İMAM HƏSƏN MÜCTƏBA (Ə) VƏ FƏZİLƏTLƏRİ

:

Şiələrin ikinci imamı Həzrət İmam Həsən (ə), Peyğəmbərin (s. s) haqq canişini, kürəkəni və əmisi oğlu Həzrət Əli ibn Əbi Talibin (ə) ilk övladı və Behişt cavanlarının sərvəridir.Şiə2 və sünnü3 ravilərinin (hədis söyləyənlərinin) məşhur nəzərlərinə görə İmam Həsən (ə) hicrətin üçüncü ilində mübarək Ramazan ayının ortasında, gecə, Mədinə şəhərində dünyaya göz açmışdır. Əlbəttə, bəzi zəif rəvayətlərin dediyinə əsasən İmam (ə) şəban ayında dünyaya gəlmişdir.4 Mümkündür bu tarix, İmam Hüseynin (ə) doğum tarixi ilə səhv düşmüş olsun.

İmam Həsənin (ə) künyəsi Əbu Məhəmməddir.5 Bəziləri bu künyəni İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) və İmam Hüseynə (ə) aid olduğunu bildirirlər.6
İmam Həsənin (ə) dünyaya gəldiyinin yeddinci günü Həzrət Fatimə (s.ə), ـ Həzrət Cəbrailin Cənnətdən Peyğəmbərə (s. s) gətirdiyi parçaya büküldüyü halda ـ atası İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) yanına gətirir və Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) Onun adını Həsən qoyur.7
O həzrətin ləqəbləri bunlardır: Seyyid, Zəkiy, Müctəba və Təqi.8 İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatı zamanı İmam Həsənin (ə) yeddi yaş bir neçə ay və ya səkkiz yaşı olardı. Həzrət Əlidən (ə) sonra imamət, o həzrətə yetişəndə 37 yaşı olub.9 Şeyx Mufid özünün Əl-İrşad kitabında yazır: İmam Həsənlə (ə) imamət beyəti hicrətin qırxıncı ilində mübarək Ramazan ayının cümə günü 21-də olub."10 Onun xilafət müddəti altı ay üç gün çəkir və hicrətin 41-ci ilində Müaviyə ilə O Həzrətin arasında sülh imzalanır11 və bundan sonra İmam Həsən (ə) Mədinəyə qayıdır və ömrünün sonuna qədər yəni, on il orda yaşayır.12 İmam Həsənin (ə) şəhadətinin tarixi haqqında dəqiq məlumat yoxdur və tarixçilər arasında bu haqda ixtilaf var. Rəbiul əvvəl ayının beşi13 və ya səfər ayının 28-i hicrətin əllinci ili14 ən məşhur nəzərdir.
İmam Həsən (ə) öz həyat yoldaşı, Əşəs ibn Kəndinin qızı Cudənin əli ilə zəhərlənir və şəhadətə çatır.15 Bu hadisə, Müaviyənin Cudəni öz oğlu Yezidə alacığı vədəsi və hiyləsi ilə baş tutur. Sonra həyat yoldaşının verdiyi zəhərlə İmam Həsən (ə) haqqa qovuşur. İmam Hüseyn (ə) qüsl və kəfən mərasimlərini yerinə yetirdikdən sonra nənəsi Fatimə bint Əsədin yanında Bəqi qəbristanlığında o həzrəti torpağa tapşırır.16
İmam Həsənin (əleyhissalam) fəzilət və insani dəyərləri
Tarixçilər İmam həsən Müctəba (ə) haqqında çoxlu fəzilət və üstünlüklər nəql etmişlər. Onlardan bəzilərini qeyd edirik:
1. İmam Həsənin (ə) adının Allah tərəfindən verilməsi
