ƏHLİ-HƏDİS MƏZHƏBİ - 5

:

4. XƏLİFƏLƏRİN XİLAFƏTİNƏ İMAN
Əhli-hədisin əqidəsində qabarıq şəkildə göstərilən dördüncü məsələ xəlifələrin xilafətinə iman məsələsidir. Əhməd ibn Hənbəl özünün “Əs-sünnə” kitabında qeyd etmişdir ki, Peyğəmbərdən sonra ümmətin ən yaxşı şəxsləri Əbu Bəkr, ondan sonra Ömər, sonra Osman və ondan sonra Əlidir ki, bunlar hidayətçi “raşid” xəlifələrdir.

Əbülhəsən Əşəri də “Əl-ibanə” kitabında yazmışdır: “Biz inanırıq ki, Peyğəmbərdən (s) sonra ən yaxşı rəhbər Əbu Bəkrdir. Həqiqətən, Allah onun vasitəsilə Öz dininə izzət əta etdi və onu ümmət üçün imam seçdi. Rəsuli-Əkrəm (s) onu namaz üçün imam seçmişdi, camaat da onu Peyğəmbərin xəlifəsi kimi qəbul etmişdi. Ondan sonra ən fəzilətli şəxs Ömər ibn Xəttab, ondan sonra Osman ibn Əfvandır. Onu zülmlə öldürmüşlər. Osmandan sonra isə Əli ibn Əbu Talibdir. Bu dörd nəfər Rəsuli-Əkrəmdən (s) sonra ümmətin rəhbərləridir və onların xilafəti nübüvvət və peyğəmbərliyin canişi hesab olunur.

Tənqid və araşdirmalar:
Bu sözlərdən belə nəticə alınır ki, əhli-hədis və onların ardıcılları olan əşərilərin etiqadı aşağıdakılardır:
1. Dörd xəlifənin xilafətini (haqq olmasını) iqrar etmək imanın bir hissəsi sayılır.
2. İmamət və xilafət nübüvvət və peyğəmbərlik səviyyəsindədir.
3. Raşidi xəlifələrin fəziləti onların xilafətlərinin tərtibi ilədir.

