ƏŞRƏF-ül-ƏNBİYA (1)

:

QÜREYŞ QƏBİLƏSİ 
Qüreyş qəbiləsi Hicazda olan ərəb qəbilələri arasında ən mötəbər qəbilələrdən biri sayılırdı. Həzrət Peyğəmbərin (s) dördüncü cəddi Qüsəy ibn Kilab Allah evinin xidmətçisi və məsulu idi. Qüreyş müxtəlif qruplardan ibarət idi. Həmin qrupların ən şərəflisi də Bəni-Haşim tayfası idi.

Haşim ağıllı, şöhrətli və Məkkə əhalisi arasında böyük nüfuz sahibi olan bir şəxsiyyət kimi tanınmışdı. O, xalqın bütün məsələlərinə böyük həvəslə maraq göstərirdi, hətta Məkkə əhalisinin güzəranını təmin etmək məqsədilə yay və qış səfərlərini də təşkil etmişdi. Göstərdiyi böyük və misilsiz xidmətlərinə görə əhali ona “Seyid” yəni ağa, başçı ləqəbini vermişdi. Elə buna görədir ki, onun və Peyğəmbərin (s) nəslindən olanlar da “Seyid” adlanır.

Haşimdan sonra oğlu Müttəlib, daha sonra isə nəvəsi Əbdülmüttəlib xalq arasında olduqca böyük hörmətə malik oldu. O zaman Əbrəhənin Məkkəyə basqın edərək ağır məğlubiyyətə uğraması Əbdülmüttəlibin xalq içərisində olan etibarını daha da artırmışdı.

Abdullah isə Əbdülmüttəlibin ən çox sevdiyi oğlu idi. Abdullah iyirmi dörd yaşında ikən Aminə adlı pak və nəcabətli bir qız ilə evləndi. Bu mübarək izdivacın nəticəsi isə, “Fil hadisəsindən” iki ay sonra dünyaya gəlmiş Mühəmməd adlı nurlu bir oğlan olmuşdu. Atası hələ oğlu dünyaya gəlməmişdən əvvəl vəfat etmiş və Rəbbimizin rəhmətinə qovuşmuşdu. Az müddət sonra anasını da əldən verən sevimli Peyğəmbərimizin tərbiyəsi ilə məşğul olmağı babası Əbdülmüttəlib öz öhdəsinə almışdı. Həzrət Peyğəmbər (s) Allahın himayəsi sayəsində çətinliklərə qələbə çalmağa müvəffəq olub, çox qısa bir müddət ərzində də camaatın sevdiyi, hörmət bəslədiyi bir cavana çevrilmişdi. Belə ki, bütün Məkkə əhalisi ona təkcə hörmət və məhəbbət bəsləmir, mal-dövlətini də onun yanında əmanət qoyurdu. Necə ki, sonralar o həzrətə bu üstün əxlaqi səciyyəsinə görə “Qüreyşin əmini” ( Qüreyşin ən etibarlı, inamlı şəxsi) ləqəbini vermişdilər.
O həzrət sağlam və sarsılmaz bir imanla məzlum və kasıbların tərəfini saxlayaraq, onları qoruyur, onlarla birlikdə oturub-durur, yemək yeyir, dərdlərinə qulaq asır və çətinliklərinin çıxış yolunu axtarıb tapırdı. Cavanlardan bir qrup “Hilful-füzul” müqaviləsini imzaladıqları zaman Peyğəmbər (s) onları müdafiə etmişdi. Çünki cavanların məqsədi məzlumları qorumaq və zalımlarla mübarizə aparmaq idi. Daha sonra həzrət Mühəmməd (s) əmisi Əbu Talibin istəyilə Xədicənin karvanına qoşulmuşdu. Düzlüyü və etibarlı olduğuna görə karvanın başçısı seçilən Mühəmmədə, cəmiyyətdəki üstün şəxsiyyətinə heyran qalan Xədicə ona evlənmək təklifini irəli sürmüşdü.
Həzrət Peyğəmbər (s) bu izdivacı münasib hesab etdiyindən Xədicə ilə evlənməyi qəbul edir ki, bu mübarək izdivacının meyvəsi bütün məsumların və İslam ümməti rəhbərlərinin anası sayılan həzrət Fatimədir (s.ə).