Cabir ibn Abdullah nəql edir: Həzrət Zəhra (salamullahi ələyha) İmam Həsəni (ə) dünyaya gətirdikdən sonra İmam Əli yə (ə) dedi: "Ona ad seç!" Həzrət buyurdu: "Mən bu övladıma ad qoymaqda Peyğəmbərdən (səlləllahu ələyhi və alihi və səlləm) qabağa düşmərəm." Uşağın qundağını İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) hüzurana gətirib dedilər: "Ya Rəsuləllah! Buna ad qoyun" . İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: "Bu ad qoymada Allah-Təaladan qabağa düşmərəm." Sonra Allah-Təala həzrət Cəbrailə vəhy edir ki, Muhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) övladı dünyaya gəlib. Ona tərəf get və Ona tərbik de. Ona de ki, Əlinin Sənə nisbəti Harunun Musaya nisbəti kimidir. Belə olduqda onun övladının adına Harunun övladının adını qoy. Cəbrail (ə) İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) hüzuruna nazil olub buyurur: Allah–Təala buyurdu: "Fatimənin övladının adına Harunun oğlunun adını qoy." İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: "Harunun övladının adı nə olub?" Cəbrail cavab verir: "Şübbər." İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) soruşur: "Bizim dilimiz ərəbdir." Cəbrail cavabında buyurdu: "Onun adını Həsən qoyun." Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) onun adını Həsən qoyur.17
2. İmam Həsən (əleyhissalam) Behişt cavanlarının sərvəri
Cabir ibn Abdullah İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) nəql edir: "Hər kəs Cənnət cavanlarının sərvərini (ağasını) görmək istəsə, Həsən ibn Əlinin çöhrəsinə baxsın."18
3. İmam Həsənin (ə) heybət və əzəməti İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) heybət və əzəmətinə oxşarlığı
İbn Əli Rafei atasından, nənəsi Zeynəb Əbi Rafeinin qızının dilindən nəql edir: Həzrət Fatimə (s. ə) iki övladı İmam Həsən (ə) və İmam Hüseyn (ə) ilə birlikdə atası İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) hüzuruna gəlir və ...buyurur: "Bu iki övladın Sənin varislərindir. Onlara bir şey xatirə öyrət." İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) onlar haqqında buyurur: "Həsəndə mənim heybət və əzəmətim var  amma Hüseyndə mənim səxavət, bəxşiş və şücaətim var." Bu rəvayətin təsdiqi başqa bir rəvayətdir ki, Məhəmməd ibn İshaqdan nəql olunur: Heç kəs Həsən ibn Əlidən (ə) başqa şərafətdə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) oxşarı yoxdur. O, nəql edir, mən Məkkə yolunda özüm şahid oldum ki, İmam Həsən (ə) miniyindən yerə düşdü və piyada yol getməyə başladı. Bu anda Həzrətin yanında olanların hamısı miniyindən yerə düşdülər və piyada yol getməyə başladılar. Hətta, Səid ibn Əbi Vəqqas da O Həzrətin yanında piyada yol getməyə başlayır.19
4. İmam Həsən Müctəba (ə), insanlardan İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) ən oxşarı
Ənəs İbn Malikdən nəql olunur: Cəmiyyət içində Həsən ibn Əlidən (ə) çox İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) oxşar kimsə yox idi.20
5. İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) ən şiddətli məhəbbəti İmam Həsənə (əleyhissalam) izhar olub
Usamət ibn Zeyd nəql edir: gecələrin birində hacətim olduğuna görə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qapısını döydüm. O Həzrət evdən çölə çıxdı. Ehtiyacımı dedim və O Həzrət rəva etdi. Bu halda Peyğəmərin (səlləllahu ələyhi və alihi və səlləm) bir şeylə özünü bükdüyünü gördüm və o şeyin adını bilmədiyimə göra o şey haqda Həzrətdən soruşdum: Ya Rəsuləllah! Bu nə libasdır belə geymisiniz? Həzrət libasını kənar etdi və Həsən və Hüseynin Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) qucağında olduğun gördüm. Sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: "Mənim bu iki övladım qızımın uşaqlarıdır. İlahi! Mən onları çox sevirəm, onları sevənləri Sən də sev!"21
