ƏŞRƏF-ül-ƏNBİYA (4)

:

ÜÇÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN

MÜNAFİQLƏRİN RƏFTARI 
Münafiqlər könüllü İslam əsgərlərinin səfərbər olduqları andan etibarən psixoloji müharibəyə başlayıb müxtəlif şayələrlə xalqı Rum əsgərlərindən qorxudurdu.

Münafiqlər zəhərli təbliğatlarını apara bilmək və xalqı cihadda iştirak etməkdən çəkindirmək üçün Zirar adlı bir məscid də tikdi. Lakin Peyğəmbərin qəti mövqeyi onların bütün hiylələrini puça çıxartdı.
Həzrət Peyğəmbərin əmrilə münafiqlərin yığıncaq mərkəzi olan Süveyləmin evi yerlə yeksan olundu, bununla da onların bütün planları nəticəsiz qaldı.

TƏBUKA DOĞRU
Otuz min döyüşçüdən ibarət misilsiz İslam ordusu hazırlandıqdan sonra Mədinə çölündə çadırlar quruldu.
Həzrət Peyğəmbər (s) başçılığl öz öhdəsinə aldı və ordunu təftiş etdikdən sonra əsgərlər üçün bir nitq söylədi.
Daha sonra Əlini (ə) Mədinədə öz canişini təyin edib Təbuka doğru yola düşdü. İslam ordusu çölün qızmar istisində 600 kilometr yol gedib Təbuka çatdıqda orada Rum ordusundan heç bir xəbər-ətərin olmadığını gördü. Onlar qəlbləri şəhidlik eşqilə yanan güclü İslam ordusunun hərəkət etməsindən xəbərdar olan kimi şimala tərəf geri çəkilmişdi.
İslam ordusu iyirmi gün gözlədikdən sonra heç bir toqquşma baş vermədən, Peyğəmbərin əmrilə Mədinəyə qayıtdı.

MÜNAFİQLƏRİN HİYLƏSİ
Təbukdan qayıdanda xalqdan qorxduqları üçün orduya qoşulan münafiqlərdən bir qrupu Təbukun dar keçidlərində gizləndi. Onlar gecənin qaranlığından istifadə edib Peyğəmbərimizin dəvəsini hürkdürək, Həzrəti dərəyə atıb öldürmək istəyirdi. Amma onların bu hiyləsi nəticəsiz qaldığı üçün qaçmağa məcbur oldular. İslam əsgərləri onları öldürmək istəyirdi, lakin Peyğəmbər bu işdə onlara mane oldu.
Həzrət Peyğəmbər (s) qayıdandan sonra Allahın əmrilə münafiqlərin mərkəzi olan Zirar məscidini uçurtdu.

MÜŞRİKLƏRDƏN BƏRAƏT
Hicri doqquzuncu ilin zilhəccə ayının onunda, həcc mərasimi əsnasında, müşriklər yenə də öz köhnə ənənələrinə sadiq qalıb bu mərasimdə iştirak etmişdi. Müşriklər haqqındakı surə nazil olan kimi Peyğəmbər (s) Allahın əmrilə həzrət Əliyə (ə) Məkkəyə gedib xalqa bu ayəni oxumağı buyurdu: “Bu ildən sonra heç bir müşrik həcc mərasiminə gəlməyəcək və heç bir çılpaq Kəbə ətrafında təvaf etməyəcək.” Həzrət Əli (ə) öz vəzifəsini yerinə yetirmək üçün Məkkəyə gəlib “müşriklərdən bəraət” surəsini Allahın evini ziyarət edənlərə oxuduqdan sonra Peyğəmbərin əmrini onlara bildirdi.

MÜBAHİLƏ
Həzrət Peyğəmbər (s) əhəmiyyətli ölkələrin başçılarına məktub göndərdikdən sonra Nəcran xristianlarının hakiminə də məktub yazaraq oranın xristianlarını İslama dəvət etdi. Həzrət (s) həmin məktubda onlardan ya İslama iman gətirmələrini ya da vergi verərək İslam hökumətinin himayəsi altında yaşamalarını istəmişdi.
Xristianların başçısı müqəddəs kitablarda oxumuşdu ki, həzrət İsadan sonra başqa bir peyğəmbər gələcək. Buna görə də həqiqəti öyrənmək üçün Mədinəyə bir neçə tədqiqatçı göndərdi. Onlar Mədinəyə gələndən sonra Peyğəmbərlə mübahisə etsələr də qane olmadı. Allah tərəfindən mələk nazil olub dedi ki, hər iki qrup qabaqcadan təyin olunmuş bir vaxtda çölə gedib Allaha yalvarsınlar və yalancı olan qrupa lənət oxusunlar.”
Mübahilə vaxtı gəlib çatdıqda Peyğəmbər (s) müsəlmanlar və qohumlarının arasından yalnız dörd nəfəri özü ilə birlikdə seçib gətirdi. O, Hüseyni (ə) qucağına almış, Həsənin (ə) əlindən tutmuşdu. Fatimə (s.ə) ilə Əli (ə) isə onun dalınca gəlirdi. Xristianların başçısı onları görən kimi belə dedi: “Allaha and olsun, elə simalar görürəm ki, əgər lənət etsələr bu çöl cəhənnəmə çevrilər, əzabı Nəcrana qədər çatar. Buna görə də bütün xristianların məhv olmasından qorxuram.” Xristianlar o andan etibarən nəhayət vergini ödəməyi, eləcə də hər il müsəlmanlara iki min uzun paltar və otuz zireh verməyi qəbul etdi.

