ƏŞRƏF-ül-ƏNBİYA (3)

:

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

FƏDƏK QƏSƏBƏSİ 
Xeybər qalasının müsəlmanlar tərəfindən işğal olunması xəbəri Fədək qəsəbəsində yaşayanlara çatan kimi onlar da qorxularından tez Peyğəmbərin hüzuruna nümayəndə göndərərək sülh müqaviləsi imzaladı və Fədəyin yarsını Peyğəmbərə (s) verdi. Həzrət Peyğəmbər (s) həmin qəsəbəni qızı Fatiməyə bağışladı ki, ona və məhrumlara yardım olsun.

Həzrət Peyğəmbər (s) Xeybər müharibəsindən sonra yəhudilərin başqa bir mərkəzi olan Vadil-Qüra məntəqəsinə tərəf hərəkət edib oranı da mühasirəyə aldı. Daha sonra onlara da Xeybər yəhudiləri kimi, öz torpaqlarında qalaraq qazanclarının yarsını müsəlmanlara vermələrinə icazə verdi.

 Həzrət Peyğəmbər (s) bu müqavilələrlə İslam ordusunun düşmən qarşısındakı hücum və müdafiə gücünü artırmaq üçün öz iqtisadi vəziyyətini düzəltmiş oldu.

5. MÜTƏ MÜHARİBƏSİ
Peyğəmbərimiz Vusra padşahını İslama dəvət etmək üçün onun yanına elçi göndərdi. Elçi Mutə torpaqlarına çatdıqda, o diyarın hakimi həmin elçini şəhid etdi. Həmin hadisədən sonra Peyğəmbər on altı təbliğatçını oraya göndərdi.
Ancaq onların hamısı öldürüldü, onlardan yalnız bir nəfər sağ qaldı.
Sağ qalan təbliğatçı gecə vaxtı qaçaraq Mədinəyə gəldi. Bu iki hadisə Peyğəmbərə (s) çox ağır təsir etdi və səbəb oldu ki, hicri səkkizinci ilin cəmadiül-əvvəl ayında Mutəyə ordu göndərsin. Müharibə elan olduqdan sonra on min nəfər könüllü əsgər müharibəyə hazırlaşdı. Peyğəmbərimiz onlar üçün bir nitq söyləyib daha sonra sərkərdələri aşağıdakı şəkildə təyin etdi: Cəfər ibn Əbu Talib birinci sərkərdə, Zeyd ibn Harisə ikinci sərkərdə, Abdullah ibn Rəvahə üçüncü sərkərdə. Əgər onlardan hansı biri şəhid olsaydı, ardıcıl olaraq o birisi onun yerinə keçəcəkdi. Əgər üçü də şəhid olsaydı, əsgərlər öz aralarından bir nəfəri seçib başçı təyin edəcəkdi.
İslam əsgərləri Mutə torpaqlarına tərəf hərəkət edib Muan şəhərinə çatdıqda oradakı müsəlmanlar xəbər verdi ki, Rum Qeysəri Herakl yüz min nəfərdən ibarət Rum ordusu ilə yüz min nəfər ərəb ordusunu müharibə üçün bir yerə toplamışdır.

BƏRABƏR OLMAYAN MÜHARİBƏ
İki yüz min nəfərdən ibarət düşmən ordusu on min nəfərdən ibarət İslam ordusuna hücum etdi. Cəfər şəhid olana qədər şücaətlə döyüşdü. İkinci və üçüncü sərkərdə də eyni şəkildə döyüşərək şəhid oldu.
Daha sonra əsgərlər Xalid ibn Vəlidi özlərinə başçı seçdi. Xalid təcrübəli və ağıllı adam idi. O belə fikirləşdi ki, əgər müharibə bu şəkildə davam etsə onların hamısı öləcək. Demək başqa bir hərbi taktika ilə düşmənin hücumunun qarşısını almaq lazımdır.
O, əsgərlərə gecə yarsı geri çəkilmələrini, səhər isə hay-küylə müharibə meydanına yenidən girmələrini əmr etdi. Bu zaman düşmən belə güman edəcəkdi ki, Mədinədən təzə köməkçi qüvvələr gəlmişdir.
Xalid bu taktika ilə düşməni qorxudub müharibəni dayandırmağa müvəffəq oldu.
Əshabın şəhid olması xəbəri Peyğəmbərə (s) çatanda o həzrət (s) çox narahat olub onların ölümünə ağladı, Xalidi isə müvəffəqiyyətinə görə təbrik etdi.

