MÜBARƏK RAMAZAN AYI HAQQINDA GENİŞ MƏLUMAT

:

ÜMUMİ MƏLUMAT

  Mübarək Ramazan və ya Ramazan ayı (ərəbcə: شهر رمضان), hicri-qəməri təqviminin doqquzuncu ayı və müsəlmanlara orucun bu ayda tutulması vacib edilmiş mənəvi cəhətdən çox bərəkətli bir aydır. “Ramazan”sözü, lüğətdə Günəş istiliyinin şiddəti1 deməkdir. Nəql olunur, Ramazan ona görə Ramazan adlandırılmışdır ki, günahları yandırır.2

Hədis kitablarında, Ramazan Allahın sifətlərindən sayılmışdır.3 Hədislərdə, Ramazan ayı haqda çoxlu fəzilətlər qeyd olunmuşdur, bu ayda bəndələr Allahın qonağıdır, bu ay Quranın baharı, bərəkət və məğfirət ayı adlandırılmışdır. Rəvayətlərə əsasən, bu ayda göylərin və cənnətin qapıları açılar və cəhənnəm qapıları bağlanar. Quranın Qədr gecəsində nazil olduğu gecə də məhz Ramazan ayında qərar verilmişdir. Digər səmavi kitablar da o cümlədən Tövrat, və İncil də bu ayda nazil olmuşlar. Mübarək Ramazan ayı yeganə aydır ki, Quranda adı gəlmişdir. Bu ayın müsəlmanlar yanında xüsusi ehtiramı vardır, bu ayda müsəlmanlar ibadətə daha çox önəm verirlər. Dua kitablarında, bu ay üçün müxtəlif əməllərə və dualara işarə olunmuşdur. Bu ayın ən mühüm əməlləri isə Quran oxumaq, Qədr gecələrini əhya saxlamaq, dua, namaz, iftar vermək və ehtiyaclı insanlara kömək etməkddən ibarətdir.

Bu ayın mühüm hadisələrindən biri də, Qədr gecəsində Qurani-Kərimin nazil olması və Şiələrin birinci imamı, həzrət Əlinin (ə) bu ayın 21-ci gecəsi şəhid edilməsidir. İmam Həsən (ə), bu ayın 15-i dünyaya göz açmışdır.

Müsəlmançılığın əsasını təşkil edən mühüm amillərdən biri isə Ramazan ayında oruc tutub ibadətlə məşğul olmaqdır. İslami cəmiətlərdə, bir çox adət-ənənələr vardır, o cümlədən qonaqlıq və toplum şəkildə keçirilən mərasimlər, məscidlərin və dini məkanların təmizliyi, küsənlərin barışması, müxtəlif növlərdə şirniyyatların hazırlanması və bir çox yeməklərin bişirilməsi Ramazan ayına ixtisas verilib.


XÜSUSİYYƏTLƏRİ

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ ۚ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ

Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Bəqərə surəsi, ayə 185

İslam peyğəmbəri həzrət Məhəmməd (s), Şəbaniyyə xütbəsində mübarək Ramazan ayının xüsusiyyətlərini açıqlamışdır və burada onlardan bir neçəsinə işarə edirik:

  • Bu ayda insanlar Allahın qonağlığına dəvət olunurlar.
  • Min aydan üstün olan Qədr gecəsi, bu ayda qərar tutub.
  • Bu ayın gecələrini əhya saxlayıb (oyaq qalıb) namaz qılmaq, digər aylarda yetmiş gecəni oyaq qalıb namaz qılmaqa bərabərdir.
  • Bu ay, səbir ayıdır, səbirin qarşılığı isə cənnətdir.
  • Ağrı-acılar paylaşılan aydır.
  • Mömin bəndələrin ruzilərinin bərəkət tapdığı aydır.

