ƏHMƏDİYYƏ FİRQƏSİ QULAM ƏHMƏDDƏN SONRA

:

Qulam Əhməd vəfat etdikdən sonra onun sadiq tərəfdarlarından olan Həkim Nurəddin Bəhirəvi Məsihin ilk xəlifəsi seçildi və ondan sonra bu məqama Qulam Əhmədin 25 yaşlı oğlu Mirzə Bəşirəddin Mahmud təyin olundu.

O bütün aləmə hakim olduğunu iddia edərək deyirdi: “Mən yalnız Qadiyaniyyə və Hind xəlifəsi deyiləm, mən qayıdacağına vədə verilmiş Məsihin xəlifəsiyəm... Mənim səltənətim bütün aləmə şamildir.”

İkinci xəlifənin rəhbərlik dövründə Qadiyaniyyə ardıcılları arasında təfriqə yarandı və onlar iki hissəyə bölündülər. Əksəriyyəti təşkil edən birinci dəstə Bəşirəddinin rəhbərliyinə sadiq qalaraq onunla birlikdə Qadiyanın 144 kilometrliyində yerləşən Lahur şəhərinə doğru hərəkət etdilər və orada Rəbvə şəhərinin təməlini qoyaraq oranı özlərinə mərkəzi iqamətgah seçdilər. Onlar rəhbərlərinə sadiq qalaraq Qulam Əhməd və onun xəlifəsinin Məsih və imam Zaman Mehdi olmaq iddialarına təkid edirdilər. Məşvərət məclisi adlı şura təsis edildi və orada xəlifənin nəzarəti altında firqənin maliyyə, əqidəvi, mədəni və təbliğat işlərinə baxılmağa başlandı. Firqənin davamçıları gəlirlərinin dörddə birini yardım məqsədilə məşvərət şurasına təhvil verməli idilər.

İkinci dəstə Bəşirəddinin rəhbərliyindən imtina edərək Mövləvi Məhəmməd Əlini özlərinə rəhbər seçərək Lahurda məskunlaşdılar. Bu səbəbdən də, onlara Lahuriyyə deyilirdi. Onlar Əhməd Qulamın imam Zaman və peyğəmbərlik iddiasını təkzib edərək belə bir əqidədə olmuşlar ki, o, heç vaxt belə bir fikir irəli sürməmişdir. Sadəcə olaraq dində islahatlar apararaq İslam dininə daxil olmuş bidətləri aradan çıxarmaq istəmişdir. Lahuriyyə “məşvərət məclisinə” oxşar “İslam yayım birliyini” təsis etməklə öz əqidələrini təbliğ etməyə başlayır. Onlar özlərinin müsəlman və Peyğəmbər (s) davamçıları olduqlarını israr etmiş və Quranın (əlbəttə, öz əqidələrinə müvafiq olaraq) təbliğ olunmasında böyük səylər göstərmişlər.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq

Tərcümə edən: Ağabala Mehdiyev

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!