HƏZRƏT MUHƏMMƏD (S) TÖVRAT VƏ İNCİLDƏ

:

İlahi dinlərdə “peyğəmbərlik” iddiasında olan şəxsin peyğəmbərliyini isbat edən yollardan biri də özündən öncəki peyğəmbərlərin onun barəsində müjdə verməsidir. Müsəlmanlar da həmçinin, başqa ilahi dinlərin davamçıları kimi bu yolla tam razılaşmışlar. Həzrət Musanın (ə) və Həzrət İsanın (ə) İslam peyğəmbərinin gəlişini öncədən müjdə verməsi fikri müsəlmanlar arasında bir həqiqətdir. Bunu isbat etmək üçün Qurani-Kərimin ayələrini göstərirlər. Buna görə də tarix boyu İslam tədqiqatçıları çalışıb ki, bu xəbərin aşkar nümunələrini Qurani-Kərimdən ələ gətirsinlər. Həmin nümunələrin bir neçəsini həm Qurani-Kərimə, həm Tövrat, həm də İncilə əsaslanaraq əziz oxucuların nəzərinə çatdırırıq.

Qurani-Kərimdə belə buyurulur:
“Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!” (Ənam surəsi, 20-ci ayə)
Bu ayəyə əsasən İslam peyğəmbərinin (s) zamanında yaşayan kitab əhli o Həzrəti (s) öz övladlarını tanıdığı kimi tanıyırlarmış.
Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma! (Ənam surəsi, 114-cü ayə)
Gördüyünüz kimi bu ayə də onu göstərir ki, yəhudilər və xristianlar Qurani-Kərimin haqq olduğunu bilirlər.
Yuxarıda bəhs olunan ayələrə ciddi diqqət yetirilsə, tam aydın olar ki, kitab əhli ancaq İslam peyğəmbərini (s) tanıyıb və Qurani-Kərimi haqq bilirmişlər. Hər iki ayədə onların kitablarına işarə olunmamışdır. Bir şeyə etiqad bəsləmək o demək deyil ki, mütləq o etiqadın mənbəsi müqəddəs kitabdır. Mümkündür bu inancın mənbəsi şifahi qanunlar olsun. (o inanclar ki, dildən-dilə, nəsildən-nəsilə keçərək yayılmışdır. Müqəddəs kitablarda onlardan xəbər yoxdu. Ondan müqədəs kitabın təfsiri kimi istifadə olunur. Təlmud adı ilə məşhurdur.) Bəlkə də kitab əhli Peyğəmbərin (s) sözünü eşidib, rəftar və möcüzəsini görməklə onun peyğəmbər olduğuna inanıblar. Beləliklə, bu iki ayədən həzrət Musanın (ə) və həzrət İsanın (ə) öz kitablarında İslam peyğəmbərinin (s) gəlişindən xəbər verdiyi başa düşülür.
Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməd (s) ) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər. (Səff surəsi, 6-cı ayə)
Bu ayədə söhbət həzrət İsa (ə) İslam peyğəmbərin (s) gəlişini Əhməd (s) adı ilə müjdə verməsindən gedir. Sözü gedən ayə bir çoxlarını bu səbəblə özünə cəlb etmişdir ki, mövcud İncildə bu kəlməni tapsınlar. Bu mövzuda bir sıra kitab və məqalə yazılmağa cəhd olunub.
“Farqolit” və yaxud “Barkolit” İncildə diqqəti ozünə cəlb edən bir kəlmədir. Yəhya incilinin (Yeni Əhd – İncilin əvvəl dörd fəsli dörd incildən ibarətdir: Matta incili, luka incili, Mark incili və Yəhya incili) nəqlinə görə həzrət İsa (ə) özündən sonra “Farqolit” in gəlişindən müjdə verib. Bu kəlmə yunan kəlməsidir ki, təsəlli verici mənasındadır. Xristianlar bu kəlməyə misal olaraq müqəddəs ruhu (Cəbrail və ya başqa bir mələk) göstərirlər. Lakin müsəlman tədqiqatçıları belə iddia edirlər ki, bu kəlmə əslində başqa formada olub. Xristianlar onun bir hərfini dəyişiblər. Onların fikrincə bu kəlmə əslində yunanca “Pariklitus” – Əhməd və Məhəmməd mənasında olub ki, onu “Pəraklitus” təsəlliverici mənasına dəyişiblər. Bu kəlmə məxsus ad olub, nəinki ümumi bir ünvan ola ki, təsəlliverici kimi tərcümə olunsun.