Bu nəzəri araşdırıb dəyərləndirməklə bir neçə sual yaranır:
1. Aşağıdakı məsələlərə diqqət yetirməklə, necə ola bilər ki, dörd xəlifənin xilafətinə etiqad bəsləmək imanın bir hissəsi sayılsın? Əvvəla, sünni alimləri, hədisçılər və tarixçilər bilirlər ki, nə vəhy kəlamında, nə də Rəsuli-Əkrəmin (s) bəyanında xəlifələrin xilafətinə dair aşkar bir göstəriş yoxdur. Məlum məsələdir ki, camaatın özü Peyğəmbərin (s) vəfatından sonra ümmətin icması (rəy birliyi) ilə Əbu Bəkrə beyət etdilər, ikinci xəlifə də Əbu Bəkr tərəfindən seçildi, üçüncü xəlifə şuranın rəyi ilə, dördüncü xəlifə isə camaatın rəy və beyəti ilə xilafətə çatdı. Buna görə də, xəlifələrin xilafətinə aşkar bir dəlil (nəss) yoxdur. Belə bir halda, din və şəriət qanunlarının təsis edildiyi zamanda üsuli-dinin bir hissəsi olmayan və yalnız camaat tərəfindən təyin olunan ümmətə rəhbərlik vəzifəsinin sonradan dininin bir hissəsi olması necə mümkün ola bilər?! İkincisi, sünni alimlərinin əksəriyyəti imaməti üsuli-dindən deyil, fürui-dindən sayırlar. O cümlədən, imam Qəzzali deyir: “Bilmək lazımdır ki, imamət məsələsi dinin mühüm və ya əqli əsasları deyil, fiqhi məsələlər sırasındadır”. (“Əl-iqtisadu fil- etiqad”) Seyfəddin Amudi də belə deyir: “Bilmək lazımdır ki, imamət barəsində olan bəhslər üsuli-dindən deyildir. Bu məsələ gündəlik qarşıya çıxan işlərdən də deyil ki, insanlar ondan üz döndərə bilməsinlər...” (“Ğayətul-məram fi elmil-kəlam”) Buna əsasən, fiqhi məsələlərin qollarından sayılan bir məsələ necə ola bilər ki, Peyğəmbər (s) şəriətinə iman gətirməyin ayrılmaz bir hissəsi hesab olsun və onun inkar edilməsi dindən xaric olmağa səbəb olsun?! Üçüncüsü, əgər xəlifələrin xilafətinə iman gətirməyi dinin bir hissəsi hesab etsək, onda Peyğəmbər (s) səhabələrinin və müsəlmanlardan bir çoxunun dindən çıxmasını qəbul etməliyik. Çünki Əbu Bəkr xilafətə seçildiyi zaman bir dəstə müsəlman müxalifət etdilər, həmçinin ikinci, üçüncü və dördüncü xəlifə seçilən zaman digər bir qrup kəskin mübarizəyə başladılar. Halbuki əvvəldə qeyd etdik ki, əhli-hədis bütün səhabələrin ədalətli olmasına inanır və onların fəzilətinin inkar olunmasını dindən çıxmaq kimi qələmə verir.
2. Əhli-hədis bir tərəfdən xilafət və imaməti nübüvvət və peyğəmbərliyin canişini kimi qələmə verir, digər tərəfdən də xəlifələrin yalnız dörd nəfərdən ibarət olduqlarını bildirirlər. Burada belə bir sual yaranır ki, əgər imamət də nübüvvət və onun canişini məqamındadırsa, necə olur ki, Peyğəmbərin (s) vəfatından sonra yalnız dörd nəfər xilafətə çatır və Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) şəhid olması ilə sona yetir?! Görəsən, xilafət və imamət Peyğəmbərdən (s) sonra yalnız 30 il lazım idimi və ondan sonra camaatın imama ehtiyacı yoxdurmu?!
3. Raşidi xəlifələrinin fəziləti ilə onların sıra və tərtiblə xilafətə seçilməsi arasında nə kimi əlaqə və bağlılıq vardır? Əgər fəzilət və üstünlük meyarı İslamı daha tez qəbul etmək olsaydı, onda tarixi gerçəkliklər digər bir tərtibatın təşkilini üzə çıxarardı. Əgər Peyğəmbəri-Əkrəmin (s) xəlifələrin fəzilətinə və daha üstün olmasına dair şəhadət verməsi, onları hörmət və təriflə yad etməsi meyar olsaydı, onda o həzrətin hədislərinə müraciət etməklə anlamaq olar ki, həqiqət tam ayrı bir şeydir; onlar haqda buyrulan sifətlər, imtiyazlar və işlər tamamilə fərqlidir. Bu dəfə də tamamilə başqa bir cədvəl tərtib etmək lazımdır. Buna əsasən, əgər “raşidi xəlifələrinin əfzəl olması, onların xilafətə təyin olunma tərtibi əsasındandır” – sözünün meyarı səhabələrin şəhadət və rəyi olsaydı, belə bir hadisəni də tarixdən əldə etmək mümkün olmazdı.
Çünki əvvəla, ikinci və üçüncü xəlifə bütün səhabələrin rəy və şəhadəti ilə seçilməmişdir. İkinci xəlifə birinci xəlifə tərəfindən seçilib, üçüncü xəlifə isə altı nəfərlik şura tərəfindən müəyyən olunmuşdur. İkincisi, birinci və dördüncü xəlifənin seçilməsi zamanı da müsəlmanlardan və səhabələrdən bir dəstəsi həm seçki zamanı, həm də ondan sonra müxalifət etmişdilər. Ümumiyyətlə, camaatın xüsusi bir şəxsə üz gətirib onu xilafət məqamına seçməsi, əmir olmaq və s. şeylər labüd olaraq, onun üstün olmasına dəlil ola bilməz. İslam alimlərindən bir çoxu müxtəlif dövrlərdə yuxarıda qeyd olunan tərtibi onların əfzəl olmasını isbat etmək üçün dəlil hesab etməmişlər. (İbn Əbil-Hədidin “Nəhcül-bəlağə”nin şərhindəki müqəddiməsinə müraciət edin)

