İMАM MƏHDİ (Ә.C) İLӘ TАNIŞLIQ

:

İmam Məhdi (ə.c) ilə tanışlıq Allahı tanımaq üçün ən gözəl vasitə və ən etibarlı yoldur. "Allahı istəyən sizdən başlayar, onun birliyinə inanan yalnız sizin sözlərinizi qəbul edər, ona dоğru getmək istəyən sizə üz tutar”1.

İmam Zamanla (ə.c) tanışlıq onu sevməyin, onu sevmək isə Allahı sevməyin başlanğıcıdır.
"Sizi sevən Allahı sevmişdir"2.

Hәzrәt Məhdiylə (ə.c) tanışlıq cahiliyyət boyunduruğundan qurtuluş yoludur. Dini, Quranı və bütün ilahi təlimləri yalnız onu tanımaqla öyrənmək olar. Onu tanımadan dini öyrənmək, Quranı başa düşmək, İslam maarifini anlamaq və cahiliyyətdən xilas olmaq mümkün deyil.
Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
"Zamanın imamını tanımadan ölən şəxs, cahiliyyət zamanının ölümü kimi ölmüşdür"3.

İmam Məhdiylə (ə.c) tanışlıq hidayət olunmaq və haqdanazmadan qurtulmaq üçün ən möhkəm vasitədir.
"İlahi, öz höccətini mənə tanıtdır. Əgər tanıtdırmasan, dinin yolunu azaram".4

İmam Zamanı (ə.c) tanımadan onun yolunu tanımaq, onun yolunu tanımadan şəriəti tanımaq, şəriəti tanımadan isə dünya və axirət səadətinə nail olmaq mümkünsüzdür. İmam Məhdini (ə.c) tanımaq, onun məqsəd və amallarını öyrənmək və ona köməkçi olmağa hazırlaşmaq lazımdır. Çünki o, zamanın yeganə imamı və bəşəriyyətin nəzarətçisidir. O, Allahın yer üzündə saxladığı yeganə höccəti, peyğəmbərlər sülaləsinin pak gövhəri və məsum imamlar nəslinin bircə yadigarıdır.
Onun qəribə həyatı, sirlə dolu qeybolması, möcüzəli uzun ömrü və aləmə yeni həyat bəxş edəcək nurlu zühuru, hamılıqla, nəinki bəşər tarixinin ən səmərəli və misilsiz dövrünün, həm də bütün yaranış tarixinin ən uca və əhəmiyyətli hissəsinin, yəni "Ümumdünya Tövhid hakimiyyətinin" müqəddiməsidirlər. O günün ümidiylə!

NUR TƏVƏLLÜDÜ
Samirə şəhərinə hakim kəsilən qorxunc mühitdə, zalım Abbasi hökuməti casuslarının gözlərindən uzaq, hicri 255-ci il şəban ayının 15-i (Miladi tarixi ilə 868-ci ildə) cümə gününün alatoranlığında İmam Həsən Əsgərinin (ə) kiçik evində vilayət səmasının sonuncu ulduzu doğdu5.
O, viladətinin ilk anlarında Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verdi, yeddinci gündə isə, atasının qucağında ikən Qurani-kərimin bu ayəsini tilavət etdi:

و نريد ان نمن على الذين استضعفوا فى الارض و نجعلهم ائمة ونجعلهم الوارثين

"Biz istəyirik ki, yerdə zəif düşüb əzilənlərə mərhəmt göstərək, onları öndə gedənlər və varislər edək"6.
Peyğəmbərin (s) vəsiyyətinə və müjdəli hədislərə müvafiq olaraq, onun adını Məhəmməd qoydular. Təkcə Peyğəmbərə (s) oxşayan gözəl çöhrəsilə yox, həm də adı və məramıyla Allahın böyük və sonuncu elçisini, öz əziz babasını xatırlatsın deyə, onu Məhəmməd adlandırdılar. Elə məhz ona görə də künyəsini Əbül-Qasim qoydular; baxmayaraq ki, sonralar Əbu Cəfər, Əbu Əbdillah və Əbu Saleh künyələri də buna əlavə olundu.
Mehdi, Qaim, Müntəzər, Sahibül-əsr, Sahibül-əmr, Sahibəz-zaman, Höccətul-lah, Mənsur, Xələfüs-saleh və Mov`ud, hədis, dua və tarix kitablarında İmam Mehdi (ə.c) üçün göstərilən ən məşhur ləqəblərdir.

Kitabın adı: Bizimlә, bizdәn gizli (İmаm Məhdi (әc.) ilә tаnişlıq)
Hazırladı: Rəsul Mahmudov


1. İmam Hadidən (ə) nəql olunan "Camiə kəbirə" ziyarətnaməsi.
2. Yenə orada.
3. Biharul-ənvar, c. 22, səh: 331, hədis: 317.
4. Yenə orada, c. 53, səh: 187, hədis: 18.
5. Yenə orada, c. 51, səh: 3-4.
6. Qəsəs/5.

Tags: İMAM ZAMAN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!