Belə nəzərə çarpır ki, İslam tədqiqatçılarının bu barədə olan səyləri nəinki nəticəsiz olacaq, əksinə İslam dünyası üçün böyük bir təhlükə yarada bilər. Çünki İslamdan əsrlər öncə xristianlıqda “Farqolit ” kəlməsi təsəlliverici mənasında işlədilib. Xristianlığın əvvəl dövrlərində bu kəlməni müqəddəs ruha aid edilib. Bu kəlmə ancaq Yəhya incilində gəlib. Lakin başqa incillərdə bu kəlmədən əsər-əlamət yoxdur.
Bu barədə bir neçə məqama işarə etmək yerinə düşər.
1.“Farqolit” kəlməsi elə bir incildə qeyd olunub ki, o incildə İslam etiqadlarına zidd olan baxışlar mövcuddur. Misal olaraq demək olar ki, yalnız bu incildə həzrət İsa (ə) Allahın oğlu və Allah kimi nümayiş etdirilib. Buna görə də İslamın bu incilə olan baxışı mənfidir.
Yəhya incili əvvəl üç incil ilə müqayisədə on illər sonra yazılıb. Halbuki ondan qabaq üç incil qələmə alınmışdır. Bu incillərin heç biri belə bir əqidədə deyil.
Mövcud incil yunan dilində yazılıb. Bir halda ki, həzrət İsa (ə) ibri-arami dilində danışırmış. Əgər həzrət İsa (ə) bu kəlməni ibri-arami dilində deyibsə, Yəhya incilini tərcümə edən şəxs o kəlməyə münasib olan kəlmə işlədib. Sözü gedən kəlmə “Pəriklitus” yunancadır. Halbuki bu kəlməni həzrət İsa (ə) ibri-arami dilində işlədib. Belə nəzərə gəlir ki, bu kəlmənin İslam peyğəmbəri (s) ilə heç bir əlaqəsi yoxdur. Amma bu kəlmənin Müqəddəs ruha aid olmağına dair dəlillər vardır.
Qayıtsaq əsl mövzuya, Qurani-Kərim “Səff” surəsinin 6-cı ayəsində İslam peyğəmbərinin (s) Əhməd adı ilə gəlişini həzrət İsanın (ə) dilindən müjdə olaraq nəql edir. Burada belə bir sual ortaya çıxır ki, görəsən həzrət İsa (ə) doğrudanda belə bir müjdə veribmi? Yaxud əgər belə bir müjdə veribsə mövcud incildə nəql olunubmu?
Yuxarıdakı mətləbdən mənfi cavab almaq olar. Belə olan halda Qurani-Kərimin iddiasının həqiqətlə uzlaşmadığı ortaya çıxır. Beləliklə, bu məsələ bir çoxlarında Qurani-Kərimə qarşı şübhə doğura bilər. Bu şübhənin cavabında deyə bilərik ki, düzdür Qurani-Kərimdə həzrət İsanın (ə) müjdə xəbəri qeyd olunub. Lakin ayədə deyilmir ki, həzrət İsanın (ə) bu müjdəsi mövcud incildə də yazılıb. Müsəlmanların etiqadına əsasən həzrət Muhəmmədin (s) söz və əməllərinin bir çoxu Qurani-Kərimdə nəql olunmayıb. Həmçinin yəhudilər də həzrət Musanın (ə) söz və əməllərinin hamısının Tövratda olmadığına etiraf ediblər. Buradan nəticə alırıq ki, mümkündür həzrət İsanın (ə) müjdə xəbəri də İncildə qeydə alınmasın.