ÇƏTİNLİKLƏRİ HƏLL ETMƏK MƏHARƏTİ
Həzrət Peyğəmbərin (s) evlənməsindən on il keçdikdən sonra Məkkəni sel basaraq əhaliyə çoxlu maddi ziyan vurmuşdu. Qüreyş bu hadisədən sonra Kəbənin tezliklə təmir olunması qərarına gəlmiş və cüzi ixtilaf belə baş verməsin deyə Kəbənin təmiri Qüreyş qəbilələri arasında bölüşdürmüşdü.
Kəbənin təmiri bitdikdən sonra “Həcərül-əsvəd”in yerinə qoyulması məsələsi qəbilələr arasında böyük bir ixtilafa səbəb olmuşdu. Çünki hamı bu şərəfli işin özünə nəsib olmasını arzulayırdı. Bu barədə ixtilaflar o qədər şiddətlənmişdi ki, qəbilələr arasında az qala müharibə başlayacaqdı.
Həzrət Peyğəmbər (s) tez bu məsələyə müdaxilə edib, əvvəlcə ortaya bir bez sərdirdi və orada olanlara daşı o bezin üstünə qoymalarını, eləcə də hər qəbilədən bir nəfərin bezin bir tərəfindən tutub Həcərül-əsvədi Kəbədə öz yerinə yerləşdirmələrini əmr etdi. Bu tədbirin nəticəsində hər bir qəbilə öz arzusuna çatmış və eləcə də böyük bir faciənin qarşısı alınmışdı.

PEYĞƏMBƏRLİK VƏZİFƏSİNİN VERİLMƏSİ
O, artıq qırx yaşında idi. Bir gün Hira mağarasında Allaha ibadət və dua ilə məşğul ikən Cəbrayılın (ə) gətirdiyi vəhy vasitəsi ilə Allah-taala tərəfindən peyğəmbərlik vəzifəsinə təyin olundu. Bu hadisədən həyacanlanmış həzrət Peyğəmbər (s) bir müddət istirahət etmək məqsədilə Kəbəyə getmiş, lakin vəhy mələyi təzədən ona nazil olaraq təbliğə başlamasını əmr etmişdi.
İlk əvvəl həzrtət Peyğəmbərin (s) dəvəti gizli idi. Ona inanan adamlar da bu işə tam gizli bir şəkildə əməl edirdi.
Ona ilk iman gətirənlər həyat yoldaşı Xədicə ilə Əli (ə) olmuşdu. Aradan üç il ötdükdən sonra Məkkə və onun ətraf məntəqələrində təbliğat üçün münasib bir şərait yaranmışdı. Peyğəmbərə (s) insanları, bir olan Allaha dəvət etmək və bütlərə qarşı mübarizə aparmaq vəzifəsi tapşırılmışdı. Qəbilə başçılarının hakimiyyəti güclü olduğu üçün bu iş olduqca təhlükəli idi. Onlar hakimiyyəti əldən vermək istəmir, illər boyu sitayiş etdikləri bütləri sındırmaq onlara çox ağır gəlirdi. Amma böyük bir hədəf olan tək Allaha inanmaq, tövhid ideyasının yayılması üçün çətinliklərə, ağır şəraitə sinə gərməkdən başqa çarə yox idi.
Açıq və ümumi təbliğatdan sonra, hakimiyyətdə olanlar onunla müxalifət edib aşkar bir şəkildə öz düşmənçiliklərini Peyğəmbərə (s) bildirmişdi.
Bütpərəst quldurlar tövhid hərəkatının qabaqcılı sayılan həzrət Mühəmmədin (s) təbliğinin qarşısını almaq üçün əllərində mövcud olan bütün imkanlardan istifadə edirdi. Əvvəlcə rüşvətlə o həzrəti tutduğu yoldan döndərmək istəsələr də bu işləri heç bir nəticə vermədi. Ondan sonra belə qərara gəldilər ki, o həzrəti müxtəlif təhdid və təzyiqlərə məruz qoysunlar. Müsəlman olanlara lağ edib döyür, onlara işgəncə verir, malların müsadirə edirdilər. Amma bu təşəbbüslər nəinki tövhid hərəkatına mane ola bilmədi, əksinə bu hərəkatı daha da gücləndirdi.
Müşriklər, Peyğəmbərimiz və dostları Məkkədən çıxana qədər öz çirkin əməllərindən əl çəkmədi. İlk müsəlmanlar düşməndən qorunmaq üçün üç il “Şebi Əbu Talib” adlı dərədə aclıq və susuzluqla mühasirə olundu. Ancaq müşriklər bunu da onlara çox görüb həmin məhəlləyə nəzarəti gücləndirdi. Belə ki, heç kim cürət edib onlara yemək və su apara bilmirdi. Təkcə canlarından keçmiş bir qrup gecənin qaranlığından istifadə edərək onların bu ehtiyaclarını təmin etməyə cəhd edirdi.
Bu təzyiqlərin və mühasirənin heç bir nəticə vermədiyini görən müşriklər, müsəlmanların bu inamlı müqavimətləri qarşısında yeganə çıxış yolunu onları öldürməkdə görürdü. İntiqamdan da qorxduqları üçün onlar belə qərara gəlmişdilər ki, bütün qəbilələri öz tərəflərinə çəkərək birlikdə Peyğəmbərin (s) evinə hücum edib o həzrəti qılıncdan keçirsinlər.

