DİNİ CƏMİYYƏTLƏRDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ - 3

:

“MİLƏL VƏ NİHƏL” ELMİ

“Miləl” – ərəbcə “millət” sözünün cəm forması olub təriqət, şəriət və din mənasını ifadə edir. Dini terminologiyada isə, Allah-taalanın peyğəmbərlərin vasitəsi ilə Öz bəndələrini hidayət etmək üçün göndərdiyi şəriətlər, qayda-qanunlar və sünnələr mənasındadır ki, onların vasitəsi ilə ilahi hədəflərə nail olsunlar.

Məhz buna əsasən, “millət” sözü həmişə şəriət gətirən bir peyğəmbərin adına “izafət” (əlavə) şəklində qoşulur. Məsələn, “milləti-İbrahim (ə)”, “milləti-Mühəmməd (s)”. Qurani-Kərimdə də “Millətə əbikum İbrahimə” (“Həcc” surəsi, ayə: 78) ifadəsi gəlmişdir.

“Millət” sözü birbaşa “Allah” sözünə əlavə olunmur; məsələn, “millətullah” (Allahın milləti) deyilmir. Sonralar bu ifadənin mənası ümumiləşdirilərək batil millətlərə də aid edilmişdir.

“Nihəl” sözü də “nihlət” sözünün cəm forması olub dava, iddia mənasını daşıyır. (İstər haqq olsun, istərsə də batil.) Buna əsasən, “miləl və nihəl” elminin tərifini aşağıdakı kimi vermək olar: 

“Haqq və ya batil olmasından asılı olmayaraq, etiqadi şəriətləri və onun yollarını araşdıran elmə “miləl və nihəl” elmi deyilir.”

Yaxud belə demək olar:

“Haqq və ya batil olmasından asılı olmayaraq, xalqın bir qrupunun əqidəli olduğu dini və etiqadi əsasları araşdıran elmə “miləl və nihəl”elmi deyilir.”

“MİLƏL VƏ NİHƏL” ELMİNİN MƏNBƏLƏRİNDƏN BƏZİLƏRİ

Qədim “miləl və nihəl”elminin İslam alimləri tərəfindən qəbul olunan və istinad edilən mənbələrinin ən mühümləri aşağıdakılardan ibarətdir:

1. “Əl-ədyanu vəl-firəq”, Seyid Abdullah ibn Musa ibn Əhməd ibn Məhəmməd ibn Musa Kazim (ə);

2. “Əvailul-məqalat fil-məzahibil muxtarat”, Şeyx Müfid Məhəmməd ibn Məhəmməd ibn Nöman Əkbəri, h.q.413;

3. “Bəyanul-ədyan”, Əbül-Muali Məhəmməd ibn Əbid ibn Əli, h.q.485;

4. “Təbsirətul-əvamm fi-mərifəti məqalatil-imam”, Seyid Mürtəza ibn Dai əl-Həsəni ər-Razi;

5. “Məqalatul-islamiyyin vəxtilaful-müsəllin”, Əbülhəsən Əşəri, h.q.324;

6. “Əl-fərqu beynəl-firəq və bəyanul-firqətin-naciyyəti minhum”, Əbu Mənsur Əbdül-Qahir Əşəri Bağdadi. h.q.429;

7. “Əl-miləlu vən-nihəl”, İbn Furək Cəmaləddin Əhməd ibn Məhəmməd İsfəhani. h.q.451;

8. “Əl-fəslu fil-miləli vəl-əhvai vən-nihəl”, İbn Həzm Zahiri. h.q.456;

9. “Ət-təbsiru fid-dini və təmyizil-firqətin-naciyəti minəl halikin”, Əbu Müzəffər Zahir ibn Məhəmməd İsfirayini. h.q.471;

10. “Firəquş-şiəti”, Əbu Məhəmməd Həsən ibn Musa Novbəxti. h.q.300;

11. “Əl-miləli vən-nihəl”, Qazi Əbu Bəkr Məhəmməd ibn Təyyib Baqilani;

12. “Əl-miləli vən-nihəl”, Məhəmməd ibn Əbdülkərim Şəhristani. h.q.548;

Müasir dövrdə də bu barədə çoxlu kitablar qələmə alınmışdır ki, onların bəzilərini qeyd edirik:

1. “Tarixul-məzahibil-islamiyyə”, Məhəmməd Əhməd Əbu Zöhrə, “Əl-əzhər” universitetinin müəllimi;

2. “Bühusun fil-miləli vən-nihəl”, Cəfər Sübhani, Qum Elmi Hövzəsinin ustadı;

3. “Məzahibul-islamiyyin”, Əbdürrəhman Bədəvi;

4. “Əl-miləlu vən-nihəl”, Rəşid Yasimi.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq

Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: MƏQALƏLƏR, DİNLƏR VƏ MƏZHƏBLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!