Bundan əlavə şübhəyə belə bir cavab da verə bilərik. Təsəvvür edək ki, bu müjdə həqiqətən də həzrət İsanın (ə) səmavi kitabında nəql olunub. Burada belə bir sual ortaya çıxa bilər ki, məgər mövcud İncil elə həmin həzrət İsanın (ə) səmavi kitabıdır? Xristianlar bu suala mənfi cavab veriblər. Çünki, onların inancına görə həzrət İsaya (ə) kitab nazil olmayıb. Kitab bir vəhydir ki, peyğəmbərlərə nazil olur. Vəhy zamanı Allah-Taala Özünü insana aşkar edir. Həzrət İsaya (ə) da Allah-Taala özünü nümayiş etdirib. Beləliklə həzrət İsanın (ə) özü bir vəhy olduğu üçün ona kitab nazil olmasının bir mənası yoxdur. Onun söylədikləri və əməlləri insanların hidayəti üçün kifayət edir. Onun səylədiklərini və əməllərini Müqəddəs ruhun nəzarəti ilə başqaları İncil altında toplayıblar. Bu kitab həzrət İsaya (ə) nazil olmayıb, əslində onu başqaları yazıbdır. Lakin bu kitab Müqəddəs ruhun nəzarəti altında yazıldığına görə xristianlar arasında böyük etibar qazanıb. Müsəlmanlar Qurani-Kərimə əsaslanaraq mövcud incilin həzrət İsaya (ə) aid olmadığına inanırlar. Onların inancına görə həzrət İsaya (ə) İncil adında səmavi bir kitab nazil olub ki, hazırkı İncillə təmamilə fərqlidir. Çünki, həqiqi İncil, həzrət İsanın (ə) əli və bəşər fikrilə deyil Allah-Taala tərəfindən nazil olubdur. Buna görə də Qurani-Kərimdə olan həzrət İsanın (ə) dilindən nəql edilən müjdə, mövcud İncildə mənasız və nəticəsiz olacaq. Bu mövzunu İncildə axtarmaq nəinki nəticəsiz olacaq, üstəlik Qurani-Kərimin iddiası cavabsız qalıb, onun acizliyini nümayiş etdirə bilər. Elə buna görə də Qurani-Kərimin hər bir kəlmə və hərfinə ciddi diqqət yetirilməlidir. Çünki, Qurani-Kərimin hər bir kəlmə və hərfinin özünə məxsus fəsahət və bəlağəti vardır. Tövrat və İncildən nəql etdiyi hər bir şeyi mövcud kitablarda axtarmaq mənasız bir işdir.
“O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər, məhz onlar nicat tapanlardır!” (Əraf surəsi, 157-ci ayə).
Bu ayədə İslam peyğəmbərinin (s) bəzi nişanələri Tövrat və İncildə qeyd olunduğu deyilir.
Qurani-Kərimin bu və bunun kimi ayələrinin zahirindən belə çıxır ki, Tövrat adında bir kitab həzrət Musaya (ə) və İncil adında kitab isə həzrət İsaya (ə) nazil olub. Mövcud olan Tövrat və İncil Qurani-Kərimin sözünə qüvvətdir. Burada bir neçə sualla üzləşirik. O da budur ki, Qurani-Kərimin işarə etdiyi Tövrat və İncil elə həmin o kitabdır ki, hazırda yəhudilər və xristianların əlindədir? Yaxud mövcud olan o iki kitab elə həmin kitablardır ki, İslam Peyğəmbərinin (s) vaxtında da var idi?
Ayənin izahına söz açmadan əvvəl bir neçə nöqtəni açıqlamağı lazım bilirik.
Yəhudi qanunlarına əsasən həzrət İsa (ə), həzrət Musaya (ə) nazil olan Tövratı təsdiqləmişdir. Həmin qanunlara əsasən mövcud olan Tövrat elə həmin Tövratdır ki, həzrət Musaya (ə) nazil olmuşdur. Bəzi yəhudi tədqiqatçılarının fikrincə, mövcud olan Tövrat həzrət Musaya (ə) nazil olan Tövrat deyildir. Tövrat haqqında aparılan axtarışlar belə nəticələnib ki, mövcud Tövrat neçə əsrlər miladdan qabaq və neçə əsr isə həzrət Musadan (ə) sonra yazılıbdır.
İncil haqqında olan söhbət tamamilə başqadır. Necə ki, keçən bəhsdə bu mövzuya toxunduq. Xristianlar Allah-Taalanın həzrət İsada (ə) təcəssüm tapmasına inanırlar. Buna görə də, elə onun özü bir vəhydir deyirlər. Kitab və vəhy onun üçün mənasız bir işdir. Bəlkə mövcud İncil o Həzrətin (ə) söz və əməlləridir ki, Ruhul-qüdsün nəzarəti altında başqaları yazıb.
Sözümüz bundan ibarət idi ki,Qurani-Kərimin bəzi ayələrinə əsasən, o cümlədən “Əraf” surəsi, 157-ci ayəsinə əsasən tövrat və İncildə İslam peyğəmbərinə (s) bəzi nişanələr gəlmişdir. Bu ayədə elə bir kəslərdən söz açılıb ki, onlar Allah-taala tərəfindən göndərilmiş ummi (savadsız, dərs oxumamış) olan peyğəmbərlərdən itaət edirlər. Sözü gedən peyğəmbərlərin adı və nişanələri onların yanında Tövrat və İncildə yazılmışdır. Belə bir sual ortaya çıxır ki, görəsən doğrudan da İslam peyğəmbərinə aid olan nişanələr Peyğəmbərin (s) zamanında olan bu iki kitabda da qeyd olunmuşdurmu?
