İMAM HÜSEYN(ə)İN VƏSİYYƏTNAMƏSİ

:

İmam (ə) kağız-qələm istəyərək bu vəsiyyətnaməni qardaşı Məhəmməd Hənəfiyyəyə yazdı:
“Bağışlayan və mehriban Allahın adı ilə.
Bu, Hüseyn ibn Əli ibn Əbu Talibdən (ə) İbn Hənəfiyyə kimi tanınan qardaşı Məhəmmədə bir vəsiyyətnamədir.


Hüseyn şəhadət verir ki, şəriki olmayan yeganə Allahdan başqa, heç bir məbud yoxdur və Muhəmməd (s) onun bəndəsi və tərəfindən haqq olaraq göndərdiyi elçisidir. Cənnət və Cəhənnəm haqdır. Şübhəsiz, Qiyamət günü gələcək və Allah-taala qəbirlərdə yatanları dirildəcəkdir. Mən təkəbbürlük etmək, həddi aşmaq, fəsad törətmək və zülm etmək üçün qiyama qalxmıram. Yalnız babamın ümmətini islah etmək üçün qiyam edirəm. Pislikdən çəkindirib, yaxşılığa dəvət etmək, babam və atam Əli ibn Əbu Talibin (ə) üslubuna uyğun hərəkət etmək istəyirəm. Kim mənim haqq sözümü qəbul etsə, Allah onu qəbul etməyə (və mükafatlandırmağa) daha layiqdir. Kim mənim dəvətimi rədd etsə, Allahın mənimlə bu camaat arasında ədalətli şəkildə hökm etməsi üçün gözləyəcəyəm. O, hökm verənlərin ən yaxşısıdır. Bu mənim sənə olan vəsiyyətimdir, ey qardaş! Mənim nailiyyətim yalnız Allahdandır. Ona təvəkkül edirəm və dönüş yerim Onadır.”
Vəsiyyətnaməni sona çatdırdı və möhürlədi. Sonra qardaşı Məhəmmədə tapşıraraq onunla vidalaşdı.1
Bu tarixi vəsiyyətnamə İmamın (ə) qiyamla bağlı gələcək hədəflərini gözəl formada açıqlayır: O Həzrətin qiyamı nə ölkə ərazilərini artırmaq, nə camaat üzərində hakimiyyətə yiyələnmək, nə də mal-dövlət və vəzifə əldə etmək məqsədi güdmürdü, əksinə hədəfi İslam ümmətini islah etmək, səriştəsizlərin hakimiyyətinin təsiri ilə meydana çıxan pozuntuları aradan qaldırılmaq, həmçinin yaxşılığa dəvət və pislikdən çəkindirmək, Allah Rəsulu (s) və Əmirəl-möminin Əlinin (ə) sünnəsini, üslubunu dirçəltmək idi.
Şübhəsiz, Bəni-Üməyyə zülmkarlarının yaratdığı təhlükəli vadiyə qədəm qoymağın yalnız ilahi hədəfi ola bilərdi. Amma yaxını görən, sağlıq və məsləhəti düşünənlər bunu bəyənmirdilər. Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim

Hazırlayan: Seyid Azər Əhmədoğlu- Rizvan.net İslam Maarifi Jurnalı üçün


1. Xarəzmi, "Məqtəlul-Huseyn", c. 1, səh. 188-189; İbn Əsəm, "Futuh", c. 5, səh. 33-34 (azacıq fərqlərlə) və "Biharul-ənvar", c. 44, səh. 329-330.

 

Mətni səsləndirdi: TURAl SEYYİDZADƏ
You must have the Adobe Flash Player installed to view this player.
 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!