ƏHLİ-HƏDİS MƏZHƏBİ - 1

:

Hicri tarixi ilə birinci əsrin axırlarından etibarən, müsəlmanlar arasında yayılmış ən mühüm məsələlərdən biri də ilahi sifətlərlə əlaqədar bəhslər idi. Allahın sifətlərinin Onun zatı ilə eyniyyət təşkil etməsi, yoxsa bu sifətlərin sonradan Onun zatına artırılması, zati sifətlərlə feli sifətlərin arasında təfavütün olub-olmaması, eləcə də bəzi ayə və rəvayətlərdə Allahın ərşin üstündə yerləşməsi, Onun göz, əl və bu kimi bədən üzvlərinə malik olmasının nə kimi məfhum daşıması barəsində bəhslər qarşıya çıxmışdı. (Bu sifətlər ayə və rəvayətlərdə qeyd olunduğu üçün onları “xəbəri sifətlər” adlandırırlar).

Bu kimi məsələlərin izah edilməsində İslam alimləri müxtəlif dəstələrə bölünmüşdülər. Onlardan bir dəstəsi Allahın sifətlərinin Onun zatına artırılmasını inkar edirdilər. Bunları “mötəzilə”, onların müxaliflərini isə “müəttilə” adlandırırdılar. Digər bir dəstə isə Allahın sifətlərinin (xüsusilə, xəbəri sifətlər) Onun zatına artırılmasını iddia edirdilər. Onlar bunu isbat etməkdə elə bir ifratçı həddə çatmışdılar ki, xəbəri sifətləri zahiri mənalara yozub, onları insani sifətlərə təşbih etmişdilər. Bunlara da “müşəbbihə” deyilirdi.
Sonra bu iki qrup arasında orta mövqe tutan əhli-hədis firqəsi yarandı. Onlar bir tərəfdən Allahın sifətlərinin Onun zatına artırılmasına və Allah-taalanın zatı barəsində xəbəri sifətlərin isbat olunmasına inanır, digər tərəfdən isə xəbəri sifətlərin zahiri mənalara yozulmasını düzgün hesab etmirdilər.
Amma ayə və rəvayətlərdə bu sifətlər Allah haqqında işləndiyindən, məsələn, Quranda “Ər-rəhmanu ələl ərşistəva” (“Taha” surəsi, ayə: 5) (Rəhman Allah ərş üzərində müstəqərr olmuşdur); “Xələqtu biyədəyyə” (“Sad” surəsi, ayə: 75) (İki əlimlə yaratdım); “Vəcaə rəbbukə” (“Fəcr” surəsi, ayə: 22) (Sənin Rəbbin gəldi) və s. ifadələr gətirildiyindən, Əhli-hədis bu qəbildən olan sifətləri Allah üçün qəbul etdiklərinə baxmayaraq, onların barəsində heç bir təfsir və yozumu rəva görmürdülər. Onların əqidəsinə görə, bu kimi ifadələrin təfsir və yozumu Allah-taalanın məxluqata oxşadılmasına səbəb ola bilər.
Maliki firqəsinin rəisi Malik ibn Ənəsdən “Rəhman Allah ərş üzərində müstəqərr olmuşdur” ayəsi barədə sual edilərkən demişdi: “Allahın ərş üzərində qərar tapması məlum məsələdir, amma onun necəliyi bizə məchuldur. Ona iman gətirmək vacibdir, çünki bu, Quranın aşkar buyruğudur. Lakin Onun orada necə yerləşməsi barədə sual etmək bidət sayılır.”
Malik ibn Ənəsin sözlərindən belə aydın olur ki, bu kimi ifadələrin məna və xüsusiyyəti barədə maraqlanmaq və onu təfsir etmək qadağan və haramdır; heç bir sual olunmadan onlara iman gətirmək lazımdır. Çünki bunlar Quran ayələrində və Peyğəmbər (s) hədislərində aşkar şəkildə qeyd olunmuşdur.
Əhli-hədisin xəbəri sifətlər barədə irəli sürdüyü nəzəriyyə sair etiqadi prinsiplərin araşdırılması üçün yeni bir üslub yaratdı. Ayə və rəvayətləri olduğu kimi əxz etmək, onların hər növ təfsir və yozumundan uzaq olmaq və bu barədə sual etməkdən çəkinmək bu firqənin etiqad prinsipinin əsası kimi tanındı və buna görə də, onlar əhli-hədis adlandırıldı.

