İMAMINI TANI (I hissə)

:

HƏZRƏT MƏHDİ(əc)NİN TƏVƏLLÜDÜ
On ikinci imamın (əc) pak vücudunun mübarək günəşi 255-ci hicri-qəməri ili şəban ayının 15-də parlayaraq şiələrin ürəyini öz nuru ilə işıqlandırdı.

Abbasi xəlifələri və hökumət adamları imamların on iki olduğunu, eləcə də onların sonuncusu olan imam Həsən Əskərinin oğlunun uzun müddətli qeybəti olacağını və dünya hökumətini quracağını eşitmişdi.
Bundan qorxuya düşən zalım hakimlər bu işin qarşısını almaq istəyirdi. Lakin bilmirdilər ki, Firon o qədər güc və iqtidarı ilə, hətta körpə uşaqları belə vəhşicəsinə öldürməsinə baxmayaraq, Allahın iradəsinin qarşısını ala bilmədi. O, Musanı tapmaq üçün bütün evləri bir-bir axtarırdı, lakin eyni zamanda axtardığı uşağı öz qucağında bəsləyirdi. Zəmanənin Fironu sayılan Abbasi xəlifəsi Mötəmid İmamın (ə) evini nəzarət altında saxlayırdı. O, zəhərlənmiş, xəstə İmamı (ə) zindandan evinə göndərdikdə saray adamlarından beş nəfər də ona qoşdu ki, İmamın evində baş verən bütün hadisələri ona xəbər versinlər. Bundan əlavə bir neçə mamaçanı da o həzrətin həyat yoldaşının yanında olsunlar deyə İmamın evinə göndərdi.
İmamın şəhadətindən sonra bütün Samirra matəmə qərq oldu və hamı işlərini tətil edərək İmamın evinə sarı axışırdı. Xalq dəfn mərasimini yerinə yetirmək üçün cənazəni əlləri üstündə aparırdı. Abbasi xəlifəsi cəmiyyətin axınından dəhşətə gələrək bu cinayəti ört-basdır edib İmamın öz əcəli ilə öldüyünü bildirməyə çalışırdı. Mötəmid dəfn mərasimində iştirak etmək üçün öz qardaşını ora göndərdi. Qardaşına tapşırdı ki, camaatdan İmamı kimsənin öldürmədiyinə dair şahidlik etmələrini istəsin. Digər tərəfdən isə, İmamın meyit namazını qılacaq və onun var-dövlətinə varis olacaq bir övladın olmadığını xalqa inandırmaq üçün o həzrətin bütün var-dövlətini paylamağa başladı.
Lakin göstərdiyi bütün bu təşəbbüslərə baxmayaraq Allahın iradəsi artıq həyata keçmişdi; İmamın oğlu atasının şəhid olduğu zaman beş yaşında idi, məhz elə bu yaşında da imamət məqamına çatdı. Necə ki, İsa (ə) da hələ beşikdə ikən peyğəmbərliyə seçilmişdi.
O, yaşının az olmasına baxmayaraq atasının cənazəsinə meyit namazı qılmaq istəyən və camaatın arasında pis adam sayılan əmisi Cəfəri kənara itələyərək özü atasının namazını qıldı. Namazı qılandan sonra da gözlərdən qeyb oldu. İmam Həsən Əskərinin (ə) zamanından şiələr onu, atasının evində görmüş və atasının onun haqqında tapşırıqlarını eşitmişdi. Bundan əlavə atasının şəhadətindən sonra da uzun müddət gizli şəkildə o həzrətlə əlaqə saxlamışdılar.

