DOĞRU VƏ QURUCU İNTİZAR HANSI MƏQSƏDLƏRİ İZLƏYİR?

:

DOĞRU VƏ QURUCU İNTİZAR HANSI MƏQSƏDLƏRİ İZLƏYİR?
Cavab: Doğru və qurcu intizar Allah-taalanın dərgahında ən yaxşı əməl1və ən fəzilətli ibadətdir.2 Zühurun intizarını çəkən insan isə hər bir dövrün insanlarından üstün və fəzilətlidir.3

Belə intizarın bir çox növləri var ki, onların bir neçəsini qeyd etməklə kifayətlənirik:

1. TƏRƏQQİ AMİLİ

İntizar ümid və arzu mənasını daşıyır.4 Şübhəsiz, ümid və arzu insanın öz həyatında tərəqqi etməsi üçün ən mühüm amillərdən biridir. Bu isə bəşəriyyətin gələcəyinə və Allahın məzlum və salehlərin qələbəsi ilə bağlı qəti müjdəsinə xoşbin mahiyyət bağışlayır. Qurani-Kərimdə buyurulur:

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

“Biz istəyirdik ki, o yerdə zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam və (yer üzünə) varis edək.”5

Başqa bir ayədə buyurulur:

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

“Biz “Zikr”dən (Tövratdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh və pak bəndələrimin varis olacağını yazmışdıq.”6

Məsum imamlar da insanları zühurun intizarını çəkməyə və ona ümidvar olmağa təşviq edir və ümidsizlikdən çəkindirirdilər. İmam Əli (ə) buyurmuşdur: “Zühurun intizarını çəkin və Allahın lütf və mərhəmətindən naümid olmayın.”7

Zülm və haqsızlıqla mübarizə aparanlar həyatda ümid kimi enerji və qüdrətli ünsürdən qırıldıqları təqdirdə, bu müqəddəs cihadı davam etdirmək məqsədindən yayınacaqlar. Çünki şəkk-şübhə ilə sonuclanan yolu ötməyi ağılsız hesab edəcəklər.8 Qurani-Kərimdə buyurulur:

يَا بَنِيَّ اذْهَبُواْ فَتَحَسَّسُواْ مِن يُوسُفَ وَأَخِيهِ وَلاَ تَيْأَسُواْ مِن رَّوْحِ اللّهِ إِنَّهُ لاَ يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ

“Allahın mərhəmətindən ümidinizi qırmayın. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər.”9

Ümidsizlik İblisin insanın yolu üzərindəki ən təhlükəli qurğusu və təkamül yolunu ötmək istəyən insanın yaradılışının sirlərinə agah varlıqla – mütəal Allahla vidalaşmaqdır.

Fitnə-fəsad, çirkinliklər ictimai forma aldıqda, cəmiyyəti özünə doğru çəkir, bəzən pak insanları belə, psixi-ruhi gərginliyə, ümidsizliyə məruz qoyur. Bəzən də, elə fikirləşirlər ki, artıq iş-işdən keçmişdir, islahata əsla ümid yeri yoxdur və özlərini də pak saxlamaq üçün çalışmaq faydasızdır. Bu ümidsizlik onları yavaş-yavaş əxlaqsızlığa, çirkin mühitə doğru çəkə bilir və əksəriyyətə hakim kəsilən çirkin mühitin müqabilində azlıq təşlik edərək onlara qorunmaq çətinləşir, bəzən də camaatla həmrəng olmağa üstünlük verirlər. Amma onlarda ümid və müqavimət hissini yaşada biləcək yeganə amil, mütləq vaqe olacaq islaha ümidvar olmaqdır. Onlar yalnız belə bir ümidlə özlərinin və başqalarının islah fikrindən daşınmazlar.