6. MƏKKƏNİN FƏTHİ
Müsəlmanların Mutə müharibəsində geri çəkilməyə məcbur olmaları, Qüreyş müşriklərini cəsarətləndirmişdi. Onlar müsəlmanların zəifliyini güman edirdi. Ona görə də Hüdeybiyyə müqaviləsinə baxmayaraq onlarla müqaviləsi olan müşriklər Bəni-Bəkir qəbiləsinin köməyinə gəlib müsəlman Xüzaə qəbiləsinə hücum edərək onların bir çoxunu öldürdü.
Bu hadisənin cavabsız qalmayacağını düşünən Əbu Süfyan, Peyğəmbərlə (s) müqavilənin müddətini artırmaq və bu hadisəyə görə üzr istəmək üçün tez Mədinəyə gəldi.
Amma Peyğəmbərimiz onunla soyuq davranıb müsbət cavab vermədi. Əbu Süfyan əliboş Məkkəyə qayıtdı. Həzrət Peyğəmbər (s) müharibə elan edən kimi on min döyüşçü hazır olduqlarını bildirdi.
Düşmənə qəfildən hücum etmək və bu barədə müşriklərə heç bir xəbərin çatmaması üçün Mədinənin ətrafına növbətçi qoyulmuşdu.
Amma Hatib adlı xəyanətkar bir şəxs, Məkkədə qohumları olduğu və Qüreyşdən qorxduğu üçün, bir qadının vasitəsilə Qüreyşə məktub yazdı. Ancaq bundan xəbər tutan müsəlmanlar məktubu həmin qadından alıb, Hatibi cəzalandırdı. Peyğəmbərimiz əmr etdi ki, heç kim onunla danışmasın. Bu cəza onun üçün ölümdən də ağır idi.
Həzrət Peyğəmbər (s) hicri səkkizinci ilin ramazan ayının onunda hərəkət əmrini verdi. İslam əsgərləri sürətlə irəliləyib bir həftə ərzində Məkkəyə çataraq şəhər yaxınlığında çadır qurdu. Peyğəmbərimiz öz müharibə taktikası əsasında əmr etdi ki, əsgərlər gecə vaxtı çöldə od yandırsınlar. Beləliklə düşmən Mədinədən böyük bir ordu gəlməsini və onların müharibəyə hazır olmasını zənn edəcəkdi. Tonqallardan qalxan alovlar, müsəlmanların hay-küyü, dəvə və atların kişnəməsi bütün çölü bürümüşdü. Əbu Süfyan və Qüreyş böyüklərindən bir qrupu vəziyyəti daha yaxından öyrənmək üçün oraya gəldikdə çox qorxdu. Əbu Süfyan yanında onlara heyrətlə belə demişdi: “İndiyə qədər belə böyük bir ordu görməmişəm!”
Əbu Süfyan Abbasla görüşüb danışığa başladı. Abbas Əbu Süfyana aman verib onu Peyğəmbərin hüzuruna gətirdi və dedi: “Əbu Süfyan qüdrəti sevir və onun bu zəif nöqtəsindən müsəlmanlar yaxşı istifadə edə bilər.”
Həzrət Peyğəmbər (s) müsəlmanların xeyrini nəzərdə tutub buyurdu: “Hər kim Əbu Süfyanın evinə pənah aparsa, amandadır. Əbu Süfyan bu haqda Məkkə əhalisinə söz verə bilər.” Əbu Süfyan bu imtiyazı alıb Məkkəyə qayıtdıqda, İslam əsgərlərinin əzəmətini camaat üçün danışaraq onları qorxutdu.
Beləliklə psxoloji baxımdan onları İslam əsgərlərinə qarşı döyüşməkdən çəkindirdi. Nəhayət, Məkkə qan tökülmədən müsəlmanların əlinə keçdi.

ÜMUMİ ƏFV
Müsəlmanların bir hissəsi, xüsusilə də mühacirlər, intiqam almaq istəyirdi. Lakin həzrət Peyğəmbər (s) ümumi əfv elan edib buyurdu: “Bu gün rəhmət günüdür, intiqam almaq üçün deyildir. Heç kimin camaatla, bir neçə nəfəri çıxmaq şərtilə, pis rəftar etməyə haqqı yoxdur. O neçə nəfəri isə hər yerdə tapsanız öldürün. Çünki onların cəzasını əfv etmək mümkün deyil!”
Daha sonra Peyğəmbər (s) onların adlarını sadaladı. Həzrət Peyğəmbər (s) bir az istirahət etdikdən sonra Allahın hərəminə gedib Kəbəni o murdar bütlərdən təmizlədi. Daha sonra Bilal azan verərək hamı birlikdə namaz qıldı.