ƏHLİ-HƏDİS MƏZHƏBİNİN MƏNBƏLƏRİ
Hicri tarixi ilə üçüncü əsrdən başlayaraq, əhli-hədisin əqidə üsullarına aid olan bir çox kitablar yazılmışdır. Onlardan ən mühümləri aşağıdakılardır:
1. “Əs-sünnə”; (Əhməd ibn Hənbəl, 161-241h.q.) Hənbəli məzhəbinin rəisidir.
Əhməd ibn Hənbəl əhli-hədis firqəsinin ən tanınmış şəxsiyyəti hesab olunur. Bu firqəyə “hənabilə” də deyilir. “Əs-sünnə” kitabı həcminin az olmasına baxmayaraq, bu firqənin ən mühüm mənbələrindən sayılır. O, bu kitabda həmin firqənin etiqadi əsaslarını izah və şərh etmədən, dəlil-sübut gətirmədən bəyan etmişdir. Kitabın mühüm hissələrində belə oxuyuruq: “Bu (yəni kitabda qeyd olunanlar) Peyğəmbərin (s) səhabələrindən olan sünnə əhlinin, elm və kitab sahiblərinin məzhəbidir. Mən Hicaz, Şam və s. yerlərin alimlərinin bu əqidədə olduğunu gördüm. Hər kəs bu əqidə ilə müxalifət etsə, o üsullara və ya ona etiqad bəsləyənlərə irad tutsa, bidətçi hesab olunur. Belə bir şəxs müsəlman icmasından xaric olmuş, haqq və sünnə yolundan azmışdır.”
“Allah-taala Öz qəzavətini (hökmünü) bəndəsinə labüd etmişdir. Onlar ilahi qəzavü-qədərdən xaric olmazlar, Allahın onlar üçün müqəddər etdiyi təqdir əsasında seyr edərlər. Bu da Allah-taalanın ədalətidir.”
“Zina, oğurluq, şərab içmək, nahaq yerə adam öldürmək, haram mal yemək, Allaha şərik qoşmaq və ümumiyyətlə, bütün günahlar bəndələrdən heç birinin Allaha qarşı dəlili olmadan, Onun qəzavü-qədərinə bağlıdır və bəndələrə olan yetərli dəlil, yalnız Allaha məxsusdur.”
“Hər kəs oğurluq, şərab içmək, haram mal yemək və sairənin ilahi qəzavü-qədər əsasında olmasını güman etsə, insanın başqasının ruzisini yeməyə qadir olmasını güman etmiş olur və bu, məcusların əqidəsidir. Halbuki Allah-taala Özü belə müqəddər etmiş və onun bu yolla (haram yolla) ruzi qazanmasına hökm etmişdir.”
“Biz qiblə əhlindən olan heç bir kəsin əməlinin cəzasına görə, yaxud mürtəkib olduğu böyük günahlara görə cəhənnəm əhli olmasına şəhadət vermirik. Bu barədə yalnız hədisdə qeyd olunanlar istisna olunur və belə olan surətdə yalnız onların cəhənnəm əhli olmasına şəhadət verərik.”
“Qüreyş qəbiləsindən iki nəfər qalsa belə, xilafət onlara məxsusdur və heç kəsin bu barədə onlarla çəkişməyə, onların əleyhinə qiyam etməyə və ya xilafətə başqasını layiq bilməyə haqqı yoxdur.”
“Sədəqə, vergi və qənimətlərin əmirlərə və valilərə verilməsi vacibdir, istər onlar ədalətlə rəftar etsinlər, istərsə də zülmlə. Müsəlmanların rəhbərinə itaət etmək də belədir. Deməli, heç vaxt ona itaət etməkdən boyun qaçıra və ya onun əleyhinə qiyam edə bilməzsiniz. Soltanın əleyhinə qiyam etmək olmaz, əksinə ona müti olmalısınız. Əgər soltan sizi Allahın haram buyurduğu işlərə əmr etsə, ona itaət etməyin, lakin onun əleyhinə qiyam etmək düzgün deyildir və heç kəs onu öz haqqından məhrum edə bilməz.”
“Allah eşidəndir, heç vaxt tərəddüd etməz; görəndir, heç vaxt səhv etməz; alimdir, heç vaxt cahil olmaz; bəxşiş edəndir, heç vaxt paxıllıq etməz; helmlidir, heç vaxt tələsməz. O, rəhm edər, əfv edər, bağışlayar və hər gecə dünya asimanına nazil olar və özü də istədiyi kimi nazil olar.
