HƏZRƏT MUSA (Ə) - I hissə

:

TƏVƏLLÜDÜ VƏ UŞAQLIQ İLLƏRİ
Həzrət Musa (ə) eramızdan əvvəl 1200-1300-cü illərdə Misirdə hökmranlıq edən Firon Ramzesin zamanında dünyaya gəlmişdir. O, elə bir dövrdə doğulmuşdur ki, Fironun göstərişi ilə Bəni-İsrailin oğlan uşaqlarının qətlə yetirilməsi adi hal almışdı.

Deyilənlərə görə, bu qətillərin əsas səbəbi ibrani cəmiyyətinin sürətlə çoxalması və qibtilərin, ibrilərin onlardan üstün olacağından ehtiyatlanması olmuşdur. Bu barədə verilən digər bir ehtimal da bundan ibarətdir ki, Firona kahinlər, münəccimlər və sehrkarlar vasitəsi ilə xəbər verilmişdi ki, o ildə (Musanın təvəllüdü ilində) Bəni-İsrail qövmü arasında bir oğlan uşağı dünyaya gələcəkdir ki, fironçuların hakimiyyətinə və qibtilərin səltənətinə son qoyacaqdır.
Qeyd olunan ehtimalların hər biri düzgün ola bilər. Ümumiyyətlə, o ildə Firon göstəriş vermişdi ki, Bəni-İsrail qadınları hamilə olmamalıdır; hamilə olduqları təqdirdə, uşaqları ana bətnində ikən öldürülməlidir. Əgər övladları dünyaya gələrsə və oğlan uşağı olarsa, yerindəcə məhv edilməlidir. Bu göstərişi icra etmək üçün çoxlu məxfi məmur və casuslar təyin edilmişdi. Belə bir şəraitdə lavi tayfasından, İmranın Yokabid adlı arvadından bir oğlan uşağı dünyaya gəldi ki, onu sonralar Musa adlandırdılar. Musa - sudan tutulan mənasını daşıyır.
Musanın anası üç ay ərzində övladını gizli şəkildə böyütmüş və ona süd vermişdi. Amma həmişə onun öldürüləcəyindən qorxurdu. Qurani-Kərimdə Allah-taala bu barədə belə buyurur:
«Biz Musanın anasına (ilahi yolu ilə, yaxud röyada): «Musanı əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!» - deyə bildirdik. (Qəsəs-7)
Başqa bir ayədə buyurulur:
«Anana vəhy edilməsi lazım olanı vəhy etdiyimiz zaman.
(O zaman ki, mən anana buyurmuşdum): «Musanı bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona da düşmən olan birisi (Firon) onu (sudan tapıb) götürsün. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. Elə etdim ki, Firon özü, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi.)» (Taha-38-39)
Musanın anası Firon məmurlarının və cəlladlarının qorxusundan, bu ilahi vəhyə və ilhama əməl edərək, Musanı içərisini qırla örtdüyü bir sandığa qoyub Nil çayına buraxdı.
Qurani-Kərimin «Qəsəs» surəsinin 8-9-cu ayələrində həmin hadisə belə bəyan edilir:
«Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən Firon, Haman və onların əsgərləri günahkar idilər.
Fironun həyat yoldaşı (Asiyə) dedi: «Bu uşaq mənim də sənin də göz bəbəyimiz olsun, bəlkə də, o böyüyəndə bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!» Onlar işin nə yerdə olduğunu bilmirdilər.»
Sabahısı gün qəm-qüssəyə qərq olmuş ana həddindən artıq narahat idi; Musanın bacısını göndərdi ki, ondan bir xəbər gətirsin. O, uzaqdan-uzağa Musanı tanıdı. Lakin Fironun ətrafındakılar onu tanımadılar.
Sonra Allah-taala bütün qadınların südünü Musaya haram etdi; belə ki, Musa onların heç birinin döşünü ağzına almadı. Hadisənin şahidi olan Musanın bacısı dedi:
«...Musanın bacısı Firon əhlinə belə dedi: «Sizin adınızdan (o uşağa) zamin olub yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq ev adamlarını sizə nişan verimmi?» (Qəsəs-12)
Fironun həyat yoldaşı bunu qəbul etdi. Musanın bacısı xəbəri anasına çatdırdı. O, Fironun qəsrinə gəlib övladını qucağına aldıqda, Musa anasının döşünü alıb süd yeməyə başladı. Fironun həyat yoldaşı çox sevindi və Musanı öz anasına qaytardı ki, onu böyütsün və vaxtaşırı onu görmək üçün qəsrə gətirsin. Allah-taala Musaya xitabən belə buyurur:
«...Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq.» (Taha-40)
Musanın südəmərlik dövrü belə bir şəraitdə keçdi. Sonra onu Fironun qəsrinə qaytardılar; uzun illər orada yaşayıb boya-başa çatdı.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardı var...

 BURADAN OXUYUN

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!