23-CÜ MÜNAZİRƏ - II hissə

:

NƏSRANİLƏRİN MÜBAHİLƏ ÜÇÜN HAZIRLAŞMASI
Ertəsi gün nəsranilər alimlərinin əksəriyyəti ilə birlikdə Mədinənin çıxışında Rəsulullahın (s) izdihamlı bir kütləylə onları qorxutmaq üçün gələcəyini gözləyirdilər.

Birdən Mədinə qalasının qapısı açıldı. Rəsulullah sağında bir gənc, solunda hicablı bir qadın və ön tərəfində isə iki uşaqla gələrək, nəsranilərin qarşısındakı ağacın altında dayandı. Bunlardan başqa onlarla heç kəs gəlməmişdi.
Nəsranilərin ən elmli alimi olan keşiş mütərcimlərdən Mühəmməd peyğəmbər ilə gələnlərin kim olduqlarını soruşdu. Mütərcimlər: «O gənc, kürəkəni və əmisi oğlu Əli ibn Əbu Talibdir. O qadın, qızı Fatimə, iki uşaq isə nəvələri və qızının övladları olan Həsən və Hüseyndir» - dedilər.
Alim keşiş bu vəziyyəti gördükdə nəsrani alimlərinə belə dedi: «Baxın, Mühəmməd necə də əmin bir halda ən yaxınlarını, övladlarını və ən çox sevdiyi əzizlərini mübahiləyə gətirib, onları bəlaya məruz qoydu. Allaha and olsun ki, əgər onun tərəddüd və ya qorxusu olsaydı, əsla onları gətirməz, mübahilədən imtina edər, ya da, ən azı ailəsindən olan əzizlərini bu hadisidən uzaq tutardı. Onunla mübahilə etməyimiz, sözsüz, doğru deyildir. Əgər Bizans imperatorundan qorxmasaydım, ona iman gətirərdim. Elə isə istəklərini qəbul edək; sülh bağlayıb, şəhərimizə dönək». Onların hamısı: «Söylədiklərin səhih və doğrudur» - deyib, keşişin fikrini təsdiq etdilər. Daha sonra keşiş həzrət Peyğəmbərə (s): «Biz səninlə mübahilə etmirik, sülh əldə etmək istəyirik» - dedi. Peyğəmbər də onların bu təklifini qəbul etdi.
Sülh müqaviləsi həzrət Əlinin (ə) əli ilə yazıldı, Orafi qumaşlarından, hər qumaşın qiyməti qırx dirhəm olmaq şərtilə, iki min qumaş, min misqal qızıl və bunların yarısının, yəni min qumaş və beş yüz misqal qızılın məhərrəm ayında və digər yarısının da rəcəb ayında verilməsi razılaşdırıldıqdan sonra hər iki tərəf müqaviləni imzaladı.
Daha sonra öz yurdlarına döndülər. Yolda gedərkən nəsranilərin alimlərindən olan Aqib öz yoldaşlarına belə dedi: «Allaha and olsun ki, mən və siz bu Mühəmmədin və vəd edilən peyğəmbər və söylədiklərinin də Allah tərəfindən olduğunu bilirik. And olsun Allaha ki, hər hansı biq peyğəmbərlə mübahilə edən kimsə qurtuluşa çatmamışdır; nəticədə onların böyük və kiçiklərindən heç bir nəfər də sağ qalmamış, hamısı həlak olmuşlar. Əgər biz də mübahilə etsəydik, heç şübhəsiz, hamımız həlak olardıq və yer üzündə bir nəsrani belə qalmazdı. And olsun Allaha, mən onlara baxdıqda elə simalar gördüm ki, əgər Allahdan istəsəydilər, dağları yerindən oynadardılar».
Hafiz: «Bəyan etdikləriniz səhih və doğrudur və bütün müsəlmanlar tərəfindən qəbul edilir. Amma mövzumuzla - Əliylə (ə) Rəsulullahın (s) nəfs baxımdan eynilik məsələsilə nə əlaqəsi vardır?»
Dəvətçi: «Bu ayədə şahid və dəlilimiz «Ənfüsəna» (nəfslərimiz) kəlməsidir. Çünki bu hadisədə bir neçə əhəmiyyətli mövzu vardır.
Birincisi, Rəsulullahın (s) haqq olmasını sübut edir. Çünki əgər haqq olmasaydı, mübahiləyə cəsarat etməz və eyni zamanda nəsranilərin böyük alimləri də mübahilədən qaçmazdılar.
İkincisi, bu ayə imam Həsən (ə) və imam Hüseynin (ə) Rəsulullahın (s) övladları olduğuna dəlalət edir ki, birinci gecə bu mövzuya toxunmuşdum.
Üçüncüsü, bu ayə ilə Əmirəl-möminin Əli, Fatimə, Həsən və Hüseynin, Rəsulullahdan sonra məxluqatın ən şərif və ən əziz insanları olduqları isbat edilir.