“Leysə kəmislihi şəyun və huvəs-səmiul-bəsir.” (Ona bənzər bir şey yoxdur.O (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir.) (“Şura” surəsi, ayə: 11)
“Bəndələrin qəlbləri Allahın iki barmağı arasındadır ki, onları istədiyi şəkildə tutar.”
2. “Əl-əqaidut-təhaviyyə”; (Şeyx Əbu Cəfər Təhavi Misri. h.q.321.)
Bu kitabda əhli-hədisin 105 əqidəvi əsası qeyd olunmuşdur. O, iddia edir ki, bu əsaslar əhli-sünnətin və müsəlman icmasının ümumi əqidəsidir və Əbu Hənifə Nöman ibn Sabit, Əbu Yusif Yəqub ibn İbrahim Ənsari və Əbu Əbdillah Məhəmməd ibn Şeybani kimi fəqihlərin nəzərlərinin tam əksinədir.
3. “Əl-ibanətu ən üsulid-diyanə”; (Şeyx Əbülhəsən Əli ibn İsmail Əşəri. 260-324. h.q. (yaxud 330. h.q.).
Əbülhəsən Əşəri 40 yaşında ikən mötəzilə firqəsindən uzaqlaşıb, əhli-hədis məzhəbinə üz gətirdikdən sonra bu kitabı yazmışdır. Həmin kitabda əhli-hədisin 51 əqidəvi əsası qeydə alınmışdır. Əşərinin nəzərlərindən bəzisi aşağıda qeyd olunanlardan ibarətdir:
“Biz Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə, Allah tərəfindən nazil olanlara və mötəbər ravilərin Rəsuli-Əkrəmdən (s) nəql etdiklərinə iman gətirmişik və bunlardan heç birini rədd etmirik.”
“Biz iqrar edirik ki, behişt və cəhənnəm haqdır, qiyamət günü gələcək və onda heç bir şəkk-şübhə yoxdur.”
“İnanırıq ki, Allah Öz ərşində qərar tapmışdır. Bu barədə “Taha” surəsinin 5-ci ayəsinə əsaslanırıq.”
“Allahın üzü vardır, lakin onun xüsusiyyəti məlum deyildir. Bu barədə “Ər-rəhman” surəsinin 27-ci ayəsinə əsaslanırıq.”
“Allahın iki əli vardır, lakin onun xüsusiyyəti məlum deyildir. Bu barədə “Maidə” surəsinin 64-cü ayəsinə əsaslanırıq.”
“Allahın gözü vardır, lakin onun xüsusiyyəti məlum deyildir. Bu barədə “Qəmər” surəsinin 14-cü ayəsinə əsaslanırıq.”
“İqrar edirik ki, xeyir və şər ilahi qəzavü-qədər ilədir və biz Allahın qəzavü-qədərinə inanırıq, istər xeyir olsun, istərsə də şər, istər şirin olsun, istərsə də acı. Bunu da bilirik ki, (xeyirdən, yaxud şərdən) bizə çatmayanlar (bizə) müqəddər olmamışdır, bizə çatanların isə dəf edilməsi mümkün deyildir. Bəndələr özlərinə qarşı, Allahın istədiyindən başqa, heç bir fayda və ziyana malik deyillər, lakin onun xüsusiyyəti məlum deyildir. Bu barədə “Əraf” surəsinin 118-ci ayəsinə əsaslanırıq.”
“Biz bütün işlərdə Allaha pənah aparır və bütün vəziyyətlərdə öz ehtiyac və fəqirliyimizi bəyan edirik.”
4. “Məqalatul-islamiyyin vəxtilaful müsəllin”, Əbülhəsən Əşəri; O bu kitabda İslam firqələrinin əqidə və rəylərini bir yerə toplamışdır. Bu kitabın bir hissəsində əhli-hədisin əqidələri nəql olunmuşdur, lakin onların “İbanə” kitabındakı mətləblərlə çox da fərqi yoxdur.
5. “Ət-tənbihu vər-rəddu”, Əbülhüseyn Məhəmməd ibn Məlti Şafei. 377. h.q.; bu kitabda əhli-hədisin 15 etiqadi əsası qeyd olunmuşdur.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev
Ardı var ...

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!