AŞURA QİYAMININ TƏSİR VƏ NƏTİCƏLƏRİ - 3

:

Aşura hadisəsindən sonrakı qanlı qiyamlar
Kərbəla xəbərlərinin yayılması müsəlmanlar arasında qəribə təsir qoydu. Bir tərəfdən İmam Hüseyn (ə) və dostlarının məzlumluğu, onların şəhadəti və pak xanədanının əsarətində aşkara çıxan sonsuz vəhşiliklər müsəlmanların Əməvi xilafətinə qarşı nifrətinə zəmin yaratdı. Ona görə də Müaviyənin hiyləsi, hədəsi və rüşvəti ilə (ümumi cəmiyyətin rəyi ilə yox) gerçəkləşən Yezid xilafəti bu hadisə nəticəsində ciddi zərər gördü.

Şübhəsiz, əgər İmam Hüseyn (ə) məxfi şəkildə qətlə yetirilsəydi və ya qardaşı İmam Həsən (ə) kimi zəhərlənsəydi, yaxud işi sürgün və həbslə nəticələnsəydi, İslam ictimaiyyəti üçün bütün bu müsbət təsirləri və zalım hakimiyyət üçün mənfi nəticələri gətirə bilməzdi. Ancaq İmam Hüseyn (ə) və tərəfdaşlarının şəhadəti aşkar formada, minlərlə göz qarşısında və o günün İslam dünyasının qəlbində, məzlumluğun pik nöqtəsində baş verməsi Kərbəla faciəsini törədənlərin hər cür inkar və ya bəraətinin qarşısını aldı.
Digər tərəfdən İmam Hüseynin (ə) mənəvi şəxsiyyəti, soy və ailə əzəməti müsəlmanlar arasında aşkar idi. Belə bir şəxsiyyəti öldürmək asan iş ola bilməzdi. Yəni, əgər İmam Hüseyndən (ə) qeyrisi belə bir şəkildə qətlə yetirilsəydi, yəqin ki, o həzrətin şəhadətinin gətirdiyi dalğanı yarada bilməzdi.
Başqa bir tərəfdən İmam Hüseyn (ə) az sayda tərəfdaşı və “Zillət bizdən uzaqdır!” fəryadı ilə silahla tam təchiz olunmuş qoşun qarşısında inqilabi hərəkatı müsəlmanlara cürət və cəsarət bağışladı və müsəlmanların əksəriyyəti üçün ölüm və şəhidlik fenomenini sadə bir iş, bəlkə iftixarverici etdi. Mədinə əhalisinin qiyamı (daha öncə ona işarə edildi) və Təvvabin qiyamı, hətta fərdi şəkildə qarşıdurmalar hamısı bu həqiqətdən xəbər verir.
Bu həqiqətin isbatı üçün Aşura sonrası baş verən bir sıra qiyam və qarşıdurmalardan söz açsaq yerinə düşərdi:
Aşura hadisəsindən sonra Yezid hökumətinə və sonra Bəni-Üməyyə xilafətinə qarşı iki cür müxalifət və qiyam baş qaldırdı. Onlardan bir hissəsi tənzimlənməmiş, başqa təbirlə, fərdi və cəsarətli bir addım idi. O hadisənin ağırlığı bəzilərindən sükutun tabını (bütün təhlükələri ilə birgə) aldı və onları Əməvi cəlladlarına öz nifrətini ibraz etməyə sövq etdirdi ki, bəzən onların ölümü ilə nəticələnirdi.
Burada iki nümunəyə işarə edirik:
1.(Kərbəla hadisəsi ravilərindən) Hümeyd ibn Müslim deyir: Bəkr ibn Vail qəbiləsindən olan bir qadın əri ilə birgə Kərbəlada, Ömər ibn Sədin qoşununda idi. Qoşunun Əbi Əbdillahın (ə) xeymələrinə hücum etdiklərini və qarətə girişdiklərini gördükdə, qılıncı çəkib o xeymələrə tələsdi və fəryadla dedi:
“يا آلَ بَكْرِ بْنِ وائِل، أَتُسْلَبُ بَناتُ رَسُولِ اللهِ؟ لا حُكْمَ إِلاَّ لِلّهِ، يالَثاراتِ رَسُولِ اللّهِ”
“Ey Bəkr ibn Vailin ailəsi! Allah Rəsulunun qızlarını qarət etsinlər (və siz rahatsınız?) Allahdan başqası üçün hökm və fərman yoxdur (Ona itaət etmək lazımdır, Bəni-Üməyyəyə deyil) Ey Allah Rəsulunun qisasçıları qalxın!”.
Əri gəldi və buna mane oldu, sonra da onu geriyə qaytardı1.