Zəməxşəri, Beyzavi, Fəxri Razi kimi bütün təəssübkeş alimləriniz öz kitablarında bu mövzuya toxunmuşlar. Xüsusilə, Carullah Zəməxşəri bu ayənin təfsirində geniş bəhs edib Ali-əbanın (ə) beş fərdinin bir araya toplanmasının həqiqətlərini aşkar etdikdən sonra belə deyir: «Bu ayə, Peyğəmbərlə birlikdə əbanın altında olanların ən fəzilətli olduqlarına ən böyük dəlildir və bu ayədən daha böyük bir dəlil ola bilməz!»
Dördüncüsü, bu ayə, Əmirəl-möminin imam Əlinin həzrət Peyğəmbərin bütün əshabından daha üstün və fəzilətli olduğuna bir dəlildir. Çünki Allah-taala bu ayədə həzrət Əlini Peyğəmbərin nəfsi olaraq tanıtmışdır. «Ənfusəna» (nəfislərimiz) kəlməsindən məqsədin Rəsulullahın öz nəfsi olmadığı açıq-aydındır. Çünki dəvət, dəyişikliyi lazım bilər və insan heç bir zaman özünü dəvət etməyə əmr olunmamışdır. Elə isə, bu ayədəki «ənfusəna»dan məqsəd, Rəsulullahın nəfsi dərəcəsində olan başqa birinin dəvət olunmasıdır.
Şiə və sünni firqələrinin etibarlı və mötəbər olan bütün müfəssir və mühəddisləri Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyndən (ə) başqa heç kimsənin “Mübahilə” günü Rəsulullahın (s) yanında olmadığını söyləmişlər. Çünki «əbnaəna əbnaəkum» (oğullarımız və oğullarınız) cümləsindən Həsən və Hüseyn, «nisaəna və nisaəkum» (qadınlarımız və qadınlarınız) cümləsindən də həzrət Fatimə qəsd olunmuşdur. Bu ayədə Əmirəl-möminin Əlidən başqa özünə «Ənfüsəna» (nəfislərimiz) deyiləcək kimsə qalmır.
Bax, «ənfusəna» kəlməsilə həzrət Peyğəmbər (s) və həzrət Əli (ə) arasında nəfs baxımdan eyniliyin olduğu isbat olur. Bu səbəbdən də Haqq-taala imam Əlini həzrət Mühəmmədin nəfsi olaraq tanıtmışdır. İki şəxs arasında həqiqi eynilik və birlik qeyri-mümkün olduğundan, buradakı eynilik məcazi eynilikdir.
Hafiz: «Nəfsin məcazi mənada dəvət edilməsi haradan bəllidir? Bir məcazın digər bir məcazdan üstün olması doğru deyildir!»
Dəvətçi: «Münaqişəyə yol verməməyinizi, məclisin vaxtını israf etməməyinizi, insafın xaricinə çıxmamağınızı və çıxdıqda da, mövzunu bağlamağınızı rica edirəm. Qətiyyən sizin kimi insaflı bir alimdən münaqişə gözləmirdim. Çünki həm siz və həm də fəzilət əhlinin yanında nəfsin məcazi anlamda istifadə edilməsinin digər məcazlardan daha məşhur olduğu sabitdir.
Daha əvvəl ərz etdiyim kimi, ərəb və ərəb olmayan ədib və şairlərin əsərlərində məcazi eynilik çox istifadə olunur. Bu səbəbdən insanların dəfələrlə bir-birlərinə «Sən mənim canımsan» və ya «Sən mənim canım kimisən» dediyini hamımız eşitmişik. Xüsusilə, bu məna hədislərdə həzrət Əli üçün çox rəvayət olunmuşdur və bunların hər biri məqsədimizin isbatı üçün kifayət dəlildir.

PEYĞƏMBƏRLƏ (S) ƏLİNİN (Ə) EYNİLİYİNƏ DAİR HƏDİSLƏR
İmam Əhməd ibn Hənbəl «Müsnəd», Şafei fəqihi olan İbn Məğazili «Mənaqib» və Müvəffəq ibn Əhməd Xətib Xarəzmi «Mənaqib» kitabında Rəsulullahın (s) dəfələrlə belə buyurduğunu nəql edir: «Əli məndən və mən də ondanam; onu sevən məni sevmiş və məni sevən də, şübhəsiz, Allahı sevmişdir».