Qeyd etmək lazımdır ki, İslam Peyğəmbərinin (s) zamanında olan iki kitabın hazırkı kitablarla heç bir fərqi yoxdur.
Qədim Əhd (Tövrat) və Yeni Əhdə (İncil) nəzər saldıqda, İslam Peyğəmbərinə (s) aid olan nişanələr gözə çarpır. Burada ancaq bir neçə ayəni yad etməklə kifayətlənirik.
Tövrat, Təsniyə, 18-ci fəsil, 17-22-ci fəqərə:
“Bəni-İsrailə de: Mən (Allah) sonda onlar üçün öz qardaşı övladlarından sənə oxşar peyğəmbər göndərəcəyəm. Onun ağız və dodaqlarına öz sözlərimi qoyacağam (öz sözlərimi onun dili ilə ifadə edəcəyəm). Mən hər nə söyləsəm, hər nə desəm, o, da onu deyəcəkdir. Onu mənim adımdan söyləyəcəkdir. Onun mənim adımdan söyləyəcəyi sözləri eşitməyərək qəbul etməyən kəsləri, Mən taparam! (cəzalandıraram).”
Bir çox İslam alim və tədqiqatçılarının fikrinə əsasən, bu cümlələrdə işarə olunan “gələcək peyğəmbər” həzrət Muhəmməddir (s). Çünki yuxarıda işarə olunan “gələcək peyğəmbərin” nişanələrinin hamısını məhz onda tapmaq olar. Bu nişanələr aşağıdakılardan ibarətdir:
Yəhudilərin öz qardaşlarından olmalıdır.
Musaya (ə) oxşar olmalıdır.
Allah-Taala hər nə söyləsə, onu deməli, sözləri yalnız Allahın adı ilə söyləməlidir.
Birinci nişanə: Yəhudilərin öz qardaşı övladlarından olması.
İzah:
İsmayıl və İshaq bir atanın – Həzrət İbrahimin (ə) oğullarıdır. Yəhudilər Həzrət İshaqın övladları, ərəblər isə həzrət İsmailin (ə) övladlarıdır. Muhəmməd peyğəmbər (s) də Həzrət İsmayılın (ə) nəslindəndir. Deməli, yəhudilərin qardaşı övladlarından sayılır.
Həzrət Muhəmməd (s) peyğəmbər həzrət Yaqubun (ə) qardaşı Evesin övladlarındandır ki, İsmayıl (ə) peyğəmbərin qızı ilə evlənmişdir.
İkinci nişanə: Həzrət Musaya (ə) oxşaması
İzah:
Onlar ata-analı və adi doğuluşla dünyaya gəlmişlər. Amma İsa (ə) atasız və möcüzəli doğuluşla dünyaya gəlmişdir.
Nəhayət, Həzrət Musa (ə) və Həzrət Muhəmmədi (s) camaat qəbul etmiş, onları rəhbər seçmişlər. Lakin Həzrət İsanı (ə) qəbul etməmişlər.
Onlar evli olmuş, lakin həzrət İsa (ə) ömür boyu subay olmuşdur.
Həzrət Musa (ə) şəriət və kamil kitab gətirib. Bəni-İsrail peyğəmbərlərinin heç biri şəriət gətirdiyini iddia etməyib. İncilin yazdığına görə həzrət İsa (ə) şəriət və kitab gətirməyib, əksinə o, həzrət Musanın (ə) şəriətinin icra və islah edirdi. Lakin həzrət Muhəmməd (s) həzrət Musa (ə) kimi şəriət və kitab gətirmişdir. Deməli, həzrət Musaya (ə) oxşar peyğəmbər Muhəmməd (s) peyğəmbərdir.
Üçüncü nişanə: Allah-Taala hər nə söyləsə, onu deməli, sözləri yalnız Allahın adı ilə söyləməlidir.
İzah: Həzrət Muhəmmədə (s) peyğəmbərlik verilərkən o, heç bir təhsil görməmiş, hətta oxumağı-yazmağı belə bacarmayan bir şəxs idi. Elə bu səbəbdən də Həra dağında vəhy mələyi həzrət Cəbrail ona vəhy gətirərək “oxu” dedikdə o, “mən oxuya bilmirəm” cavabını verdi. Cəbrailin iki dəfə “oxu” deyə təkidindən sonra da o, eyni cavabı eşitdi: “Mən oxumağı bacarmıram”. Bunun ardınca Allah-Təala sonsuz qüdrətilə öz kəlamlarını Muhəmməd (s) peyğəmbərin qəlbinə qoyaraq, “Ələq” surəsinin, 1-5-ci ayələrini onun dili ilə söylədi: “Oxu! Allahın adı ilə oxu! Rəbbindir ən böyük kərəm sahibi. Yazmağı öyrətmiş....” və 23 il müddətində beləcə Tanrı Öz kəlamlarını onun qəlbinə yerləşdirərək, onun dili ilə ifadə etdi.