İMAM ZAMAN (əc) NECƏ DÜNYAYA GƏLDİ?
İmam Həsən Əskərinin (ə) bibisi Həkimə belə deyir: “Şəban ayının on beşi cümə axşamı qardaşım oğlu Həsən Əskərinin (ə) evinə getmişdim. Xudahafizləşib ayrılmaq istədikdə İmam belə buyurdu: “Ey əziz bibi, bu gecə bizim yanımızda qal! Çünki uşağımız dünyaya gələcək.” Sevinib Nərcisin yanına getdim, lakin onda hamiləlikdən heç bir nişanə görmədim. Heyrətlənib öz-özümə “Mən ki, uşağın dünyaya gəlməsindən heç bir əsər-əlamət görmürəm!“ – fikirləşirdim ki, İmam (ə) yanıma gəlib buyurdu: “Ey bibi, narahat olma. Nərcis Musanın anası kimi, uşaq da Musa kimidir! Gizlincə və əsər-əlamətsiz dünyaya gələcəkdir. Nərcisin yanına get!” Mən sevinib Nərcisin yanında qaldım və İmamın dediyi kimi hələ fəcr doğmamışdan öncə təvəllüdün nişanələri aşkar oldu və mənimlə onun arasında nurdan bir halə meydana gəldi, belə ki, mən daha Nərcisi görə bilmirdim. Mən qorxub otaqdan eşiyə çıxdım və İmamın hüzuruna gedib vəziyyəti ona izah etdim. Həzrət gülümsəyərək buyurdu: “Bir azdan otağa qayıt, onu görəcəksən!” Mən otağa qayıdıb təzəcə doğulmuş körpəni gördüm ki, səcdəyə gedib barmağını göyə qaldırmış və Allahın böyüklüyü və birliyinə şəhadət verərək ona sitayiş edir.”

