gətirmişdir.

Zərdüştün təvəllüd tarixinin Miladdan 660 il əvvələ təsadüf etdiyini qeyd edən məşhur nəzəriyyə əsasən o, Miladdan 583 il qabaq, 77 yaşında ikən Bəlxdə yerləşən atəşgahda yerli hücumçular tərəfindən öldürülmüşdür.

Kitabın adı: Dinlərlə tanışlıq

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!