2.Kərbəla hadisəsindən sonra Übeydullah ibn Ziyad, öz təbiri ilə desək, özünü zəfər sərxoşu görən şəxs Kufə camaatını məscidə topladı ki, İmam Hüseyn (ə) və tərəfdaşlarının aqibətini bir rəsmi xütbə ilə camaata çatdırsın və xalqı başa salsın ki, Yezidə qarşı çıxanların sonu yoxluqdan başqa bir şey deyil. İmam Hüseyn (ə) kimi ali şəxsiyyətlə belə rəftar edildisə, başqalarını nə gözlədiyi artıq məlumdur. O, söhbəti əsnasında belə dedi: “Haqqı və haqq əhlini qalib edən Allaha həmd olsun! Yezid və ardıcıllarına yardım etdi, yalançı oğlu yalançını öldürdü!!!”
Əmirəl-möminin Əlinin (ə) şiələrindən olan və bir gözünü Cəməl, digər gözünü isə Siffeyn döyüşündə, Əli (ə) tərəfində döyüşərkən itirən Abdullah ibn Əfif Əzdi mütəmadi olaraq Kufə məscidində ibadət edirdi2. O, yerindən qalxıb fəryad etdi: “Ey Mərcanənin oğlu! Yalançı oğlu yalançı sən və atandır. Səni və atanı bu vəzifəyə təyin edəndir. Ey Allahın düşməni! Peyğəmbərlərin övladlarını öldürürsən, sonra da möminlərin minbərinə çıxıb belə cəsarətlə söz deyirsən?!”
İbn Ziyad onu tanıdıqda, həbsi ilə bağlı əmr verdi. Abdullah ibn Əfifin və digər qəbilələrin bəzi üzvlərini onu məsciddən çıxarıb evinə apardılar.
İbn Ziyadın əsgərləri Abdullah ibn Əfifin evinə hücum edib əl-qolunu bağlayıb İbn Ziyadın yanına gətirdilər. Orada da İbn Əfif igidliklə İbn Ziyadın qarşısında dayandı. Atəşin kəlamları ilə onu rüsvay etdi. Nəticədə İbn Ziyad, igidlik, qorxmazlıq qarşısında aciz qaldığından əmr verdi ki, başını bədənindən ayırsınlar3.
Kərbəla hadisəsi ilə bağlı ilk əksül-əməl Kufə camaatından gəldi. Bir tərəfdən Əmirəl-möminin Əli və İmam Hüseyni (ə) sevən şiələrin Kufədə çoxluq təşkil etməsi, digər tərəfdən öz məktubları ilə o həzrəti İraqa çağıran, sonra da ona yardımdan çəkinən, əslində Əba Əbdillah Hüseyn (ə) və tərəfdaşlarını düşmənə təslim edənlər, üçüncü bir tərəfdən həmin camaatın bir hissəsinin o qorxunc hadisədə iştirakı buna şərait yaratdı.
Kərbəla hadisəsindən sonra Kufə şiələri özlərini hamıdan çox məzəmmətə layiq bilirdilər. Allah Rəsulunun (s) övladına yardımı əsirgəməkdən günah və xəcalət hissi keçirirdilər. Onlar bu böyük xətanın yerini doldurmaq üçün qiyam etmək fikrinə düşdülər. Bununla da o çirkin ləkəni yumaq istəyirdilər.
Bu məqsədlə şiələrdən bir qrupu Kufədəki Süleyman ibn Surəd Xuzai, Müsəyyib ibn Nəcbə Fəzzari, Abdullah ibn Səd ibn Nufeyl Əzdi, Abdullah ibn Val Təmimi və Rüfaə ibn Şəddad Bəcəlidən ibarət şiə böyüklərinin yanına gəldilər, hamılıqla Süleymanın evində toplaşdılar.
İlk olaraq Müsəyyib ibn Nəcbə sözə başladı. Giriş sözündən sonra dedi: “... Biz Allahın Peyğəmbərlə (s) bağlı imtahanından yalançı çıxdıq. Bu imtahandan üzüqara çıxdıq. O həzrətin məktub və elçiləri imtahandan öncə bizə çatdı və dəlili bizə tamamladı. O, dəfələrlə aşkar və gizlində bizdən kömək istəmişdi, lakin biz hər dəfə canımızı ondan əsirgədik. Nəticədə o, bizə yaxın bir yerdə şəhid edildi. Biz isə nə əlimizlə, nə dilimizlə, nə də mal və qəbiləmizlə ona yardım etmədik. İndi bizim Allah və Peyğəmbər (s) hüzurunda nə üzrümüz var?!
Sonra davam etdi:
“لا وَاللهِ لا عُذْرَ دُونَ أَنْ تَقْتُلُوا قاتِلَهُ وَ الْمُوالِينَ عَلَيْهِ، أَوْ تُقْتَلُوا فِي طَلَبِ ذلِكَ، فَعَسى رَبُّنا يَرْضى عَنّا عِنْدَ ذلِكَ”