HƏZRƏT MƏHDİ(əc)NİN ANASI XANIM NƏRCİSİN ƏHVALATI
Həzrət Hadinin (ə) xidmətçilərindən biri Büşr Ənsari bu haqda belə deyir:
“Bir gün həzrət Hadi (ə) məni çağırıb belə buyurdu: “Yerinə yetirilməsi sənin üçün xeyirli olacaq bir işi öhdənə qoymaq istəyirəm” Daha sonra Həzrət (ə) bir məktubla içində 220 dinar olan bir kisəni mənə verib buyurdu: “Bunları al, Bağdadda Fərat çayının sahilində gözlə! Sübh açılanda ora bir gəmi gələcək. Gəmidə satılmaq üçün gətirilmiş çoxlu kəniz olacaqdır. Müştərilərin çoxu Bəni-Abbas və digər cavanlardan ibarətdir. Həmin gəmidə özünü müştərilərə göstərmək istəməyən bir qız vardır. Cavanlardan biri irəli gəlib qızın sahibinə “Mən onu 200 dinara alıram!” – deyəcək. Lakin həmin qız razı olmayacaq. Sonra onun sahibi “Səni satmaqdan başqa çarəmiz yoxdur. Təslim olmalısan!” – deyəcək. Lakin o “Bir az da döz, mənim müştərim indi gələcək!” – deyəcək. Elə bu vaxt sən qabağa gedib məktubu ona ver və de: “Əgər xanım bu məktubun sahibinə meyl edirsə, onu alıram!” O, məktubu oxuyandan sonra sevinəcək, sonra sən onu sahibindən alıb gətirərsən.”
Büşr belə davam edir: “İmamın buyurduqlarını yerinə yetirdim və onu sahibindən aldım. Yolda gələrkən özü haqqında maraqlı bir hekayə danışıb dedi: “Mən Rum padşahının qızıyam. Mənim cəddim İsanın (ə) yaxınlarından olub. Atam məni öz qardaşı oğluna vermək istəyirdi. Bir gün sarayda təntənəli bir yığıncaq təşkil edib qardaşı oğlu ilə məni birlikdə taxtda oturtmuşdu. Xristianların böyükləri məni ona ərə vermək üçün yığışmışdı. Birdən saray titrədi və hər şey bir-birinə dəydi, gözümün qabağında əmioğlum taxtdan yıxıldı. Yenə də bir dəfə yığıncaq təşkil etdilər, lakin yenə eyni hadisə baş verdi. Xristianların böyükləri bu işin nəhs olduğunu söyləyib saraydan çıxıb getdi. O gecə mən narahat və ruhdan düşmüş bir halda yatmışdım. Yuxuda gördüm ki, nurani kişilər saraya gəlib. Onlardan birini həzrət İsa, o birisinin də İslam peyğəmbəri olduğunu söyləyirdilər. İslam peyğəmbəri (s) həzrət İsaya belə buyurdu: “Mən öz oğlum üçün sizin övladınıza elçiliyə gəlmişəm. İsa sevinib qəbul etdi.” Mən bu yuxu barədə heç kəslə danışmadım. Bir gün xəstələndim və atam bütün həkimləri çağırdı, amma heç biri məni sağalda bilmədi. Mən atamdan yaxşılaşmağım üçün zindanda olan bütün müsəlmanları azad etməsini xahiş etdikdə istəyimi qəbul edib onları azad etdi və mənim halım bir az düzəldi. Həmin gecə nurani qadınları yuxuda gördüm. Onlardan birinin İsanın anası, digərinin isə Fatimeyi Zəhra olduğunu söyləyirdilər. Peyğəmbərin qızı irəli gəlib belə dedi: “Əgər sən mənim övladımın həyat yoldaşı olmaq istəyirsənsə, müsəlman olmalısan!”
Mən yuxuda ikən onun əlilə müsəlman oldum. Sonra o, məni özü ilə imam Həsən Əskərinin yanına apardı. Onun məhəbbəti ürəyimə düşdü və daha dözə bilmirdim. Nəhayət bir gecə imam Həsən Əskərini yuxuda görüb ondan necə həyat yoldaşı ola biləcəyimi soruşdum. O, belə buyurdu: “Atan yaxın gələcəkdə bir ordu ilə müsəlmanlarla döyüşməyə gələcəkdir. Siz ordunun arxa hissəsində olacaqsınız. Müsəlmanlar qələbə çalıb sizi əsir götürüb satmaq üçün Bağdada gətirəcək. Gəmi Fərat sahilində dayanacaq və səni satmaq üçün gəmidən çıxardacaqlar. Səni almaq üçün bir neçə müştəri gələcək, amma sən döz, atam tərəfindən bir məktubla səni alacaq bir şəxs gələcək!” Mən yuxudan ayıldıqda çox sevindim. Bir müddət keçdikdən sonra İmamın buyurduğu kimi oldu. Ey Büşr, indiyə kimi heç kəs bu sirri bilmir və məni tanımırdı. Sənə danışdığım bu əhvalatı heç kimə demə və bu sirri gizli saxla!”
Büşr deyir: “O, yolda öz hekayəsini mənim üçün danışarkən mən tir-tir titrəyirdim. Məhz həmin andan etibarən ona çox hörmət bəsləməyə başladım və bir qulluqçu kimi daima yanında oldum. Sonra onu mövlam imam Hadinin (ə) hüzuruna apardım. Həzrət (ə) ondan “Necə müsəlman oldun?” – deyə soruşduqda, belə cavab verdi: “Özünüzün daha yaxşı bildiyiniz bir şeyi məndən soruşursunuz?!”
Sonra isə İmam (ə) ona belə buyurdu: “Sənə muştuluq verirəm ki, dünyanı ədalətlə dolduracaq uşaq səndən dünyaya gələcək!“ Sonra bacısı Həkiməyə xitabən belə buyurdu: “Gözlədiyin xanım budur, apar İslam əhkamını ona öyrət!” Həkimə onu mehribanlıqla qucaqlayaraq hörmətlə öz yanına apardı.