Yenə İbn Macə «Sünən»inin 1-ci cildinin 92-ci səhifəsində, Tirmizi «Səhih»ində, İbn Həcər «Səvaiq»də, imam Əhməd, Tirmizi, Nəsai və İbn Macədən həzrət Əlinin (ə) fəzilətləri haqqındakı nəql etmiş olduğu 40 hədisin 6-ıncısında, imam Əhməd ibn Hənbəl «Müsnəd»inin 4-cü cildinin 164-cü səhifəsində, Məhəmməd ibn Yusif Gənci Şafei “Kifayətu-talib”də, İbn Səmmakın «Müsnəd»inin 4-cü cildində və Təbəraninin «Möcməul-kəbir»indən nəql edərək «Kiyafətut-talib» kitabının 67-ci babında, imam Əbu Əbdürrəhman Nəsai «Xəsais»də, Hənəfi olan Süleyman Bəlxi «Mişkat»dan nəql edərək «Yənabiul-məvəddə» kitabının 7-ci babında Ceyş ibn Cunadə əs-Səlulidən Rəsuli-əkrəmin (s) Ərəfatda - Vida həccində belə buyurduğunu rəvayət etmişlər: «Əli məndəndir, mən də Əlidənəm; mən və Əlidən başqa kimsə vəzifəmi əda edə bilməz».
Məhəmməd ibn Cərir Təbəri «Təfsir» və Şafei fəqihi olan Mirseyid Əli Həmədani «Məvəddətül-qurba» adlı kitabının 8-ci məvəddəsində Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edir: «Allah-taala bu dini Əlinin vasitəsi ilə qüvvətləndirdi. Şübhəsiz, o, məndən, mən də ondanam» «Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Əli) gələn» (“Hud” surəsi, ayə: 17) ayəsi onun haqqında nazil olmuşdur».
Şeyx Süleyman Bəlxi «Yənabiül-məvəddə» kitabının 7-ci babını bu mövzuya məxsus edərək, o bölümü belə adlandırmışdır: «həzrət Əlinin Rəsulullahın (s) nəfsi kimi olmasının bəyanı və Əli məndəndir və mən də ondanam».
Süleyman Bəlxi bu babda müxtəlif yol və fərqli ifadələrlə Rəsuli-əkrəmdən (s) 24 hədis nəql edərək, o həzrətin belə buyurduğu qeyd etmişdir: «Əli mənim nəfsim mislindədir».
Babın sonunda «Mənaqib» kitabından nəql edərək Cabirin belə dediyini nəql edir: «Rəsulullahın (s) belə buyurduğuny eşitdim: «Əlidə bir qrup xislətlər (xüsusiyyətlər) vardır ki, əgər onlardan biri hər hansı bir kəsdə olsaydı, fəzilət və şərəf baxımından ona kifayət olardı».
O xislətlər, Rəsulullahın həzrət Əli haqqında buyurduğu bu sözlərdən ibarətdir:
«Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır»; «Əli mənə nisbətdə, Harunun Musaya nisbəti kimidir»; «Əli məndəndir, mən də ondanam»; «Əli mənə nisbətdə, mənim nəfsim kimidir; ona itaət mənə itaətdir, ona itaətsizlik mənə itaətsizlikdir»; «Əliyə qarşı savaş, Allaha qarşı savaşdır; Əliylə sülh içərisində olmaq, Allah ilə sülh içərisində olmaqdır»; «Əlinin dostu Allahın dostudur; Əlinin düşməni Allahın düşmənidir»; «Əli, Allahın qullarına olan höccətidir»; «Əlini sevmək iman və ona düşmən olmaq isə küfrdür»; «Əlinin hizbi Allahın hizbidir; onun düşmənlərinin hizbi isə Şeytanın hizbidir»; «Əli haqq ilə, haqq da Əli ilədir; onlar bir-birlərindən ayrılmazlar»; «Əli Cənnət ilə Cəhənnəmin bölücüsüdür»; «Əlidən ayrılan məndən ayrılmış,    məndən ayrılan da Allahdan ayrılmışdır»; «Əlinin şiələri Qiyamət günü qurtuluşa yetişənlərdir».
Elm əhli olduğunuz üçün, inşallah, inaddan uzaq duraraq, bu ayənin mövzu və məqsədimizə qəti bir dəlil olduğunu təsdiq edərsiniz. Bu ayə ilə eyni zamanda ikinci sualınızın cavabı da verilmiş oldu. Çünki biz həzrət Əlinin «ənfüsəna» ayəsi ilə – xass nübüvvət və vəhyin nazil olması xaric olmaqla – digər bütün kamal, məqam və fəzilətlərdə Rəsulullah ilə ortaq olduğunu isbat etdikdən sonra imam Əlinin bütün səhabə və ümmətdən üstün olduğunu anlamış olaçaqsınız. Bundan əlavə, sözügedən ayənin dəlalətinə, əql və nəqlin hökmünə görə, Əmirəl-mömininin bütün peyğəmbər, səhabə və ümmətdən istisnasız olaraq üstün olması aydınlaşır. Bu səbəbdən Rəsuli-əkrəm də bütün ənbiya və ümmətdən üstün və fəzilətlidir.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!