MƏDİNƏYƏ HİCRƏT
Həzrət Peyğəmbər (s) vəhy mələyi vasitəsilə müşriklərin planından xəbərdar olmuşdu. Peyğəmbərimizin canını qorumaq üçün, o gecə onun yerində yatıb həyatını təhlükəyə atan həzrət Əli (ə) olmuşdu. Peyğəmbər (s) gecənin qaranlığından istifadə edib Məkkədən çıxaraq Mədinəyə yola düşmüşdü. Elə həmin gecə müşriklər Peyğəmbərimizin evinə basqın etmişdi, lakin yataqda həzrət Əlini (ə) gördükdə təəccüblənib tezliklə Peyğəmbəri təqib etməyə başlamışdı. Ancaq bu işdən də heç bir nəticə almayıb Məkkəyə qayıtmaq məcburiyyətində qalmışdı.
Əziz Peyğəmbərimiz (s) doqquz gündən sonra çox çətinliklə və ağır zəhmətlə Mədinə yaxınlığındakı Qoba adlı bir məntəqəyə yetişdikdə xalq tərəfindən təntənəli şəkildə qarşılandı.
Həzrətin (s) orada gördüyü ilk iş məscid tikdirmək oldu ki, həm camaatın ibadət ehtiyaclarını təmin etsin, həm də müsəlmanların yığınacaq mərkəzinə çevrilsin. Mədinə əhalisi böyük şövqlə Qoba məscidini tikdi. İnşaat işlərində Peyğəmbərimizin (s) özü də iştirak edirdi.
Məscid tikintisi qurtardıqda ilk dəfə olaraq cümə namazı orada qılındı və birinci xütbəni də həzrət Peyğəmbər elə həmin məsciddə oxudu. Məkkədə öz yerinə nümayəndə olaraq qoyduğu həzrət Əli (ə) və onunla birlikdə gəlməli olan Bəni-Haşim qadınlarının həmin şəhərə çatması üçün həzrət Peyğəmbər (s) bir müddət Qobada qalmalı olmuşdu. Həzrət Əli (ə) Məkkədə üç gün qalaraq xalqın həzrət Peyğəmbərin yanında olan əmanətlərini sahiblərinə qaytardı. Daha sonra Bəni-Haşim qadınları ilə birlikdə gecə yarsı Mədinəyə yola düşdü. Bir neçə gün sonra Qobada Peyğəmbərimizin (s) hüzuruna çatdı.
Həzrət Peyğəmbər (s), həzrət Əli (ə) və qadınlarla birlikdə Mədinə əhalisinin coşğun və həyacanlı qarşılama mərasimi altında şəhərə daxil olmuşdu. Hamı Peyğəmbərimizi öz evinə qonaq aparmaq istəyirdi. Ancaq həzrət Peyğəmbər (s) belə buyurdu: “Dəvəmin qabağından çəkilin, dəvə kimin evinin önündə yatsa, qalacağım yer də ora olacaq.”
Dəvə Mədinənin dar və qarışıq küçələrindən irəliləyib axırda Əbu Əyyub Ənsarinin evinin önündə yerə çökdü. Beləliklə Peyğəmbərin (s) qalacağı yer məlum oldu.
Həzrət Peyğəmbərin Mədinədə ilk fəaliyyəti öz risalətini təbliğ edib, İslamı yaymaq üçün tikdirdiyi məscid oldu.
Sonra isə yəhudilərin təhriki nəticəsində yaranan və 120-il davam edən Ovs və Xəzrəc qəbilələri arasındakı düşmənçiliyə son qoydu.
Peyğəmbərimiz (s) mühacirlərin (Peyğəmbərimizlə birlikdə Mədinəyə gələn camaata “mühacir”deyilir) Ənsara (Mədinədə olan yerli əhaliyə də “ənsar”deyilir) artıq zəhmət verməməsi və bir-birlərilə qardaş kimi yaşamaları üçün aralarında qardaşlıq mərasimi təşkil etdi. Mədinə iqtisadiyyatının nəbzini əllərində tutan yəhudilər isə özlərini ciddi bir təhlükədə hiss edib müsəlmanlarla pis rəftar etməyə başladı.
Onlar müsəlmanların vəhdətini pozmağa və onları bir-birinə qarşı düşmən etməyə çalışırdı. Amma dahi Peyğəmbərimiz (s) onların bu planlarını puça çıxartdı.