  Peyğəmbərin (s) buyurduğu kimi, bu ay elə bir aydır ki, əgər həqiqətləri dərk edilsə, insan arzu edər bütün il Ramazan olsun.4 Peyğəmbərdən (s) nəql olunan digər bir rəvayətə əsasən, Ramamzan ayı cəhənnəm qapılarının bağlandığı və cənnət qapılarının açıldığı və şeytanların zəncirə vurulduğu aydır.5 Peyğəmbər (s) zamanında Ramazan ayı, “mərzuq” (ruzilər verilən ay) adlandırılırdı.6
Bunlardan əlavə, məsum İmamlardan (ə) nəql olunan rəvayətlərdə, Ramazan ayı, Allahın ayı,7 rəhmət və İlahi məğfirət ayı,8 ruzinin bərəkət tapması və günahların əfv ayı kimi bildirilir.9 Bu ay elə bir aydır ki, bunda bağışlanmayan digər aylarda bağışlanmaz.10

ƏMƏLLƏR

Ramazan ayının özünə məxsus əməlləri vardır, onlardan bəziləri ümumi, bəziləri isə müəyyən günlərə məxsusdur.

  1. VACİB ORUC TUTMAQ  
      Müsəlmanlara Ramazan ayının orucu vacibdir;11 oruc, sübh azanından məğrib azanına kimi, bəzi işlərdən o cümlədən yemək və içməkdən çəkinmək deməkdir.12 Ramazan ayında oruc tutmağın və ona aid olan hökmlərin bəziləri Qurani-Kərimdə13 və bəziləri isə müsəlmanların fiqh kitablarında bəyan edilmişdir. Fəqihlərin fətvalarına əsasən, şəri üzrü olaraq oruc tuta bilməyən şəxs, oruc tutmamalı və insanların gözü qarşısında yemək-içməkdən uzaq durmalıdır.14 Oruc tutmağın digər ictimai faydası da vardır ki, bu haqda əlavə məlumatı BURADAN əldə edə bilərsiniz
  2. QURAN TİLAVƏTİ
       
    Quranı dinləmək və ya onlayn qiraət etmək üçün BURAYA tıklayın

      Bəzi rəvayətlərdə, Ramazan ayı, Quranın baharı adalandırılmışdır.18 Bu ayda Qurani-Kərimdən bir ayə oxumağın savabı, digər aylarda bütöv bir Quran oxumağın savabına bərabər olduğu bildirlmişdir.19 Bəzi İslam ölkələrində, müsəlmanlar hər gün, Qurani-Kərimdən bir cüz (10 səhifə) oxuyaraq, Ramazan ayının sonuna kimi bir Quranı tamamilə qiraət edirlər. Bu qiraətlər, çox vaxtlar məscidlərdə və ya məzhəbi məkanlarda toplum şəkildə icra olunur. İran İslam Respublikasında isə bu cür proqramlar televiziya və radio kanallarından canlı olaraq efirə verilir.

  3. DUA OXUMAQ
      Mübarək Ramazan ayının gündəlik dualarını BURADAN oxuya bilərsiniz.
     
      Səhər vaxtları oxunan dualar, o cümlədən “Bəha” duası və Əbu Həmzə Sumali15 dualarını oxumaq, bunlardan əlavə gecələr iftitah duası,16 “Ya Əliyyu ya əzim”, “Allahummə ədxil əla əhlil quburi vəs-surur” və “Allahummə ərzuqni Həccə bəytikəl həram” duaları, vacib namazlardan17 sonra oxunması, ümümi və Ramazan ayının günləri arasında müştərəkdir. Qeyd olunan duaları BURADAN oxuya bilərsiniz.
  4. QƏDR GECƏSİ ƏHYA SAXLAMAQ
      Qədr Gecəsinin əməllərini BURADAN oxuyun  
     