HƏZRƏT MƏHDİ(əc)NİN HƏYATININ DÖVRLƏRİ
İmamın həyatını üç dövrə bölmək mümkündür:
a). Təvəllüdündən atasının şəhadətinə qədər olan beş illik dövr. Bu qısa müddət ərzində əshabı və dünyanın hər tərəfindən alimlər və fəqihlər imam Həsən Əskərinin (ə) görüşünə gəldikdə bu balaca uşaqla da görüşür və ondan bəzi mövzular haqqında suallar soruşurdu. İmam Həsən Əskəri (ə) öz oğlunu onlara təqdim edərək onun barəsində əshabına müxtəlif tövsiyələr edirdi.
b). İmamın altı yaşından başlayaraq 74 yaşına qədər davam edən “Qeybəti-süğra – yəni kiçik qeyb” dövrü: Bu dövrdə hökumət adamları onu görməkdən məhrum idi. Amma İmamın əshabı və həqiqi şiələr onun yanına gedib istəkləri sualları ona verirdi. Bu dövrdə İmam (ə.f) ilə xalq arasında vasitəçi olan, eləcə də camaatın istək və məktublarını İmama gətirib cavabını onlara aparan dörd nəfər var idi:
1. Osman ibn Səid
2. Mühəmməd ibn Osman
3. Hüseyn ibn Ruh Nobəxti
4. Əli ibn Mühəmməd Səmuri
Bunlar Həzrətin (ə.f) etibarlı əshabından sayılırdı və hər biri, o birindən sonra öz vəzifəsini yerinə yetirirdi.
c). Üçüncü dövr 329-cu hicri-qəməri ilindən başlayaraq bu günə qədər davam edən “Qeybəti-kübra – yəni böyük qeyb” dövrüdür. Bu dövrün nə qədər davam edəcəyini Allahdan başqa heç kim bilmir. Həzrət (ə.f) bu dövrdə xalq arasında gizli və kimsənin onu tanımayacağı bir şəkildə yaşayır. Onu görən olsa da tanıya bilməz. Yalnız o gedəndən sonra Həzrətdə gördükləri əlamətlərdən onun İmam Zaman (ə.f) olduğunu başa düşmək olar.

İNTİZAR
İmamın özünü xalqa tanıtmadığı “Böyük qeyb dövrün”də İslam məsələləri barədə dərin biliyə malik olan ləyaqətli fəqihlər xalqın və İslam cəmiyyətinin məsələlərini həll edir, xalqın din və dünyasını nəzərə alaraq məsum İmamın zühuru üçün zəmin yaradır. Bu dövrdə xalqın hamısı intizardadır, lakin bu, o demək deyildir ki, İmamın zühuruna imkan yaratmaq üçün çalışmayıb hərəkətsiz qalsınlar. İntizar çəkən insan ümidvar, hərəkətli, bilikli, mömin, İmama etiqad bəsləyən və nəhayət İmamın zühuru üçün zəmin hazırlayan bir insandır. Belə bir insan eyni ilə dağın zirvəsinə çıxmaq üçün çalışan və bu yolda zəruri olan hər bir şeyi qabaqcadan hazırlayan bir alpinistə bənzəyir. Dağın zirvəsinə çatmaq istəyən bir insan xəyallarla və əli-qolu bağlı oturmaqla məqsədinə çatmaz. Bu intizarın nəticəsində insan hərəkət, güc, düşüncə və yeniliklər əldə edir. Əgər bu əhəmiyyətli prinsiplər cəmiyyətdə mövcud olmasa, insanlar parlaq bir gələcəyi gözləməz.
İslamda intizar üsulu din və məzhəbin ayrılmaz bir hissəsidir. Bu üsul parlaq bir gələcəyin, ictimai ədalətin tam şəkildə həyata keçiriləcəyi müjdəsini verir. Bu məqsədə çatmaq üçün öz ardıcıllarını elə yetişdirir ki, zülmətlə, zülmlə, dəccallarla, süfyanlarla döyüşüb öz daimi hərəkətləri ilə vahid dünya hökumətini təsis etmək üçün zəmin yaratsınlar və nəhayət Allahın vəd etdiyi şəxs imam Mehdi (ə.f) İslamın bütün hədəflərini həyata keçirəcəkdir, inşallah!

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi
Ardı var ...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM ZAMAN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!