7. HÜNEYN MÜHARİBƏSİ
Müşriklərin mərkəzi olan Məkkə şəhərinin müsəlmanların əlinə keçməsi Məkkə ətrafındakı qəbilələr arasında böyük qorxu yaratmışdı. Həmin qəbilələr müsəlmanların əleyhinə hərbi ittifaq təşkil etmək üçün bir yerə yığışdı.
Onlar müştərək bir qərar alaraq Həvazin qəbiləsinin başçısı Malik ibn Ovfi özlərinə sərkərdə seçdi.
Bu hərbi ittifaqın təşkil olunması xəbəri həzrət Peyğəmbərə çatan kimi bir nəfəri qəbilələrin arasına göndərdi ki, vəziyyəti yaxından öyrənsin. Peyğəmbərin göndərdiyi adam öz vəzifəsini yerinə yetirdikdən sonra Məkkəyə qayıdıb vəziyyət barədə o həzrətə məlumat verdi.

HÜNEYNƏ DOĞRU HƏRƏKƏT
Həzrət Peyğəmbər (s) düşmənin vəziyyətini tam şəkildə öyrəndikdən sonra on iki min silahlı əsgərlə hicri səkkizinci ilin şəvval ayının beşində Hüneyn vadisinə tərəf hərəkət etdi. Düşmən əsgərlərinin başçısı Malik üç nəfəri kəşfiyyat üçün İslam əsgərlərinin arasına göndərdi.
Onlar İslam əsgərlərinin qüdrətini görəndən sonra qayıdıb əhvalatı ona danışdı.
Malik başa düşdü ki, müsəlmanlarla bacara bilməyəcək. Ona görə də əsgərlərinə əmr etdi ki, Hüneyn boğazının yüksəkliklərinə çıxıb, qayalıqların arasında gizlənsinlər və orada özləri üçün səngər düzəltsinlər. O istəyirdi ki, İslam əsgərləri boğazdan keçəndə onlara qəfildən yürüş etsin.

HÜNEYN BOĞAZINDA
Hicri səkkizinci ilin şəvval ayının onunda çərşənbə axşamı İslam əsgərləri Hüneyn vadisinə çatdı.
Peyğəmbərin əmrilə gecəni istirahət etdilər. Səhər tezdən Xalid, əsgərlərin sərkərdəsi olaraq, vadiyə girmişdi.
Hər baxımdan hazırlanmış olan düşmən birdən-birə hər tərəfdən İslam əsgərlərinə hücum etdi.
Gecənin qaranlığı, atların hürkməsi və təzə müsəlman olmuş iki min əsgərin İslam ordusunda olması düşmən üçün əlverişli şərait yaratmışdı. Bunun nəticəsində Xalid geri çəkilmək məcburiyyətində qalmışdı. Daha sonra əsgərlər qaçmağa başladı. Həzrət Peyğəmbərin ətrafında olan mühafiz dəstəsindən yalnız on nəfər qalmışdı. Peyğəmbərimiz uca səsi olan bir nəfərə əmr etdi ki, qaçanları köməyə çağırsın və onlardan geri qayıtmalarını tələb etsin.
Abbasın uca səsi qaçanları geri qaytardı. Müharibənin əvvəlində qələbə çalan düşmən qoşunu yavaş-yavaş öz gücünü itirməyə başlamışdı. Nəhayət düşmənin müdafiə xətti qırıldığından düşmən əsgərləri bir çox qənimət geridə qoyaraq qaçmağa başladı. Həzrət Peyğəmbər (s) bir hərbi hissəni onların dalınca göndərdi ki, bir daha ittifaq qurmasınlar deyə düşməni darmadağın etsinlər.
Düşməni qovan hissə öz vəzifəsini yerinə yetirib qayıtdıqdan sonra Peyğəmbərimiz qənimətləri əsgərlərin arasında böldü.

8. TƏBUK MÜHARİBƏSİ
Hicri döqquzuncu ilin rəcəb ayında Peyğəmbərə xəbər verildi ki, müsəlmanların şimal-şərq (Ərəbistan) sərhədi Rum imperiyası tərəfindən təhdid olunur və onlar İslam torpaqlarına hücuma keçməyə hazırlaşır.
Həzrət Peyğəmbər (s) güclü bir ordu topladıqdan sonra, əvvəllər öz hədəfini gizlətdiyi halda, bu dəfə əksinə, hədəfini hamıya elan etdi və onlardan əllərindən gələn köməyi İslam ordusundan əsirgəməmələrini istədi. Xalq böyük həvəs və istəklə əsgərlərə lazım olan hər şeyi təmin edib müharibə xəzinəsini doldurdu.

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

DÖRDÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN

 

 

Tags: ƏHLİ-BEYT (ə), PEYĞƏMBƏR (s) , TARİX, SƏHABƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!