      Rəvayətlərə əsasən, Qədr gecəsi Ramazan ayının 19, 21, və yaxud 23-cü gecələrindən birinə təsadüf edir.20 Bəzi rəvayətlərdə, Ramazan ayının 23-cü gecəsi, Qədr gecəsi olaraq təyin olunmuşdur.21 Şeyx Səduq yazır, ustadlarımızın nəzəri budur ki, Qədr gecəsi Ramazan ayının 23-cü gecəsidir.22 Əllamə Təbatəbai yazır, Əhli-Sünnənin nəzərində, Ramazan ayının 27-ci günü qədr gecəsidir.23
    Şiələr hər il, Ramazan ayının 19, 21, və 23-cü gecələrini, məscidlərdə, məzhəbi məkanlarda və ya evlərdə əhya saxlayaraq ibadətlə məşqul olurlar. Cövşən kəbir duası oxuyub Quran başa qoymaq, Qədr gecəsinin ən mühüm əməllərindən sayıldığı üçün bu gecələrdə icra olunur.
  5. MÜSTƏHƏB NAMAZLAR QILMAQ
      Bir sıra müstəhəb namazlar vardır ki, mübarək Ramazan ayının əməllərindən sayılır; bu namazladan bəziləri Ramazan ayının bütün günləri arasında müştərək və bəzi namazlar isə məhz müəyyən günlərə və gecələrə məxsusdur. O cümlədən, Ramazan ayının gecələrində min rəkət namaz qılmağa tövsiyə olunmuşdur. Bu namazları əksər yerlərdə bu cür qeyd edirlər: Ramamzan ayının ilk gecəsindən igirminci gecəsinə kimi, hər gecə 20 rəkət və igirminci gecədən ayın sonuna qədər hər gecə otuz rəkət qılınsın. Amma o gecələr ki, ehtimal verilir Qədr gecələridir, bunlardan əlavə, digər 100 rəkət namaz da qılınır.24 Əhli-Sünnə hər gecə 20 rəkət müstəhəb namaz qılırlar ki, onu Təravih namazı adlandırırlar. Əhli-Sünnə, ikinci xəlifənin sözünə itaət edərək, bu namazı camaatla qılırlar, lakin Şiələr bu namazın camaatla qılınmasını bidət (dində yenilik) bilirlər.
  6. SON ON GÜN ETİKAF
    Etikaf haqqında əlavə məlumatı BURADAN oxuyun
     
      Ramazan ayının son on gününü etikaf saxlamaq müstəhəbdir və böyük fəziləti vardır.25 Son on gün, etikaf üçün ən yaxşı zaman və onu etikaf saxlamağın savabı, iki həcc və iki ümrənin savabına bərabər olduği bildirilmişdir.26 İslam peyğəmbəri (s) əvvəllər Ramazan ayının ilk on gününü sonralar isə ikinci on günlüyünü daha sonralar isə Ramazanın üçüncü on günlüyünü etikaf üçün seçmişdir. Sonralar isə ömrünün sonuna kimi, Ramazan ayının son on gününü etikaf saxlamışdır.27

ADƏT VƏ ƏNƏNƏLƏRİ

  İslam cəmiətində, mübarək Ramazan ayı ilə bağlı bir çox adət və ənənələr vardır ki, onlardan bəzilərinə işarə edirik.

  • İFTAR SÜFRƏLƏRİ

  Bir çox ölkələrdə, müsəlmanlar mübarək Ramazan ayında, məzhəbi məkanlarda evlərində və s. yerlərdə iftar süfrələri açırlar. İnsanlar bir-birlərini iftar üçün öz evlərinə dəvət edir və məzhəbi məkanlarda iftar zamanı, öz nəzirlərini paylayırlar. Peyğəmbərdən (s) nəql olunan rəvayətə əsasən, Ramazan ayında hər kim hətta bir qurtum su və ya bir ədəd xurma iftar olaraq möminə versə, bir Allah bəndəsinin zindandan qurtarmasının savabın əldə edər.28 Bəzi məntəqələrdə, azan deyildikdə namaz qılınır, bəzi yerlərdə isə iftar edildikdən sonra namaz qılınıb moizə və dua məclisləri təşkil olur.

