BESƏT İNSANİYYƏTİN AZADLIQ GÜNÜ

:

Besət insanlığın baharıdır
Besət, tövhid səmasının illərlə zülmətə büründüyü uzun zamandan sonra yenidən nurlandığı gündür.
Besət, cahillik və xurafat zülmətində Allahın parlaq nurunun tumurcuqlandığı gün idi.

Məbəs, insanların yaradılış hədəfləri haqqında yenidən düşünüb hara qayıdacağını başa düşdüyü gündür.
Besət ədalət mesajının dünyaya fəryad etdiyi gün idi.
Məbəsin mesajı, insanların zülmətdən çıxaraq nura doğru getməsi idi.
Məbəsin ən gözəl və ən böyük nəticəsi, Qurani-Kərim idi.
Allah Rəsulunun besətinin səmərəsi, fitrətə dönüş idi.
Besət, insanlıq süqut edərkən insanlığa nicat verilən gün idi.
Bir sözlə besət insaniyyətin azadlıq günü idi.

QƏLƏM DİLİ İLƏ PEYĞƏMBƏRİN BESƏTİ
O, başını qaldırıb asimana baxar, üfüqlərə boylanar, dağları seyr edərək bu baxışlarla Rəbbinin qüdrətinin təsirindən ibrət dərsi alar və uzun uzadı düşüncəyə dalardı. Gördüklərindən Yaradan Rəbbinin əzəmətini xatırlayar və özünəməxsus şəkildə Allahına ibadət edərək razü-niyazla məşğul olardı. O, artıq qırx yaşına çatmışdı. O dövrdə yerlə göy arasında uzun bir küskünlük yaranmışdı. Göy yerə gülmür yerin qaşqabağı açılmırdı. İnsanlar sanki nura həsrət qalan çiçəklər tək solmuş, saralmış gözə dəyirdi. Könüllər sevinmir üzlər gülmürdü. Nəhayət gözlənilən gün gəlib yetişdi. Rəbbi onun pak qəlbinə nəzər salaraq ən yumşaq və mehriban qəlb olduğunu gördü. Elə bu zaman Rəbbi əmr etdi ki, göylərin qapısı açılsın. Muhəmməd (s) bu açılmış qapılardan asimanı seyr etdi. Sonra Rəbbi mələklərə nazil omalarını əmr etdi. Onlar nazil olub həzrət Muhəmmədlə (s) görüşdülər. Allah Öz xüsusi rəhmət və diqqətini əziz Peyğəmbərimizə (s) yağdırır və onu rəhmətinə qərq edirdi. Bu an həzrət Peyğəmbər (s) cənab Cəbraili (ə) nura boyanmış halda gördü. Cəbrail (ə) ona tərəf gəlirdi və onun qolunu tutub möhkəm tərpədərək dedi: Oxu! Yaradan Rəbbinin adı ilə. İnsanları zəif maddədən (nütfədən) yaradan Allahının adı ilə. Oxu, Rəbbin böyükdür. Qələmlə elm öyrədən Rəbbinin adı ilə oxu və insana bilmədiklərini öyrədən Rəbbinin adı ilə oxu.
Həzrət Peyğəmbər (s) Rəcəb ayının 27-si Fil ilinin 40-cı ilində yəni hiccrətdən 13 il əvvəl Həra dağında vəhy mələyi Cəbrail (ə) vasitəsi ilə Allah tərəfindən peyğəmbərliyə seçilib yer üzündən çoxallahlıq və bütbərəstliyin kökünü kəsməyə və əvəzində təkallahlığı rəvac vermək üçün Allahın mesajını insanlara çatdırmağa məmur oldu. Peyğəmbərin (s) peyğəmbərliyə məmur olduğu bu günə “Məbəs” günü deyilir. Allah da Qurani-Kərimdə belə buyurur: Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aşkar zəlalət içərisində idilər (Ali İmran, 164).
Əziz və dəyərli möminlər! Bəşəriyyətin xilaskarı olan həzrət Muhəmməd (s) peyğəmbərin, peyğəmbərliyə seçildiyi mübarək besət gün münasibəti ilə öncə İmam Zamanı (əc) və haqq naibi cənab Ayətullah Xamenei ağanı, sonra siz əziz qardaş və bacılarımızı təbrik edir bu mübarək gündə sizlərə İlahi bayramlıq olaraq dünya və axirət səadəti arzu edirik. Bayramınız mübarək!

Həzrət Peyğəmbərin (s) həyatı haqqında geniş məlumatları aşağıdakı linklərdən əldə edin.

HƏZRƏT MUHƏMMƏDİN (S) HƏYATI - 1 

HƏZRƏT MUHƏMMƏDİN (S) HƏYATI - 2 

HƏZRƏT MUHƏMMƏDİN (S) HƏYATI - 3 

HƏZRƏT MUHƏMMƏDİN (S) HƏYATI -4

BESƏTİN MƏNASI

 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!