VƏHHABİLƏRİN ƏLİ İLƏ İSLAMİ ƏSƏRLƏRİN DAĞIDILMASI-1

:

Hal-hazırda dünyanın hər yerində keçmiş nəsillərdən irs qalmış tarixi abidə və əsərlərlə fəxr edilir, onları qoruyub-saxlamağa həddindən artıq səy göstərilir və onları təmir edib düzəltmək üçün külli miqdarda pul sərf edilir.

Dünya ölkələri arasında belə bir qanun var ki, xaricdən gələn müxtəlif hey”ətlərə və qonaqlara öz tarixi abidələrini göstərsinlər. Amma qəsbkar vəhhabi dövləti İslamın tarixi əsər və abidələrini bir-birinin ardınca və tamamilə məhv edir ki, gələcəkdə onlardan heç bir əsər-əlamət qalmasın. Bu, vəhhabilərin İslama və bütün müsəlmanlara qarşı törətdikləri böyük bir cinayətdir. Çünki bu tarixi abidələr heç kimin şəxsi əmlakı deyil və bütün müsəlmanlara məxsusdur; tarix boyu müsəlmanların iftixarı sayılmış, indi də sayılmaqdadır. “İslam dövləti” iddiasını irəli sürən ölkələr də vəhhabilərin bu kinli hərəkətləri qarşısında tam sükut edərək məs”uliyyətsiz bir mövqe seçmiş və onlara qarşı heç bir reaksiya göstərməmişlər.
Vəhhabilərin məhv etdikləri bu tarixi əsərlər iki dəstəyə bölünür: birinci dəstədən vəhhabilərin səylərinin əksinə olaraq müəyyən əsər-əlamət qalmışdır. İkinci dəstədən isə heç bir əsər-əlamət qalmamışdır.
Birinci dəstəyə aşağıdakılar daxildir:
Mədineyi-münəvvərədəki “Bəqi” qəbiristanlığı; o, 1342-ci hicri qəməri ilində vəhhabilərin təcavüzünə məruz qalmış, oradakı tarixi abidələr, o cümlədən İmamların və digər ilahi övliyaların qəbirlərinin zərihləri, minarə və günbəzləri məhv edilmişdir.
Məkkeyi-Mükərrəmədə olan “Qüreyş” qəbiristanlığı (“Cənnətül-müəlla”); bu qəbiristanlıqda İslami şəxsiyyətlərdən bir qrupu dəfn edilmişdir ki, İslamın inkişaf edib yayılmasında əllərindən gələni əsirgəməmişlər. Onların bəzilərinin adlarını qeyd edirik:
1. Peyğəmbərin babası Əbdül-Müttəlib ibni Haşim. Bu böyük şəxsiyyətin Peyğəmbərə etdiyi xidmətlər hamıya bəllidir.
2. İslam qəhrəmanı Əli (əleyhissalam)-ın atası Əbu-Talib. O, İslam Peyğəmbərinin zəhmətkeşi və hamisi idi, bütün qüvvəsini İslamı və İslam Peyğəmbərini müdafiə etməyə və müşriklərlə mübarizəyə sərf etdi. Hətta Peyğəmbər onun barəsində buyurmuşdu: “Dinin möhkəmlənməsi yalnız Əlinin qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün oldu.”
Amma vəhhabilər bu böyük şəxsiyyəti azğınlıq və küfrlə müttəhim edirlər, özü də bu iddiaya heç bir dəlilləri yoxdur. Belə bir ittiham yalnız Əbu Talibə və onun oğlu Əli (əleyhissalam)-a qarşı olan kin və düşmənçilikdən irəli gəlir. Hansı ki, Əbu Talib özünün Allaha və Peyğəmbərə olan imanını müxtəlif münasibətlərlə təşkil olunan məclislərdə aşkar etmişdir. O cümlədən bir şerdə deyir:
 “Mən yəqin etdim ki, həqiqətən Mühəmmədin dini aləmdəki dinlərin ən yaxşısıdır.”
İndi görək Əbu Talibə qarşı küfr nisbəti vermək olarmı?
Bu böyük şəxsiyyəti küfr və inhiraf ilə müttəhim edənlər bilməlidirlər ki, Qiyamət günü Allah qarşısında Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in, Əli (əleyhissalam)-ın və Əbu Talibin düşmənlərindən sayılacaq, xar və zəlil olacaqlar.
(Əlavə məlumat almaq üçün Əbdüllah Xüneyzinin yazdığı “Qüreyş mömini Əbu Talib” kitabına müraciət edə bilərsiniz.)
3. Peyğəmbərin həyat yoldaşı Xədicə binti Xüvəylid. O, bütün sərvətini İslamın inkişafı və təbliği yolunda bəxş etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun barəsində buyurur: “Dinin möhkəmlənməsi yalnız Əlinin qılıncı, Xədicənin sərvəti və Əbu Talibin himayəsi sayəsində mümkün olmuşdur.”
4. Peyğəmbərin oğlu Əbdüllah.
5. Peyğəmbərin oğlu Qasim.
Keçmiş dövrlərdə bu qəbirlərin hamısının məqbərəsi, günbəzi var idi və müsəlmanlar onları ziyarət edərdilər. Amma vəhhabilər Hicaza hakim olduqdan sonra, bu məqbərələrin bütün qiymətli çilçıraqlarını, cəvahiratını qarət edib, sonra onu torpaq komasına döndərmişlər.

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

Kitabın adı: VƏHHABİLƏRİ BELƏ GÖRDÜM
Müəllif: ƏBDULLAH MƏHƏMMƏD
Hazırladı: Rəsul Mahmudzadə

 

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!