  • OBAŞDANLIQ

  Bəzi şəhərlərdə və məntəqələrdə obaşdanlığa sahur da deyilir ki, onun vaxtını elan edib camaatı yuxudan ayıltmaq üçün müxtəlif adət və ənənələrdən istifadə olunurdu, misal üçün müəzzinlər yəni azan deyənlər və carçılar məhəllələrdə bir yerə toplaşıb oxuyurlar, məscid minarələrindən fənərlər asılır, təbil və şeypurlar səsləndirilir və ya evlərin qapıları və zəngləri vurulurdu. O cümlədən, sübh azanından əvvəl, səhər duası və məğrib azanından əvvəl isə, “Rəbbəna” duası məscidlərdən, televiziya və ya radio kanallarından səsləndirilir.

  • DİN MÜBƏLLİĞLƏRİNİN EZAMI

  Şiə ruhaniləri, Ramazan ayında dini təbliğ üçün şəhərlərə və kəndlərə gedib, şəriət hökmlərini insanlara açıqlayır, moizələr edib camaat namazlarını bərpa edirlər.

  • GÜNDƏLİK DUALARIN CƏMİƏTLƏ BİRGƏ OXUNMASI

  Şiələr, gündəlik navazlarını camaatla qıldıqdan sonra, “ya Əliyyu ya əzim” duasını birlikdə oxuyurlar. Bundan əlavə namaz qılanlar arasından bir nəfər “Allahummə ədxil əla əhlil quburis-surur” duası və Ramazan ayının gündəlik dualarını uca səslə oxuyur və namazda hazır olan insanlar isə duanın hər hissəsinin sonunda amin deyirlər.

  • GƏRGİAN MƏRASİMİ

  “Gərgian” və ya “Qərqian” qədimi mərasim və adət-ənənələrdəndir ki, Ramazan ayının 15-i, imam Həsənin (ə) mövlud günü icra olunur. Bu mərasimdə uşaqlar və yeniyetmələr iftardan sonra gecənin bir vaxtına kimi evlərin qapıların vurub ev sahiblərindən şokolad və şiriniyyat alırlar. Deyilənlərə görə bu adət-ənənə, peyğəmbər zamanından qalmışdır ki, camaat imam Həsənin (ə) viladəti münasibətilə, imam Əli (ə) və həzrət Zəhranın (s.ə) evinin qapısın vuraraq şirinlik almışlar. Gərgian mərasimi, İranın cənubunda və Misir, İraq, Bəhreyn, İmarat və... kimi ölkələrdə keçirilir.29

  • MÜBAƏK RAMAZAN AYININ 27-DƏ MURAD PÜSTƏ VƏ KƏLLƏ-PAÇA

  İranın bəzi şəhərləirində, o cümlədən Tehranda və Zəncanda, Ramazan ayının 27-si İmam Əlinin (ə) qatili, İbn Mülcəmin öldürüldüyü gün kimi qeyd edilir və adətdir ki, bu gecədə kəllə-paça (xaş) və Murad püstə yeyilir.30 Deyilən “Murad püstə çərəzi” Xurma, fıstıq, fındıq, badam, kişmiş, və... qarışdırılaraq hazırlanır, əlbətdə bu “Murad çərəzin”-in şərti budur ki, adları Məhəmməd, Əli və Fatimə olanlar hazırlamalı və Ramazan ayının 27-ci günü oruc tutanlar arasında paylanmalıdır.31

  • QÜDS GÜNÜ MİTİNQİ

  Dünya Qüds günü ima Xumeyni, hicri günəş ilinin 1358-ci il yəni 1979-cu ilin Ramazan ayının son cümə gününü, Fələstin camaatını himayə etmək məqsədilə, beynəlxaq Qüds günü elan etmişdir.32 Müsəlmanlar hər il, bu günü, dünyanın müxtəlif ölkələrində Fələstinliləri müdafiə və Məscidi Əqsanın azadlığı üçün mitinqlər keçirirlər.