QİBLƏNİN DƏYİŞDİRİLMƏSİ
Peyğəmbərimiz (s) 13-il Məkkədə və 17 ay Mədinədə yəhudilərin qibləsi olan “Məscidül-Əqsaya” tərəf namaz qılmışdı ki, bu da yəhudilərin etirazına səbəb olmuşdu. Belə ki, onlar “Əgər biz haqq yolunda deyiliksə, nəyə görə bizim qibləmizə tərəf namaz qılırsınız?” – deyə deyinmişdi.
Həzrət Peyğəmbər (s) bir gün namaz qılanda vəhy mələyi ona belə əmr etdi: ”Üzünü Kəbəyə çevir!”
O andan etibarən müsəlmanların qibləsi Kəbə (Məscidül-Həram) oldu.
Bu vəziyyət yəhudilərə çox ağır gəldiyindən onlar belə dedilər: “Əgər sizin qibləniz Kəbədirsə, niyə indiyə qədər Məscidül-Əqsaya tərəf namaz qılırdınız?” Halbuki, onlar bilmirdilər ki, bunların hamısı İlam düşmənləri və dostlarının bəlli olması və kimlərin bu vəzifədə Peyğəmbərlə (s) əməkdaşlıq, kimlərin də onunla müxalifət edəcəyini müəyyən etmək üçün bir imtahandır.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

 

Tags: PEYĞƏMBƏR (s) , TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!