Hər kəsə məlumdur ki, İncildə ilahi vəhydən əsər-əlamət yoxdur. Hətta buradakı hikmətli sözlər də birbaşa Həzrət İsaya (ə) nisbət verilib. Amma Qurandakı ayələr, Tövratda işarə olunduğu kimi Allahın adı ilə başlayaraq, birbaşa Allaha nisbət verilir. Üçüncü nişanə də məhz buna işarə edir. Lakin xristianlar öz dini çıxışlarını tək olan Allahın adı ilə yox, “Ata, Oğul və Ruhul-qüds”ün adı ilə başlayırlar.
Yeni Əhd (İncil), Yəhya incili, 1-ci fəsil, 19-25-ci cümlələrdə belə yazılıb. (İxtisarla) “Yəhudilər Yəhyadan (ə) “sən kimsən?” deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri göndərdilər. Yəhyadan sən kimsən? Məsihsən? Soruşduqda o, dedi: “Mən Məsih deyiləm.” Ondan soruşdular: Bəs sən kimsən, İlyassan? O, dedi: “xeyr İlyas deyiləm.” Yenə də soruşdular: sən o peyğəmbərsənmi? Yəhya cavab verdi: ”xeyr” Onlar əsəbləşib Yəhyadan soruşdular: Əgər sən nə Məsih, nə İlyas, nə də “o peyğəmbər” deyilsənsə, bəs nə üçün vəftiz edirsən? ”

Həzrət Yəhya və həzrət İsa (ə) bir dövrdə yaşamış peyğəmbərlərdir. O, həzrət İsadan (ə) bir az əvvəl peyğəmbərlik məqamına yetişib. Həzrət Yəhya (ə) peyğəmbərliyə seçildikdə yuxarıda qeyd olunan hadisə baş verdi. İncilin bu cümlələrindən məlum olur ki, gözlənilən peyğəmbər Məsih deyil, əksinə tam başqa bir şəxsdir. Burada bir neçə mühüm məqamı qeyd etmək yerinə düşər. İncil kitabının təfsirçiləri “o peyğəmbər” kəlməsini həmin o peyğəmbər bilirlər ki, həzrət Musa (ə) Təsniyənin 18-ci fəsilində onun gəlişini vədə vermişdir.

“O peyğəmbər” yəhudilər arasında elə məşhur idi ki, qısa “o peyğəmbər” deməklə zehinlər gözlənilən peyğəmbərə yönəlirdi.
Həzrət Yəhyadan (ə) o peyğəmbərin barəsində soruşanlar adi insanlar deyidilər. Əksinə, Yerusəlimin kahinləri və seçilmiş yəhudiləri idi.
İlahi bir peyğəmbərin gözlənilməsi böyük bir məsələdir. Əgər onlar bu məsələdə səhvə yol versəydilər, həzrət Yəhya (ə) onları bu səhvdən çəkindirərdi. Necə ki, o Həzrətdən soruşulduqda ki, sən Məsihsən? Və yaxud o peyğımbərsən? Həzrət buyurdu: “Mən Məsih deyiləm”, “Mən o peyğəmbər deyiləm”. Əgər Məsih və o peyğəmbər eyni şəxs olsaydı Həzrət belə cavab verməzdi. Əksinə, deyərdi: Elə o peyğəmbər Məsihdir. Deməli, bir tək gözlənilən o peyğəmbərə İslam peyğəmbərinin (s) şəraiti uyğundur. Çünki sadalanan peyğəmbərlərdən sonra elə bir kəs yox idi ki, peyğəmbərlik iddiasında olsun. Beləliklə, həmin peyğəmbər məhz İslam peyğəmbəri ola bilərdi.
Qədim Əhdi və Yeni Əhdi araşdırdıqdan sonra belə nəticəyə gəlmək olar ki, mövcud Tövrat və İncildə İslam peyğəmbərinin (s) gəlişinə, onun nişanələri ilə müjdə verilmişdir. Tərcümə və əlavələr: Məmmədov Mahir

Tags: PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!