İnsanın üzünə Allahın əfv və məğfirət qapısı, ümid səhifələri açıldıqda, həyatı tamamilə dəyişilir, onda günahdan uzaqlaşmağa, paklıq və islaha doğru şövq yaranır. Buna görə də, ümid hissi belə insanlar üçün həmişə psixoloji-tərbiyəvi əhəmiyyət daşıyır, eləcə də çirkin mühitdə yaşayan saleh insanlar belə ümidsiz paklığı qoruya bilməzlər.

Hazırda dünya hər nə qədər əxlaqsızlığa, fitnə-fəsada doğru gedirsə, imam Məhdinin (ə) zühuruna ümid bir o qədər da artır, ona inananlarda fəsad və çirkinliyin tufanları qarşısında müqavimət hissi möhkəmlənir, mühit nə qədər aludə olsa belə naümid olmur, üstəlik hədəfə daha yaxın olduqlarını görür, fəsadla mübarizədə, yaxud paklıq üçün sonsuz eşq və şövqlə çalışırlar.

Doğru və qurucu intizar zühurun intizarını çəkən insanın qəlbinin sönmüş dəhlizlərini işıqlandıran, tərəqqi, islahat, cihad, müqavimət, şəhadət və fədakarlıq yaradan ümid qəndili, çilçırağıdır. Demək, intizar tərəqqi və islahatla sıx ilgilidir. Çünki tərəqqi və islahat intizarın nəticəsi, intizar isə tərəqqi və islahatı istiqamətləndirən bir qüvvədir.10

2. İSLAHAT VƏ ZÜLMLƏ MÜBARİZƏ

Həqiqi intizar fərdi islahı tələb etdiyi kimi, ictimai birliyi qorumağı və ümumi islahı da qarşıya məqsəd qoyur. Dünyanın böyük islahatçısının intizarını çəkən insan bu yolda addım atmalı, həm əməlisaleh olmalı, həm də ictimai islahata ciddi yanaşmalıdır.

Dini təlimlərdə “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (çirkinlikdin çəkindirmək) vəzifəsinə, əxlaqi, siyasi və ictimai fəsadlarla mübarizənin zərurətinə təkidlə yanaşılır. Yaxşılığa dəvət və çirkinlikdin çəkindirmək şəri bir vəzifə kimi hamıya aiddir. Bu vəzifənin icrasının birbaşa nəticəsi “islahat” və onu icra edən isə “islahatçı” adlanır. Qurani-Kərimdə buyurulur:

كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللّهِ...

“Siz (müsəlmanlar) insanlara aşkar olunmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir, çirkin işdən çəkindirir və Allaha iman gətirirsiniz...”11

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “(İnsanları) yaxşılığa əmr edin və çirkinlikdən çəkindirin. Əks-təqdirdə, Allah sizin ən pisinizi ən yaxşılarınıza hakim edəcək və yaxşılarınızın duası qəbul olunmayacaqdır.”12

İmam Zaman (ə) bəyənilən işlərin yerinə yetirilməsi və çirkinliklərin tərk edilməsindən xoşhal olur. Odur ki, zühurun intizarını çəkən, xüsusilə cavan müsəlmanlar buna əhəmiyyətsiz yanaşmamalıdırlar. O həzrətin zühur əsrində böyük bir islahatçı kimi ən böyük vəzifəsi insanları yaxşılığa dəvət və çirkinlikdən çəkindirməkdir. Şübhəsiz, intizarçılar o həzrətin razılıq və sevincini istəyir, ona iqtida edir və ilahi hökmlərin icrası yolunda tənbəllik və süstlüyü özlərindən uzaqlaşdırırlar.

3. İMANI QORUYAN AMİL

İntizar dövründə ən böyük vəzifələrdən biri də dini və etiqadi sərhədləri qorumaqdır.

İntizarçılar insanların qəlbində iman şöləsini və yəqin nurunu gücləndirməli, cavan nəsildə haqq etiqadları yaşatmalı, imanı onların vücudunun bir hissəsi etməkdə və damarlarda axan qan kimi orqanizmini istiləşdirməkdə əlindən gələni əsirgəməməlidir.

