AŞURA QİYAMININ TƏSİR VƏ NƏTİCƏLƏRİ - 1

:

Aşura qiyamının təsir və nəticələri geniş, dərin və bir neçə cəhətlidir. Biz bu hissədə onun üç mühüm təsirini təhlil edib araşdıracağıq:

1. İslam və haqq dinin dirçəlişi
Bəni-Üməyyə hakimiyyəti güman edirdi ki, İmam Hüseyni (ə) və tərəfdarlarını qətlə yetirməklə – həm də sonsuz daşürəklilik və qəddarlıqla, – qadın və uşaqları əsir almaqla öz məqsədinə çatmış və istənilən nəticəni əldə etmişlər. Öz gümanı ilə bir nömrəli düşmənini də ortadan qaldırmağı bacarmış və digərlərinin də gözünün odunu almışdır ki, heç kəs onun hökumətinə qarşı çıxmaq fikrinə düşməsin.
Aşura hadisəsindən sonra yezidçilər öz xəyali qələbələrindən qürurlanırdılar. Ağızlarından çıxan bəzi sözləri, büruzə verdikləri bəzi rəftarları, onların mahiyyət və mənfur niyyətlərinin ifşasına yardımçı oldu. Onlar İmam Hüseyni (ə) öldürüb ailəsini əsir etməklə böyük zəfərə nail olduqlarını, Peyğəmbər (s) xanədanındakı son müqavimət nöqtəsini dağıtdıqlarını güman edirdilər. Öz xəyali zəfərlərini nümayiş etdirmək və şadlıqlarını təkmilləşdirmək məqsədilə, ağıldan kənar və cahilanə addımlar atdılar ki, ötəri şadlıqlarını daimi müsibət və matəmə çevirdi.
Kufə və Şam (Dəməşq) kimi şəhərləri bəzəmək, rəqs, şərab və ayaq döyməklə müşayiət olunan şənlik məclislərinin təşkili, Peyğəmbər (s) övladlarını zəncirləmək və müharibə əsirləri kimi camaat içində onları gəzdirmək, günahsız körpələrə şallaq vurmaq, Kərbəlanın başıuca şəhidlərinin başlarını nizəyə taxmaq, “Xizəran” çubuğu ilə (qamış, bambuk) İmamın (ə) mübərək dodalarına döymək, əsirləri təhqir etmək və digərlərini qorxutmaq məqsədi daşıyan bir sıra işlər, Bəni-Üməyyədən törəyirdi. Lakin bütun bu işlər alçaq Əməvi sülaləsinin qəlbinə sancılan bir ox idi. Belə ki, onların ötəri sevincləri dəhşətli bir kabusa döndü və bir anlıq belə onları tərk etmədi. Əslində Bəni-Üməyyə hələ zəfəri dadmamış onun acısını alçaq vücudlarında başdan-başa hiss etdilər.
Xəyali zəfərlərinin təsirindən sərxoş olanlar etiraf edirdilər ki, İslam və Allahın Rəsulundan öz intiqamlarını aldılar və cəhalət dövrünə qayıtmaq məqsədi daşıyan amallarına çatdıqlarını təsəvvür edirdilər, lakin reallıqda bütün bu çalışmalar murdar Əməvi aparatının kökünə saplanan bir balta idi!
İmam Hüseyn (ə) və nakam dostlarının şəhadəti həzrət Məhəmməd (s) məktəb və əqidəsinin dirçəlişinə yardım etdi və Əba Əbdillah İmam Hüseynin (ə) pak qanı İslam ağacını suvardı ki, bu da İslam ümmətinin tərəqqisi və müsəlmanların oyanışı ilə nəticələndi.
İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) şəhadətindən sonra İbrahim ibn Təlhə (Mədinədə) İmam Əli ibn Hüseynlə (ə) qarşılaşdığı zaman (tənə ilə) dedi:
يا عَلِىَّ بْنَ الْحُسَيْنِ مَنْ غَلَبَ؟
“Ey Əli ibn Hüseyn bu döyüşdə kim zəfər çaldı?”
Dördüncü imam Zeynəlabidin (ə) cavabında buyurdu:
إِذا أَرَدْتَ أَنْ تَعْلَمَ مَنْ غَلَبَ وَ دَخَلَ وَقْتُ الصَّلاةِ فَأَذِّنْ وَ أَقِمْ
“Əgər kimin qələbə çaldığını bilmək istəyirsənsə, namaz vaxtı çatanda azan və iqamə de!”.1
İmam (ə) bu cavabla ona başa saldı ki, Yezidin məqsədi İslam və Allah Rəsulunun (s) adını məhv etmək idi, lakin “La ilahə illəllah və Muhəmmədən Rəsululllah” sədası yenə də minarələrdə dolaşır və müsəlmanlar hər yerdə – hətta Şamda, Yezid səltənətinin paytaxtında – Allahın təkliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirlər.
Almaniyalı Müsyö Marvin yazır: “Hüseyn ən əzizlərini qurban verməklə öz məzlumluğu və haqq olmas ilə dünyaya fədakarlıq və candan keçmək dərsi öyrətdi. İslamın və islamçıların adını tarixə yazdı, dünya səviyyəsində məşhurlaşdırdı. Əgər belə bir hadisə baş verməsəydi, İslam hazırki durumda olmayacaqdı, hətta İslam və islamçıların yerli-dibli məhvi mümkün idi”.2
Peyğəmbərin (s) məşhur bir hədisində buyurduğu: “Hüseyn məndən, mən də Hüseyndənəm!”3 – müddəası öz həqiqətini tapmışdır; Hüseyn (ə) Allah Rəsulundandır, çünki onun qızı Fatimə Zəhranın (ə) övladıdır, amma Peyğəmbərin (s) “Mən də Hüseyndənəm” – sözünə gəlincə, “Hüseyn dinimi dirçəldəcək”, mənasındadır. Bu cəhətdən özümü Hüseyndən bilirəm.
Birbaşa demək olar ki, İmam Hüseynin (ə) qiyamı böyük İslam peyğəmbərinin (s) dinini xilas etməkdən əlavə, digər peyğəmbərlərin elçilik amallarının məhv olmasının da qarşısını aldı. Ona görə ki, Allahın Rəsulu (s) keçmiş peyğəmbərlərinin risalətinin tamamlayıcısı, özü elçilərin “xatəmi”, dini də dinlərin sonuncusu idi. Sanki bütün peyğəmbərlərin səyləri sonuncu peyğəmbərin gəlişi və bəşərin hidayət bayrağının qiyamətədək həzrətə tapşırılması üçün bir başlanğıc idi.
Bildiyimiz kimi, dinlərin sonuncusu olan İslam dini Müaviyə və Yezid hakimiyyəti dönəmində, xüsusilə Yezidin hökm sürdüyü vaxtda təhdid altına düşdü. Peyğəmbərlərin təlaşlarının, xüsusən İslam Peyğəmbərinin (s) səylərinin səmərəsinin unudulacağı qorxusu vardı. Belə bir şəraitdə İmam Hüseynin (ə) şəhadəti Allahın dininin dirçəlişinə yardım etdi, tövhid və nübüvvət ağacına təravət verdi.
Ola bilsin bu dəlilə görə “Varis ziyarəti”ndə[4] İmam Hüseyn (ə) təkcə İslam peyğəmbərinin (s) varisi deyil, həzrət Adəm (ə), həzrət Nuh (ə), həzrət İbrahim (ə), həzrət Musa (ə) və həzrət İsa (ə) kimi böyük peyğəmbərlərin varisi adlandırılıb. Hüseyn (ə), sanki tövhid və nübüvvət gülüstanının müxtəlif güllərindən toplanmış bir gülab kimidir ki, keçmiş peyğəmbərlərin qoxusu onda var və onların hər birinin varisidir.