Başqa bir rəvayətdə bərra ibn Azəbdən nəql olunur: Mən Həsənin (ə) İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qucağında olduğunu gördüm. Bu halda Həzrət buyurdu: "İlahi! Mən Onu çox sevirəm, Sən də onu sev!"22
6. İmam Həsənin (əleyhissalam) zöhd və ibadəti
İmam Həsən Müctəba (ə ) zəmanəsinin ən abidi, ən zahidi və ən fəzilətlisi olub. Həcc ziyarətinə azim olarkən, piyada yol gedərmiş, bəzən də ayaqyalın yol gedərmiş. İmam Həsən (ə) ölümü yada salarkən ağlayır, qəbr və Qiymət haqqında danışarkən gözləri yaşla dolarmış."23
7. Allah yolunda ehsan və bəxşiş
İmam Həsən Müctəba (ə) səxavət və bəxşiş əhli olub el arasında da bu adla tanınmışdır. Bu haqda rəvayətlərdə çox nəql olunub. Biharul-Ənvar kitabının müəllifi Əllamə Məclisi Hilyətül-Övliya kitabından belə nəql edir: İmam Həsən Müctəba (ə) həyatında iki dəfə bütün mal-dövlətini fəqirlər arasında bölüşdürüb"24
8. Fəqirlərə münasibətdə təvazökarlıq və məhəbbət
İbn Şəhr Aşub, Əhməd Müəddəbin Əl-Funun və İbn Məhdinin Nəzhətul-əbsar kitabında belə nəql edir: "İmam Həsən Müctəba (ə) bir gün küçədən keçərkən bir dəstə fəqirin süfrə açıb yeməklə məşğul olduğunu görür. Onların süfrəsində quru çörəkdən başqa bir şey olmur. Fəqirlər İmam Həsəni (ə) gördükdə onu quru çörək olan süfrələrinə yeməyə dəfət edirlər. O Həzrət fəqirlərin dəvətini qəbul edir və atından enərək, onlarla bir süfrədə çörək yeməyə başlayır. İmamın (ə) bərəkətindən süfrəyə elə bərəkət gəlir ki, hamı doyunca quru çörəkdən yeyə bilir və doyur. Sonda İmam Həsən (ə) fəqirləri öz evinə dəvət edir və onlara lazımınca ehsan verir.25
 Buna oxşar rəvayətlər və onlarla Quran ayəsi İmam Həsən Müctəba (əleyhissalam) haqqında vardır. Biz bu qədəri ilə kifayətlənirik.
İmam Həsən Müctəbanın (ə) şəxsiyyəti və fəziləti haqqında o kifayət edər ki, O Həzrət İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Əhli-Beytindən (ə) sayılır və Allah-Taala Quranda onlardan çirkinliyi yox etmiş və pak və məsum qərar vermişdir.26 Həmçinin İmam (əleyhissalam) Nəcran xaçpərəstləri ilə Mübahilə (and içmə) hadisəsində İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) yanında olanlardan biri idi.


1. Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, c.6; səh.39; Tehran, Darul-kutubul islamiyyə nəşriyyatı, dördüncü çap, 1365 şəmsi ili
2. Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad fi mərifəti höcəcilləh əlal ibad, c.2; səh.5; Qum, Şeyx Müfidin yubileyi, birinci çap,1413 h.qəməri; Təbərsi, Fəzl ibn Həsən, Əlamul-vəra bi ələmul-huda, c.1; səh.402; Qum, Müəssiseyi Alul-Beyt (əleyhissalam) , birinci çap, 1417 h.qəməri; Ali Yasin, Şeyx Razi, Sülh Həsən (ələyhissalam), səh.25; Beyrut, Ələmi nəşriyyatı, birinci çap, 1412 h.q
3. İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə fi təmyizil-səhabə, c.2; səh.60; Beyrut, darul-kutubul elmiyyə nəşriyyatı, birinci çap, 1415h.qəməri; İbn Səd Katib Vaqidi, Məhəmməd ibn Səd, Ət-Təbəqətul-kubra, c.10; səh.226, Beyrut, Darul-kutubul elmiyyə nəşriyyatı, birinci çap, 1418 h.qəməri; Sibt ibn Cözi, Təzkirətül xəvas min ümməti fi zikri xəsaisu əimmə, səh.176; Qum, Mənşurati Şərif Rəzi nəşriyyatı, birinci çap, 1418 h. qəməri
4. İbn Həcər Əsqəlani bu nəzəri belə nəql edir:"və deyilir ki şəban ayında"; Əl-İsabətu fi təmyizi-səhabə, c.2; səh.60
5. Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad fi mərifəti höcəcilləh əlal ibad, c.2; səh.5
6. Əmin Amili, Seyyid Möhsin, Əyanuş-şiyə, c.1; səh.567; Beyrut, Darut-Təaruf nəşriyyatı, 1403 h.q
7. Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad fi mərifəti höcəcilləh əlal ibad, c.2; səh.5;
8. İbn Şəhraşub Mazandarani, Mənaqib Ali Əbi Talib (əleyhissalam) , c.4; səh.29; Qum, İntişarat Əllamə, birinci çap, 1379 h.q
9. Təbərsi, Fəzl ibn Həsən, Əlamul-vəra bi ələmul-huda, c.1; səh.402
10. Əl-İrşad fi mərifəti hücəcüllah əlal-ibad, c.2; səh.402
11. Əlamul-vəra bi ələmul-huda, c.1; səh.414
12. Əlamul-vəra bi ələmul-huda, c.1; səh.403
13. Ət-Təbəqətul-kubra, c.10; səh.354; Şirvani, Cəmaləddin, Əl-İthaf bihubbil əşraf, səh.115; qum, Darul kitab nəşriyyatı, birinci çap, 1421 h.q
14. Təbərsi, Fəzl ibn Həsən, Təcul-məvalid, səh. 82; Beyrut, Darul-qari nəşriyyatı, birinci çap, 1422 h.qəməri; Təbəri Amili Səğir, Məhəmməd ibn Cərir, Dəlailul-imamət, səh.159; Qum, Besət nəşriyyatı, birinci çap, 1413 hicri qəməri ili; Mühəddis Ərdəbili, Kəşfil-ğümmə fi mərifətil əimmə, c.1; səh.486; Qum, Mənşurati-rəzi nəşriyyatı, birinci çap, 1412 h.qəməri, Əyanüş-şiə, c.1; səh.576.
15. İmam Hüseyn (əleyhissalam) və Cədə; Sual: 4733
16. Əlamul-vəra bi ələmul-huda, c.1; səh.414
17. Əlamul-vəra bi ələmul-huda, c.1; səh.411;
18. Əlamul-vəra bi ələmul-huda, c.1; səh.411;
19. Əlamul-vəra bi ələmul-huda, c.1; səh.412
20. Məclisi, Məhəmməd baqir, Biharul-Ənvar, c.43; səh.338; Beyrut, Daru əhyau turas ərəbi nəşriyyatı, ikinci çap, 1403 h.qəməri,
21. Mənaqib Ali Əbi Talib (əlyehissalam), c.3; səh.382; Termizi Məhəmməd ibn İsa, Sünən Termizi; c.5; səh.656-657; Misir, Şirkəti məktəbəti və mətbəti Mustafa Əl-Bani Hələbi, ikinci çap, 1395; h qəməri
22. Quşeyri Nişaburi, Müslim ibn Həccac, Əl-Müsnəd Əs-Səhih əl-müxtəsər bi nəqlil ədli ila Rəsulullah (səlləllahu ələyhi və alihi və səlləm) (Səhih Müslüm), c.4; səh.1883; Beyrut, Daru ehyau turas ərəbi nəşriyyatı
23. Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, səh.178; Tehran, Kitabçı nəşriyyatı, altıncı çap, 1376 h.qəməri
24. Biharul-Ənvar, c.43; səh.339
25. Mənaqib Ali Əbi Talib (əlyehissalam), c.4; səh.23
26. Bu mövzuda, bu kitaba müraciət edə bilərsiz: Firuzabadi, Seyyid Mürtəza, Fəzailul-xəmsə min sihahis-sittə,Tehran, İslamiyyə nəşriyyatı, ikinci çap, 1392 h.q

Tags: İMAM HƏSƏN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!