DİNİ CƏMİYYƏTLƏRDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ - 2

:

3.ŞƏXSİ MƏNAFELƏR VƏ MƏQSƏDLƏR

Tarixdə göstərilir ki, xalqın dini etiqadları daimi olaraq, qüdrət və sərvət sahibləri tərəfindən sui-istifadələrə məruz qalmış, qazanc axtaranların əlində bir alət kimi istifadə edilmişdir.

Dinin bünövrəsi qoyulan zaman qüdrət sahibləri peyğəmbərlərin dəvətinin qarşısını almaq üçün apardıqları mübarizənin müsbət nəticə vermədiyini gördükdə, öz həqiqi niyyətlərini dindarlıq pərdəsi altında gizlədərək, dini ayinləri daxildən təhrif edərək gözdən salmağa çalışmışlar. Onlar məkrli planlarla dini prinsipləri ürəkləri istəyən kimi təfsir və təhrif etmiş, səmavi əqidələri ləkələmək üçün səy göstərmişlər. İlahi peyğəmbərlər dünyadan getdikdən sonra da, bəzi şəxslər mütəmadi olaraq dini öz nəfsani istəkləri, şəxsi və dünyəvi maraqları əsasında təhlil etməyə, camaata onun məhz təhrif olunmuş simasını göstərməyə çalışmışlar.

Şəxsi, irqi, yaxud sinfi mənafelər xatirinə həqiqi dinləri dəyişdirib, onları öz bildiyi kimi izah edən şəxslərdən əlavə, həmin hədəflə din və məzhəb yaratmağa çalışan başqa qruplar da vardır. Bunlardan biri də dünya ağalığına can atan imperialist və istismarçı qüvvələrdir. Onlar tarix boyu insanları əsarət altına almaq, onların mal-dövlət və sərvətlərini qarət etmək üçün dəfələrlə camaatın məlumatsızlığından və sadəlövhlüyündən istifadə edərək, onları özlərinin quraşdırdığı saxta etiqadlara doğru sövq etdirmişlər.

4. AZĞINLIQLARIN YENİ CİLVƏSİ

Dinin təsis olunduğu vaxtdan uzun müddət keçdikdən, habelə din barəsində müxtəlif təfsir və nəzərlər irəli sürüldükdən sonra, ictimai dəyişikliklərin doğurduğu zərurət olaraq, dinə yenidən baxış üçün şərait yaranır. Din alimləri və dindarlar mövcud təfsirlərə şəkk-şübhə ilə yanaşaraq, dini məsələlərdə təhrif və azğınlıqların baş verməsi ehtimalını bəhanə gətirərək, onun barəsində yenidən nəzər verilməsini istəmişlər. Dində islahat aparmaq məqsədilə yenidən fikir irəli sürülməsinin özü də yeni-yeni firqə və məzhəblərin yaranmasına səbəb olur. Qeyd olunan amilin təsirinə xristianlıqda meydana gələn provaslav məzhəbini misal göstərmək olar.

Din və məktəb ardıcılları yuxarıdakı şərait və amillərin mövcud olmasına diqqət yetirməklə, dində parçalanmanı bir növ real gerçəklik kimi qiymətləndirirlər. Amma onların hər biri sair firqə ardıcıllarının batil və səhv yolda olduğunu və yalnız öz məzhəblərinin haqq-həqiqət olduğunu hesab edirlər. Məhz bu məsələ müxtəlif firqələr arasında mübahisə və dialoqların yaranmasına, onlardan hər birinin qarşı tərəfə qələbə çalmaq üçün daha güclü sübutlar axtarmasına səbəb olmuşdur.

Bundan əlavə, bəzi tədqiqatçılar öz etiqadi mövzularına diqqət yetirmədən din və məzhəblərdə parçalanmanın tarixi köklərini, eləcə də onun cəmiyyətşünaslıq nöqteyi-nəzərindən yaranma səbəblərini araşdırmaq istəyirlər. Bu iki növ səy və maraq (firqə ardıcıllarının özlərinin haqq olmasını isbat etmək cəhdi və tədqiqatçıların sırf elmi nöqteyi-nəzərdən təfriqə amillərini araşdırması) “kəlam” və “miləl-nihəl” adlı iki müxtəlif elmin yaranmasına səbəb olmuşdur.

Kəlam elmi din və məzhəblərin əqidə əsasları haqda olan dəlil və sübutların araşdırılmasından bəhs edir. Hər bir din və məzhəbin kəlam alimləri (teoloqları) “bürhan” və “cədəl” üslubundan istifadə edərək, öz əqidələrinin haqq, başqa məzhəblərin isə batil olmasını sübut etməyə çalışırlar. “Miləl və nihəl” elmi də əsasən din və məzhəblərin necə yaranıb formalaşmasının tarixini araşdırır, onlar arasında müqayisəli araşdırmalar aparır. Buna görə də, əsil mövzulara başlamazdan əvvəl, həmin elmi xülasə şəkildə şərh edəcək və bu sahənin mühüm mənbələrindən bəzilərini sadalayacağıq.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq

Tərcümə edən: A. Mehdiyev

Ardını buradan oxuyun

 

Tags: MƏQALƏLƏR, DİNLƏR VƏ MƏZHƏBLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!