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi, Höccətül-İslam Səid Davudi və Höccətül-İslam Mehdi Rüstəmnejad
Hazırlayan: Seyid Azər Əhmədoğlu

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN


1. “Biharul-ənvar”, c. 45, səh. 177. Müqərrəmin “Məqtəlul-Huseyn”ində (səh. 375) gəlmişdir: İmam Zeynəlabidin (ə) əhli-əyalı ilə Mədinəyə daxil olan vaxtda, İbrahim ibn Təlhə ibn Übeydullah önə gəlib dedi: “مَنِ الْغالِبُ؟”, (Qalib kimdir?) İmam (ə) buyurdu: “إِذا دَخَلَ وَقْتُ الصَّلاَةِ فَأَذِّنْ وَ أَقِمْ تَعْرِفُ الْغالِبَ”, “Namaz vaxtı daxil olanda azan və iqamə de, qalibin kim olduğunu biləcəksən”.
2. “Hüseynin bəşərə verdiyi dərs” kitabına istinadən, səh. 284.
3. Biharul-ənvar”, c. 43, səh. 261. Bu hədis müxtəlif əhli-sünnə mənbələrində nəql olunub, o cümlədən Hakimin “Müstədrək”ində, c. 3, səh. 177; Təbərani, “Möcəmül-kəbir”, c. 22, səh. 274 və “Kənzul-ummal”, c. 12, səh. 115 də.
4. Kamiluz-ziyarat”, səh. 375; “Təhzibul-əhkam”, c. 6, səh. 88; Seyid ibn Tavus, “İqbal”, c. 2, səh. 63 və “Məfatihul-Cinan”.

Tags: İMAM HÜSEYN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!