5. SOLTANLARA VƏ PADŞAHLARA İTAƏT ETMƏK
Əhli-hədisin beşinci əqidəsi heç bir qeyd və şərt olmadan soltan və hakimlərə itaət etməyin vacibliyidir, istər həmin soltan ədalətli olsun, istərsə də zülmkar. Hər bir halda, soltanın əleyhinə qiyam etmək qadağan və haramdır. Hər kəs bundan başqa etiqada malik olsa, bidətçi və haqq yolundan çıxmış hesab olunur. Belə ki, Əhməd ibn Hənbəl “Əs-sünnə” risaləsində belə yazır: Sədəqə, vergi, xərac və qənimətlərin əmirlərə verilməsi (vacibdir), istər ondan ədalət yolunda istifadə etsin, istərsə də zülm yolunda. Həmçinin Allah-taalanın sizin işlərinizə rəhbər təyin etdiyi hər bir şəxsin qarşısında təslim olmağınız vacibdir. Ona itaət etməkdən imtina etməməlisiniz, onun əleyhinə silahlı mübarizə aparmamalısınız. Allah sizə firavanlıq versin. Soltanın əleyhinə qiyam etməyin, əksinə onun əmrlərinə müti olun. Əgər soltan sizi Allaha qarşı məsiyət və günah sayılan bir şeyə əmr etsə, ona itaət etməyin; belə bir halda da, onun əleyhinə qiyam etməyə vəzifəli deyilsiniz və onu öz haqqından çəkindirə bilməzsiniz. Heç bir fitnədə əlinlə və dilinlə kömək etmə, əksinə əlinə, dilinə və şəxsi meyllərinə nəzarət etməlisən; Allah sənin köməyindir.”

Tənqid və araşdirmalar:
Bu mövzunu araşdırarkən qarşıya çıxan ən mühüm məsələ bundan ibarətdir ki, bu əqidənin dəlili nədir və onu isbat etmək üçün hansı əsaslardan istifadə olunur?
Əhli-hədis bu əqidəni doğrultmaq üçün Peyğəmbəri-Əkrəmə (s) istinad edilən hədislərə əsaslanırlar. Belə ki, həmin hədislərdə müsəlmanların rəhbərinin və soltanların əleyhinə qiyam etmək qadağan olunmuşdur.
O cümlədən, həzrət Peyğəmbər buyurmuşdur: “Hər kəs öz rəhbərindən batil bir iş baş verdiyini görsə, səbir etməlidir, çünki hər kəs hətta bir qarış qədər olsa belə, soltanın əleyhinə qiyam etsə və həmin halda ölsə, cahiliyyətdə ölmüş kimidir.”
Amma əvvəla, qeyd etmək lazımdır ki, görəsən, bu kimi hədisləri, Allah bəndələrini zalımlara arxalanmaq və onlara itaət etməkdən çəkindirən çoxlu Quran ayələri ilə necə izah etmək olar? Bu barədə Qurani-Kərimin “Şuəra” surəsinin 151-ci, “Qələm” surəsinin 8 və 10-cu, “Kəhf” surəsinin 28-ci, “Hud” surəsinin 113-cü və “Əhzab” surəsinin 66-67-ci ayələrinə müraciət edə bilərsiniz.
İkincisi, Peyğəmbərdən (s) zalım soltanlara itaət etməyin qadağan olunması barədə çoxlu rəvayətlər nəql olunmuşdur və bunlar da əhli-hədisin istinad etdikləri hədislərlə ziddiyyət təşkil edir. O cümlədən, həzrət Peyğəmbər buyurmuşdur: “Qulaq asın! Məndən sonra bəzi əmirlər gələcəkdir ki, hər kəs onlara varid olsa, onların yalanını təsdiq etsə, yaxud onların zülmündə yardımçı olsa, məndən deyil, mən də onlardan deyiləm. Onlar “Kövsər” hovuzunun kənarında mənim yanıma gələ bilməzlər.” (“Camiul-üsul”, 4-cü cild)

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!