DİGƏR ADƏT-ƏNƏNƏLƏR

  • Təmizlik işləri; Ramazan ayına bir neçə gün qalmış evlər, məscidlər, məzhəbi məkanlar, məhlələr və bazarlarda təmizlik işləri görülür.
  • Şadlıq mərasimləri; Şaban ayının son günü. Camaat böyük villalar və bağ evlərində bir araya gəlib şadlıq mərasimləri təşkil edirlər.
  • Barışıq; Küsülü olan insanlar barışır.
  • Ramazanı qarşılamaq; Ramazandan bir və ya üç gün əvvəl oruc tutular, bu niyyətlə ki, ramazan ayını qarşılayırlar.
  • Mürad köynəyi və murad üzüyü mərasimi.
  • Əlinin dostu, dost; mərasimi.33

RAMAZAN AYININ İLK VƏ SON GÜNÜNÜN TƏYİN EDİLMƏSİ

Ramazan ayının ilk və son günləri aşağıda qeyd olunan yollardan birinin vasitəsilə isbat olur:

  1.     Ramazan ayının görülməsi; insan özü ayın ilk və son gününün ayını görsün.
  2.     Bir dəstənin dediyindən yəqinlik hasil olsun.
  3.     İki ədalətli şəxsin sözü, əlbətdə sözləri bir-birinin dediyinin əksinə olmasın.
  4.     Əvvəlki ayın günlərinin sayı 30 günü keçmiş olsun.
  5.     Şəri hakimin hökmü.34

Bəzi hədislər, Ramazan ayını 30 gün bildirir35 və bir dəstə Şiə alimləri də bu fikrə qaildirlər;36 Amma bu nəzəriyyənin müqabilində, bir dəstə isə bəzi rəvayətlərə əsasən, Ramazan ayını digər aylar kimi olduğunu bildirirlər; mümkündür 29 və ya 30 gün olsun37 odur ki, fəqihlər arasında olan məşhur nəzəriyyə də budur.38

Ramazan ayı, Şavval ayının girişi və Fitr bayramının elan olunması ilə sona çatır. Fitr bayramının əməlləri isə fitrə zəkatın verib, bayram namazını qılmaqdır.39

 

MÜBARƏK RAMAZAN AYINDA BAŞ VERMİŞ MÜHÜM HADİSƏLƏR

  • İmam Rzanın (ə) Vəliyyi əhdliyinin elan olunması (hicrətin 201-ci ili, Ramazanın 7-si)40
  • Həzrət Xədicənin (ə) vəfatı (besətin 10-cu ili, Ramazanın 10-u)41
  • Peyğəmbərin (s) əshabı və o cümlədən peyğəmbərlə (s) imam Əli (ə) arasında qardaşlıq əqdinin oxunması, (hicrətin birinci ili, Ramazanın 12-si)42
  • İmam Həsən Müctəbanın (ə) təvəllüdü, (hicrətin 3-cü ili, Ramazanın 15-i)43
  • Bədr döyüşü, (hicrətin 2-ci ili, Ramazanın 17-si)44
  • Qədr gecəsi və Quranın nazil olması (hicrətin 1-ci ili, Ramazan ayının 19, 21 və ya 23-cü gecəsi)
  • Məkkənin fəthi (hicrətin 8-ci ili, Ramazanın 20-si)45
  • İmam Əlinin (ə) şəhadəti, (hicrətin 40-cı ili, Ramazanın 21-i)46

MÜBARƏK RAMAZAN AYI HAQQINDA YAZILMIŞ KİTABLAR

Ramazan ayı haqqında çoxlu kitablar təlif olunmuşdur ki, onlardan bir neçəsi bunlardan ibarətdir:

  • “Şəhrullah fil Kitab vəl Sünnə”, müəllif: Məhəmməd Məhəmmədi Reyşəhri. Bu kitab, Quran və əhli beytin (ə) hədisləri əsasında, Ramazan ayının fəzilətləri, əməlləri və orucu barəsində geniş şəkildə məlumatlar dərc olunmuşdur. Bu kitab, “Allahın ayı” ünvanıyla (Pejuheşi came dər bareye mahe mubarəke Rəməzan əz neqahe Quran və hədis) Cavad Müdərris tərəfindən tərcümə edilmişdir. Kitab təlxis olunaraq “Muraqibate mahe Rəməzan” adı altında çap edilmişdir.47
  • “Dər məhzəre mahe mubarəke Rəməzan:” Mübarək Ramazan ayının fəzilətləri, şəri hökmləri və münasibətləri haqda tədqiq, Əbul Fəzl Şeyxi tərəfindən qələmə əlınmışdır. Rovzətul Əbbas nəşriyatı çap etmişdir.
  • “Əhəmmiyyəte mahe mubarəke Rəməzan əz didqahe Quran və hədis” müəllif: Əkbər Əkbərzadə Murşidi, Kövsəre hidayət nəşriyyatı.
  • “Rəməzan dər fərhənge mərdom” müəllif: Seyyid Əhməd Vəkiliyan. Bu kitabda, İran cəmiyyətinin Ramazan ayına aid olan adət ənənə, mədəniyyəti və mərasimləri qeyd olunmuş, Suruş nəşriyyatında çap edilmişdir.48

Məqalənin hazırlanmasında  wikishia.net saytının materiallarından istifadə edilmişdir
Hazırladı: Rəsul Mahmudzadə


1. Rağib, Mufrədatu əlfazil-Quran, h.q 1412, s.366

2. Məclisi, Biharul-ənvar, h.q 1403, c.55, s.341

3. Mazandarani, Şərhul-Kafi, h.q 1382, c.6, s.110

4. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.346

5. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.346

6. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.160

7. Səduq, Əl-Əmali, h.ş 1376, s.19, hədis 1

8. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.342

9. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.340

10. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.66

11. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.3, s.521

12. Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.6, s.5

13. Bəqərə surəsi, ayə 183-185, 187

14. Musəvi Qolpayqani, Məcməul-məsail, h.q 1409, c.3, s.215

15. Seyyid ibn Tavus, Əl-İqbalul-əmal, h.ş 1376, c.1, s.156-185

16. Seyyid ibn Tavus, Əl-İqbalul-əmal, h.ş 1376, c.1, s.137

17. Seyyid ibn Tavus, Əl-İqbalul-əmal, h.ş 1376, c.1, s.79 və 80

18. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.630

19. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.341

20. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.156-160

21. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.158; Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.508, hədis 1

22. Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.519

23. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.334

24. Nəcəfi, Cəvahirul-kəlam, c.12, s.187-190

25. Qumi, Məfatihul-cinan, Üsvə nəşriyyatı, s.234

26. Öncəki mənbə

27. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.175, hədis 3

28. Səduq, Uyunu Əxbarir-Rza (ə), h.q 1378, c.1, s.295-297, hədis 53

29. asriran saytına istinadən

30. http://www.tebyan.net/newindex.aspx?pid=175918

31. https://www.iscanews.ir/news/1004518

32. İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.9, s.267

33. https://www.irna.ir/news/82134503

34. İmam Xomeyni, Tozihul-Məsail, h.q 1424, c.1, s.959

35. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.10, s.268-274

36. Seyyid ibn Tavus, Əl-İqbalul-əmal, h.ş 1376, c.1, s.33-35

37. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.10, s.261-268

38. Bəhrani, Əl-Hədaiqun-Nazirə, h.q 1405, c.13, s.270-271; Amuli, Misbahul-hüda, h.q 1380, c.8, s.384

39. Nəcəfi, Cəvahirul-kəlam, c.11, s.332-333

40. Yaqubi, Tarixu Yaqubi, h.ş 1378, c.2, s.465

41. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.14

42. Qumi, Vəqayiul-əyyam, h.ş 1389, s.58

43. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.5; Təbəri, Tarixu Təbəri, h.q 1387, c.2, s.537

44. Yaqubi, Tarixu Yaqubi, h.ş 1378, c.2, s.45

45. Təbəri, Tarixu Təbəri, h.q 1387, c.2, s.343

46. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.9

47. http://www.reyshahri.ir/post/65136/

48. https://www.cgie.org.ir/fa/news/13099

Tags: QURAN, HƏDİS, DUA, FİQH, MƏQALƏLƏR, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!