AŞURA İNQİLABININ NƏTİCƏLƏRİ

:

İmam Hüseynin (ə) inqilabı İslam cəmiyyətinə böyük təsir və nəticələr bağışladı. İndi həmin nəticələrin bir neçəsini nümunə üçün qeyd edirik:
1. Hakim dairələrin rüsvayçılığı:

Bəni-Üməyyə sülaləsi öz hakimiyyətinə din adı verib İslam hökuməti adlandırdığı, həmçinin Peyğəmbər canişini adı ilə camaata hakim olduqları və öz dini mövqelərini cəmiyyətdə qoruyub saxlamaq, cürbəcür üsullardan (məsələn, yalançı hədis düzəltməklə, şair və tarixçiləri özlərinə cəlb etməklə, cəbriyyə kimi məzhəbləri yaymaqla) istifadə etdikləri üçün imam Hüseynin (ə) inqilabı onların hökumətinə ağır zərbə vuraraq onları rüsvay etdi. Xüsusilə, qeyd etmək lazımdır ki, Yezidin qoşunu Aşura hadisəsində su yolunu bağlamaq, uşaqları öldürmək, Peyğəmbər ailəsini, arvad-uşaqları əsir etmək kimi insanlıqdan uzaq olan bir sıra işlər onların rüsvayçılığında böyük rol oynadı və bununla da, Yezid özünə camaatın nifrətini qazandı. Belə ki, həmən dövrün şəxsiyyətlərindən biri olan Mücahid deyir: “And olsun Allaha, camaat hamı bir nəfər kimi Yezidi lənətləyib söydü və ona eyib tutub ondan üz döndərdi.”1
2. Şəhadət əzminin canlanması:
İslam Peyğəmbəri (s) Allaha iman əsasında qurulmuş yeni bir din gətirməklə şəhadət və düşmənlə mübarizə ruhunu bir daha canlandırdı. Tarixin şahidliyinə əsasən, müsəlmanların şanlı qələbələrinin bir çoxunun səbəbi onların Allah yolunda haqqın qalib gəlməsi üçün şəhadətin pişvazına çıxmaları olmuşdur. Ancaq Peyğəmbərin vəfatından sonra İslam hökumətinin öz həqiqi yolundan çıxması, şəhərlərin fəth olunmasının artması, əldə olunan qənimətlərin xilafət mərkəzinə keçməsi və bir çox başqa səbəblər nəticəsində yavaş-yavaş müsəlmanlar öz döyüş ruhiyyələrini itirib başlarını rifah və asayişə qatdılar. Belə ki, hər kəs hər hansı yolla olursa-olsun, hökuməti ələ keçirir, camaat da rahat yaşayışın əldən çıxacağından qorxub heç bir müqavimət göstərmədən ona tabe olurdu. İslam adı ilə camaata hakimlik edən zalım hakimlər də bundan istifadə edirdilər. Bəni-Üməyyənin hökuməti möhkəmləndikcə, bu vəziyyət daha da artırdı. Müaviyənin ömrünün axır-axırında və Yezidin hakimiyyətinin əvvəllərində isə bu vəziyyət öz kuliminasiya nöqtəsinə çatdı.
İmam Hüseynin (ə) inqilabı bu vəziyyəti tamamilə dəyişdirdi və cəmiyyət arasında şəhadət sünnəsini, şəhadət ruhiyyəsini oyatdı. İmam Hüseyn (ə) öz inqilabı ilə müsəlmanların olacaq həyatı üzərindəki pərdəni kənara çəkərək onlara yeni bir yol göstərdi. Düzdür, bu yolda çətinliklər, məhrumiyyətlər var, ancaq rüsvay olmaq, alçalmaq yoxdur.
3. İslam ümmətində qiyamların baş qaldırması:
İmam Hüseynin (ə) böyük və hünər yaradan inqilabı İslam cəmiyyətində baş vermiş çoxsaylı qiyam və hərəkatların başlanğıcı oldu. Buna “Təvvabin” hərəkatını, Muxtar qiyamını, eləcə də Bəni-Üməyyə hakimiyyətinin süqutunu misal göstərmək olar.
İlahi, bizi bu dünyada imam Hüseynin (ə) ziyarətindən, axirət aləmində isə şəfaətindən məhrum etmə!

Kitabın adı: “Məsum imamların həyatı”
Müəllif: Mehdi Pişvayi


1 “Təzkirətul-xəvass”, səh.262.

 

 

Tags: İMAM HÜSEYN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!