İMAM HÜSEYNİN (Ə) MƏRVAN İBN HƏKƏMƏ CAVABI

:

Mərhum Təbərsi “Əl-İhticac” kitabında nəql edir ki, bir gün Mərvan ibn Həkəm İmam Hüseynə (ə) deyir: “Əgər fəxriniz Fatimə (s) olmasaydı, başqa kiminiz vardı ki, onunla qarşımızda fəxr edəsiniz?”

İmam Hüseyn (ə) güclü əli ilə Mərvanın boğazından tutub sıxdı. Sonra onun əmmaməsini boğazına doladı, Mərvan haldan düşüb yerə yıxılanadək eləcə saxladı. İmam Hüseyn (ə) onu boşladıqdan sonra üzünü Qüreyş camaatına döndərib buyurdu:
“Sizi Allaha and verirəm, əgər düz deyirəmsə, sözümü təsdiqləyin! Yer üzündə Peyğəmbərə (s) məndən və qardaşımdan (İmam Həsəndən (ə)) daha sevimli birini tanıyırsınızmı? Yer üzündə məndən və qardaşımdan savayı peyğəmbərin qız nəvəsi varmı?
Hamılıqla dedilər: “Xeyr, əsla!””.
Sonra buyurdu: “Şübhəsiz, yer üzündə bu kişidən (Mərvandan) və atasından (Həkəmdən) başqa “məlun oğlu məlun” tanımıram hansı ki, Peyğəmbər (s) bu ikisini (ikiüzlülüklərinə görə) qovmuşdu.
(Sonra üzünü Mərvana çevirərək buyurdu:) Allaha and olsun! Şərqlə qərb arasında İslam iddiası edənlər içində Allah, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) qarşı sən və atandan daha çox ədavət bəsləyənini tanımıram; bu sözümə şahid qəzəbləndiyin zaman əbanın çiyinlərindən düşməsidir”.
Ravi deyir: Mərvan qəzəblənib o məclisdən qalxdığı zaman, özünə təkan verdi və əbası çiynindən sürüşüb düşdü[1].
Bəni-Üməyyə Əhli-beytin (ə) iftixar duyduğu imtiyazlarını unutdumaqda israrlı idilər; bunu bacarmırdılarsa da ən azından məhdudlaşdırmağa çalışırdılar. Belə ki, bir nümunəsini yuxarıdakı hədisdə müşahidə etdik. Lakin İmam Hüseyn (ə) öz məntiqli açıqlaması ilə bu inadkar Bəni-Üməyyədən olanı, yəni Əhli-beytə (ə) ən düşmən şəxslərdən biri olan Mərvanı öz yerində oturtdu və göstərdi ki, Fatiməyi-Zəhra (s) Əhli-beytin (ə) ən böyük fəxrlərindən olsa da, iftixarları qeyd ediləndən daha üstün və daha geniş anlam daşıyır. Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim

Hazırlayan: Seyid Azər Əhmədoğlu - Rizvan.net saytı üçün


1. Təbərsi, “İhticac”, c. 2, səh. 96, hədis 166; İbn Şəhri Aşub, “Mənaqib”, c. 4, səh. 58 (ixtisarla) və “Biharul-ənvar”, c. 44, səh. 206, hədis 2.

 

 

Tags: İMAM HÜSEYN (ə), MÜNAZİRƏ, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!