İntizar dövründə gizli və aşkar şeytanların şübhələri müqabilində müqavimət etmək və onları zehinlərdən təmizləməklə dini etiqadları qorumaq, yaşatmaq və yaymaq böyük əhəmiyyət kəsb edir. Çünki zühur əsrindən qabaq baş verən acı hadislərdən və şəkk-şübhəyə qapılmaqdan qurtulmaq yalnız düzgün əqidə və əməl sayəsində mümkündür. İmam Məhdinin (ə) zühuruna qədər düzgün əqidə, saleh əməl intizarçılar arasında qorunub-saxlanılmalıdır. Hədislərdə o həzrətin qeybə çəkildiyi dövrdə imanın əhəmiyyəti də vurğulanmışdır. Peyğəmbəri-Əkrəm (s) bu haqda buyurmuşdur: “Siz mənim səhabələrim olsanız da, “axirəz-zaman”da yaşayanlar mənim qardaşlarımdır. Onlar məni görmədikləri halda, peyğəmbərliyimə və dinimə iman gətirəcəklər... Onlardan hər biri öz etiqad və dinini bütün çətinliklərlə belə – qaranlıq gecədə tikanlı ağacın qabığını əlləri ilə soyduqları və yaxud yandırıcı odlu ağacı (közü) ovucunda saxladığı kimi qoruyacaqlar. Həmin möminlər qaranlıqda işıqlı çıraqlardır. Allah-taala onları (“axirəz-zaman”da baş verən) qaranlıq hadisələrdən nicat verəcək.”13

İmam Zeynəlabidin (ə) Əbu Xalid Kabuliyə belə buyurmuşdur: “Ey Əbu Xalid, “qeyb” dövründə yaşayan və intizar çəkən imanlı insanlar bütün dövrlərin insanlarından fəzilətlidirlər. Allah-taala onlara elə əql, şüur və mərifət vermişdir ki, İmamın qeybə çəkildiyini hazır olması kimi sanıralr. Allah-taala onları İslamın əvvəlində mübarizə aparan əsgərlər – Peyğəmbərin (ə) hüzurunda qılınc çalan və döyüşənlər sırasına qatmışdır. Onlar xalis bəndələr, həqiqi şiələr, (gizlində və aşkarda) insanları Allahın dininə dəvət edənlərdir.”14 Bu əqidə və iman zühur əsrinə qədər cəmiyyətdə təravətli qalmalıdır.

4. ŞİƏLİYİN DAVAMI VƏ MÜQAVİMƏT AMİLİ

Həqiqi intizar müqavimətin ən böyük amillərindəndir; müsəlmanları, xüsusilə, şiələri İslam düşmənləri, əxlaqsızlıq, zülm və haqsızlıqlarla mübarizədə gücləndirir, əqidəsində möhkəm saxlayır. Onların ən böyük ruhi-mənəvi sərmayəsi də elə budur! 15

Məşhur fransız şərqşünası Ceymz Darmister intizarı şiəliyin davamı və müqavimət amili hesab edərək yazır: “Bağdadın yaxınlığında yerləşən Hillə məntəqəsində hər gün əsr namazı qılındıqdan sonra yüz nəfər atlı əllərində qılınc şəhərin hakiminin yanına gedib, bəzədilmiş atlar tələb edir... və “Ey Sahibəz-Zaman (ə), gəl!” – deyə fəryad edirdilər.”