VİDA HƏCCİ
Həzrət Peyğəmbər (s) hicri onuncu ilin zilqədə ayının iyirmi beşində əmr etdi ki, xalqa belə elan etsinlər:
–Allahın Peyğəmbəri Allah evini ziyarət etməyə gedəcək və hər kim istəsə onunla birlikdə gedə bilər.” Bu xəbər xalqı həyacana gətirdi və coşqun qəlbli minlərlə müsəlman bu işə hazır olduqlarını bildirdi. Peyğəmbər (s) Əbu Dəcanəni Mədinədə özünə vəkil seçib əshabı ilə birlikdə yola düşdü. Zulhüleyfə ərazisinə çatdıqları vaxt ehram geyib “ləbbeyk” deyərək Məkkəyə doğru yola düşdü. On gün sonra Məkkəyə çatıb həcc əməlləri və vacibatını yerinə yetirdi. Həzrət Peyğəmbər Ərəfə günü və ondan sonrakı gün xalq üçün nitq söyləyib onları dində müqavimətə, eləcə də bu dinə qarşı daha sıx bağlılığa çağırıb tövsiyə etdi.

QƏDİR-XUM
Zilhəccə ayının on səkkizi, cümə axşamı Peyğəmbər (s) Cöhfədən Xum vadisinə çatdıqda Cəbrail (ə) Allah-taaladan xəbər gətirdi ki, Əlini (ə) özündən sonra xəlifə elan etsin!
Bu vəzifəni, öhdəliyi yerinə yetirmək üçün Həzrət (s) hamını çağırıb belə buyurdu: “Peyğəmbər sizinlə əhəmiyyətli bir mövzu haqqında danışacaq. Hamı gəlsin.“ Minlərlə hacı o qızmar havada Peyğəmbəri eşitmək üçün bir yerə toplaşmışdı. Peyğəmbərimiz namaz qılandan sonra, onun üçün düzəldilmiş xüsusi yerdə oturub buyurdu: “Həmd və səna Allaha məxsusdur. Ondan yardım dilər, Ona inanar və Ona təvəkkül edirəm. Mən şəhadət verirəm ki, ondan başqa məbud yoxdur, Mühəmməd onun qulu və peyğəmbərdir. Ey camaat, mən sizin aranızda iki dəyərli şeyi, Quranı və Əhli-beyti əmanət qoyuram. Onlar qiyamət günündə kövsər hovuzunun başında mənə qovuşmayınca heç vaxt bir-birindən ayrılmayacaq. Buna görə də Qurana və Əhli-beytə bağlanın və onlardan heç vaxt uzaqlaşmayın ki, həlak olarsınız!”
Daha sonra Əlinin (ə) əlindən tutub göyə qaldırdı və buyurdu: “Ey camaat, mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Allahım, onu sevəni sev, onunla düşmən olana düşmən ol, onun dostlarına yardım et, onu alçaltmaq istəyənləri alçalt!” Peyğəmbər (s) xütbəsini qurtarandan sonra mələk nazil olaraq bu müjdəni verdi: “Bu gün Əlinin sevilməsi ilə İslam dini kamil və Allahın nemətləri xalqa tamamlanmış oldu.”

HƏZRƏT MÜHƏMMƏD(s)İN VƏFATI
Peyğəmbərimiz həcc səfərindən qayıtdıqdan sonra xəstələnib yatağa düşmüşdü. Hiyləgər və həmişə fürsət sorağında olan bir qrup peyğəmbərlik iddiası etsələr də o həzrətin əmrilə qətlə yetirildi. Bir gün Peyğəmbər (s) ağır xəstə olduğu halda, Əli (ə) ilə birgə Bəqi qəbristanlığına, əshabın qəbirlərini ziyarət etməyə getdi. Daha sonra evinə qayıtdı. Peyğəmbərin xəstəliyi gündən-günə şiddətlənirdi. Nəhayət hicri on birinci ilin səfər ayının 28-də, mübarək başı həzrət Əlinin sinəsində ikən Allaha qovuşdu və bütün İslam dünyasını sonsuz bir yasa, matəmə qərq etdi.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

SON...

 

 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s) , TARİX, SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!