“Xeyr! Allaha and olsun! O həzrətin qatilləri və onlarla birgə olanları cəzasına çatdırmaqdan, yaxud bu yolda öldürülməkdən başqa bir çarə yoxdur. Bəlkə də, Allah bu tutacağımız işə görə bizdən razı oldu”.
Onun ardınca Rüfaə ibn Şəddad, sonra isə Abdullah ibn Səd çıxış etdilər. Allah Rəsulunun (s) səhabəsi, etibarlı və ləyaqətli şəxs olan Süleyman ibn Surədin bu qrupa rəhbərlik etməsi təklifini irəli sürdülər.
Bundan sonra Süleyman sözə başladı, girişdən sonra dedi: “... Biz Peyğəmbər (s) xanədanının gəlişini gözləyirdik. Onlara yardım edəcəyimizə söz vermişdik. Buna görə də İraqa gəlmələrinə həvəsləndirdik. Onlar bizə doğru gəldikləri zamandan etibarən süstlük və acizlik göstərdik və (hadisələrin gedişatını) gözlədik. Nəhayət, peyğəmbər övladını və can parasını aramızda qətlə yetirdilər. Yardım üçün fəryad etsə də, köməyinə tələsmədik. Fasiq insanlar onu ox və nizənin hədəfinə çevirdilər, öldürmək qəsdinə düşdülər, üzərinə basqın etdilər, amma biz heç bir iş görmədik”.
Davamında dedi:
“أَلا إِنْهَضُوا، فَقَدْ سَخَطَ عَلَيْكُمْ رَبُّكُمْ، وَ لا تَرْجِعُوا إِلَى الْحَلائِلِ وَ الاْبْناءِ حَتّى يَرْضَى اللهُ، وَاللهِ ما أَظُنُّهُ راضِياً دُونَ أَنْ تُناجِزُوا مَنْ قَتَلَهُ”
“Qalxın, qiyam edin! Allah sizə qəzəblənmişdir, arvad-uşaqlarınıza sarı qayıtmayın ki, Allah sizdən razı olsun. Allaha and olsun! O həzrətin qatilləri ilə döyüşməyincə (və onlardan intiqam almayınca), Allahın sizdən razı qalacağını düşünmürəm”.
Ardınca bunları dedi: “Ölümdən qorxmayın! Ölümdən qorxan xar olacaq. Bəni-İsrail qövmu kimi olun, (belə ki, Allaha itaətsizlik üzündən) peyğəmbərləri Musa (ə) onlara dedi:
“Siz özünüzə zülüm etdiniz!”, (ardınca buyurdu:) “فَتُوبُوا إِلى بارِئِكُمْ فَاقْتُلُوا أَنْفُسَكُمْ”, Tövbə edin, Yaradanınıza doğru qayıdın və canınızdan keçin”4.
Süleyman digər sözləri ilə camaatı qiyama hazırladı. Onun ardınca Səd ibn Nufeyl dedi: “Allaha and olsun! Əgər yalnız ölməyimlə nicat tapacağımı, Pərvərdigarımı razı salacağımı bilsəm, mütləq bu işi görəcəm. Bütün malımı – onunla döyüşmək istədiyim qılıncım istisna olmaqla – günahkarlarla döyüşmək üçün müsəlmanların ixtiyarında qoyuram”.
Bu çıxışlardan sonra və Kufə şiələrinin səfərbərliyinin ardınca Süleyman ibn Surəd, Səd ibn Huzeyfə ibn Yəman və Mədain şiələrindən bəzilərinə məktub yazaraq onları yanına çağırdı. Onlar da bu dəvətə müsbət cavab verdilər. məktub vasitəsilə qiyama hazır olduqlarını bildirdilər.
Həmçinin, Süleyman bu məktublardan birini Bəsrədəki Müsənna ibn Muxərrəbə Əbdiyə yazdı. O da, cavabında yazdı ki, biz şiə olaraq sənin yanındayıq və səninlə həmkarlığa hazırıq.
Kufə şiələri döyüş üçün silah-sursat toplamağa başladılar. Məxfi şəkildə camaatı İmam Hüseyn (ə) qanının intiqamını almağa səsləyirdilər. Camaat da dəstə-dəstə onlara qoşulurdu.

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi, Höccətül-İslam Səid Davudi və Höccətül-İslam Mehdi Rüstəmnejad
Hazırlayan: Seyid Azər Əhmədoğlu


1 Seyid ibn Tavus, “Məlhuf” (Lühuf), səh. 180 və “Biharul-ənvar”, c. 45, səh. 58
2 “Səfinətul-bihar”, Abdullah ibn Əfifin tərcümeyi-halı (“Əbədə” kəlməsi)
3 “Biharul-ənvar”, c. 45, səh. 119-121
4 “Bəqərə” surəsi, ayə 54.

 

 

Tags: İMAM HÜSEYN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!