O yazır: “Bu hisslə yaşayan qövmü məhv etmək mümkün olsa da, müti etmək mümkünsüzdür.”16

Tarixdə göstərilir ki, şiələrin zülmkar hökumətlər müqabilində müqavimətini gücləndirən ən mühüm amil intizar və imam Məhdinin (ə) zühuruna inam olmuşdur. Ayətullah əl-üzma Lütfüllah Safi yazır: “Peyğəmbəri-Əkrəm (s) vəfatından, imam Əmirəlmöminin Əlinin (ə) və imam Hüseynin (ə) şəhadətindən tutmuş indiyə qədər bütün müsəlmanların, xüsusilə şiələrin zülm və zülmkarlara qarşı hərəkatının əsas fəlsəfəsi intizar və mütləq qələbə arzusu ilə haqq ilə batil mübarizəsini davam etdirməkdir.”17

5. ƏDALƏT ZİNƏTİ

İntizarıçı qüvvələr ədalətlə bəzənməli, təqva libasını geyinməlidirlər. Ustad Həkimi yazır: “Ümumbəşəri islahat və hökumət arzusu ilə yaşayan intizarçılar ədalət örnəyinə çevrilməlidirlər.”18 Qurani-Kərimdə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ لِلّهِ شُهَدَاء بِالْقِسْطِ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

“Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir qrupla düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun ki, o, təqvaya daha yaxındır. Təqvalı olun (Allahdan qorxun)! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır.”19

Təqva və günahdan çəkinməklə ədaləti özündə yaşadan və nəfsani qüvvələri mötədil saxlamaqla əxlaqi səciyyələrə malik olan insan mütləq ədalətin bərpa olacağı zühur əsrində məhdilik və qloballaşmanın yeni şəraiti ilə uzlaşa biləcək.

SON HƏDİS

İslam Peyğəmbəri (s) buyurmuşdur: “Hər kəs zəmanəsinin imamını tanımadığı halda ölsə, sanki cahillik dövründə ölmüşdür.”20

Kitabın adı: Dini suallara cavablar

Müəllif: Tədqiqat qrupu

Tərcümə edən: Rza ŞÜKÜRLÜ



1. “Biharül-ənvar”, 52-ci cild, səh.162.

2. “Möcəmü əhadisil-imam əl-Məhdi (ə)”, təlif və nəşriyyat: “Əl-məarifül-İslami” müəssisəsi, 1-ci cild, səh.268.

3. “Müntəxəbül-əsər fil-imamis-sani əşər”, Ayətullah Safi Qülpayiqani, 2-ci cild, səh.24, hədis: 1.

4. “İslam və dünya məzhəbləri baxımından həzrət Məhdinin (ə) zühuru”, Seyid Əsədullah Haşimi Şəhidi, səh.204.

5. “Qəsəs” surəsi, ayə: 5.

6. “Ənbiya” surəsi, ayə: 105.

7. “Biharül-ənvar”, 52-ci cild, səh.123.

8. “Fərhənge inqilabi-İslami”, Doktor Məhəmmədcavad Bahünər, səh.346-349.

9. “Yusif” surəsi, ayə: 87.

10. “İntizar” jurnalı, Məhdəvilik elmi mərkəzi, 2-ci il, 6-cı seriya, 1381-ci ilin qışı, səh.69.

11. “Ali-İmran” surəsi, ayə: 110.

12. “Asarus-sadiqin”, Sadiq Ehsanbəxş, 1-ci cild, səh.125, hədis: 22.

13. “Biharül-ənvar”, 52-ci cild, səh.124.

14. “Biharül-ənvar”, 25-ci cild, səh.122.

15. “İslam və dünya məzhəbləri baxımından həzrət Məhdinin zühuru”, Seyid Əsədullah Haşimi Şəhidi, səh.224.

16. “Məhdi İslamın başlanğıcından 13-cü hicri qəməri ilinə qədər”, Darmister, tərcümə: Möhsin Cahansuz, səh.39 və 79.

17. “İmamət və məhdəviyyət”, 1-ci cild, səh.353.

18. “Xurşide-məğrib”, Həkimi, səh.272.

19. “Maidə” surəsi, ayə: 8.

20. “Kəmaluddin və təmamun-nemət”, Şeyx Səduq, təshih: Əliəkbər Qəffari, 2-ci cild, səh.409.

 

 

Tags: İMAM ZAMAN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!